Səhra – vaxtı bitmiş qum saatıdır - Cavidin yeni şeirləri

Cavid Qasımov, şair

Cavid Qasımov, şair

6 aprel 2023
# 17:00

Kulis.az gənc şair Cavid Qasımovun yeni şeirlərini təqdim edir.


İndi gözlərimin uzağlıqlığında
İtirə-itirə arzularımı
Özümdən xəbərsiz, qəfil cibimdən
Çıxarıb açıram portsiqarımı.

Dünənki yağışdan çıxan pencəkdə
Bir əlim axtarır kibrit qutusun.
Tapıb, barmaqlarım seçir içindən
İslanan kibritin bir az qurusun.

Əlimi kibritə qalxan edirəm,
Yiyəsiz küləyin vahiməsindən.
Yandırıb, sonra da sönməsin deyə
Onu qoruyuram öz nəfəsimdən.

Gözlərim sataşır bahardan qalan
Sahibsiz qaranquş yuvalarına.
Yaşaya bilərdim orda, ilahi,
Qoşulub hamının dualarına.

Siqaret tüstüsü qarışır burda
Qışın sakit-sakit düşən çəninə.
Tor çəkir qaranquş yuvalarına,
Tor çəkir üzümün qara kirinə.

Gəlir qulağıma nəğmə səsləri,
Yiyəsi yanımdan düz keçəsidir.
Qaranquş səsidir, yoxsa bu Nuhun
Tufandan sağ çıxan gəmi səsidir?

İlahi, sən məni tanıyacaqsan
Qapında yüksələn yorğun səsimdən.
İlahi, ilahi, sən məni qoru,
Necə ki, necə ki, mən qoruyuram
Sonuncu kibriti əsən küləkdən,
Sonuncu kibriti öz nəfəsimdən.

Göy açır sonuncu düymələrini,
Torpağı islanır arzularımın.
Şükür ki, bir-iki duası qalıb
Yarımcan kibritin, portsiqarımın.

***

İlahi, atdığın bütün adamlar
Niyə bu dünyanın içinə düşdü?
Sənə deməsəm də, o xoş günlərin
Onuna düşəsi üçünə düşdü...

İndi qaranlıqdır dörd bir yanımda,
Qalmayıb göz boyda işıq canımda.
Görünür etdiyim dualarım da
Gedib, qayıtmayan köçünə düşdü.

Gələrəm, kim dedi, hələ gəlmədi,
Ha dedim, bir nəfər gələ, gəlmədi.
Əl altda olan da ələ gəlmədi,
Ovcumun içindən biçinə düşdü...

***

Bunu mən deməsəm, kim deyər sənə?
Səhra – vaxtı bitmiş qum saatıdır.
Mən də gec bilmişəm bunu, əzizim,
İndi gəncliyimin səhra vaxtıdır.

Bunu mən deməsəm, kim deyər sənə?
Dualar quşlardan yaxşı uçurlar.
Allah göydə deyil, bizi aldadıb -
Quşları daşlayan ovcu suçlular.

Bunu mən deməsəm, kim deyər sənə?
Günah bağışlanmaq bəhanəsidir .
"Tanrı yoxdur" demək səhrada sənin
Gözünə girməyən qum dənəsidir.

Bunu mən deməsəm, kim deyər sənə?
Ölüm arzulasan ömür uzanar.
İntihar etməyə kəndir asarsan,
Hər dəfə üstünə kəpənək qonar...

***

Saat əqrəbləri sancıldı üçə,
Yatmışdı şəhərin gecə carçısı.
Yuxudan ayılıb, çığırdım, Allah,
Kim asıb divardan cərrah qayçısın?!.

Qovladım şəhərin küçələrindən
Yiyəsiz dolaşan xatirələri.
Səsimə bir ovuc işıq da atdı
Yetim binaların pəncərələri.

Kimsə soruşmadı, Əlinin oğlu,
Səsinin küçədə nə iti azıb?
Mənim taleyimi yollara gecə
Ovuc-ovuc düşən işıqlar yazıb.

Bəlkə, heç yazmayıb, bəlkə, pozubdur?
Bu xətti oxuyan, bilən olmadı.
Heyf mən dünyaya gəlib-gedəndə
Hamı yuxuluydu, görən olmadı.


***

Qızım, sən bilmirsən, hələ bilmirsən,
Sabah savaşanda ölkələrimiz
Ən qorxaq əsgərin kölgəsiylə də
Qucaqlaşacaqdır kölgələrimiz.

Vaxta çox az qalıb, sən də hazırlaş,
Hazırla səhərə o malbertini.
Tətik boyda olan barmaqlarınla
Çəkərsən atanın portretini.

İndi nə çıxacaq boş əllərimdən?
Çıxsa it kölgəsi çıxacaq Vallah.
Dua et, iti də həyətimizdə
Səni qorumağa saxlasın Allah.

Bilmirsən, əzizim, bilmirsən hələ,
Atanın əlləri silahlıq deyil.
Allaha nəyimi tapşıracaqsan?
Sabahkı döyüş də Allahlıq deyil.

***

Canı taxtadan olan məhkəmə çəkiciylə
Üzümə mismarlanar burda dəmir qapılar.
Qarşımdakı çörəyin üstündə Jan Valjanın
Zamanla buz bağlayan qan ləkəsi tapılar.

Yuxudan oyanmadın qonşu itin səsinə,
Səni diksindirmədi nə də göy gurultusu ,
On ballıq zəlzələtək yuxunu dağıdıbdır
Uyuyan vicdanların aramsız xorultusu.

Gecənin bir yarısı əgər qapın döyülsə,
Çığıraraq soruşma, kimdir gələn gecəylə?
Mən bilirəm , qapını əcəldir belə döyən
Canı taxtadan olan məhkəmə çəkiciylə.

***

Görək kim çox darıxacaq, əzizim,
Mənmi?
Sənmi?
Yoxsa bizdən uzaqlaşan xatirələr?
Bəlkə, bizdən gələcəyə ayaq açan abidələr?
Bilmək olmaz,
Bilmək olmaz!

Dünən iki gənc ayrıldı gözlərimin önündə,
Gözlərimin önündə ayrılığın qapıları açıldı,
Biri sağa,
Biri sola...
Görsəndi sevginin yoxsul daxması
Qədimi abidələr kimi.
Görək indi bu qapının hansı tayı bağlanacaq?
Hansı tayı abırını gizlədəcək bu daxmanın?
Sol tayımı?
Sağ tayımı?
Bəlkə, yenə qəfil külək bağlayacaq qapıları?
Bilmək olmaz...

Nə yaxşı ki, ayrılmadıq səninlə,
Görək kim çox darıxacaq, əzizim?!

# 3922 dəfə oxunub

Müəllifin son yazıları

# # #