Suzanna Tamaro: “Məni psix hesab edirdilər” – Müsahibə

Susanna Tamaro, italiyalı yazıçı

Susanna Tamaro, italiyalı yazıçı

15 may 2022
# 10:00

Kulis.az Nilufər Hacılının tərcüməsində yazar və kinorejissor Suzanna Tamaronun müsahibəsini təqdim edir.

- “Ürəyinin apardığı yerə get” romanı ilə milyonlarla insanın qəlbini fəth etdiniz və bəlkə də onları yenidən öz həyatlarını sorğu-sual etməyə vadar etdiniz. Birinci növbədə soruşmaq istədiyim budur: Ürəyinizin apardığı yerə gedə bildiniz?

- Əlbəttə. Təəssüf ki, uşaqlıqdan həmişə ürəyimin apardığı yerə getmişəm, amma bu, həyatımı daha da çətinləşdirib. Ürək bizi çox vaxt qeyri-adi seçimlər etməyə sövq edir.

- 10 il fasilədən sonra yeni roman yazdınız. Təsirli sevgi hekayəsidir. "Böyük bir eşq hekayəsi" fikri necə yarandı?

- Uzun illərdir bu hekayə üzərində işləyirdim. “Ürəyinin apardığı yerə get” kitabımda əsas qəhrəmanım qadınla həkim arasında böyük sevgi yaşanmışdı. Düşünürəm ki, böyük auditoriyaya müraciət edən ədəbi əsərlərin mərkəzində əsl sevgi hekayəsi dayanır. “Anna Karenina”, “Martin İden”, “Hərb və Sülh”, “Uğultulu təpələr”... İllər keçdikcə dərin sevginin, yəni zamanın sınağına tab gətirən sevginin çox gülünc, bəzən isə qeyri-mümkün kimi təsvir edildiyini gördüm.

- Bu vəziyyətdə sevgi sizin üçün nə ifadə edir?

- Sevgi gələcəyə inanmaqdır və çətinliklərlə, ən dərin emosional reallığımızın zamanla ortaya çıxacağına olan inancımızla mübarizə aparmaqdır. Bunun üçün də inam, hörmət, dinləmə və səbr lazımdır.

- Nə istəmədiyimizi bilmək bir gücdür. Bəs, istəmədiklərimizi qorxularımız və təcrübələrimiz müəyyən edir?

- Bəli, mənfi təcrübələrdən dərs çıxarmaq kifayətdir. Təəssüf ki, biz emosional həyatımızda qurban/cəllad kimi davranış nümunələrini tez-tez təkrarlaya bilirik. İnsan istəsə, belə münasibətlərdən daimi olaraq xilas ola bilər.

- Xoşbəxtlik və etibarlı liman axtaran Edit və missiyası xoşbəxt etmək olan Andrea. Bir-birinə tamamilə əks olan, öz şəxsi sərhədlərini daima qoruyan iki insan. Onları bir-birinə yaxınlaşdıran keçmiş yaralarıdır?

- Bəli, şübhəsiz. Qarşımızdakı insanı dəyişdirməyə çalışmadığımız müddətdə fərqlilik münasibəti canlı saxlayar. Bu vəziyyət eyni zamanda bir ağrının ağırlığını birlikdə daşımağı mümkün edir.

- Həyat bizi qəhrəmanlar və qurbanlar olaraq iki yerə ayırır. Halbuki, hər kəs öz həyatının qəhrəmanı ola bilər. Ya da qurbanı. Bu taledir, yoxsa seçim?

- Məncə, həyat bu iki reallıq arasında mürəkkəb bir şəbəkədir: Taleyin qarşımıza çıxardığı vəziyyətlər və onlara verdiyimiz reaksiyalarımız. İnsanın qurban olma hissinə qapılması passivliyin bir formasıdır və bu, qurbana çevrilməyi daha da asanlaşdırır.

- Bütün kitablarınızda daxili hesablaşmaların yer aldığı məktublarda baş rollarda fatalizm və ruh mövzularıdır. Bəs, sizin həyatınızda tale nə qədər həlledicidir?

- Tale həmişə insanları qorxudub. Bəlkə də, buna görə insanlar bu mövzudan narahat olmamağa üstünlük verirlər. Bir vaxtlar bəşəriyyət taleyin fərqindəydi, amma indi texnologiyanın verdiyi hər şeyə qadirlik hissi ilə düşünməkdə çətinlik çəkirik. Təsəvvür edin, dəhşətli qəza baş verir, biri ölür, digəri yaralı qalır. Bu, taleyin qaranlıq tərəfidir. Ola bilsin ki, taleyin bizə nə dediyini öyrənmək, məğlubiyyətə uğramadan, həyatın özüylə üzləşməyimizi təmin edəcək böyük müdriklik verir.

- "Hər mələk qorxuncdur" adlı kitabınızda ailənizdən bəhs edirsiniz. Çətin uşaqlıq keçirmisiniz. Valideynlərinizlə münasibətləriniz necə idi? Necə uşaqlıq keçirmisiniz?

- Kitabdan da göründüyü kimi, mənim uşaqlığım çox çətin keçib. Valideynlərim müharibədən sağ çıxmış, lakin həyatlarını sarsıdan ağrıdan xilas ola bilməyən, şəxsi problemlərlə yüklü iki gənc idi. Uşaq olanda çox pis təsir edirdi, amma indi onlara baxanda həssaslıqları qarşısında mərhəmət duyuram. İkisi də müasir dövrümüz üçün gənc sayıla biləcək şəkildə, yetmiş yaşlarında vəfat etdi. İki qardaşım və üç qardaşım oğlu var.

- Məncə, romanın ən böyük uğuru sətirlərdəki ehtirasla yanaşı, hər şeyin sonunda gizli olmasıdır. Hər səhifədə maraqlı və gizli nəsə var. Kitab boyu, demək olar ki, Venesiyadan Livornoya, Uzaq Şərqdən Şimali Avropaya keçmişlə gələcək arasında hərəkət edirik. Bunun bir sirri var?

- Düz deyirsiniz, bu kitabın quruluşu son dərəcə mürəkkəb idi. (Gülür). Hadisələrin zamanını ardıcıl etməyib müxtəlif vaxtlara yaydım. Nəhayətində, ədəbiyyat xatirələr vasitəsilə taleyin qazıntısıdır və bu, mənim kitabımda çox aydın görünür.

- Andrea və Editi birləşdirən əsas şey onların tənhalığıdır. Özlərinə aid şəxsi sərhədləri olan, öz işıqlarında yanan iki sevgili. Bu vəziyyətdə ““Biz”in içində mən ola bilmək” mümkündür?

- Düşünürəm ki, həqiqi münasibətlər yaratmaq üçün yeganə düstur budur. Digərinin içində yox olmadan, fərqlilikləri ilə zənginləşmək.

- Asperger sindromu ilə bağlı "mənim gözəgörünməz əlil arabam, içində məhbus həyatı yaşadığım evim" deyirsiniz. İçərisindəki heç də stabil olmayan bir insanla yaşamalı olan son dərəcə stabil adam Suzanna. Asperger olduğunuzu necə aşkar etdiniz? Bu illər ərzində bu əsarətin səbəbini bilmədən yaşamaq, insanların qərəzli münasibətinə məruz qalmaq necə hiss idi?

- Uşaqlığımdan bəri adaptasiya və sinir sistemimlə bağlı ciddi problemlərlə mübarizə aparmışam. Gəncliyimdə autizm sindromları indiki kimi tanınmırdı. Ətrafımdakılar məni psixi problemləri olan çox qorxaq bir gənc qız hesab edirdilər. Məktəbə gedib normal həyat sürmək çox çətin idi. Böyüdükcə bu vəziyyətin mənim problemim olmadığını, içimdə mübarizə aparmalı olduğum bir varlıq olduğunu düşünməyə başladım; sanki Doktor Cekl və Cənab Hayd (Dr. Jekyll ve Mr. Hyde`ın qəribə hekayəsi - Robert Luis Stevensonun ilk dəfə 1886-cı ildə nəşr edilmiş qotik romanı - tərc.) mən idim. Əslində, mən son dərəcə stabil adam olanda məhrəmimdə böyük düşmənlə birlikdə yaşayırdım. İllər boyu nevroloq və psixiatrlarla məsləhətləşdim, amma heç kim mənə cavab verə bilmədi. Nəhayət, simptomlar haqqında olan bir məqalə oxuyarkən bunu başa düşdüm və bir psixiatr da təsdiqlədi. Bu vəziyyət həyatımın ən böyük qurtuluşuydu və artıq Cənab Haydı necə idarə edəcəyimi bilirəm.

- Şəhər xaosundan uzaqda təbiətlə baş-başa bir həyatınız var. Necə oldu ki, kənd həyatına köçməyə qərar verdiniz? Yaşadığınız yer haqqında bizə bir az məlumat verə bilərsiniz?

- 1989-cu ildə ağır astma diaqnozu və şəhər həyatının qorxunc mühitinə görə bağ evinə köçdüm. İndi astma xəstəliyimə təşəkkür edirəm, əgər astma olmasaydım, bəlkə də kitablarımı heç vaxt yaza bilməzdim. (Gülür). Meşənin kənarında, təpənin üstündəki balaca evdə yaşayıram. Qədim orta əsr şəhəri olan Orvietadan bir neçə kilometr aralıda yaşayıram və bura bir vaxtlar qədim Etrusk sivilizasiyasının ölkəsi olub. Bostanım, meyvə bağım, zeytunluğum, toyuqlarım, arılarım, itlərim, pişiklərim, bir eşşəyim və bir atım var.

- Bəli, mənə də arıçılıq hissəsi maraqlıdır. Arıçılıqla aktiv məşğul olduğunuzu oxudum. Bu detallara romanınızda da rast gəlirik. Dünyanın bütün ölkələrində arıların ölümünə səbəb olan pestisidlərdən istifadə çox yüksəkdir. Bu barədə nə düşünürsünüz?

- Bu, böyük faciədir. Suya, havaya, torpağa zəhər atılanda sonsuz ölüm zənciri başlayır. Bəli, həşərat ölür, amma onları yeyən heyvanlar da ölür. Həyat dövrü mürəkkəbdir və biz insanlar məhdud, təkəbbürlü dünyagörüşümüzlə təbiətə bərpası mümkünsüz zərərlər veririk. Fərqli kənd təsərrüfatı uğrunda mübarizə, torpağın azad edilməsi üçün ən böyük mübarizələrdən biridir.

- Eyni zamanda, siz heyvanların yardım çağırışlarına cavab verən heyvan dostusunuz. Həyat enerjinizin və sakitliyinizin bir səbəbi də bu dostlarınızın sevgisi ola bilər?

- Məndə Asperger sindromu olduğu üçün həmişə heyvanlarla yaxın münasibətə ehtiyacım olub. Çünki heyvanlarda səhv anlama deyə bir problem yoxdur. Yazar karyeramdan əvvəl heyvanlar haqqında sənədli filmlər çəkirdim. Ölümdən xilas etdiyim çoxlu heyvanlarım var. Minnətdarlıq hisslərini necə əks etdirəcəklərini o qədər yaxşı bilirlər ki. Bu xüsusiyyət insanlarda çox rast gəlinmir. Mən sakitliyimi bu səssiz və sevgi dolu heyvanlara borcluyam.

- İtalyan mətbəxi hamının zövqünü oxşayır. Ən çox sevdiyiniz italyan yeməyi hansıdır?

- Makaron və məncə, pomidor souslu spagetti ən sevdiyim ləzzətlərdir. Buğdanın keyfiyyəti yaxşıdırsa və pomidorlar turş deyilsə, bu, dünyanın ən sadə və mükəmməl yeməklərindən biridir, təbii ki, üzərinə bir çimdik parmezan ("parmigiano") pendiri səpmək şərti ilə! (Gülür).

- Böyük və uzun masalar sizin üçün nə ifadə edir? Dostlarla süfrəniz mənə maraqlı gəlir. Necə olduğunu bizimlə paylaşa bilərsiniz?

- Dostlarımın çoxu çöldə yaşayır və bizə ocaqda bişirdikləri yeməkləri gətirirlər. Hər cür pizza və yaşadığım ərazidə yayğın olan qoyun pendiri yeyirik. Adətən, deserti mən hazırlayıram. Avstriya ənənəsindən gələn ailəm sayəsində nənəmin desertlərini yaxşı hazırlaya bilirəm.

“Ədəbiyyat” qəzeti

# 2365 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #