Tanrının demək istədikləri və alzaymer peyğəmbər - Malik Atilayın yeni şeirləri

Tanrının demək istədikləri və alzaymer peyğəmbər - Malik Atilayın yeni şeirləri
13 mart 2024
# 16:20

Kulis.az Malik Atilayın yeni şeirlərini təqdim edir.

Tanrının demək istədikləri və alzaymer peyğəmbər

Alzaymer peyğəmbərəm,
Tanrının pıçıldadığı sirləri unutdum deyə,
Bir günahkarı belə çəkə bilmədim
Haqq yoluna...
Günahın nə olduğundan danışmadım insanlara
Nə onlar bildi
Nə mənim yadımda qaldı ruhun ən dərində qaynayan çayı
İnsan ruhunun ən dərin, ən çirkablı yerini
Bilmədilər, görmədilər...
Sevməyi və bağışlamağı öyrətdim ayə kimi
Yadıma gəlmir amma
Tanrı da bunları danışmağımı istəyərdi insanlara
”Sevin”, - dedim,
Sizin hər sabah doğan günəşi,
”Bağışlayın”, - dedim,
Çəkmənizə dolan yağışı.
”Sevin”, - dedim,
Özünüzü yandırıb şüşə qaba qoyanları,
”Bağışlayın”, - dedim,
Sizi yandıranları.

Alzaymer peyğəmbərəm,
Tanrının dediklərini unutdum…
Uydurdum "sevmək və bağışlamaq" kitabını
İnanmadı insan,
İnanmadı ki,
Sevmək və bağışlamaq olardı
Tanrının bizə deyəcəyi ilk sözü.

Qərib dustağın gecəsi

Kimsə düşə gecəyarı ağlına,
Oturub keçmişi varaqlayasan,
Nə adı tapıla,
Nə də səsi gələ qulaqlarına,
Yadına düşməyən dosta ağlayasan,
Qucaqlayasan ölən günlərini
Unutduğun adamlarını
Ölən balasını qucan ana misalı
Sarasan səndən gendə,
Bir yerlərdə işıqları közərib sönən günlərini
Bir qaşıq qəm salasan,
Çifir qarası gecənə
Başlaya səfərin
Dumanında yaddaşının
Silinməyə üz tutan böyüdüyün küçənə
Yıxılıb dizini qanatdığın məhəllənin
Sinəsinə bir ovuc mismar kimi vurulan binaları görəsən
Gözlərinlə tapmasan da, əllərinlə daşlara toxuna-toxuna
Tapasan dağılmış evinizin
Hələ də gözyaşından nəmli qalan divarlarını
Uşaqlığını görəsən orda,
Udub-uduzub doymayan
Elə hey top-top oynayan uşaqlığını
Anan çağıra, getməyəsən,
Atan çağıra, getməyəsən,
Və birdən
Bir güllə açıla evinizin içindən
Divardakı şəklinizi gəlib qanlı görəsən
Gəlib görəsən ki,
Şəkildə ananın güllə dəyib üzündən
Gəlib görəsən ki,
Atanın bir gözündən qəzəb
Bir gözündən kədər yağır
Qışqırığına oyana hər kəs
Deyələr
"Allah bilir yenə nə görüb yuxusunda fağır"...


Habildən bəri oxunmayan şeirlər

Gözəl şeirlər yazıldı,
Tanrıdan gələrcəsinə.
Bir kimsə oxumadı sevgilisinə...

Gözəl talelər quruldu,
Usta tamaşa işi kimi
Heç kim yaxşı oynamadı...

Gözəl adamlar yaşadı,
Ən çirkin həyatları,
Nə bir uşağın təbəssümü,
Nə bir pişiyin şıltaq oyunu,
Gözəllik qata bildi həyatlarına...

Gözəl ümidlər qırıldı,
Top dəymiş şüşə misalı.
Və oxunmayan şeirlər qaldı
Habildən bəri.

# 1546 dəfə oxunub

Müəllifin son yazıları

# # #