Sizin Yeni Tanrınız – Yeni hekayə

Xalid Xancanlı, gənc yazar

Xalid Xancanlı, gənc yazar

31 may 2022
# 09:00

Kulis.az "Hekayə günü" layihəsindən Xalid Xancanlının “Sizin Yeni Tanrınız” adlı ilk hekayəsini təqdim edir.

““Sizin yeni Tanrınız” artıq 5 aydır ki, fəaliyyətdədir. Artıq ölümdən sonrakı mərhələni dərd etməyəcəksiniz. Çünki o sizi hər şeylə təmin edəcək. Sizin borcunuz sadəcə ona dua etməkdir. Əvəzində isə cəhənnəm əzabını düşünmədən bu həyatı rahatlıqla başa vura bilərsiniz. Əgər xəstəsinizsə və çarəsi tapılmırsa, bu həyatda yaşamaqdan bezmisinizsə, intihar etmək kimi axmaq bir fikrə qapılmısınızsa, bir sözlə öləcəyinizi hiss edirsinizsə bizə elə indi zəng edin ki, gec olmadan sizə kömək olaq”.

- İkisi.

- Neçəsi?

- İkisi.

- Radionun səsini azalt. Eşitmirəm dediyini. Gecəni yaxşı yatmamışam, radionun səsi də bir yandan... Neçəsi telefona cavab vermədi?

- İkisi - o əlindəki sənədləri maşının arxa oturacağına atdı. Ümidsizcə onları süzdü və təəssüf etməyinə sübut olaraq - eh- dedi.

- Niyə ehliyirsən? Onlar bizə yenə də müraciət edə bilərlər. Əsas odur, ölməmişkən bunu bacarsınlar. Əks halda onlarçün ehləməyə dəyər.

Yay fəsli idi. Səhər lap tezdən evdən çıxmışdılar ki, həm istiyə düşməyib, həm də hansısa kafedə yemək yesinlər. İndi tıxaca ilişmişdilər, maşının kondisoneri də xarab olmuşdu. Bunu fürsət bilən tər damcıları onların alnına çıxıb özlərini aşağı atır, ard-arda intihar edirdilər. İşlərinin belə çətinlikləri vardı. Aradabir gözləmədikləri anda təbiətin sınağına çəkilirdilər.

- O biri müştərilərə zəng elə - başını qaşıyaraq dedi - bəlkə hansısa cavab verdi.

- Aha, zəng çalır. Görək sənin aqibətin necə olur...bir adına baxım... Səidə İmanova. Lap vaxtında müraciət edib.

- Neçə yaxşı var?

- 63. Sən niyə yerində oynuyursan?

- Gözümə gün düşür. Kənara çəkiləndə də əks sədası əl çəkmir - arxadan bir sənəd götürüb gözünün üstünə qoydu.

- Alo, salam. Səidə xanımla danışıram?

- Bəli, bəli. Siz kimsiniz?

- Sizi SYT şirkətindən narahat edirəm. Adım Cəmildi. Bizim şirkətə etdiyiniz müraciətlə bağlı zəng etmişdim.

- Axır ki - qadın gülərək dedi - Mən elə bildim yadınızdan çıxmışam.

- Heç elə şey olar. Mən 15 dəqiqəyə sizin küçəyə çatacam. İndi tıxaca ilişmişik yoxsa daha tez gələrdim. Bizi yolda kimsə qarşılaya bilər? Çünki evinizi tanımıram.

- Əlbəttə, siz küçəyə çatanda mənə zəng edin. Oğlum sizi qarşılayacaq.

Səidə İmanova. 63 yaşındadır. Xərçəng xəstəliyindən müalicə alır. Şirkətə müraciət etməyinə səbəb artıq sağalacağına ümidinin qalmamasıdır. Çox ağrı çəkmədən amma drammatik ab-havada ölmək, son nəfəsini verərkən oğlunun yanında olub ona vəsiyyətini etmək istəyir. Düşünür ki, bu daha yadda qalan olar. Həm də bu anlarda deyilən sözlər digər anlardakından qüvvətli olur. Və sözün deyildiyi insana güclü təsir edir. Həmin adam isə özündə məsuliyyət hiss edərək deyilənə əməl edir. Vəsiyyət belədir: Oğlu alkoqollu içkini tərgidəcək və evlənəcək. Oğlu anası xəstə olduğu üçün indiyə qədər evlənməmişdi. Onun 38 yaşı var.

