Seymur Baycan Azərbaycan yazıçısı deyil - Rəqsanə Süleyman yazır...

Seymur Baycan Azərbaycan yazıçısı deyil - Rəqsanə Süleyman yazır...
20 iyun 2023
# 15:00

Kulis.az Rəqsanə Süleymanın "Realizm nə deyil və azərbaycanlıların yazıçısı olmaq" adlı yazısını təqdim edir.

Seymur Baycanın "Mənasız hekayələr" kitabını oxumamışam. Bu yazını Seymur Baycan haqqında silsilənin davamı deyil, istisna bir bağlanış yazısı kimi yazmağı qərara aldım. Buna görə də, sırf həmin kitabı təhlil etməyəcəm. Seymur Baycanın ümumi yaradıcılığından danışmaq üçün kifayət qədər material oxuduğuma görə, hesab edirəm ki, sırf sözügedən kitabdan danışmağa ehtiyac yoxdur. Seymur Baycana bütün rakurslardan baxacağıq. Yazıya təcrübə niyyətilə Seymurvari girişlə başlamaq istəyirəm.

"Təxminən dörd-beş il olar, ixtisasca hüquqsünas, ədəbiyyat oxumağa hamıdan çox həvəsli, boş vaxtlarında musiqi ilə məşğul olan və indi adını belə güclə xatırladığım dostum günlərin birində, hələ çağdaş Azərbaycan ədəbiyyatı ilə yenicə tanış olduğum vaxt bir yazıçının məqaləsini mənə göndərdi. Yazının həqiqi pafos və səmərəsizlikdən xəbər verən, həm marağıma dözməyərək, həm də bizim saytların anti-reklam siyasətinə güvənməyib diksinərək oxuduğum başlığı belə idi: “Borxes yazıçı deyil”.

Çaşdım, seymurvari yazmaq istədiyim məqalənin ilk cümlələrindən mənim seymurcam boşa çıxdı, o, belə uzundərə cümlələri sevmir. Yəqin yeni nəsildən fərqli olaraq, mənim Seymur Baycan olmaq həvəsimin hüdudları buracandır. Və buracan Seymur bəyin üslubuna yetərincə bələd olduğum aydın oldusa, deyim ki, iki cümlədən daha artıq seymurvari getmək olmur, buna səbrim də çatmaz. Çünki çoxdandır ki, T.S. Eliotun “sözlərdən nə çəkinmək lazımdır, nə onların təmtərağından qorxmaq. Əsas sıradan sözləri bayağılığa salmadan işlədin.” - dediyi bir ədəbiyyat dünyasının içindəyik. Keçək Seymur Baycanla ilk tanışlığımın əsası sayılan dostumun mənə göndərdiyi yazıya. Oxuyandan sonra dostuma cavab olaraq bircə cümlə yazdım: Əsl bu xalqa yaraşan yazıçıdır. O da “səhv edirsən, müəllim azərbaycanlıları tənqid edir” - dedi.

Sonradan "Alatoran"la maraqlandım, Rasim Qaraca ilə tanış oldum. O da mənə Seymur Baycanın o vaxtacankı bütün mübarizə cildlərini, bir neçə hekayələr kitabını və romanlarını, müasir yazıçılarımızla tanışlıq üçün çoxlu başqa kitablar da verdi. Elə həmin gün adı daha əvvəl Borxes əhvalatından tanış olan S.Baycanın "mübarizə"lərindən ikisini bitirdim. Amma "ayoçu"ları birinci Seymur Baycanla tanımaq ədəbiyyat həvəsli bir gənc üçün müasir Azərbaycan nəsrinin axır-zamanı idi. O zamandan bəri Seymur Baycanın nə yeni hekayələrini, nə də köhnələrini yenidən açıb oxumuşam. Seymur Baycan haqqında ancaq keçmiş zamanda danışa bilərəm.

“Mənim Mübarizəm” adlı hərəsi 400-500 səhifəlik 5 cild kitabda müəllif; “azərbaycanlılar, debillər, novruzəlilər, merkantillər, infantillər, şeyx nəsrullah törəmələri, hoqqabazlar, əsrlərlə ermənilərdən bir qram da mədəniyyət öyrənə bilmədiz, mənim kimi ziyalının sizin içinizdə doğulması dünyanın ən ağır coğrafi faciəsidir” söhbətləri edərək, özünün eksklüziv kəşfləri varmış kimi danışan, 21-ci əsrdə qadının elmi-bədii təfəkkürünün, yazı qabiliyyətinin olmadığını düşünən, xas qısqanclıqla Azərbaycanda və dünyada fundamental əsərləri ilə yerini bərkitmiş yazıçıları ya məmurluğunu damğalayaraq, ya da realizm mahiyyəti daşımadığına görə parapsixoloq sayan zehniyyət mənim üçün maraqlı olmaqdan çox, qorxunc gəlirdi. Tənqidi-publisistik yazılarında meynstrim olmuş Zamin Hacı idi. "AYO" sıralarındakı nəsildaşları olan digər yazıçılarla müqayisədə Seymur Baycan Azərbaycan yazıçısı yox, azərbaycanlıların yazıçısı idi. Buna görə də ona "azərbaycanlıların yazıçısı" deməkdə haqlıyam. Aydın Talıbzadə demiş, Azərbaycan mentalitetinə uyğun olaraq nəyisə və kimisə bir-birinə bəyəndirmək mümkünsüz olduğu kimi, özünü maarifçi sayan ziyalılarda da bu ənənə var. Seymur Baycan da publisistikada mentalitetüstü ziyalıdır.

Seymur Baycanın ədəbiyyatdakı yeri, məxsusən, şəxsi yeri ədəbi mühitin indiki vəziyyətində məni ən çox qayğılandıran məsələdir. Əvvəla, övliya başbilən Həmid Herisçi, Aydın Talıbzadə, Şərif Ağayar, Nərmin Kamal kimi yazıçıların mütaliə-müzakirə prosesində hələ öz güclü yerlərini almadıqları proses üçün Seymur Baycanın gənc nəslin ədəbiyyat gündəmindən düşməməsi görülməyən insafsızlıq nümunəsidir. Onu yaradıcılığını ciddi hesab etmək, ən birinci, yuxarıdakı sənətkarların olduğu mühit üçün həqarətdir. Acı həqiqət isə Seymurun gənc yoldaşların gözündə Azərbaycan nəsrinin zirvəsi sayılmasıdır. İşin bu yerə gəlib çatmağında günah payı elə ən çox Seymur Baycanın özündədir. Çünki Seymur gənc nəslin yaxşılığını, inkişafını istədiyini hər dəfə süni sözlərlə dilə gətirərək bunu davamlı təsirə çevirdi. Bu təsirlənmələr qorxuya çevrilib desəm, yanılmaram. Sözün düzü, gənclər bir-birinə estafet ötürə-ötürə Seymur Baycan haqqında silsilə təriflər yazmağa başlayanda düşündüm ki, görəsən, Seymur yüksəlişini bu qədər istədiyi, üstündə can yandırıb özünə bənzəyənlərin “poddelkasını”, bənzəməyənlərin yeni balaca versiyalarını yaratdığı gənc yazıçılar üçün nə vaxtsa danışıbmı? Ya da çox sevimli yazıçıları təcrübəli biri kimi onların haqqında həvəsləndirəcək, ədəbi vəziyyəti də canlandıracaq nələr deyib indiyədək? Yadıma Həmid Piriyevin hekayələri haqqında birini müsbət, beşini mənfi tərəfə yozduğu qolu-qıçı sınıq tənqidi yazısı, bir də “həvəsləndirib” özünə bilərək aludə etdiyi Vüqar Vanın romanından yazmağı düşür. Hərçənd Həmid Piriyev gənc seymurçular prosesindən xeyli uzaq adamdır, amma hekayəçilikdə özündən güclü heç kimi tanımayan Seymur Baycan Həmid haqqında yazmışdı. Bunları nəzərimdə tutub deməliyəm ki, Seymur Baycanın onsuz da gücü ancaq yeri bərkimiş əsərləri səriştəsizcə analiz etməyə yetən tənqidçilik bacarığı özündən cavan nəsilə qarşı da səmimi olmadı. İndidən sonra da bu cür davam edəcəyinə və davamçıları olan gənc yazıçıları təsirdə saxlayacağına şübhəm yoxdur.

Seymur Baycandan söz düşmüşkən, onun tənqidçilik qabiliyyətindən hələ bir az danışmaq istəyirəm. Çünki "oxuduğunu yanlış anlamaq, tənqid nədir, nə deyil, nəsrdə yumor hansı səviyyədə uğurludur?" söhbətlərində mən adətən, necə Seymur Baycan olmamağı misal çəkirəm. Birincisi, Seymurun tənqidi düşüncəsi daha çox təhrikedici mahiyyət daşıyır. Seymur oxuduqları haqqında yazanda bu ifadələri tez-tez işlədir və ya sətiraltı bunu vurğulayır: "Mən bu kitabdan yazdım ki, siz mütləq şəkildə bu kitabı oxuyasınız." Yaxud da "filan-filan müəllifləri siyahınızdann birbaşa siliniz. Mən deyən kitabları oxuyursuz oxuyun, əgər onları oxumasaz, sizdən nə xalq çıxacaq, nə ziyalı."

İkinci yanlışı tənqidlərdə uğursuz müqayisələr aparmağıdır. Daha bu boyda uğursuzluğun içində nə qədər qərəz, qısqanclıq, önyarğı olduğunu demirəm. Üçüncü yanlış isə özündən danışanda da belə gülünc müqayisələri təkrarlamasıdır. Ədəbiyyat əhli hər il “Borxes yazıçı deyil, Rüşdi cəfəngiyyatdı, Orxan Pamukun bütün külliyyatı bir hekayəmin altında qalar, gedin mənim filan hekayələrimi, Tolstoy, Çexov, Şoloxov, Lermontovu qabağınıza qoyub oxuyun, Tarkovskiyə balet eləməkdənsə, filankəs gürcü rejissorun sənətkarlığına vurulun, ədəbiyyatı türkcə oxuyub akop martayan dilində danışmayın” deyə-deyə pas atmış Seymur böhranı yaşayır. Bunların hamısı özünü doğruluğa çıxarmış yanaşmalar ola bilər. Amma sizə pis bir xəbərim var, Seymur bəy, bilirsiz ədəbiyyatşünaslıq elmində, xüsusən tənqidşünaslıqda neçə ildir “müqayisəli ədəbiyyat” at oynadır? Və siz elə şeyləri yan-yana qoyursuz ki, bunu sizin dilinizdə izah etmək çətin, hətta qeyri-mümkündür. Necə deyim, yağlı toyuq buduyla soyuq çay vurmağa bənzəyir desəm, anlayarsızmı, görəsən?

Dördüncü punktda "Necə Seymur Baycan kimi tənqid yazmamaq olar" - deyə soruşsanız, deyərəm ki, sosiopatsınızsa, çalışın, qırx yaşınızda beyniniz ziddiyyətlər balonuna çevrilməsin. Çünki mütaliə etdiyi əsərlərin dəyər-dəyməzinə tənqidini yazan Seymur Baycan bir yazısında bizə uzun-uzadı və xam müqayisələrlə o qədər alternativ təkliflər verəndən sonra, bu biri yazısında yazır ki, sözüm sizədir, əziz cavanlar, vaxtında əlinizə nə keçdi, oxuyun, yaxşı-pis qətiyyən fərq etməz, əsas odur, kitab oxuyun. Hələ sonra - demək olar, bütün tənqidlərinin lap axırında da yazır ki, kiminsə fikirlərimi ciddi qəbul edib-etməməsi məni zərrə maraqlandırmır, qısası, oxuyursuz, oxuyun oxumursuz da cəhənnəmə, avam qalın. Elədirsə, bu qədər təhrikedici və təkliflərlə dolu mətn daha nəyə lazım idi? Gülməli yox, əslində, kədərlidir. Seymur Baycanın beyni cəmiyyətin ona olan nifrətinə qarşı elə müdafiəedici sədd qurub ki, hansı ziddiyyətlərin arasından çıxıb hara gəldiyini, nə istədiyini özü də bilmir.

Beşinci isə Seymur Baycanın tənqidlərinin özü yox, tənqidi-analitik qabiliyyəti haqqında yaranan yanlış fikirlərdir. Belə hesab olunur ki, Seymur tənqiddə bir canavardır. Yəni Borxesin “Tənqidçi lazımlı bir canavardırmı?” sualının alternativ cavablarından biri olan canavar. Seymur Baycan özünü tənqidçi saymaya bilər, amma onu tanıyanların çoxu, bəlkə də, elə bilir ki, o böyük siyasi-ironik və ədəbi tənqidçidir. Canavar tənqidçilikdə Seymurun bir örnək olduğunu düşünmürəm, yuxarıda yazdığım kimi o, arqumentiv və polemik analizdən tamailə uzaq təfəkkürlü biridir. Miçiko Kakutani adında Nyu York Tayms-ın məşhur ədəbiyyat tənqidçisi var. Bu xanımın mətbuatda əli qələm tutan gündən hədəfində ancaq və ancaq dünya və Amerikada yaşayan ən böyük yazıçılar var. Eyni Seymur Baycan kimi, hətta ondan betər, üstəlik, təhqiredici ifadələrlə dolu, daha da betəri yaşayan ən dahi romançılara ünvanlı. Məsələn, Conatan Fransen Amerikada ilk romanından ta axrıncıyadək səs-küy salan, ağır yazan, xas üslubu, xeyli oxucu kütləsi, kitab mağazalarına kütləvi axına səbəb olan yazıçıdır və qəfil ədəbiyyat dünyasında Kakutaninin “Sənətçinin gənc eşşək olaraq portreti” adlı tənqidi essesi ilə üz-üzə qalır. Yazıçılar tərəfindən isə Kakutani tənqidləri ilə yox, daha çox xarakterindən dolayı müzakirə olunur. Axırıncı dəfə Salman Rüşdi ona “Həm döyülmək, həm də səsini eşitdirmək istəyən qəribə bir qadın” - deyib, sərt reaksiya bildirmişdi. Dəfələrlə - həm oxucular, həm də yazıçılar Kakutaninin "Nyu York Tayms"dan qovulması tələb ediblər. Bu qadın hər dəfə qarşıma çıxanda Seymur Baycan yadıma düşür və yazılarındakı əsas etirazı (canavarlığını) duymağımla da bu mənasız oxşatma sovuşub keçir. Seymur Baycan Borxesvari desək, canavar tənqidçi deyil və onu Kakutani ilə müqayisələndirmək də mənim uğursuzluğumdur. Heç olmasa, Seymurun bu yaşında hələ də ədəbiyyatın analizedici zəruriyyətini unutmamağı yaxşıdır, ardıcılı olan gənclərdə isə böyük nəsil yazıçılardan danışmaq ünvanlı, gözəl tərifnamələrdən başqa bir şey deyil. Məncə, vəziyyət Seymur Baycanın da ürəyincə deyil, məntiqlə o, indiki cavanları bəyənməməli və deməli idi ki, məni nümunə alırsız, amma mən sizin vaxtınızda belə deyildim, ədəbiyyatda suyu sovrulmuş dəyirmana çevirmədiyim kimsə qalmadı.

Son dövrlərdə isə Seymur Baycan dil tənqidləri ilə gündəmə gəlir. Mən dilçi olmadığıma görə bu haqda danışmağa utanardım, amma hər şeyi qoydum kənara, özü-özünə “mən nöqtə-vergülü harda qoyurlar bilmirəm, bunlar ciddi məsələlər deyil” etirafını edən yazıçı özünə etimologiyaya, dil tarixinə, lüğət tərkibinə enməyə necə haqq verir? Seymur Baycan elə bilir ki, dilçilik sahəsi də ədəbiyyat kimidir, ürəyin istəyəni danışacaqsan və şəxsi fikridir - deyib susacaqlar. Dilçiliyin riyaziyyat qədər “dəqiq” elm olduğunu bilmir. Belə dil təəssübkeşliyi ancaq seymurçuların anlayıb başa düşəcəyi dildən yazılır. Filologiyada bu cür fikirlərin ciddiyə alınıb müzakirə olunması ən yaxşı halda sayıqlamadır. Və bu arada da seymurçular bu boyda absurdizmə bir dilçinin son qoyacağını gözləmirlər deyə, Seymurun adının “pis niyyətlə” çəkilməsini hər dəfə mənə bağlayırlar. Hətta dil məsələsinə dair Seymura olan etirazlar ədəbiyyat aləmində gənc seymurçuların üsyanı ilə nəticələnir. Nədir-nədir gənc dilçi Səmra Həsənzadənin türk sözləri məsələsinə cavab olaraq Seymur Baycana yazdığı açıq məktubu sürreal ədəbiyyat teatrında Seymur bəyin reytinq diaqramını yenə aşağı səviyyəyə endirdi və bu yolverilməz hal olduğu üçün Seymur Baycanın müqəddəs dəyərləri müdafiə olunmalı, nəinki Seymura təriflər yağdırmağı dayandırmaq, dərhal haqqında silsilə məqalələr yazılmalıdır - qənaətinə gəldilər. Seymur Baycanın da, yeni nəsildən olan davamçılarının da gözləri o qədər tutulub ki, başqalarının onları anlamayacağına özlərini inandırıblar və bütləşməyə qarşı tək bircə etiraz görün haralara gətirib çıxarır.

