Yazıçı, yoxsa yazar? - SORĞU

Yazıçı, yoxsa yazar? - SORĞU
9 fevral 2015
# 15:28

Dilimizdə yazıçı sözü ilə ilə yanaşı “yazar” sözü də işlədilir. Bəs hansı daha doğrudur? Kulis.Az bu barədə sorğunu təqdim edir.

Pərviz Cəbrayıl: Yazar və yazıçı mahiyyətcə eynidi, bir məna daşıyır. Ancaq "yazar" kəlməsi jurnalistlərə, köşə yazarlarına da şamil edilə bilər, "yazıçı" isə yalnız nəsr yazan şəxslərə aiddi. Mənə "yazıçı" sözü daha doğmadı, nəinki sonradan türk qardaşlardan gəlmə "yazar". Özümə isə şair deyilməsindən xoşlanıram.

Qan Turalı: Bu iki sözün yanaşı işlənməsinin məntiqini anlamaq çətindir. Yazıçı sözü bizim dilimizdə XIX əsrin sonlarından işlənməyə başlayıb. O dövrdə bu sözü jurnalistlər haqqında da işlədirlər. Misal üçün, Mirzə Cəlil Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə haqqında bu sözü işlədir. O dövrdə bu sözə paralel olaraq “mühərrir” sözü də işlədilirdi.

Azərbaycan Yazıçılar İttifaqı 1934-cü ildə yaradılıb. Qurumun üzvlərinin əksər hissəsi hələ o zaman da şairlər olsa belə qurum Yazıçılar İttifaqı adlandırılmışdı, çünki yazıçı sözündə həm də “yazmaq” feilindən doğan geniş bir məna da vardı və bu mənanı şairlərə də aid edirdilər.

Lakin sonralar şair və yazıçı sözü xüsusilə fərqləndirilməyə başlandı. Fəxri adlar da Xalq yazıçısı və Xalq şairi adlandırıldı.

Müstəqillik dövründə Türkiyə türkcəsindən keçən yazar sözü isə bu sahədə qarışıqlıq yaradıb. Məsələ bundadır ki, türkcədə yazar sözü heç də ancaq yazıçılar haqqında işlədilmir. Misal üçün, Mehmet Ali Birand kimi kitab yazan jurnalistlərə də yazar deyirlər. Orxan Pamuka da yazar deyilir, Biranda da. Amma onların gördükləri işlərin mahiyyəti çox fərqlidir. Bu mənada türkcədə belə geniş və qeyri-müəyyən bir mənaya malik bir sözü dilimizə köçürmək doğru deyil.

Bizdə adətən gənclərə yazar qocalara isə yazıçı deyirlər. Misal üçün Əlibala Hacızadə yazıçıdır, Cavid Zeynallı isə yazar. Bu həm də bir növ gənclərə olan münasibətdir. Bu cür kəlimə oyunlarına isə ehtiyac yoxdur. Nəsr yazan yazıçıdır, şeir yazan şair.

Yazıçı sözünün isə mənası Sovet dövründən bu yana tam dəqiqlik müəyyənləşib. Bizdə qeyri-nəsr kitabı yazanlara yazıçı demirlər. Yazıçı olmaq nəsr əsəri yazmaq deməkdir. Bu mənada yazar sözünün işlədilməsinin heç bir zərurətini görmürəm.

Azər Abdulla: Yazıçı ilə yazar sözləri arasında elə bir ciddi fərq görmürəm. Bu baxımdan mənim üçün nə cür müraciət edilməsinin fərqi yoxdur.

Baba Vəziroğlu: Deyəsən, ədəbi mətbəx də aram-aram şou mətbəxinə yaxınlaşır. Çünki manıslar yüz ildi bunu müzakirə edirlər. Kim sənətkardı, kim sənətçidi, hansı doğrudu? Axır ki, yüz illik müharibədən, müzakirədən, mübahisədən sonra...

Yekə oxuyanlar "kar"ı özləri üçün özəlləşdirib "çi"ni müğənniciklərin qabağına atdılar...

İndi biz başlayaq? Söz əhli də ad davasına çıxsın? Onda gəlin ədəbi aləmin generalları, prinspləri, kralları, primadonnaları titullarını da təsis edək...

Men bilən, "çi" ilə "ar"ın fərqi, təxminən, eşşək və ulaq arasındakı fərqə bərabərdi...

Əsəd Cahangir: Yazıçı sözü bizdə öncə də işlənirdi; yazar sözü müstəqillik dövrü dilimizə Türkiyə türkcəsindən keçən və ümumişləklik qazanan neologizmlərdən biridir. Amma bizdə yazar sözü Türkiyə türkcəsindən fərqli məna çaları qazanıb. Odur ki, bu sözlərin müəyyən məna çalarları yaranıb. Yəni sinonim sözlərdir. Əli qələm tutan hər kəsə yazar demək olar; məsələn jurnalistə də. Yazıçı isə daha çox bədii yaradıcılıqla məşğul olan adamdır, hətta bir az konkretləşdirsək, nəsrlə məşğul olur. Bu sözlərin hərəsinin öz yeri var və hərəsi öz yerində işlənməlidir. Məsələn, bir-iki hekayə yazan adama yazıçı deməkdənsə, yazar demək daha məqsədəuyğundur.

# 1755 dəfə oxunub

Müəllifin son yazıları

# # #