Soyuq Sibirdəki ağ qadını bilirəm - Əkbər Qoşalının şeirləri

Əkbər Qoşalı, şair

Əkbər Qoşalı, şair

3 aprel 2024
# 17:00

Bu gün şair Əkbər Qoşalının doğum günüdür.

Kulis.az bu münasibətlə müəllifi təbrik edir və onun şeirlərini təqdim edir.

***

Bəlkə də bir gələn var,
Gözlərim yol çəkir, yol;
Ölü dillər kimiyəm,
Sözlərim yol çəkir, yol...

Göy ulu, yer yağızdı,
Hər dua bir ağızdı;
Bu - qələm, bu - kağızdı,
Özləri qol çəkir, qol...

Uzaq yolum təngiyir,
Uzun qolum ləngiyir;
Sağ gözümdü səyriyir,
Ürəyim sol çəkir, sol...


***

Sevinə bilirəm, Tanrım,
Kədərlənə bilirəm;
Sevə bilirəm, ya Tanrı;
Sevilirəm bəlkə də...

Utana bilirəm hələ,
Hələ bağışlayıram.
Ən adi yaxşılıqları
Ömrə naxışlayıram.

Xatirəm var - oyanır,
Sabahlar var - gözlərik;
Gözdü - görür, aldanır,
Dözmək də var, neyləyək...

Küsdüyüm var, çox şükür,
Umanım vardı, Tanrı.
Mənə olan umudu
İtirmə, amandı, Tanrım...


***
Sarayım Firata baxıb, baxmayıb?.. -
Xatırlaya bilmirəm,
Gilqamışın gil tarixi sirr vermir...
"Bu vücudun iki payı Tanrıdır,
bircə pay İnsandı" -
deməliyəm,
demirəm;
"Tanrı mənə şah damardan yaxındır" -
bu olsun ən doğrusu...

Ah, nə bilim, bəlkə də
Ötükəndə əriməmiş dəmirəm -
Dinmirəm döyüldükcə...

Dəvəyə ərəbəm, atlara türkəm,
Ərəb xurmasının

türk tutunun
dadını bilirəm, dadını;
Bu sözləri yazanın
türk ruhunu bilirəm
və də, ərəb adını...
Bir də,
soyuq Sibirdəki ağ qadını bilirəm -
Atın qara ciyərini çiy-çiy yeyən,
amma hər bir kəlməsini
bişirib-bişirib deyən,
dəvəyunu paltar geyən,
daşıdığı türk ruhunu,
alışdığı rus adını
bilən istiqanlını...

Qızmar yaylar uzunu
qaynar çay içən
bu mən,
gah anlamaz, gah anlaram
qış ortası dondurmadan ləzzət alan,
o gözəlim Sibirin
o uzunsaç qızını...
O gözəl
Yeniseyə
boylanan saraydan ola, olmaya..?

Deyirəm, nə yaxşı ki,
Yeniseylə Firatın
arasında Xəzər var,
Xəzər qıyısındakı
bir koma yetər mənə -
ha qış olsun, ha yaylar...
ya dünən ya sabahlar...
Necə olsa,
Firatdan Yeniseyə,
Yeniseydən Fırata
gedənlər
burdan keçər...
Yoxsa,
gözüm bu tarixdən su içməz...


***
Əlini ver əlimə,
Əlim quru yerdədi.
Gözümə bax, gözümə,
Daşıb, suyu yerdədi.

Bu - əl, bu - göz, daha nə?
Qalan hər şey bəhanə...
Günəş özü göylərdə,
Nuru, nuru yerdədi.

Eşqdi - göyə qaldırır,
Qanada inandırır...
Sevgisizlər inanmır, -
Odu, budu... yerdədi...

Əlin qalsın əlimdə -
Şad olduğu yerdədi.
Gözün qalsın gözümdə,
Gözüm duru yerdədi...


***
Gəlmək var, getmək var, gəlməmək - nədi?
Cənnət, cəhənnəm var, dözməmək - nədi?
Sən heç bilirsənmi gözləmək nədi?
İki söz bilirsən: gözlə, gələcəm...


***
Aman, öz yağında bişən, əfəndim,
Dayan, göz yaşında üzən, əfəndim,
Yeddi qat göylərdən düşüb, elə bil,
Özü öz gözündən düşən, əfəndim...


***
Gülüm, yaman dolmusan,
ağla, gözümə, ağla.
Bir işə yaramayan
fağır dözümə, ağla...
...Qəlbimdə izin olsun,
Günahlar bizim olsun;
Əlim və dizin olsun,
məni özünə bağla...

Deynən, qadam bilmişdim,
deynən, adam bilmişdim,
yanınaca gəlmişdim,
Məni xətaya salma,
bir də üzünə baxmam...

