İnsanlardan daha doğma...

İnsanlardan daha doğma...
6 mart 2014
# 11:30

Əşyaların qiyməti həmişə onun maddi dəyəri ilə ölçülmür.

Məsələn, Paqanininin skripkası, Bethovenin pianosu, Üzeyir Hacıbəylinin eynəyi və s. Hətta, istənilən məşhurun, istənilən əşyası...

Bir də var, insanın özü üçün xüsusi məna daşıyan əşyalar. Məsələn, Əkrəm Əylislinin “Kür qırağının meşələrini” yazmağa başladığı qələm bütün ədəbiyyatsevərlər üçün maraqlı olar. Amma, Əkrəm müəllimin özü üçün, tamam fərqli, heç gözləmədiyimiz bir əşya daha böyük mənəvi yük daşıya və hətta onun həyatının mühüm bir hissəsinin simvoluna çevrilə bilər.

Sizdə necədir?

Sevdiyiniz və heç vaxt unutmadığınız, həyatınızın hər hansı bir dönəmini rəmzləşdirən bir əşya varmı? Onu qoruyursunuzmu? Bəlkə itirdiyiniz üçün əhəmiyyətlidir? Bu barədə yazmaq istərdinizmi?

Kulis.az yeni bir layihəyə start verir: “Əşyalar və sözlər”

Bu barədə yazarlar da, oxucular da öz yazılarını təqdim edə bilər.

Janrı və həcmi özünüz seçin. Necə rahatdırsa o cür... Azad və səmimi.

Başlayırıq.

***

“Əşyalar və sözlər” layihəsi çərçivəsində Aida İsmayılovanın “Dəftər” essesini təqdim edirik.

Mənim üçün ən dəyərli əşya nədir? Bilmirəm, tez-tez öz qeydlərimi etdiyim, sirlərimi paylaşdığım qalın bir dəftəri əşya adlandırmaq olarmı? Axı sən onunla bölüşdüklərini insanla bölüşə bilmirsən və bu dəftər artıq sənə cansız əşya kimi gəlmir.

Orta məktəb illərindən hər gün olmasa da, tez-tez öz fikirlərimi yazdığım, qeydlərimi etdiyim, heç kəsə deyə bilmədiyim, düşüncələrimi yazdığım bir dəftərim var, daha doğrusu artıq üç dəftər olur. Elə anlar olur ki, heç kəsin səni anlaya bilməyəcəyini düşünürsən. Bir də axı indi insanlar daha çox qınamağı üstün tuturlar, nəinki başa düşmək... Bax o zaman sadəcə yazmaq istəyirsən, içindəkiləri söz demədən, səssiz dinləyən soyuq sətirlərə yazırsan. Həyatımın ən sevincli, ən kədərli günlərinə “şahidlik” edib bu dəftər, hələ də edir.

Hər insanın heç kimə deyə bilmədiyi fikirlər olur. Uşaq vaxtı özünə qapanıq olduğum üçün öz yaşıdlarımla ünsiyyətim az idi. Həm də onların dünyası başqa idi, mənim dünyam başqa... Daim dünya, həyat haqqında düşünürdüm, bunları isə heç kimlə bölüşə bilmirdim, elə o vaxtdan yazmağa başladım. Yazmaq insanı yüngülləşdirir, rahatlıq verir.

İnsanın həyatında hər şey yerində olsa belə, daxilində nəsə bir çatışmazlıq, boşluq hissi olur, elə düşüncələrə dalır ki, onları ancaq yazmaqla yüngülləşmək olar. Mənim gündəliyim də beləcə mənim həyat hekayəmin sadiq, daimi dinləyicisidir. Bu həm də ona görə yaxşıdır ki, kiməsə problemini deyib “yaxşı olar, fikir vermə, düzələr” kimi saxta sözləri eşitmirsən, insanların səni “yola verdiyi”nin şahidi olmursan. Gündəliyim mənim dostumdur desəm, yanılmaram.

Həm də o, məni danlamadan, qınamadan, saxtakarlıq etmədən dinləyir.

Hər insanın öz dünyası var, o dünyanı hər kəs anlaya bilmir. Ürəyinizi görməyən insanlarla düşüncələrinizi bölüşməyin, onları yazın.

Nə qəribədir ki, canlı insanlardan uzaq düşüb, cansız əşyalarda daha çox etibar axtarırıq. Texnika inkişaf etdikcə insanlar da sanki “robotlaşır”, hissləri, duyğuları itir. Yaxşı hissləri yazmaq lazımdır ki, heç olmaya onlar itməsin, sətirlərdə, sözlərdə yaşasın.

Onu da qeyd edim ki, gündəliyimi heç kimin oxumasını istəmirəm. Yəqin ki, onun ömrü mənim ömrüm qədər olacaq, amma bilmək olmaz, insanlar fanidir, əşyaların isə “ömrü” çox uzundur...

http://news.lent.az/kulis/news/8003

http://news.lent.az/kulis/news/8042

# 2050 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #