Virtual qara dəlik, insel və sevgisizlik - Uşaqlar qatilə necə çevrilir?

Virtual qara dəlik, insel və sevgisizlik - Uşaqlar qatilə necə çevrilir?
18 aprel 2025
# 12:00

Kulis.az “Yeniyetməlik” mini-serialı haqqında Xavər Zahirin "Sansaradan çıxışın axtarışında" yazısını təqdim edir.



Perhaps this final act was meant to clinch a lifetime’s argument
That nothing comes from violence and nothing ever could…
(Bəlkə də, həyati (əbədi) məsələni həll etmək üçün sonuncu addım
lazım idi ki, işlərin vəhşiliklə, kobudluqla həll olunmayacağı aydınlaşsın)



Dünya şöhrətli müğənni Stinqin 12 sətirlik “Fragile” mahnısı 4 seriyalıq ekran işindəki ssenarinin qırmızı xəttidir. Doğrudan da, biz necə də kövrək və zəifik...

***

Netflix”in təqdim etdiyi “Adolescence” (“Yeniyetməlik”) adlı mini-serial ingilis dilində ən populyar 10 serial siyahısına düşüb. Yayımlandığı andan etibarən (2025-ci il martın 13-dən) həftə ərzində 96,7 milyon baxış sayı qazanıb. Müxtəlif ölkələrdən olan kino tənqidçiləri və psixoloqların müsbət rəylərini qazanıb. Müasir dövrün bir çox aktual problemini incə toxunuşlarla qabardan serial tamaşaçıların “sarı sim”inə toxuna bilib.

***

Məsələn, səni çox dalı bir şirniyyatla şirnikləndirirlər. Onun dadına baxmağın, onu yeməyin üçün səni qıcıqlandırırlar. Sən isə bədənində yaranacaq ağrılı yaralara görə şirniyyat yeməyəcəyinə söz vermisən. Onu yesən, özünə xəyanət edəcəyini bilirsən. Beləcə, məsələni kökündən həll etmək və “günaha girməmək”, vicdanına əzab verəcək hərəkətdən qaçmaq üçün həmin şirniyyatı tapdalayıb zibilliyə atırsan. Digərləri buna görə səni danlasa da, səni nankor və naşükür hesab etsələr də, vicdanın rahatlaşır. Axı sən özünə sadiq qalmısan… sənə görə, şirniyyatı yemək onu “məhv etmək”dən daha pisdir…

***

“Most boys would’ve touched her, but I didn’t. I was tempted, I was so tempted, but I didn’t, and that makes me better”. (Oğlanların çoxu ona (qıza) toxunardı, amma mən yox. Məni çox şinikləndirdilər, çox qıcıqlandırdılar, lakin mən eləmədim. Bu da məni onlardan daha yaxşı edir).

***

Sübh tezdən silahlı polislər qəfil evinin qapısını sındırıb otağına hücum çəkirlər. Sənə yatağındaca qətldə şübhəli olduğunu deyib bölməyə aparırlar. Sənin isə cəmi 13 yaşın var və qorxudan şalvarını islatmısan...

Bölmədəsən... Vəkil lazımdır, bir də proses boyu səni müşayiət edəcək qəyyum (müvəkkil) seçməlisən. Sən isə bütün xəstəliklərindən, allergiyandan, dərmanlarından xəbərdar olan ananı yox, atanı seçirsən. O atanı ki, səndən mənən, zehnən, maraq dairəsi ilə çox uzaqdır, o atanı ki, özünü ona təsdiq etdirməyə çalşırsan, o atanı ki, onun səndən utandığını görmüsən... İndi isə özünlə mübarizə aparıb sənə görə düz olanı etdiyin, yaxud da müasir cəmiyyətin təlqini, həmyaşıdlarının təzyiqi ilə sosial şəbəkələrin formalaşdırdığı “cəsurlğu” göstərmək üçün “kişi kimi” davranıb onun təqdirini qazanmaq fürsətin var. Onun hər şeyə şahid olmasını, uzaqlardakı “güclü adamın” səni qorumasını, səninlə fəxr etməsini istəyirsən...

***

Bəli, potensialın var, ancaq o düzgün istiqamətlənməyibsə, istedadın var, ancaq o emosional nəzarətdə deyilsə, sərhədlərin dəqiq cızılmayıbsa çöküş qaçılmazdır. 13 yaşındasan və ucu-bucağı görünməyən virtual dünyanın məngənəsində qalmısan, hisslərini, daxili təlatümlərini bölüşməyə kimsən yoxdur, informasiya cəmiyyətinin amansız hücumuna qarşı “süzgəc”lərindən istifadə edə bilmirsən... Bəs necə olsun?!

***

1. Atalar və oğullar: Günah

“Yeniyetməliy”in hər seriyası tamaşaçını hadisələrə başqa bir rakursdan baxmağa dəvət edir.

Birinci seriya: qətl törədilib. Millerlər ailəsinə polis basqını. 13 yaşlı Ceymi Miller əsas şübhəlidir. Arıq, çəlimsiz, qorxudan şalvarını islatmış oğlanın qatil olacağına inanmırsan. Ceyminin atası Eddi, anası Manda, bacısı Liza kimi sən də inanmırsan, inanmaq istəmirsən… Atanın həyəcanı, simasında ifadə edə bilmədiyi emosiyalar, gözlərindəki heyrət, qorxu, həyəcan, vahimə, şok… ən əsas da uda bilmədiyi, boğazında qalan tərəddüd tamaşaçının ruhuna işləyir. Birinci seriyada tamaşaçı yeniyetmənin valideynidir. Sorğu otağında atası ilə bərabər Ceymi ilə əyləşən də tamaşaçıdır.

Atasının “Üzümə bax, gözlərimə bax. Yalnız bircə dəfə soruşacağam. Həqiqəti eşitmək istəyirəm” sözləri də, “Düzün de, bunu sən eləmisən?” sualı da tamaşaçınındır. … və elə birinci seriyadaca həqiqətin üzə çıxdığı andan sonra ata və oğulun təklikdə qaldığı səhnə...

Ceymi yenə atasını utandırdı, atası ikinci dəfə ondan üzünü çevirdi, onu görməmək üçün əlini üzünə tutdu… daxili hönkürtü, səssiz fəryad… Öl(dürül)ən (7 dəfə bıçaq zərbəsi alan) təkcə Ceyminin məktəb yoldaşı 14 yaşlı Ketidirmi? Yoxsa, yeniyetmə oğul daxilindəki atasından intiqam almaq üçün onu da öldürüb… o anda hələ də pis iş görmədiyinə inanmağı, bəlkə də, buna görədir?..

Birinci seriya həm də anadan (bətndən) ayrılmadır. Qustav Yunqun təbirincə desək, nifrətin başladığı an. Məni niyə qorumadın? Rahat mühitdə niyə saxlaya bilmədin? Məni niyə “çölə” atdın? İndi burada təkbaşına neyləyim? Məni necə qoruyacaqsan?.. Nifrətin yaratdığı aqressiya ilə intiqam hissinin qarışmasını Ceyminin dəyişkən ruh halında, hərəkətlərində, qeyri-iradi davranışlarında və gizlicə kömək dilənən çarəsiz baxışlarında görürük.

2. Özünü tapa bilmədiyin mühit: Cəhənnəm

İkinci seriya: Tamaşaçı polisdir. Qətlin motivini axtarır. Ceyminin təhsil aldığı məktəbi polis əməkdaşları Lyuk Baskomb və Mişa Frank ilə birgə gəzir. İlahi, bura ki cəhənnəmdir. Burada “yeniyetməlik iblisləri”nin hər növünü görmək olar. Cəhənnəmin yalnız yeniyetməlik qatında bu cür əzabverici mühit ola bilər. Hə, bir də bura - MƏKTƏB polislərin də dediyi kimi üfunət saçır… Çürümüş təhsil sistemi, kiflənmiş təlim-tərbiyə hər kəsin ürəyini bulandırır.

Məktəb sanki yeniyetmənin daxilindəki baş ağrıdan, ürək sıxan xaosun təcəssümüdür. Bu nizamsızlığın mayasında isə hər kəsə, hər şeyə, əsas da özünə, “mən”inə nifrət dayanır. Bəs bu nifrəti yaradan nədir?! Tamaşaçı ikinci seriyada siniflərdəki yeniyetmələri, onların müəllimlərə, bir-birinə, bəzi səhnələrdə valideynə qarşı münasibətlərini görəndə bu nifrətin qaynağı haqqında daha dərindən düşünməyə başlayır. Qətlin motivi də məhz məktəbdə axtarılır. Cinayətə sürükləyən mühitdə hər yeniyetmə sanki canlı bombadır. Məktəb isə minalı ərazi…

Polislər qətlin törədildiyi bıçağı axtarır. Həmin bıçaq isə tapılmır, tamaşaçıya da alətin tapılıb tapılmadığı sona kimi müəmma qalır. Lakin detektiv Baskombun həmin məktəbdə oxuyan yeniyetmə oğlu uzun müddətdən sonra atası ilə ciddi danışmaq imkanı qazanır, müasir yeniyetmə dünyasının qanunlarını ona izah etməyə çalışır. Sosial şəbəkələrdəki sadə “emoji”lərin mürəkkəb mənalarını anlayanda, əslində, “bıçağın” da tapıldığını başa düşürsən…

Məktəbin həyətində söhbət edən polislər arasındakı dilaoqda əsas mesajlardan biri səslənir:

- Mişa Frank: Burda çox az yaxşı müəllim və şagird var. Mən də belə bərbad məktəbdə oxumuşam.

- Lyuk Baskomb: Bəs orada necə “sağ qalmısan”?

- Çox yaxşı müəllimiz vardı. Miss Benton, əla insan idi. İncəsənət və fotoqrafiyadan dərs deyirdi. Mən isə rəsm çəkməyi sevirdim. Bilirsən, hər uşağa özünü tanıması və qəbul etməsi üçün mütləq hansısa məşğuliyyət lazımdır.

***

Uzun kadrlar tamaşaçını ekrandan ayrılmağa qoymur

Britaniyalı Fil Barantini və Stiven Qremin ekranlaşdırdığı serial sanki valideyn kabusunda gəzişmələri xatırladır. Düzdür, birkadra çəkilən filmlər çox olsa da, “Yeniyetməliy”i xüsusi edən bu üsulun seriala tətbiq olunmasıdır. “True detective” serialında da işlənməsinə baxmayaraq, hələ ki, böyük xronometrajlarda birkadrlıq üslub bu sektor üçün nadir rast gəlinən haldır. Fil Barantini və Stiven Qremin dramaturji baxımdan bu priyomdan istifadə etməsi də özünü doğruldub. “Play” düyməsi işə salınır və bir saatdan sonra “stop” düyməsi sıxılır…

Hər seriya üçün aylarla hazırlıq tələb olunub. Ssenari dəfələrlə dəyişdirilib, kameranın fasiləsiz hərəkəti üçün yeni məkanlar seçilib. Texniki baxımdan ən çətin başa gələn isə 2-ci seriya olub. Məktəbdəki çəkilişlərdə 300-dən çox uşaqla yanaşı, müəllimlər, tərbiyəçilər də iştirak edib. Hər seriya əvvəldən axıra, ən azı, 10 dəfə çəkilib. Axırıncı varianta isə birinci seriyanın 20-ci dublu və digər seriyaların sonuncu - müvafiq olaraq, 13, 11 və 16-cı dublu seçilib.

