Tolstoy adam öldürübmüş

Tolstoy adam öldürübmüş
16 yanvar 2015
# 21:00

Biz yaşamaq sənəti barədə Tolstoyun “Hərb və sülh” əsərindən çox şey öyrənə bilərik. Hələ nəzərə alaq ki, Tolstoyun həyatında təkəbbür və yelbeyinlik, seksual qısqanclıq və mürəkkəb ailə münasibətləri də olub.

Roman Krznaric yazır ki, bütün bunlara baxmayaraq, bizim ustad romançıdan öyrənə biləcəyimiz çox həyat dərsləri var.

1828-ci ildə doğulmuş və 1910-cu ildə vəfat etmiş Tolstoy öz malikanəsi və yüzlərlə təhkimlisi olan rus aristokratik ailəsindən çıxmışdı. Gənc qrafın erkən gəncliyi gur, yüngül əxlaqlı və zorakı olmuşdu.

“Mən müharibələrdə adam öldürür və ya adam öldürmək üçün onları duelə çağırırdım, - yazırdı Tolstoy, - Qumarda uduzur, kəndlilərin əməyini istismar edir, onlara cəzalar verir, avara həyatı yaşayır və adamları aldadırdım. Beləcə on il yaşamışdım”...

Lakin o, tədricən özünü onu məhv edən, avara həyat tərzindən xilas etdi, zadəgan irsinin inanclarından yaxa qurtardı və radikal, qeyri-adi dünyagörüşü əldə edərək həmsiniflərini mat qoydu. Yaxşı, bəs görəsən onun bu şəxsi səyahəti bizə də öz həyat fəlsəfəmiz barədə təkrar düşünməkdə necə kömək edə bilər?

1. Düşüncənizi açıq saxlayın

Tolstoyun ən böyük istedadlarından biri də onun yeni təcrübələr əsasında öz düşüncəsini dəyişmək bacarığı və istəyi idi. 1850-ci illərdə Krım müharibəsində gördüyü qanlı qətliam onu ömürlük passifistə çevirmişdi. 1857-ci ildə Parisdə qilyotinlə edamı seyr etmiş yazıçı kəsilib aşağıdakı qutuya düşən başın guppultusunu heç vaxt unuda bilməmişdi. O, dövlət və onun qanunlarının qatı opponentinə çevrilmişdi. O, inanmağa başlamışdı ki, hökumətlər nəinki qəddardırlar, üstəlik onlar həm də varlı və qüdrətlilərin maraqlarına xidmət edirlər. “Dövlət qəsddir – yazırdı Tolstoy bir dostuna, - odur ki, mən heç yerdə heç bir hökumətə qulluq etmərəm”. Əslində Tolstoy anarxist olmağın yoluna düşmüşdü. Sağ olsaydı, o, bizi içində böyüdüyümüz təməl inancları və ehkamları sual etməyə ürəkləndirərdi.

2. Hüsn-rəğbətli olun

Roman Krznaric “Sehirli mücrü: Həyat haqqında maraqlı tarixçələr” kitabının müəllifidir. Yeri gəlmişkən, elə bu məqalə də həmin kitabın materialı üzərində yazılıb. Yazıçı Rəğbət muzeyinin və Rəğbət kitabxanasının təsisçisidir.

Tolstoy özünü ondan çox fərqli yaşayan insanların yerinə qoymaq bacarığı ilə heyrətamiz hüsn-rəğbət nümayiş etdirə bilmişdi. 1860-cı illərdə o nəinki kəndli geyiminə keçmişdi, hətta təhkimçilikdən yenicə azad olmuş kəndlilərlə birlikdə öz malikanəsində işləməyə, tarla şumlamağa, kəndli evlərini öz əli ilə təmir etməyə başlamışdı. Damarlarından “mavi qan” axan qraf üçün bütün bunlar çox heyrətamiz idi. Hərçənd şübhə yoxdur ki, bu qayğıkeş dədəlikdən bir az da zövq alan Tolstoy kəndlilərin arasında olmaqla şəhərlərin ədəbi və aristokratik elitalarına bilərəkdən acıq verirdi. Tolstoy inanırdı ki, başqalarının həyatını şəxsən yaşamadan onların reallığını başa düşə bilməzsən.

3. Fərq yaradın

O, həmçinin özünün məxsus olduğu ali silkin adamlarından, insanların iztirablarını şəxsi hərəkətlə azaltmaq xasiyyəti ilə fərqlənirdi. Buna ən parlaq misal onun aclıqla bağlı humanitar fəaliyyətidir. 1873-cü ilin məhsulsuzluğundan sonra Tolstoy “Annna Karenina” üzərində işi bir il təxirə salmışdı ki, aclıq çəkənlərə humanitar yardımı təşkil etsin. O, bir qohumuna belə yazırdı: “Mən xəyal edilən obrazların xətrinə özümü canlı məxluqlardan ayıra bilmərəm”. Onun dostları və ailəsi düşünürdü ki, dünyanın ən gözəl romançılarından birinin öz şedevrlərinin biri üzərində işi yarımçıq qoyması divanəlikdir. 1891-ci ilin aclığı zamanı da belə etmişdi. Ömrünün iki ilini şorba mətbəxlərində işləməyə və aclar üçün pul toplamağa həsr etmişdi. Siz bu gün bestsellerlər yazan bir yazıçısının əlində olan işini humanitar fəaliyyət üçün iki il müddətinə bir kənara qoymasını təsəvvür edə bilərsinizmi?

4. Sadə həyat sənətinin ustadı

1870-ci illərin ruh düşkünlündən sonra Tolstoy Pravoslav Kilsəsi də daxil olmaqla bütün rəsmi dinləri inkar etmişdi. O Xristianlığın ruha və maddi gözütoxluğa söykənən inqilabi təriqətlərindən birini qəbul etmişdi. İçməyi, tütün çəkməyi tərgitmiş, vegetarian olmuşdu. Adamları özünü dolandıra bilən, ortaq mülkiyyətə sahib sadə utopik icmalar yaratmağa ilhamlandırmışdı. Bu sayaq “Tolstoy icmaları” bütün dünya boyunca yayılmışdı və Gandhi 1910-cu ildə əsasını qoyduğu təkyəyə Tolstoy ferması adını vermişdi.

5. Öz ziddiyyətlərinizdən ehtiyatlı olun

Yeni, daha sadə həyat mübarizəsiz və ziddiyyətsiz deyildi. Tolstoy məlum olduğu kimi bəşəri məhəbbətə sitayiş edirdi, amma arvadı ilə daim dava-dalaşdaydı. Digər tərəfdən, bu bərabərlik həvarisi özünün varlı və imtiyazlı həyat tərzindən tamamilə əl çəkməmişdi. Qoca yaşlarınadək çoxlu qulluqçuları olan böyük mülkdə yaşayırdı. Lakin 1890-cı illərdə ailəsinin arzusu xilafına olaraq öz ədəbi əsərlərinin böyük bir hissəsinin müəlliflik hüququndan əl çəkdi. Bununla, əslində böyük bir sərvəti qurban vermişdi. Əgər həyatının başlanğıcında malik olduğu imtiyazlar nəzərə alınarsa, bu şəxsi transformasiyaya yalnız heyran qalmaq olar.

6. Sənətkar olun

Tolstoy inanırdı ki, öz şüuru və vücudu arasında balans yaratmaq onun yaradıcılıq prosesinin mühüm şərtidir. O, təkcə vaxtaşırı qələmini yerə qoyub çöl boyunca ata qoşulmuş kotan sürməzdi, həm də oraq-kərəntini yazı masası ilə üzbəüz divara söykəyərdi ki, həmişə gözünün qabağında olsun. Ömrünün son illərində yazıçılar və jurnalistlər bu saqqallı müdrikə baş çəkməyə gələndə, dünyanın ən məşhur yazıçısını əlində çəkməçi alətləri ilə ustalıq edən yerdə görüb təəccüblənərdilər. Əgər Tolstoy bu gün burda olsaydı, bizə məsləhət görərdi ki, boş vaxtımızın çoxunu sms və tvit göndərməyə sərf etməkdənsə, bir sənətin qulpundan yapışaq.

7. Sosial çevrənizi genişləndirin

Tolstoydan alınacaq ən mühüm həyat dərsi bunu anlamaqdır ki, güman və xurafatlarımıza üstün gəlməyin, habelə dünyagörüşümüzü inkişaf etdirməyin ən yaxşı yolu özümüzü baxışları və həyat tərzləri bizimkindən fərqli olan insanlarla əhatə etməkdir. “Dirilmə” əsərində göstərir ki, istər siyasətçi olsun, istərsə də biznesmen və ya oğru – adamların əksəriyyəti instinktiv olaraq onların baxışlarını paylaşan insanların çevrəsini və bu çevrədə öz yerlərini qoruyub saxlamağa çalışırlar. Bizə oxşar insanlarla əhatə olunmağımız ona gətirib çıxara bilər ki, biz iki evə sahib olmağı, eyni cinsdən olanların evlənməsinə qarşı çıxmağı və ya Yaxın Şərq ölkələrini bombalamağı tamamilə normal və haqlı bir iş saya bilərik. Bu halda belə baxışların yanlış, ədalətsiz və ya həqiqətdən uzaq olduğunu görməyə bilərik, çünki öz çevrəmizə qapanıb qalmışıq. Tolstoyun təbirincə deyilsə, bizim ən əsas vəzifəmiz çevrənin hüdudlarını aşmaqdır.

BBC Azərbaycan

# 978 dəfə oxunub

Müəllifin son yazıları

# # #