APA Holdinq Bilik Fondunda-GÖRÜŞ

APA Holdinq Bilik Fondunda-<span style="color:red;">GÖRÜŞ
1 oktyabr 2014
# 15:11

Tanınmış jurnalistlər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olublar.

Lent.az informasiya saytının baş direktoru Qabil Abbasoğlu, Kulis.az internet dərgisinin baş redaktoru Qan Turalı, redaktorları Şərif Ağayar, Ağa Cəfərli və APA İnformasiya Agentliyinin əməkdaşı Cavid Zeynallı Bilik Fondunun əməkdaşları ilə görüşüblər. Fondun icraçı direktoru Oktay Səmədov qonaqlara həyata keçirilən layihələr, perspektiv planlar barədə ətraflı məlumat verib.

Jurnalistikanın maarifləndirmə funksiyasının birbaşa Bilik Fondunun missiyası ilə üst-üstə düşdüyünü deyən icraçı direktor Oktay Səmədov əməkdaşlıqla bağlı tanınmış jurnalistlərdən təkliflər gözlədiyini bildirib. Bilik Fondunun jurnalistlərlə birgə fəaliyyət göstərməsinin vacib olduğunu nəzərə çatdırıb.

Fondun içraçı direktoru onu da vurğulayıb ki, mətbuatda Azərbaycan dilinin imkanlarından düzgün istifadə olunmur, nəticədə bəzi materiallarda qüsurlar müşahidə olunur. O.Səmədov belə problemlərin aradan qaldırılmasında peşəkar jurnalistlərin dəstəyinə ehtiyac olduğunu deyib, bu sahədə səmərəli təkliflərin həyata keçirilməsində Bilik Fondunun dəstək göstərəcəyini bildirib.

Qonaqlar Bilik Fondunun gerçəkləşdirdiyi layihələrin cəmiyyətin maarifləndirilməsində rolundan danışıblar. Müxtəlif təkliflər səsləndirliib.

Q.Abbasoğlu rəhbərlik etdiyi saytın Bilik Fondu ilə birgə gənc jurnalistlər üçün kurslar təşkil edə biləcəyini vurğulayıb. Sayt rəhbəri onu da deyib ki, “Jurnalist kitabxanası” yaratmaq da mətbuatın inkişafına təkan verə bilər.

Ş.Ağayar jurnalist olmaq istəyənlərin qabiliyyət imtahanlarında çətinliyə düşdüyünü diqqətə çatdıraraq qeyd edib ki, redaktoru olduğu Kulis.az dərgisi Bilik Fondu ilə birgə abituriyentlərin esse müsabiqəsini keçirə bilər.

Kitabların bahalığından söz açan Qanturalı insanların mütaliədən sürətlə uzaqlaşmasında bu amilin xüsusi rol oynadığından danışıb. Kulis.az-ın baş redaktoru bildirib ki, kütləvi kitabxanaların və oxu zallarının çoxaldılmasında Fondla əməkdaşlığa hazırdırlar.

Qonaqlar növbəti görüşün redaksiyalarda keçirilməsini təklif ediblər. Fond rəhbərliyi təklifi müsbət qarşılayıb.

# 2113 dəfə oxunub

Müəllifin son yazıları

# # #