***

Hormonların tələsinə düşənlər

Tədricən bədənini tanıyan, hormonlarının tilovuna keçən yeniyetmə 2-3 yaş sindromlu uşağı xatırladır. Hər şeyi o özü etməlidir. Heç kimdən kömək almadan. O özü bacarar, özü edə bilər, özü həll yolunu tapar… Ancaq internet adlı “qara dəliyin” cazibəsinə tab gətirmək, zülmətə sovrulub yox olmamaq üçün məsafə saxlanılmalıdır. Bunun üçün isə xüsusi güc - valideyn dəstəyi, sağlam mühit, möhkəm iradə və düzgün formalaşmış tənqidi düşüncə lazımdır. Təəssüf ki, ekran işində “qara dəliyin” nə qədər böyüdüyünün, yeniyetmə beyinlərə nə dərəcədə dərindən nüfuz etdiyinin şahidi oluruq.

Bu qara dəlik qarşısındakı zəifliyin bir səbəbi də emosional zəkanın (EI) aşağı olmasıdır. Ovuca yerləşən ağıllı telefonlar, nazik planşetlər və ən böyüyü, sadəcə, stolüstü kompüterlər qədər olan dünyalarına çəkilib basdırdıqları emosiyalarını “emoji”lərlə ötürməyə çalışan mənən kimsəsiz insanlar toplumunun gücsüzlüyüdür bu… Bir-birindən qopmuş, hisslərini ifadə etməkdə çətinlik çəkən, istəklərini düzgün çatdıra bilməyən, ünsiyyətdən qaçan, qorxaq və eqoist böyüdülən adamlardır sonradan “abyuzer”ə çevriənlər. Digərlərini zorbalıqla, psixoloji təzyiqlə idarə etmək istəyənlər də emosional intellekti çox aşağı olanlardır. Dünyada bu haldan “peşəkarcasına” istifadə edənlər var. Bu təcridolunmadan külli miqdarda gəlir əldə edən, nifrət nitqləri ilə populyarlıq qazanıb, özünütəlqinlə ətrafa qapananların “halına qəmxar çıxanlar”lar yeniyetmə və gənclərin intiharına, onların cinayət törətmələrinə, şeytanla dostlaşmalarına səbəb olanlardır.

***

Ceymi kimi yeniyetmə qatillərlə işləyən bir çox psixoloq və psixoterapevtin dediyinə görə, kişilərə xas aqressiyanın əsasında da əksərən özünə inamsızlıq, özünü yetrəsiz hiss etmək, xarici görünşündən razı qalmamaq kimi amillər durur. Bunu daha aydın üçüncü seriyada görürük. Ancaq psixoloqla Ceyminin həlledici söhbətini ehtiva edən seriyaya keçməzdən əvvəl, serial ssenaristlərinin qabartmaq istədiyi əsas məsələlərdən olan mizoqiniya və insel haqqında danışaq. Qadına, qıza nifrəti bildirən mizoqiniya məfhumu özündə şiddəti, zorakılığı da ehtiva edir. Elə tamaşaçıların əksəriyyəti də serialı zorakılığın təbiəti haqqında pritça adlandırırlar. Stiven Qrem son dövrlərdə Briyaniyada baş verən qətl hadisələrindən sonra bu ssenari üzərində işləmək qərarına gəlib.

2021-ci ildə Liverpulda 12 yaşlı Ava Vayt adlı qız 14 yaşlı oğlan tərəfindən ölümcül bıçaqlanıb. 2023-cü ildə isə 17 yaşlı Hassan Sentamu Kroydon şəhərində ticarət mərkəzinin yaxınlığında 15 yaşlı Elian Andama bıçaqla hücum çəkib. Qremlə yanaşı, digər ssenarist Cek Torn isə öz növbəsində, ekran işi ilə kişi aqressiyasını təsvirini vermək isdədiklərini deyib. Onun sözlərinə görə, baş qəhrəman Ceymi son illərdə internetin ən təhlükəli adamı, toksik maskulin adlandırılan Endrü Teytin ideoloji təsirinə məruz qalıb. Serialın ikinci seriyasında Endrü Teytin zərərli təsirinə dair bir neçə kadr da var.

***

Haşiyə: Endrü Teyt kimdir?

Serialın ideyasının əsasında duran əsas faktorlardan biri də 2-3 il bundan əvvəl dünya mediasının gündəmini zəbt edən Endrü Teytlə bağlıdır. “Toksik maskulinlik kralı” adlandırılan Endrü ABŞ-də anadan olub. İlk olaraq, kikboksçu kimi tanınıb və idman karyerası boyu bir neçə dünya səviyyəli titul qazanıb. Onu daha çox məşhurlaşdıran isə 2016-cı ildə Britaniyanın “Böyük qardaş” realiti şousunda iştirakı olub. İrqçi və homofob tvitləri, sonra isə bir qadını kəmərlə döydüyü vido yayılandan sonra onu şoudan uzaqlaşdırıblar.

Cəmi 6 gün şouda qalan Endrü sonradan qadına qarşı şiddətin qarşılıqlı razılaşma ilə olduğunu bildirir. Məhz tamaşaçıların neqativ rəyləri və səs-küylü müzakirələr onu daha da populyarlaşdırır. 2020-ci ildə “Hastler Universiteti” açır ki, burada kişilərə aya 50 dollar qarşılığında aksiyalarla ticarətdən, kriptovalyuta alış-satışından kopiraytinqə kimi müasir bacarıqları öyrədəcəyini deyir... “tələbələri”nə də xüsusi tapşırıq o olur ki, sosial şəbəkəlrədə fanatlar və nifrət edənlər arasında daimi “müharibə”ni saxlasınlar və daha da alovlandırsınlar.

Endrü Teytin qadın düşməni olduğu isə daha açıq-aşkar müsahibələrindən sonra üzə çıxır. Onun fikrincə, kişilərin qadınlar üzərində tam haqqı var, kişilər qadınlara hökm etməlidir, hətta qadınlar onlar üçün ev, avtomobil kimi “şəxsi əmlak” sayılır. Təcavüzə məruz qalmış qadınlar isə buna görə özləri məsuliyyət daşıyırlar.

Mizoqiniyanı təbliğ edən Teyt qadınlara qarşı böyük nifrətini yalnız 18-19 yaşlı qızlarla əlaqədə olmağı və onlarda “ömürlük iz qoymağı” ilə də göstərir. 2022-ci ilin dekabrında insan alveri, qadına təcavüz və cinayətkar qrup yaratmaq ittihamları ilə həbs edilən Endrü Teyt haqqında deyilənlərin “Vice” jurnalında dərc olunan yazıdan sonra yalnız ayzberqin görünən hissəsi olduğu aydınlaşır.

Bir müddət “Google” axtarış mühərrikində ən çox axtarılan şəxs olan Teytin “TikTok”da yayımlanan videoları 15 milyard baxış sayını keçirdi. Podkastı ilə öz kütləsini daha da çoxaldan Teyt əsasən, maskulinlik, kişi təbiətinin necəliyi, feminizmin cəmiyyət üçün təhlükəsi, qadınların daimi nəzarətdə saxlanılması haqqında danışırdı. Belə ki, gənc kişilərdə və oğlanlarda qadınlara qarşı nifrət oyadır, onlara münasibətdə şiddət göstərilməsini normal qəbul etdirirdi.

Açıdığı universitetdə də məhz kişi özünənamsızlığı üzərindən varlanan Endrü Teyt “Alfa canavar” adlı gizli cəmiyyət də yaradır. Burada radikal – patriarxal fikirlər yayır, kişini ona tabe olan qadınlara malik kral adlandırır. Bütün bunları ənənəvi dəyərlər adı altında qurbanlarına sırıyan Teyt bu cəmiyyətə üzvlük üçün xüsusi mərasim də təşkil edir.

“Vice” jurnalının müxbirinin geniş reportajına görə, cəmiyyətə qəbul “Döyüş otağı”ndan keçir. Dünyanın müxtəlif yerlərindən gələn kişilər 5 min dollar verərək cəmiyyətə üzv olmaq üçün həmin otaqda rinqə çıxır, çox vaxt peşəkar idmançılarla əlbəyaxa döyüşürlər. Qorxub geri çəkilənlər ictimai utanca məruz qalır, seçilən iştirakçılar isə çılpaq kişi və qadınların olduğu həzz otağına göndərilir.

Məhz bu reportajdan sonra Endrünün bütün sosial şəbəkə hesabları bloklanır. Lakin çox keçmir ki, onun vidoları yenidən yayılmağa başlayır, ancaq görüntülərdə onun üzü “emoji”lərlə gizlədilir. Dubaya köçüb islamı qəbul edən Teyt öz bankını açır və universitetini də “Gerçək həyat” adlandırır. Sosial hesabları bloklanandan bir ay keçmir ki, Teytin gəliri 11 milyona çatır təkcə “TikTok”da 250 milyon baxş yığır.

2022-ci ildə reyd nəticəsində aydın olub ki o, 6 qadını ev həbsində saxlayırmış. Hətta həmin qadınların bədənində “Teytə məxsusdur” yazılmış döymələr (tatu) olub. Qadınlarla sosial şəbəkədə tanış olan və onları müxtəlif şirnikləndirici, romantik münasibətlərlə özünə bağlayandan sonra yanına çağıran Teyt sonradan onlara şiddət və zorakılıq göstərib. Həbs olunandan sonra 2023-cü ilin yanvarında onun bütün villaları, avtomobilləri, milyonlarla dollar pulu müsadirə olunub.

3. Özünümühakimə: Qərar

Üçüncü seriya: Qətldən 7 ay sonra... Psixoloq Brayoni Aristonla 5-ci görüş... O, Ceymi haqqında yekun qərarı məhkəməyə təqdim etməlidir. Otağa daxil olmazdan əvvəl Ceyminin sevdiyi isti şokolad götürən psixoloq söhbətin gərgin olacağını təxmin edir. Görüş başlayır, Ceymi isti şokoladı nəzərdən qaçırmır, ona qarşı diqqətin fərqindədir. Lakin psixoloq çantasından özünə hazırladığı sendviçin yarısını da stolun üzərinə qoyur. Onun içində isə Ceyminin sevmədiyi turşu xiyar var... “Yeyərəm” deyib, sendviçi kənara qoyması, “anam da hazırlayır” xatırlatması tamaşaçıya “görünməyən qidaları” da göstərir, əslində. Anası da öz sevgisini oğluna hazıladığı sendviçlərlə bildirməyə çalışır. O, Ceyminin fikizi aclığını düşünsə də, mənəvi aclığından xəbərsizdir.