Çox söylə, az eşidim,
qışını yaz eşidim,
Nə desən naz eşidim,
baxma, üzümə baxma...

Necə, necə dolmusan,
ağla, gözümə ağla.
Dözüm dözmədi deynən,
fağır dözümə ağla...


Su pərisi

Su pərisi, su pərisi,
niyə çıxdın göy dənizdən?
Sahilləri döyən dalğa
ayrılıb sən aybənizdən
sənsiz döndü ana suya,
səssiz öldü...

Daha
dönüb,
quru yurdun
dəli qızı olmuşdun,
bizim qara torpaqların
pəri qızı olmuşdun...

Görürdüm ki,
Harda olsa,
pəri yenə pəridi...
Sonra, sonra...
"sonra, sonra" deyə-deyə,
bir də baxdım,
qaynamışıq-qarışmışıq...

Bilməm, niyə Yer üzündə
Sular atəşlə rəqs edər?
Yoxsa, pərilər suda da
atəşdənmi köynək geyər?..
Keşkə də, heç qarışmasaq,
Keşkə... alışmasaydıq...
Əlim çatdı, ünüm yetdi,
bir də baxdım,
bir də gördüm,
sənin torpaq pəriliyin suya dönüb...

Su pərisi,
mən yenə torpaq oğluyam,
sən də yenə,
sən də yenə su pərisi olsan, keşkə...
Öncə sulardan silkindin,
sonra çırpındın torpaqdan,
bircə,
qanad çıxarmağın qalıb daha,
Harayadır yolun, hara? -
Sən sudan, torpaqdan əvvəl,
Özündən qaçırsan bəlkə?
"Torpaq oğlu,
daha pəri demə mənə"
söyləyirsən;
Deyirsən ki,
"Yalnız adım Pəri qalıb,
yalnız adım...
Bircə, çıxsaydı qanadım,
Ruhlanardım"!..
Sən sudan, torpaqdan deyil,
Özündən qaçırsan Pəri;
Amma hər gəlişində də,
amma hər qaçışında da
Can verirsən, can alırsan -
Bu, "can alıb, can verməyin"
adını sevgi qoyursan...
Nə sehirsən,
nə ovsunsan?

Baxma, sənə şeir yazar,
Özü üçün qələm çalmaz
bu adam;
Sən tərk edən göy dənizə
qarmaq atmaz bu adam...
Sahilə çıxdığın yerdə
bardaş qurar, oturar...

Yeni dalğa gəlir gəlsin,
yeni pəri gəlməsin,
Nə pərilik,
nə pərilər heç vaxt adiləşməsin...


Aldanıb açılır qar çiçəkləri

"Düşmənlər ayağa, dost başa baxar" -
belə bir söz qonub el yaddaşına.
Utandım, üzünə baxa bilmədim,
gözlərim yol çəkdi ayaqlarına... -

Utandım deyirəm - bu, ilk görüşdü,
Düşmən də deyiləm, özün bilirsən.
Bir atalar sözü qüvvədən düşdü
bizim aramızda, - düzünü gəzsən.

Ağmı görməmişik, ya yaraşıqmı..? -
yox, sənin ayağın başqadı, başqa...
bir bax, öz ürəyin sinəndə vurur,
ayrı bir ürək də ayaqlarında...

Sən yerə basırsan, ayaqdı, deyib,
məncə, bu ayaqlar uçmaq üçündü...
Belə ayaqların eşqinə qalxıb,
aldanıb açılır qar çiçəkləri...


***
Atlar ayaqlandı Altay tərəfdən,
Atlar qanadlandı Günbatan səmtə;
Soyuqdan əsəndə yüyən tutan əl,
Buğ qalxanda atların, adamların
ağzından,
və sırsıra tutanda kirpikləri-qaşları,
at özü qoparıb şah damarını
içirtdi qanını süvarilərə...
fışqıran o qaynar qanıydı elə -
işlədi iliyə, qarışdı qana,
azarlar-bezarlar qaçdı ordudan.
İgidlər atdan düşüb atlandı yenə;
yeni atlar ilə tərpəndi elat.
Sonradan uşaqlar atağız oldu,
bulaqlar Atbulaq,
yollar atyolu,
aşırımlar dəyişib Atyalı oldu...
Yorğun atlar yetişəndə mənzilə,
Günbatan torpağı çiçəkləyirdi.
Atımızın təriylə sulanırdı biçənək...
O ağır, o ləngər, ahəngli yeriş
bərəkət qatırdı torpağa lay-lay...
Günbatanda batdılar
o igidlər, o atlar,
Gün kimi doğsaydılar!..

# 2293 dəfə oxunub

Müəllifin son yazıları

# # #