Onlar darısqal bir məhəlləyə gəlib çıxdılar. Evlər bir-birinə elə yaxın idi ki, sanki qucaqlaşmaqçün bünövrələrindən qopmağa can atırdılar. 2 mərtəbədən ibarət bu bina evləri tetris oyununu xatırladırdı. Bir-birinə uyğun gəlməyən fiqurlar və sonradan, səliqəsiz artırılmış bir neçə otaq. Səidə xanıma zəng etməmişdən qabaq vampir kimi günəşdən qaçıb sərinləməkçün kölgəlik axtardılar. Budur, 7/24 fasiləsiz fəailiyyət göstərən söyüd ağacı. Maşını ağacın budaqları altına sərdilər. Sən olmasan biz neyləyərdik. Bu an hiyləgərcəsinə axan tər bədənləri boyunca gəzib özünə magistral yol açmışdı. Qadına zəng etdi. Zəng cavabsız qaldığından biraz dincəldikdən sonra maşından endilər ki, qonşulardan birinin qapısını döyüb Səidə xanımın ev ünvanını maraqlansınlar. Elə bu vaxt qadın zəng edib üzürxahlığını bildirərək musiqi məktəbinin qarşısında oğlunun onları gözlədiyini dedi. Söyüdlüyə qayıdıb maşınla deyilən ünvana getdilər. Oğlu orada idi. Adı Cəfərdir. Salamlaşıb görüşdükdən sonra Cəfər anası ilə bağlı suallar verməyə başlayıb narazılığını bildirdi. Anasını dəfələrlə fikrindən daşındırmaq istəsə də bir fayda verməmişdi. Onlar Cəfərə vəziyyəti izah etdikdən sonra oğlu anası ilə razılaşmalı olur. Başa düşür ki, anası üçün ən yaxşısı budur və itirəcək nəyisə yoxdur. Amma əvvəlcə:

- Bu mənim heç xoşuma gəlmir. Üzürlü sayın, mən sizə inanmıram. Anam qoca qadındır. Ömrünün sonuna lap az qaldığını deyir. Sizi bir seçim yolu kimi görür. Amma bilmir ki, öldükdən sonra bunların bir mənası qalmır.

- Ananızın itirəcək nəyisə var? Ya da biz xidmətimiz müqabilində ananızdan nəsə istəyirik? Xeyr. Nəsə istəmirik. Bircə şey istənilir. Bunu isə biz yox, O istəyir. Dua. Yalnız ona dua etməyinizi istəyir. Özü də havayı yerə yox, əvəzini sizə artıqlaması ilə qaytararaq. Bu onun əlində heçnədir. Sadəcə dua etdiyiniz Tanrı buna layiq olmalıdır. Bizim şirkətin təmsil etdiyi Tanrı hal-hazırda buna layiq olan tək Tanrıdır. Heç olmasa insanlar biləcək ki, duaları artıq heyif olmur.

- Bəs bunu necə edəcəksiniz? Anama istədiyi şəraiti necə verəcəksiniz?

- Bu işlə şirkətin digər üzvləri məşğul olur. Çünki hər kəs həm bu, həm də o biri dünyaya keçid edə bilmir. Bu biraz vəzifə məsələsidir. Narahat olmayın. Hər şey ananızın ürəyincə olacaq.

Evə çatırlar. Qırmızı darvaza, dörd ədəd dibçək, təzəcə əkilmiş bala söyüd ağacı, ip üzərində əl-ələ verib yallı gedən rəqqas paltarlar. Ev üç kiçik otaqdan ibarətdir. Masanın üzərində şirniyyatlar var, qənd qabı şokoladla doludur, mətbəxdən yarpaq dolmasının ətri gəlir. Heç bir ölüm ölən tərəfindən belə təmtəraq ve sevinclə qarşılanmamışdı. Televizor qoşuludur. Reklamlarda SYT var:

“Bizlər, bütün canlılar yox ola bilmirik. Təəssüf ki, bunun əksi əlimizdə deyil. İkinci həyatı yaşamağa məhkumuq. Bizi gözləyən bir dünya daha var. Birinci həyatımızdan fərqli olaraq növbəti həyatımızı özümüz təyin edə bilərik. İkinci həyatınızı indidən sığorta edin. Bizə müraciət edin.”

Dəftərindən bir səhifə açıb evin dəqiq ünvanını, qadının ad-soyadını, xoşladıqları şeyləri və zövqü barədə nəsə yazdı.

- Səidə xanım, orada necə bir evdə qalmaq istəyərsiniz?- O bir əlində qeyd dəftəri, digərində qələm gözlərini qadına zilləmişdi. Cəmil isə üzərinə cürbəcür buta naxışları olan parça sərilmiş divanda əyləşmiş, müsahibəyə ciddi hazırlaşmışdı.

- Bu ev kimi bir yer istəyərəm. Amma dəniz sahilində olsun.

- Dəniz sahilində. Aha - yazırsan?