Ümumiyyətlə, ekran işindəki hər detal xüsusi məna yükünə malikdir. Gözə ən çox çarpan, diqqət mərkəzində olan isə qidalardır. Ceyminin saxlanıldığı kameraya daxil olan atası onun üçün qoyulan qəlyanaltını yeməyi tapşırır “Ye, oğlum, axı nəsə yemək lazımdır”... Millerlər ailəsində sevginin təcəssümü həm də qidadır, məhz “nəsə yemək”... Hisslər yeməklə bir yerdə udulur, emosional aclığa qarşı kor olan ailə təsəllini yeməklərdə tapır.

Keçək həlledici görüşə... Ceyminin psixoloqu sendviçi təklif edərkən “içində nə var?” soruşması, “anam da hazırlayır” deyərək yeməyi kənara çəkməsi, əslində, anasının ona hazırladıqlarına da toxunmadığı mesajını verir. Toxunulmayan, yeyilməyən, gözə batamayan sendviç polis sirenaları kimi hürküdücü, Eddinin (atanın) göz yaşları qədər ürək yandıran deyil, amma bu iki sadə çörək dilimi Mandanın (ananın) hiss olunmayan sevgisini, Ceyminin itmiş uşaqlığını, bir ailənin necə parçalandığını ən gözəl formada ifadə edir. Sonda dişlənən bir tikə isə məhrum qalmağın valideyn sevgisinə ehtiyacın simvoludur.

Axı birinci seriyadan bəri ikinci planda qalsa da, tez-tez təkrarlanan bir nüans var. Ailədə bir-birinə diqqət yalnız “Necəsən?” sualı ilə göstərilir. Əsasən, ata ilə oğul arasında “Are you okay, son?”, yaxud da “Dad, are you okay?” sualına ancaq qısa müsbət cavab eşidirik. Qısa hal-əhval tutma sualı serial boyu eşidilir, məsələn, detektiv Baskomb da bölməyə həyəcan işində, şok vəziyyətində gələn valideynlərə “Necəsiz?” sualını verir. Eddi isə “əlayıq”, deyə cavablandırır…

***

Paradoksal olsa da, belədir. İnformasiyalı cəmiyyətin fərdləri bir-birindən xəbərsizdir. Heç xəbər tutmağa maraq da göstərmir. İstər bir ailənin içində olsun, istər məktəbdə, istər iş yerində, istərsə də digər sosial sferalarda… İnformasiya xaosu, əsasən də insanı özünə qapanmağa və hisslərinin korşalmağına səbəb olan bu dünya bəşəri bağı qoparıb, amma bunun fərqində olan azdır.

Empatiya sadəcə sözdür, mahiyyətinə varılmayan məfhumdur… Hər şey səthidir, hər şey sadəcə göstərişdir, hər şey bəsit müqayisədir. Lakin bu bəsitlik, səthilik və bayağılıq dərindən də dərin yaralar açır, geri dönüşü olmayan nəticələrə aparır, fərdlər arasındakı uçurumu daha da qorxunc hala gətirir. Buna görə də son illərdə “məşhurlaşan” bullinq daha amansız formada özünü göstərir.

Cəmiyyətdə hər zaman müəyyən qədər fərqli görünən insanlara qarşı yad yanaşma olub. Ancaq bunu internetdən əvvəl və sonrakı dövrə bölsək, ikincinin illər keçdikcə nə qədər dəhşətli vəziyyətə gəldiyini aydın görərik. Bullinq, başqasını alçaltma, zəif olanı çıxdaş etmə həm də ematiyasızlıqdan qaynaqlanır. Bir sözlə, sevgisizlik və diqqətsizlikdən.

Müasir insan sevgiyə acdır, hisslərinin qidalanmasına ehtiyacı var. Axı səni başa düşən insanın gözlərinə baxaraq danışmağı, onun əlllərini tutmağı, kefsiz olanda kimsənin səni ürəkdən qucaqlamasını qırmızı, sarı, yaxud bənövşəyi ürək emojisi əvəz edə bilməz. Gələcək robotlarındır, deyirlər. Bu, nə süni intellektdir, nə də humanoid (insanabənzər) robotlar… Bu, bütün hissləri basdırılmış, sevgidən, sevməkdən, bütün qəlbi ilə sevinməkdən, gülməkdən, sevincini bölüşməkdən məhrum olmuş, niftər və paxıllıqla qidalanan robotabənzər insadır.

***

Psixoloq Brayoninin yeniyetmə ilə söhbətində oğlanın qadın və kişi haqqında düşüncəsini öyrənirik. Psixoloq bunu dolayı yolla Ceymidən ana və nənə, ata və baba haqqında düşüncələrini soruşmaqla başlasa da, bir müddətdən sonra daha intim, daha məhrəm söhbətlərə keçir. Yeniyetmənin instaqramdan qızlara, qadınlara qarşı duyduğu, özünü həmyaşıdlarının və böyüklərin gözündə necə gördüyü daha aydın nəzərə çarpmağa başlayır.