Seymur Baycan kitabları ilə tanışlığımdan bəri heç cür ciddi qəbul etmədiyim, mənə görə ədəbi dəyəri olmayan yazıçıdır. Heç bilmirəm, Seymur Baycan, daha sizə nə qədər açıq məktub yazılmalıdır ki, prosesin hara getdiyini başa düşüb dinc qalasız. Ədəbiyyat söhbətlərinin ancaq Seymur Baycana aid olmasından, ya da hər mövzuya dəxlisiz onu daxil etməkdən getdikcə o qədər sıxıldım ki, vəziyyət mənim bir xeyli müddət ədəbiyyata qarşı soyumağıma gətirib çıxardı. Get-gedə onun xəttinə ciddi maraq olduğunu müşahidə etdim və ilk sərt şəkildə etiraz edənlərdənəm. Seymur Baycan mənim üçün vacib fiqur olmaya bilər, amma mən onu nəinki gənclərdən çox ciddiyə alıram, gənclərlə münasibət qurub özünü gənclərə güldürməyinin də dərhal bitməyini istəyirəm. Çünki Seymurun küsəyən uşaq xarakteri və olan-qalan ciddiyyəti də seymurçuların əlində itir. Anlamağa çətinlik çəkdiyim məsələ budur ki, gənc nəsil arasında Seymura qarşı bu sarkastik münasibəti eyni zamanda qızğın bir rəqabətlə ona oxşamaq cəhdləri izləyir.
Yerli-yersiz hamıya seymurçu demək düz deyil, bəs əsl seymurçuları necə fərqləndirirəm? Seymurçu olmaqçün seymur kimi yazmaq vacib deyil, mən bəzən yoldaşlara onların marağı çəkdiyi mövzulardan tərcümələr göndərirəm, amma seymurçularla belə şeylər baş vermir, çünki onların nə istədikərini anlamaq, ümumiyyətlə, nəyisə istədiklərini görmək olmur. Mənim də söhbət əsnasında Seymur Baycan haqqında danışdığım olub, hətta elə olub ki, üç-beş hekayəsi və "Ana ürəyi" povestini yaradıcılığının ala-babat nümunələri kimi misal gətirmişəm. "Mənasız hekayələr" kitabı haqqında silsilədə də mənim ala-babat nümunələr kimi misal gətirdiyim hekayələrin adını görəndə başımı yelləyərək istəmədən güldüm, çünki mənim yaxşı saydığım Seymurun özünün bir elə də bəyənmədiyi hekayələrdir. Yenə də seymurçu psixologiyaya aid yuxarıda dediyim ziddiyyətlər məsələsi... Silsilənin tənqidi hissəsində də yenə mətnlərin məzmunu nəql edilərək seymurçu təfəkkürün bariz nümunəsi, ona layiq silsilə ərsəyə gəlib. Ona görə də, mən Seymur Baycana həsr olunan silsilənin özünü də bəyənmədim və bu tənqidlərin gözəlləmə mahiyyətini çıxsaq, ciddiyə alacaq başqa dəyəri qalmır. Hətta mən elə düşünürəm ki, uşaqlar vəziyyəti çox ironiyaya salır. Vəziyyət o yerə gəlib çıxıb ki, Seymur Baycanın lağlağı, mazaqçı tənqidçiliyini ciddiyə alıb, oxu siyahısını ona uyğun planlayıb, sonra da biri Salman Rüşdidən danışanda az qalırlar desinlər ki, Seymur döyər, yoxsa Ruşdi? Seymur xəttinə meyillilik gec-tez özünəxas qələmi olanları da məhv edəcək deyə, fikir etdiyim vaxt, gəlib çıxdığımız yer çox acınacaqlı oldu. "AYO"da meynstrim niyə ancaq Seymur Baycanla oldu? Düşünürəm, nəyə görə bizim modernistlərin içində meynstrim məhz Seymur Baycan oldu? Bu yazını əvvəlcə yazmaq istəmədim, sonra düşündüm ki bunları demək üçün bəlkə də, gecikmişəm, özümə söz verdim ki, dürüst olacam və deyilməli olanları deməliyəm. Seymurun ədəbiyyatımızda meynstim olması Zamin Hacının iri həcmdə "poddelka" variantını yaratdı. İndi təsəvvür edin, Seymur Baycanın "poddelka"sı, ya da "poddelkaları" necə olar. Gözümüzün qabağında Seymurun "poddelka"larının da "poddelka"ları yaranacaq, - vəziyyəti kim təsəvvür edə bilər?! Daha o yerdəyik ki, boyun borcu kimi hər təzə gələn mübarək qədəmlərini ədəbiyyata basmadan öncə, Seymur Baycana tərifnamə yazır. Görünür, bunların hamısı bir nöqtədə, – yazar tənqidçiliyi də, publisistikası da – Seymur Baycanın başında heç cür dağıla bilməyən şirin siyasi, saxta ədəbi sovet təfəkkürünün çarxı geri-geri fırlatmamasındadır. Seymur Baycansa əqlinin imkan verdiyi hüdudlara qədər buna "öz mübarizəmdir, özüm bilərəm" donu geydirib davam edir. Düşünürəm, digər mətləbləri gənc şair, esseist Rəvan Cavid yazıb.