- Hə.

- Dənizin sahili çirkli olmasın. Dalğaların səsini dinləməyi həmişə xoşlamışam. Düzü son vaxtlar qismət olmasa belə hərdən su səsi ilə təskinlik tapıram.

- Bundan narahat olmayın. Nəyi necə istəyirsinizsə elə də olacaq. Bəs qonşunuzun olmağını istəyərsiniz?

- Ola bilər. Amma xahiş edirəm, məni səs-küylü məhəlləyə aparmayın. Onsuz da 60 illik ömrümdən səs-küy əksik olmayıb.

- Sakit bir məhəllə. Fuad, qeyd elə. Başqa nə arzulayırsınız?

- Ata, anamla görüşmək istəyərdim.

- Təəssüf... Bu mümkün deyil. Çünki biz yeni fəaliyyətə başlamışıq və sizin valideynləriniz öləndə başqa Tanrının dünyasına gediblər. Ümid edirəm, gələcəkdə elə bir xidmətimiz yaranar ki, sizə onlarla görüşmək nəsib olar. Amma sevindirici bir hal da var. Heç olmasa bilirsiniz ki, əgər oğlunuz da bizə müraciət etsə - o Cəfərə tərəf baxaraq - siz əbədiyən birgə ola bilərsiniz... Başqa arzunuz var?

- Ağlıma nəsə gəlmir. Sonra desəm olar?

- Niyə olmur ki, olar... İndi bəzi şeylər var ki, gərək o barədə oğlunuz olmadan danışaq.

- Yaxşı...

- Otaqda bizdən başqa kimsə qalmamalıdır.

- Cəfər, sən bayırda gözlə - Cəfər anasını tək buraxmaq istəmirdi.

- Anamı öldürməyəcəksiniz ki? – O, bəlkə də, heç vaxt sözü birbaşa elə düşündüyü kimi deməmişdi.

- Xeyr, bu işlə biz məşğul olmuruq. Narahat olmayın.

Cəfərin getməyindən tam əmin olduqdan sonra həm də birdən o eşidər deyə ehtiyatını əldən buraxmayıb pıçıltı ilə soruşdu:

- Nə cür ölmək istəyirsiniz?

- Bunu da seçə bilərəm?- elə sevinclə soruşdu ki, Cəfər bayırdan səsi eşidib içəri girdi.

- Noldu?

- Heç nə. Get bala, narahat olma - pıçı-pıçı yenə başladı - Ağrısız ölə bilərəm?

- Belə deyəcəyinizi bilirdim. Onsuzda hamı bunu istəmir? Sizə dərman verəcəm. Ölmək istədiyiniz gündən bir ay əvvəl bu dərmandan istifadə etməyə başlayın. Özünüzçün bir saat seçin və hər gün həmin saatda dərmanı atın.

- Tutalım ki, dərmanı indi atdım. Bir ay sonra elə bu saatdaca öləcəm?

- Bəli.

- Əla.

- Deyəsən, planlarınız var.

- Var. Gərək bir-iki şey fikirləşəm.

- Onda sizə uğurlar. Mənsə gedim. Dərmanı atdığınız ilk gün mənə zəng edin ki, xəbərim olsun, problem yaranmasın.

- Hara gedirsiniz? Hələ yemək yeyəcəyik.

- Sizə nuş olsun. İşimiz həddən artıqdır. Bugün hələ 4 nəfərlə görüşməliyik.

- Olmadı ki, bu. Heç olmasa çay için, əziyyət çəkib gəlmisiniz.

- Yaxşı. Xətrinizə dəyməyəcəm. Fuad, Cəfəri çağır gəlsin. Bayaqdan bayırdadır. Oğlunuz sizi yaman çox istəyir.

- Mən də onu. Bircə evlənsə idi...

- Siz ölməmişdən qabaq bəlkə evləndi oğlunuz?

- Kaş.

Hərəyə bir stəkan çay içdikdən sonra Səidə xanımın təkidinə baxmayaraq məcburən sağollaşmalı oldular.

- Başqa bir arzunuz olsa çəkinmədən zəng edin.

- Çox sağolun.

- Səidə xanım, yadımdan çıxmadan sizdən bir şey soruşum.

- Buyurun.

- Xəlilov Həmidin evini tanıyarsınız bəlkə. Sizin məhəllədə yaşayır. Bizə müraciət edib. Amma telefonuna zəng çatmır.

- Qapıdan çıxanda sağa dönün, bizdən sonra 3-cü ev onlarınkıdır. Yaşıl darvazası var.

Xəlilov Həmid. 87 yaşı var. Gəldiyimizçün xoşbəxtdir.

# 3978 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #