Kulis zarafatı
Hər dəfə öz bədəninin bir üzvünü kəsib doğrayan, yandırıb-söndürən rəssam Pyotr Pavlensky növbəti aksiyasını sovet vaxtında ictimai-siyasi təcridetmə məqsədilə psixiatriyadan istifadənin yenidən tətbiqinə etiraz olaraq keçirib, özü də elə İctimai və Məhkəmə Psixiatriyası Dövlət Elmi Mərkəzinin damında. Rəssam damda anadangəlmə lüt soyunaraq rəssamların ulu Şirvini Van Qoq kimi bıçaqla qulağının sırğalığını kəsib. Üstəlik, bu dəfə özünün "Şaqqalama” adlı etiraz manifestini də oxuyub: "Bıçaq qulağı bədəndən ayırır. Psixiatriyanın beton divarları isə ağıllı adamları xəstələrdən ayırır. Psixiatriyanın siyasi məqsədlərlə istifadəsi metoduna qayıtmaqla polis rejimi ağılla ağılsızlıq arasında sərhədi cızmaq hakimiyyətini özünə qaytarmış olur. Ağ xalatlı bürokratlar psixiatriya diaqnozları ilə silahlanaraq cəmiyyətin o hissələrini kəsib atırlar ki, o hissələr hamı üzərində hökmranlığa mane olur".
Rəssamın tacik şairi Abdılbas Mandılbayevin adını daşıyan Moskvadakı ədəbi birliyin mətbu orqanı “Mandıl” dərgisinə verdiyi müsahibəni sizə təqdim edirik:
- Etiraz forması olaraq özünüşaqqalama ideyası hardan ağlınıza gəldi?
- Günahabatma təhlükəsi hiss etdikdə özünə xətər yetirmək, ağrı ilə nəfsi üstələmək xristianların, xüsusilə biz rusların köhnə adətidir. Tolstoyun “Sergi ata”sını xatırlayın. O, günahdan uzaqlaşmaq üçün mağarada gizlənir. Şeytan isə qadın cildində onu gizləndiyi mağarada tapır. Keşiş ata ehtiras hissini bədənində boğmaq üçün barmağını baltalayır. Halbuki o, asiyalı kişi kimi hərəkət edə bilərdi; əvvəlcə lüt şeytanı, yəni qadını mağaraya gəldiyinə peşman edənəcən “dud...dud...dud...” eləyər, sonra da günahını yumaq üçün onu əlindəki balta ilə zərbələyib cəzalandırar, evə gətirib əlini-qolunu bağlayar, saçını qırxar, qulağının birini kəsər, sonra da “Adam içinə” çıxarıb rüsvay edərdi. Lakin Sergi ata öz barmağını baltalamaqla yalnız özünü günahdan qorudu. Mən isə özümü şaqqalamaqla bütün Rusiyanı günahdan təmizləmək istəyirəm.
- Amma Van Qoq batdığı günaha hədiyyə olaraq kəsmişdi qulağını...
- Ay daş Van Qoqun başına. Adamdı Van Qoq!?
- Bəs Rusiyada sizə qoşulmaq istəyənlər var?
- Var, amma onlar hamısı başdanxarablardır. Günahları yumaq üçün axıdılan qan gərək cavan və sağlam bədənin qanı olsun. O gün əlində əsgər botinkası, topuğusarıqlı bir Donetsk separatçısı atdana-atdana gəlib ki, Pyotr, öz ayağımdır, müharibədə qopub, “Za rodinu” apar qoy kəsilmiş qulağının yanına. Biz onun qopan ayağını paketə qoyub Kremlə göndərdik.
- Bu, sizin ilk belə etiraz aksiyasınız deyil. Bu ilin noyabrında Qızıl meydanda özünüzü xayalığınızdan yerə mıxlamışdınız, daha sonra “Pussy Riot” qrupuna hökm oxunanda isə ağzınızı tikmişdiniz. Etiraz “menyunuzda” daha nələr olacaq?
- Etirazlarım davam edəcək. Fikrim var ki, meymun əti yeyib özümü ebolaya yoluxduracağam, daha sonra xristianlıqdan imtina edib özümə kilsədə sünnət toyu çaldıracağam. Özümü axtalayacağam, elektrik stuluna bağlayacağam, duelə çıxacağam, qatarın altına uzanacağam. Süpürgəyə minib Moskvanın üstündə çığıra-çığıra uçacağam. Novruz bayramında qapılara papaq atan uşaqların papağına kəsik barmaqlar, çıxarılmış gözlər, sınmış dişlər qoyacağam. Pravoslavların pəhriz bayramında öz qusağımı yeyəcəyəm. Başımı kəllə-paça kimi ütəcəyəm.