“Qanundan” 3 yeni kitab

“Qanundan” 3 yeni kitab
17 noyabr 2014
# 09:06

“Qanun” nəşriyyatında üç yeni kitab çapdan çıxıb. Bunlar Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, С.K.Roulinqin “Harri Potter və Azkaban məhbusu” və Stiven Kinqin “11/22/63” əsərləridir.

“Sirlər xəzinəsi” (“Məxzənül-əsrar”) böyük Azərbaycan şairi Nizami Gəncəvinin Şərqdə “beş xəzinə” adı ilə şöhrət qazanmış “Xəmsə”sinin ilk məsnəvisidir. Şair bu əsəri təxminən 1178-79-cu illərdə yazaraq Ərzincan hakimi Davud oğlu Məlik Fəxrəddin Bəhram şaha (1162–1225) ithaf etmişdir.

“Sirlər xəzinəsi” yazılı ədəbiyyata Nizami tərəfindən gətirilmiş səri bəhrində yazılmışdır. Əsərin kompozisiyası da orijinaldır. Əsərin canını iyirmi məqalat təşkil edir. Nizami hər məqalatda bir məsələ qoyub irəli sürdüyü fikri atalar sözləri kimi dərin mənalı beytlərlə canlandırır.

Harri Potter və dostları Hoqvartsda üçüncü illərinə qədəm qoyurlar. Sehr dünyasının isə bütün diqqəti, qüvvələri Azkaban həbsxanasından qaçmağı bacarmış sehrbaz, Qara Lordun sadiq xidmətçisi Sirius Blekin axtarışına yönəlib. Bəs, görəsən, Blek və Harrini birləşdirən nədir? Görəsən, bu dəfə Sağ Qalmış uşağın macəraları nə olacaq?

Kitabın tərcüməçisi Fərid Hüseynlidir.

Müəllif öz kitabı haqqında belə deyir: “Con Kennedinin Dallasda qətlə yetirilməsindən haradasa, təxminən yarım əsr keçir. Ancaq iki məsələ hələ də açıq qalır: həqiqətən tətiyi çəkən Li Osvald idimi; əgər o idisə, o, təkbaşına hərəkət etmişdimi?

“11/22/63” romanında yazdığım heç nə bu suallara cavab vermir. Çünki təxəyyülün məhsulu olan bu səyahət zaman daxilində maraqlıdır. Əgər siz də mənim kimi, bu sualların cavabsız qalmasında hələ də maraqlısınızsa, düşünürəm ki, sizə iki sözdən ibarət qənaətbəxş cavab verə bilərəm: Karen Karlin. Bu yalnız tarixə haşiyə deyil, bu, haşiyəyə haşiyədir. Amma yenə də…”

# 1284 dəfə oxunub

Müəllifin son yazıları

# # #