Publisist, təhrikçi və tənqidçi Seymur Baycandan danışmaq əlbəttə ki, nasir Seymur Baycandan danışmaqdan daha rahatdır. Özün üçün elə bir ədəbi mahiyyət daşımayan birindən yazmaq çətindir. Mənim rəfimdə Seymur Baycanın kitabları çoxdur, lap çox. Hamısı olmasa da, kitablarının xeyli hissəsi məndə var. Qəribə olsa da deyim ki, ən çox vaxt ayırıb oxuduğum Azərbaycan yazıçılarındandır. Ən tez unutduğum hekayələrin yazarı da odur. Çox vaxt ondan danışanlar onu realist nasir kimi təqdim edirlər, ən çox da tərəfdarları. Arxasınca da adətən belə deyirlər: “Ədəbiyyat buradadır”. Hətta belə deyirlər “Gerçək realizm!”. Sözün düzü, nə qədər şəxsi və əndrabadi mövqe olsa da, “altında qalar, ağır gələr” deyərək müqayisəni tərəzi gözündə görənlərin işlətdiyi “gerçək realizm” sözü də mənə qəribə gəlmir. Seymur Baycan yaradıcılığının realizmə xas gücü, realizm səviyyəsi ciddi dərəcədə azdır. Yaşanan hər şeyi ədəbiyyata gətirmək və yaşanan hər şey ədəbiyyatdırmı? Yaşadığımız əsrin tanınmış marksist ədəbi tənqidçisi, teorist Terri İqltona görə, bu, ədəbiyyatdır. Amma bədii ədəbiyyatı izah etdiyi eyni yerdə İqlton deyir ki, (İqlton marksist teorist və solyönlü olmağına rəğmən, öz siyasi ideologiyasını ədəbiyyatdan ayırmış dürüst bir ədəbiyyat tənqidçisidir) bir əsərin gerçəkdəki reallıq həddi ilə o reallığı əks etdirmək arasında fərq var. Xüsusən, realist əsərlərdə forma, ümumi ideya olduğu qədər əsərin hansı materialdan (nəqlolunma dili və hadisə tapıntıları) hazırlanması da çox önəmlidir. Misal olaraq, Cəlil Məmmədquluzadənin “Ölülər” pyesinin reallıqla əlaqələndirmə dərəcəsi və yaxud Çəmənzəminlinin “Cənnət qəbzi” adlı uzun hekayəsi. Ədəbiyyatda realizmi tapmaq istəyənlər üçün Rafiq Tağının “Pozitiv Neqativ”, Vaqif Nəsibin “Omaroğlunun qayıtması”, “Daşgələndə bir qəmli toy” hekayələri yox olub. Seymur Baycanı müasir realizmin öndəri kimi göstərənlərə yumşaq dildə ya “Başa düşdüyünüz odur”, ya da "Bu, yanlış mütaliədir" - deyib, susmalısan. Bu “realizm"in davamçıları isə daha uğursuz variantlarda ədəbiyyat yaradırlar. İndi bu “realizm"in” cığırı daha da genişlənib. Divin gözünü qoyub ayaqları ilə çarpışmağın daha fərqi yoxdur, realizmin empirik olanla, estetik olanı ayırd edə bilməyənlərə qalmağından daha pis nə ola bilərdi?

Ucuz bioqrafik mətnlərin, səliqəsiz və gur “səslə” bu və ya digər şəkildə təkrar olunan hekayələrin yazıçısı Seymur Baycan əslində realist ədəbiyyatın uçurumudur və "Realizm nümunəsi necə olamamalıdır?" haqda yaxşı nümunədir. Özünü mütəfəkkir sayıb əlinə qələm alan hər yazıçının baxış bucağı bütün məqamlardan üstündür. Seymur Baycanın mənasız hekayələrində isə ən yaxşı halda üslub və dil baxımından, həqiqətən, diqqət çəkən məqam yemək və yumordur. Seymur Baycan hekayə və romanlarında milli və dünya mətbəxinin ən ləziz təamlarını elə bir iştahla təqdim edir ki, deyərsən, dünyanın heç bir yerində belə qurman yazıçı yoxdur və gerçəkdən də Azərbaycan ədəbiyyatının dünyadakı uğuru sayıla bilər. Hətta bəlkə, görmüsüz, Seymur Baycanın sobada qızardılmış toyuq buduna gözünü zilləyən halda, meyvə-tərəvəz, müxtəlif içkilərlə dolu masa qarşısında şəkli var. O şəklə baxanda mənə elə gəldi ki, Seymur Baycan qızardılmış toyuğa həvəslə gözlərini zilləyərək fikirləşir ki, bundan yaxşı hekayə çıxar, hətta qaralama versiyası da beynində hazırdı. Yumorda Seymur Baycan nəsri bir az fərqlidir, dedim, amma bəzən vaxtıkeçmiş zarafatlarını götürüb - Seymur təbirincə desək, Lyosayla, Ekoyla, Muzillə, Nabokovla müqayisə etsək, Seymur Baycan bir balaca uğursuzdur. Sırf özünü o yerə qoyduğu üçün və əgər Seymur Baycan bu yazını oxuyub bura qədər gələrsə, gərginliyi bir az azalsın deyə, xoş niyyətimə salıb yazıram. Həyat etibarilə yumorist adam olduğunu xəyal edirəm, əgər deyilsə, Tanrı bu hekayələri yazan zehniyyətdən muğayat olsun.