Söhbət boyu qətl törətmiş Ceyminin hərəkətlrinə diqqət edək. Sanki emosiyalarını o idarə etmir, əksinə, emosiyaları ona hakimdir. Gah ağzın əyib üzr istəyir, gah gülür, gah isterikaya düşür, gah da psixoloqun qarşısında – ondan böyük qadın üzərində hökm etməyə çalışır. Ceymi zəif olsa da, hərəkətləri ilə qorxu və gərginlik yaradır.

“Incel” (İnsel – seksual münasibət istəsələr də özünə partnyor tapa bilməyən kişilər. Onlar adətən bunda qadınları günahlandırır, bu səbəbdən də çox vaxt təcavüzə əl atırlar) haqqında söhbətlərdə Ceyminin psixoloji portreti çəkilir. Tamaşaçı qüsurluluq sxemini görür - “Mən eybəcərəm”, “məndə nəsə yerində deyil”, “məndə nəsə çatmır” fikirləri inselliyə aparan faktorlardan biridir. Ceyminin atası da ağır uşaqlıq keçirib, öz atası tərəfindən şiddətə məruz qalıb. Lakin oğlu Ceymiyə bircə dəfə də əl qaldırmayıb. Buna baxmayaraq, qeyri-ixtiyari də olsa, şüuraltı da olsa oğluna “güclü olmalısan”, “kişi ol”, “belə olmaq lazımdı” kimi fikirlər yürüdüb. Buna görə də Ceymi atasının baxmağa gəldiyi futbol oyunundan danışanda onun istədiyi performansı göstərə bilmədiyinə görə “mən atam üçün utanc yeriyəm” fikrini bildirir. Sözlə ifadə olunmaz utanc onun şəxsiyyətinin bir hissəsinə çevrilib.

Ceymi istedadlı, yaradıcı uşaqdır. Rəssamlığa, tarixə və analitik düşüncəyə malikdir. Lakin onun istedadı diqqətdən kənarda qalıb. Tanınmayıb. Buna görə də uğursuzluq sxemi yaranır. Mən heç nə bacarmıram, heç nədə yaxşı deyiləm. Sonra isə sərhədlər və frustrasiya... Valideynlər ona zorakılıq göstərməsələr də, hüdudsuz komfort təşkil etməklə sərhədləri pozublar. Onların bu hərəkəti övladı fikirləşdməkdən daha çox, "öz valideynimdən daha yaxşı valideyn olmaq" istəyidir. Bu da Ceyminin xarakterinə güclü təsir göstərib. O, “yox” cavabını qəbul edə bilmir, etiraza qarşı dözümlü deyil... Psixoloqla söhbətində də görürük ki, özünə təlqin etdiklərindən başqa fikri qəbul etməkdə nə qədər çətilik çəkir. İnternetin illüziyasına o qədər qapılıb ki, kənar söz, yeni düşüncə onda aqressiya yaradır.

Burada məktəb də stres faktoru kimi çıxış edir. Çünki müasir dövrdə müəllim dayaq kimi, dost təlimçi, kimi görülmür. İnam və sevgi olmayanda isə öyrənmə, görüb-götürmək çətinləşir. Axı insan sevdiyindən, rəğbət bəslədiyindən öyrənir. İmpulsiv yeniyetmələri cilovlaya biləcək, onları qara dəliyin cazibəsindən çıxara biləcək güclü şəxsiyyət, onların maraqlarına xitab edəcək müəllim tipi ilə nadirən qarşılaşırlar. Ceyminin məktəbində qışqıraraq əmr verən müəllimi də görürük, şagirdlərin gələcəyindən əlini üzüb təslim olan müəllimi də.

***

Elə detektiv Baskombun oğlu da məktəbdə bullinqə məruz qalanlardandır. Bıçağı tapmasa da, motivi heç gözləmədiyi yerdən tapan detektiv Baskomb eşitdiklərindən sarsılır. Həmin məktəbdə oxuyan oğlu atası ilə söhbətində 14 yaşlı Keti Leonardın həm də yeniyetmələr arasında yayılan 80/20 qanunun qurbanı olduğunu deyir...

80/20 qanununa görə 80 faiz qadını yalnız 20 faiz kişilər cəlb edir. Bunu insel cəmiyyətlərinin onlayn forumlarında da görə bilərik. Bu nəzəriyəyəyə görə, 80 faiz kişilər qadınlarla əlaqədən kənarda qalır, seksual münasibətlərdən yararlana bilmirlər. Buna görə də onların fikrincə, qadınlara qarşı zorakılıq 80/20 qanunu balanslaşdırır.

İnsel forumlarda populyarlaşan bu qanun təkcə qadın və kişilər arasındakı seksual münasibətlərə aid edilmir. Əslində, bu riyazi prinsipi ilk dəfə italiyalı sosioloq Vilfredo Patero təklif edib, rumın əsilli amerikalı mühəndis Jozef M. Curan isə formalaşdırıb. Pareto prinsipi kimi məşhurlaşan qanuna görə, 80 faiz nəticə 20 faiz zəhmətlə əldə edilir. Curan bu 20 faizi həyati vacib adlandırır, çünki istənilən səbəb – nəticə əlaqəsində bu faiz əhəmiyyətli rol oyanyır.

Pareto prinsipini elminin müxtəlf sahələrində tətbiq oluna bilər. Məsələn, dünyanın 20 fazi əhalisi karbon qazının 80 faizini istehsal edir, yaxud kinosənayesinin 80% gəlirini 20% kinorejissor qazanır.

