Stalinin üç milyon dollarlıq bank soyğunu- ARAŞDIRMA

Stalinin üç milyon dollarlıq bank soyğunu-<span style="color:red;"> ARAŞDIRMA
28 sentyabr 2016
# 09:00

Bolşeviklərin hərbi qrupu 26 iyun 1907-ci ildə Tiflisdə bank qarət edib. Faytonda aparılan pulları ələ keçirənlərin başında Stalinin durduğu qeyd olunur. Əsrin qarəti kimi tarixə yazılan “Tiflis müsadirə”si necə baş verib? Stalinin əli ilə edilən bu qarətin niyyəti nə olub?

Mif, yoxsa reallıq?

Hər bir tarixi şəxsiyyətin, siyasi liderin mifi olur. Stalinin də ətrafında indinin özündə belə əfsanələr dolaşır. Ancaq bəzi miflər dildə yox, sənəddə öz əksini tapıb.

Stalinin ətrafında dolaşan miflərdən biri və bəlkə də ən birincisi onun bank oğurluğunda adının hallanmasıdır. Gənc, alovlu Stalin, gələcəyin lideri əsrin ən böyük qarətində günahlandırılır.

Bu əsrarəngiz mifin gerçək olması ilə bağlı bir çox versiyalar var. Bəziləri radikalcasına bu olayı təsdiq edir. Çoxları belə düşünür: Stalin bir neçə dəfə həbs olunmuş cinayətkardır. Sonralar bu cinayətkar inqilabi hərəkata qoşulacaqdı... Versiyalardan biri də budur: Stalin partiyanın kassasına nəzarət edir.

Ancaq bütün versiyalar bir yana, qarət olayı faktdır: 1907-ci ildə “Tiflis müsadir”əsi baş verib. Və bu soyğunu şəxsən yoldaş Stalin təşkil edib.

İnqilab üçün qarət

1907-ci ildən kommunistlər zəifləməyə başladı. İnqilabi partiya aktiv hərəkətə keçmişdi: inqilabı reallaşdırmaq üçün yüksək vəsait lazım idi.

Vəsaiti əldə etmək üçün ya dövlət müəssisələrini, bankları qarət etməli, ya da varlı adamları soymalı... İnqilabçılar fikri bu idi.

Təbii ki, inqilabçıların məqsədi özlərinin varlanmağı deyildi. Onlar partiyanın ayaqda durması üçün bunu etməli idilər.

İnqilabın əsasını bu qarətləri reallaşdıran sosial inqilabçılar təşkil edirdi. Onların rekordu 1906-cı ildə Moskvada etdikləri qarətdir. Həmin qarətdə 875 min rubl əldə edilib. Bu o vaxt üçün çox böyük məbləğ hesab olunurdu.

İnqilabçıların digər nümayəndələrinin “qarətçi”lərə münasibəti birmənalı deyildi. Sosial inqilabçılar və anarxistlər bu hərəkəti vacib hesab edəcəkdilərsə Rusiya Demokratik Fəhlə Partiyasında (RDİP) qaynar mübahisələr başlayacaqdı...

Stalinin dəstəyi

Rus sosial demokratları həmin vaxtlar iki yerə bölünmüşdü: bolşeviklər və menşeviklər. Onlar yalnızca partiyanı ayaqda saxlamaq istəyirdilər.

Menşeviklər qarətə etiraz edirdilər. Başda Lenin olmaqla bolşeviklər bu məsələyə başqa cür baxırdılar.

Lenin “Partizan müharibəsi” məqaləsində inqilabın həyata keçməsi üçün bu məsələnin vacib olduğunu qeyd edirdi.

Bununla belə, 1907-ci ilin mayında Londonda keçirilən RDİP-in V qurultayında qarət qadağan olundu. Bu qərara tərəf olan menşeviklər idi, bolşeviklər isə verilən qərara səs vermədilər.

Menşeviklərlə bolşeviklərin mübahisələri uzun çəkdi. Nəticədə Mərkəzi Komitə bu qadağanı aradan götürdü.

Qurultayın nümayəndəsi gənc gürcü sosialist İosif Cuqaşvili idi. İosif də bolşeviklərin tərəfindən çıxış edirdi. Daha sonra Stalin çap etdirdiyi məqalədə qərara yalnız az sayda menşeviklərin dəstək verdiyini yazdı.

Əsrin qarəti

Bu vaxt bolşeviklərin güclü heyəti Tiflisdə hərəkətə keçdi. Başçı Stalinin ən yaxın silahdaşı, partiyada Kamo ləqəbi ilə məşhur olan Simon Ter-Petrosyan idi.

1907-ci il hərbi qrupun başçısı Kamo bolşevik başçıları ilə təmasda idi. Eyni zamanda Kamo partiyanın xəzinədarı Leonid Krasinlə əlaqə saxlayırdı. Partiyaya lazım olanları öyrənən Kamo əsrin qarəti üçün də icazəni almışdı.

Qarət çox uzun və çətin başa gəldi. Çünki hazırlıq işləri polisə məlum idi.

1907-ci ildə Tiflis Dövlət Bankının kassiri və hesabdarı iki gözətçi və beş kazakla iki faytonda 250 min rublu götürüb (müasir kursla 3 milyon dollardan artıq) banka doğru yola çıxırlar.

Kamonun komandası şəhərin mərkəzində pul dolu faytona hücum edir. Erivansk meydanında (indiki Azadlıq – red.) - dövlət müəssisələrinin, hərbi qərargahın olduğu yerdə... Bu yer pul aparan marşrut üçün ən təhlükəsiz yer hesab olunurdu.

Bolşeviklər faytona əl bombaları atdılar. Şəhərin mərkəzində atışma başladı. Basqınçılar pulları götürərək aradan çıxdılar.

Hücum vaxtı beş nəfər ölüb – iki şəhərli və üç kazak. 20-yə yaxın yaralı vardı. Bunlardan, 16-sı təsadüfən hadisə yerindən keçənlər idi.

Bir müddət bu hücumun kim tərəfindən reallaşdığı bilinməyib. İlk növbədə sosial inqilabçılar və anarxistlər hədəf göstərilib. Daha sonra hadisənin bolşeviklər tərəfindən törədildiyi ortaya çıxıb.

Əldə var sıfır

Əldə olunan pullar bolşeviklərin sərəncamına keçib. Ancaq elə bu vaxt ciddi bir problem yaranıb. Pulların nömrələri əlbəttə ki, hökumətin əlində vardı. Hökumət bu nömrələri rus və Avropa banklarına transfer edib. Pulları dəyişdirmək, ya da xərcləmək müşkül işə çevrilib.

Oğurlanan pulların dəyişdirilmə cəhdində bir neçə bolşevik içəriyə atılıb. Həbs olunanlar arasında SSRİ-nin gələcək Xarici İşlər naziri Maksim Litvinov da vardı.

Partiya pulları leqallaşdıra bilmədiyindən onları məhv etmək qərarına gəlir. Ancaq burda bir qəribəlik də var: 100 min rubl çar dövrünün əsginasıdır.

Pulları məhv etmək işini bolşevik Yakob Jitomirskə tapşırıblar. Yakopsa çar qoruyucusunun agenti idi. Elə Yakobun əli ilə də həm pullar hökumətin əlinə keçib, həm də qarəti reallaşdıran bolşevik qrupu Almaniyada həbs olunub. Ancaq qrupun başçısı Kamo qaçmağı bacarıb.

Əfsanəvi Kamo

Stalin Ter-Petrosyanla (Kamo) dostcasına münasibət saxlayıb, hətta gələcək lider onu inqilabı hərəkata qoşub. Kamo 1907-ci ildə şəxsən Leninlə görüşüb, Krasinlə əlaqəsi olub. Tiflis qarətindən sonra Kamo Almaniyada həbs olunur, ondan sonra ruhi xəstəxanaya yerləşdirilir. O, dəli-filan deyildi, sadəcə məsuliyyətdən xilas olmaq üçün özünü dəliliyə vurmuşdu. Aradan bir az vaxt keçir və Kamo xəstəxanadan qaçır. Batuma gedib oradan xaricə keçir.

1912-ci ildə Rusiyaya qayıdanda Kadjor şosesindəki poçtun pullarını oğurlamağa cəhd edir, ancaq qarət baş tutmur, Kamo yaralanır və tutulur. Kamoya işlədiyi cinayətlərə görə edam cəzası verilir.

Ancaq məhkəmənin prokuroru ona simpatiya göstərir və qərarın dəyişilməyi üçün danışıqlar aparır. Nəticədə, Kamo Ramonovlar sülaləsinin ümumi əfvinə düşür. Edam cəzasından qurtulan Kamoya 20 illik katorqa cəzası verilir.

Azadlıqdan sonra Kamo yenə həbs olunacaqdı. Lenin bu adam haqqında belə deyirdi: “Müstəsna cəsarətli, sədaqətli, qoçaq bir insan!”

Ölümü də qəribə olur Kamonun. Velosipedlə Tiflisdə gəzərkən qəfil avtomobillə toqquşur.

Kimdir müqəssir?

Bəs burda İosif Stalin niyə hədəf göstərilir? 1908-ci ildə bolşevik Cuqaşvili həbs olunanda ittihamlar arasında “Tiflis müsadirəsi” olmayıb. Ümumiyyətlə, çar polisi hadisənin təşkilatçılarından bircə Kamonu həbs edib.

1920-ci ildə isə RDİP-in fəxri üzvü Tatyana Vulix memuarlarında soyğunun təşkilatçısı kimi Stalini günahlandırırdı: “Bu əməliyyatın ən böyük idarəçisi Stalin idi. Özü iştirak etməsə də, onun bilgisi olmadan heç bir şey edilmədi”.

Sonralar dünyanın ən məşhur siyasi liderinə çevrilən Stalinin bioqrafiyasında Tiflis soyğunu bəlkə də ən maraqlı məqamdır.

# 4029 dəfə oxunub

Müəllifin son yazıları

# # #