Dediyim kimi, Seymur realizmi haqqında danışmaq hələ söhbəti bəlkə bir dəfə belə olsun açılmayan realistlərə də, estetlərə də haqsızlıqdır deyə, yazının əsas mətləbindən uzağa getmək istəmirəm. Çünki doğrudan da, müasir nəsrimizin ən naşı yazıçısı artıq Azərbaycan ədəbiyyatının zirvəsi sayılırsa, bəs onda diri, başbilən yazıçılarımızı hara qoyaq? Bu gedişlə mən Seymurla mütaliəyə, müzakirəyə başlamağın əleyhinəyəm və sözün açığı, Seymur realizmini mütləq həqiqət sayanlar nə qədər "estetik fərqlər" deyib ayırsalar da, “Arzulardan sonrakı şəhər”, “Ağ göl”, “Aç, mənəm” romanları haqqında nə vaxtsa öz layiqli yerini alan güclü polemika çıxaracaqlarına və yaxud övliya Həmid ağanı duya biləcəklərinə inanmıram. Ən yaxşı müqayisədə deyə bilərəm ki, mənim üçün Ziyad Quluzadənin “Van Qoqun Kamasutra məşqləri və ya Ka” romanı, yaxud Nərmin Kamalın “İtaətsiz otlar” hekayəsi Seymurun bütün külliyyatından qat-qat üstündür. Hərçənd Seymurla müqayisə üçün bu əsərlər də sanbalına haqsızlıq etdiyim nümunələrdir. Dayaz müşahidələrlə dolu sıradan həyat söhbətlərinin bayağı şəkildə qələmə alındığı mətnlər Çingiz Abdullayevin mətnlərindən üstün deyil. Ciddi deyirəm, hər gün başıma onlarla Seymur Baycan hekayəsi gəlir və bunların dəyərini ölçü-biçib yazı kimi yüksək mədəniyyətə çevirmək asan iş deyil. Tələbə olanda, bir semestr kurs işi olaraq “Danabaş kəndinin əhvalatlarını” götürmüşdüm. Mirzə Cəlilin dil və üslubuna yaxın bir neçə hekayə də yazıb kurs işinə əlavə eləmişdim. Özü də yaşanan, real hadisələr əsasında. Elmi rəhbərim təəccübündən məndən iznsiz kafedranın bütün müəllimlərinə hekayələri göstərmişdi və oxuyub bəyənəndən, bir xeyli tərif vurandan sonra fikirləri Seymur Baycanın fikirlərinə oxşayan müəllmlərim hekayələri heç olmasa, universitetin qəzetində çap etməyə razılıq verim deyə, məni çox məcbur etdilər. Lakin mən ədəbiyyatda mənə xas keyfiyyətlərin harda olduğunu hələ o vaxtdan çox yaxşı anlaya bilirdim. O hekayələr indi Azərbaycan ədəbiyyatı tarixi kafedrasının arxivindədir və orda qalması da ən məqbul variantdır. Seymur Baycanın qeyri-ciddi külliyyatının da ədəbiyyat tariximizin toz-torpağına qovuşacağına əminəm.

Bir daha düşünürəm, bəlkə, bu yazı yazılmamalı idi, hətta yazılmaya da bilərdi, bəlkə də, nə vaxtsa vaxtımı bu yazıya sərf etdiyimə görə peşman olacam. Seymur Baycana həsr olunaraq uçuruma yuvarlanan ədəbiyyata sərf olunan vaxt kimi. Bir adamı ki “Borxes yazıçı deyil” adlı məqaləsi ilə tanıyasan. Əziz Seymur Baycan, inanın, vəziyyət o yerə çatıb ki, sizin adınızı çəkmək, sizi tənqid etmək gündəmə gəlmək sayılır. Ona görə manşetdə şəklimizin də yan-yana olmamasını sayt rəhbərindən xahiş etdim. Çağdaş ədəbiyyatımızda sizdən çox yazan, sizdən çox danışan yoxdur. Bəs necə oldu ki, bu vaxtacan öz işində sizin də zaman-zaman, həqiqətən, peşəkar saydığınız ədəbiyyatçılar bir dəfə də olsun sizin yaradıcılığınızdan söz açmadı. Məncə, bu qədər geniş izahlı tənqidə görə siz mənə təşəkkür etməlisiz, halbuki sizin dövrün ədəbiyyatçıları və yazıçıları ilə aramızda üç nəsil fərq var. Bu haqda düşünmək sizə heç bir halda pislik gətirməyəcək. Siz özünüz də, şəxsi propoqandistləriniz də ədəbiyyatda yerinizin hara olduğunu çox gözəl bilirsiniz. Gənc yazıçılarınsa qorxudan və ya ironiyadan sizə silsilələr həsr eləyib demək istədikləri budur, əslində: “Yaxşı, yaxşı, yaxşı, Seymur Baycan, ən yaxşı sənsən”. Lakin bu yazını ədəbi prosesin indiki durumundan bilavasitə sorumlular arasındasız deyə, haqq edirsiz. Bakının cəhənnəm istisindən Tiflisin gül qoynuna qucaq dolusu sayğılar və salamlarla!

# 3490 dəfə oxunub

Müəllifin son yazıları

# # #