***

Sevdiyi isti şokoladı isterik vəziyyətdə dağıdıb “rədd edən”, hər hərəkətin arxasında düşünülmüş planın olduğuna özünü inandırmış Ceymi, daim ətrafdan təqdir istəyir. Hətta Brayonidən əvvəlki psixoloqlar da bu mənada onu dəstəkləyib. Lakin onu düşüncələrinin komfrot zonasından çıxaran, bildiyi, lakin eşitmək istəmədiyini onun üzünə deyən Brayoninin üstünə getmək, onu söhbətdən uzalaşdırmaq cəhdləri də daxilən zəifliyinin üzünə vurulması kimidir. Əslində, bu, psixoloqa yox, özünə qarşı aqressiyadır. Brayoniyə “sən məni necə başa düşəsən axı... Sən gözəlsən” deməsi də, yeniyetmənin ikiqütblü düşüşüncəsinin məhsuludur. Axı özü eybəcərdir, axı gözəl qızlar (qadınlar) ona baxmaz...

***

"I Am Who I Think You Think I Am"

MƏN - sənin mənim haqqımda nə düşündüyünü düşündüyüməm

Bu məqamda amerikalı sosioloq Çarlz Kulinin “Güzgüdə əks olunan “mən” (looking-glass self) nəzəriyyəsini yada düşür. Bu nəzəriyyəyə görə, insanlar bir-biri ilə qarşılıqlı münasibətdə olarkən özləri haqqında təsəvvürlərini başqalarının onlar haqqındakı fikirlərinə görə ya müsbət, ya da mənfi formada qəbul edirlər. Beləcə, başqaları ilə münasibətdən yaranan “mən” formalaşır. Başqalarının düşüncələrinə qarşı hiss etdiklərimiz reallığımıza çevrilir. Onlar bizim üçün güzgü rolunu oynayırlar.

“Mən”in formalaşma prosesində əsas rolu ilk olaraq, ailə, yaşıdlar və qohum-qonşular oynayır. Əgər onların nəzərələri uşağa qarşı hörmət istiqamətlidirsə, uşaq da özünə hörmət etməyə, seçimlərinə rasional yanaşmağa başlayır. Yox, əksinədirsə, ana sevgisini görməyən, seçimlərinə hörmət edilməyən uşaq tədricən gözləntilərdən uzaqlaşır. Psixoloji, mənəvi çıxdaş olunmuş uşağın qanunpozucu, cinayətkar olmaq ehtimalı daha çoxdur.

Bu nəzəriyyə sosial şəbəkələrdə özünü daha dərindən göstərir. Xüsusən, yeniyetmələrin profilləri təhlil olunarkən fotoların, reaksiyaların, şərhlərin onlar üçün nə qədər vacib olduğunu görürük. Daim “bəyənilmə” istəyi, sevgi emojilərinin çoxluğu, təriflər eqonu nə qədər çox qane edirsə, bircə mənfi rəy, bircə mənfi reaksiya yaradılmış illüziyanı dağıtmağa cəhd kimi kəskin aqressiya, nifrət və şiddətə meyillilik oyandırır. Xüsusən də, yeniyetmə yaşlarında baqşalarının gözündə yaratdığın, yaxud da başqalarının səni gördüyü müsbət profilinə özün də inanmağa başlayırsan axı və bu təəssürat üçün kiçik bir təhlükə sənin dünyanı silkələyə bilər.

***

Ceymi də xoşa gəlmək, bəyənilmək istəyir. Bunu psixoloqla mübahisəsində də görürük. Ondan müsbət rəy, təsdiq gözləyir, hətta bu, bir yalvarışa bənzəyir… və özünü inandırdığı, gözlərini yumub görmək istəmədiyi nüansları psixoloq onun üzünə deyəndə, yaşına görə yaxşı tənqidi düşüncəsi olan, ağıllı Ceymi özünü nə qədər aldatdığını özünə etiraf edir. Günahını da, cinayətini də bircə cümləsi ilə etiraf edəndən sonra bu dəfə daxili gücsüzlüyünə, zəifliyinə görə isterikaya düşür, qışqırmağa başlayır… Bu ağır kadrlarda daxili və xarici dünyanın ortasında çaş-baş qalmış, mənəvi toqquşmasında qurban axtaran bir insanın hayqırtısı, fəryadı olduqca peşəkar formada əks etdirilir.

Ceyminin xəyali yenilməz qalası artıq dağıdılıb... Bundan sonra birdən-birə böyüyürsən... Ceymi uşaqlıqdan birbaşa yetkinliyə keçib. Buna sonuncu – 4-cü seriyada daha aydın şahid oluruq.

***

4. Qəbullanma: Etiraf

4-cü seriya: Qətl hadisəsindən 1 ildən çox vaxt ötüb. Ailə başçısı Eddinin 50 yaşı tamam olur. Ailə sanki normal həyatına qayıdıb. Lakin Lizanın sarsıdıcı xəbərlə gəlməsi yenə evdə təlatüm yaradır. Eddinin furqonunun üstünə xüsusi boya ilə “Nonce” (manyak, pedofil mənasını verir) yazıblar... Eddinin qəzəbli davranışları, özündən çıxması, emosiyalarını güclə nəzarətdə saxlaması... Ceyminin nümunə götürdüyü, baxıb özünü düzəltdiyi güzgünü xatıladır bizə...

Manda Liverpula köçüb getmək lazım olduğunu deyəndə də etiraz edən Eddi, nəyin bahasına olursa olsun, yazını bacardıqca tez silməyə çalışır. Nəzərimizdən qaçmasın ki, bu hadisələr fonunda da yemək məsələsi əsas xətt kimi keçir seriyada. Eddi yazını silmək üçün materiallar almağa ailəsi ilə birgə gedir. Yol boyu da yaxşı bir qəlyanaltı etmək, kinoya getmək, hətta nahar üçün çin restoranından sifariş verməyi də planlaşdırırlar.

