5 manatlıq adam

5 manatlıq adam
5 fevral 2015
# 16:38

Soyuq bir qış günü idi. Bakıya ilk qar yağmışdı və mən səhər tezdən oyanıb universitetə getməliydim.

İmtahana gecikməmək üçün həmişəkindən bir saat erkən çıxmışdım evdən. Dayanacaqda avtobus gözləyirdim. Yolları buz bağladığından avtobuslar gecikirdi. Bir saata yaxın idi ki, dayanacağa avtobus yaxınlaşmırdı. Burnumun ucu qızarmış, kirpiklərimdə damcılar donmuşdu. Dayanacağın qabağında bir köhnə taksi dayanmışdı, içindən yaşlı sürücü artıq bir saat idi ki mənə hiyləgərcəsinə gülərək baxırdı. Mən saatıma baxdım. Vaxt keçirdi. İmtahana gecikəcəyimi düşünmək çox dəhşətli idi. Paltomun iç cibindən cüzdanımı çıxartdım və puluma göz gəzdirdim. 11 manat pulum var idi. Cüzdanımı cibimə qoyub yenidən taksi sürücüsünə baxdım. Sürücü barmağı ilə qolundakı saata işarə edərək güldü. Sonra avtomobili işə salaraq maşından çölə çıxdı. Cibindən siqaretini çıxardıb cibində kibrit axtarmağa başladı. Sonra mənə tərəf addımlamağa başladı. Siqaret çəkən bir sürücünün kibritinin olmaması mənə inandırıcı gəlməmişdi. Mənə yaxınlaşıb soruşdu.

- Bağışlayın, kibritiniz olmaz?

- Var, - deyib cibimdə kibrit axtarmağa başladım.

Kibriti yandırıb onun siqaretinə yaxınlaşdırdım.

- Burdan “Elmlər”ə neçəyə apararsınız?

- 15 manata.

- Nə? 15 manata?

- Bəli.

- Həmişə 5 manata aparmısınız axı.

- Yollar buz bağlayıb.

- Nə olsun, həmin məsafəni gedəcəksiniz də.

- Bilirəm, məcbur deyil.

O siqaretini çəkməyə davam edirdi. Mən yenə saata baxdım. Artıq qərar qəbul etməliydim. Tək çarəm bu taksi idi.

- Tələbəsən?

- Bəli.

- İmtahan saat 11-də başlayacaq. 40-45 dəyqə vaxtın qalıb. Avtobusun gəlib gəlməyəcəyi sual altındadı.

- Bilirəm, amma 15 manat çoxdu.

- Vaxtın azalır. İnnən belə avtobus gəlsə də səni universtetə vaxtında çatdıra bilməyəcək.

- 11 manat pulum var.

- 15 manat.

- Yoxumdu.

- Təəssüf.

Sürücü siqaretini tullayıb ayağı ilə tapdalayarkən mənə baxdı və taksisinə əyləşdi. 1-2 dəqiqə də gözlədim. Avtobus üfüqdə də görsənmirdi. Taksiyə yaxınlaşıb pəncərəsini iki dəfə tıqqıldatdım. Sürücü pəncərəni yavaşca endirdi və gülərək dedi:

- Nə oldu? Qərara gələ bildin?

- Doğurdan sadəcə 11 manatım var, 10 manata aparsanız 1 manatla da gələndə avtobusa minəcəm.

Yenə başını buladı.

Cüzdanımı cibimdən çıxarıb pulumu göstərdim.

- Baxın, düz 11 manat.

- Başa düşürəm.

- Yaxşı, elə 11 manatın hamısını verəcəm, minim gedək, gecikəcəm.

- Yox. Bax, orda hələ neçə adam gözləyir, bəlkə 15 manatdan da çox verən oldu.

- Xahiş edirəm, mən tələsirəm. İmtahanım var.

Sürücü pəncərəni bağladı. Ümidim tükənmişdi. Tam geri dayanacağa çəkilərkən möcüzə baş verdi. Üfüqdən sürüşə-sürüşə, asta-asta mənim gözlədiyim avtobusun gəldiyini gördüm. Dayanacaqda canlanma baş verdi. Bütün gözləyənlər sevincliydi. “A gəlir!”, “Şükür Allaha”, “Boş gəlir!”. Sürücü hər kəsin hara baxdığını görmək üçün maşınından çıxdı. Gördüyü mənzərə onu məyus etmişdi. Papağını çıxardıb əlini keçəl başına qoydu. Hamı onun yanından keçib avtobusa minirdi. O sanki sərnişinlərin qarşısını almağa çalışırdı. Yox! Getməyin! Mən sizi aparacam! Amma bihudə idi... Mən avtobusa minməyə hazırlaşarkən qabağımı kəsdi:

- 10 manat ver, aparım!

Mən başımı bulayıb onu qabağımdan çəkməyə çalışdım.

- Yaxşı, 5 manat ver. Avtobus gec çatacaq.

Mən heç nə deməyib avtobusa mindim. Həmin gün ilk dəfə idi ki “Çox istəyən azdan da olar” atalar sözünün təsdiqini tapmışdım.

# 1026 dəfə oxunub

Müəllifin son yazıları

# # #