Böyük marketdə boya seçərkən satıcının “mən sizin tərəfinizdəyəm” deməsi, Ceymini qətl törətməkdə günahlandırmadığını bildirməsi Eddini tamamilə özündən çıxarır. Boyanı alıb birbaş furqonun üzərinə getməsi və onu yazının üstünə tökməsi vəziyyət daha da gərginləşir...

Yaraların üzərini örtmək bu qədər asandırmı?!

Seriaynın əvvəlindən furqondakı yazını görən ailənin ünvanına təhqiramiz sözlər deyib qaçan yeniyetmələri burada da görürük. Onları tanıyan Eddi oğlanların üzərinə hücum çəkir, bütün acığını yaxasından tutub silkələdiyi yeniyetmədən çıxmağa çalışır, hətta onun velosipedini də qaldırıb kənara tullayır. Furqona minib evə qayıdan ailə hələ də məhkəməsini gözləyən Ceyminin zəngi ilə sanki özünə gəlir. Atasının doğum gününü təbrik etmək üçün zəng edən Ceymi günahını etiraf edəcəyini bildirir...

***

Bütün serial boyu Ceyminin atasının da, anasının da üzünü göz yaşları yuyur. Ancaq yenə də hal-əhval suallarına “yaxşıyıq” cavabı verirlər. Hətta təcridxanadan zəng vuran Ceymiyə də anası “səni yaxşı yedirdirlərmi?” sualını verir. Oğullarının verdiyi əsas xəbərdən sonra evə gəlib harada səhvə yol verdiklərini müzakirə edəndə, göz yaşlarına qərq olanda qızları Lizanın “necəsiz” sualına, sizcə, nə cavab verirlər?

Millerlər ailəsində emosiyaları biruzə vermək qəbulolunmazdır. Onları daim nəzarətdə saxlamalısan. Seriyanın finalında belə, ailə fərdlərinin aşağı emosional intellekt səviyyəsi dəyişmir, təəssüf ki.

Düzdür, atasının şiddət görən Eddi bunu oğluna göstərməməyə çalışsa da, onu ayna kimi əks etdirən Ceymi də emosiyalarının məngənəsindədir. Lakin olanlarda təkcə ailəni, valideyni günahlandırmaq düzgün deyil... Serial həm də nəsillərarası uçurumun dərinliyini göstərir. Qeyd etdiyim kimi, internetsiz və inernetlə böyüyən nəsil arasında artıq iltihablanmış yara yaranıb.

Bu uçurum furqonda valideynərinin tanışlıq hekayəsini dinləyən Lizanın reaksiyalarında əks olunur. Tamaşaçı Eddi və Mandanın gənclik çılğınlığını dinlədikcə nəsillərarası zövqün, dünyagörüşünün, yaxşı və pis məfhumlarının, sevginin, qarşı cinsə münasibətin necə dəyişdiyinə şahid olur.

***

Ceymi günahını etiraf edəcək. O artıq hər şeyin fərqindədir. Atasının da qadın dostu yoxdur. Elə anasının da... Furqonla yola düşərkən qonşularına qarşı münasibət, onların dalınca deyilən sözlər də təsadüfi deyil... Əslində, qətli bütün ailə törədib, cəzasını çəkmək isə Ceymiyə düşüb. Anasının sendviçlərinə göstərdiyi diqqəti, bacısının hansı yeməyi sevdiyini dəqiq bilməsi Ceyminin qəlbini, onun əsl xarakterini açır. Ceymi anlayır ki, yaşamadığı yetkinliyinin əzabını çəkmək istəmir artıq. Ən rahat yol, yetkinliyi qəbul etməkdir...

Dörd seriyanın hər birində kədər var. Şok, sarsılma... Məsələn, birinci seriyanın sonunda oğlunun adam öldürdüyü görüntüyə baxan atanın keçirdiyi hisslər... İkinci seriyada məktəbli qızın müəllimi və cəmiyyətə qarşı inamının sarsıldığı səhnə, üçüncü bölümdə Ceyminin söhbət otağından çıxdığı vaxt psixoloqun ani dəyişikliyi, finalda isə atanın oğlunun otağındakı daxili monoloqu – hönkürtü ilə ağlaması, ifadə edə bilmədiklərini balışa hayqırması...

***

Sonuncu seriya hadisələrin başladığı yerdə - Ceyminin yataq otağında bitir. Bircə dişdəm vurulmuş sendviç də, oyuncaqlarla, uşaq kitabları ilə dolu olan otaq da yaşanmamış yeniyetməliyin simvoludur.

Ceyminin çarpayısında hələ də oyuncaq ayısı var... 13 yaş... Sehrli dünyasından qaranlığa düşən və valideynlərinin belə köməyə gəlmədiyi oğlan... Qorxu içində, həyəcanla işıq axtaran uşaq... Otağa girib çarpayıda oturan ata da həmin o kimsəsiz uşağı qucaqlamağa çalışır... həm qoruya bilmədiyi oğlunu, həm də özünü - döyülən vaxt ağrıdan əzab çəkən balaca Eddini...

***

Tomorrowґs rain will wash the stains away,

But something in our minds will always stay.

(Sabahkı yağış bütün izləri siləcək, ancaq yaddaşımızdakılar əbədi qalacaq…)

# 1395 dəfə oxunub

Müəllifin son yazıları

# # #