Ərəb qadın ud, şotland dəri qoxusundan xoşlanır - Millətlərin ətir sevgisi

Ərəb qadın ud, şotland dəri qoxusundan xoşlanır - Millətlərin ətir sevgisi
2 mart 2020
# 17:46

Kulis.az ətriyyatçı, yazar Murad Məsudun "Fərqli mədəniyyətlərin fərqli ətri" yazısını təqdim edir.

İsti qumun qoxusu irəlidə nələrə səbəb olacağından xəbərsiz, insafsızcasına limbik sistemimə yerləşir. Bu azmış kimi dənizdən gələn duzlu və yodlu qoxuyla yoğrulmuş hava axını üzümü sığallayır. Zaman məfhumu aradan qalxır. Əbədiyyətə olan fitri aclığım bir anlıq doyum nöqtəsinə çatır. İndi ömür iki nöqtə - başlanğıc və son arasında yaşananlar deyil. Yerin cazibəsindən qoparaq, qulağımda təkcə ürək döyüntümün uğultusuyla saman yolunda - nəticədə Ona doğru axdığım bir məkana süzür. Çərçivəsiz, mötərisəzis, izahımüşkül... Təkcənəliyin ən uc nöqtəsində...

Cəmi cümlətani iki rəng - mavi və bəyaz. Bütün yaşananlar bu iki rəngin çalarları arasına sığa bilər. Uzun, soyuq və bir yerdən sonra sonunun gəlməyəcəyini qəbul etdiyin qaramat qış, boz günəş, bitməyən buzlaqlar... Bu mənfi milyon dərəcə sənin də, onun da kimliyini formalaşdırır. Sənə ən doğma insan ən soyuq olduqlarındır. Sevdiyinin əlini ovcuna alıb "əynin nə qalındır, əllərin də od kimidir, ver soyudum", deyirsən.

Orda övladının boynundan öpəndə sevincdən atanın gözlərində nəhəng buz dağları yaranır. Orda körpələr soyuq ana nəfəsində mışıl-mışıl yatır. O dəm ki qar əriyir, üzərində aldehid ab-havası yaradır. Ardınca da şüyüd qoxusu, ağcaqayın ağacı, meşə giləmeyvələri...Təkcə bu qoxulardan ibarət ətirlər, il ərzində cəmi bir şüşə də bəs edir ki, finlandiyalı xanım xoşbəxt ola bilsin.

Dünyanın fərqli kültürünün bir-birindən xəbərsiz iki insanının qoxu anlayışı sonsuz işıq ili məsafəsi qədər uzaqdır.

Mövcud ekosistem bizim kimliyimizlə yanaşı ağız dadımızı və qoxu anlayışımızı da təyin edir.b Siz hələ də yaşıl çayı sevmirsizsə, bu "qlamur" olmadığınızdan irəli gəlmir. Yüz illərlə "xoruz quyruğu", "pürrəngi" deyə adlandırdığı ən acı çayı içən birinin az qala dadsız bir mayeni qida rasionuna daxil etməməyi qədər daha rasional nə ola bilər?

Ətrafınızda daha çox dəniz məhsulları olsaydı, siz də məcburən umami dadlandırıcını bol-bol istifadə etməyə təhkim olacaqdız. Az qala bütün yapon ətir markalarının məhsulları açıq notlu, akvatik, floral tərkiblidir. Yaponlar özləri də dünyanın ən az bədən qoxulu insanlarıdır.

Günaşırı reklamlarda gördüyünüz ətirlər sizi cəlb edə bilmirsə, zövqsüz deyilsiz, sadəcə parfümerə o ətri sizin coğrafiyanıza xitabən sifariş verməyiblər. Bəli doğru anladınız, əksər hallarda ətirləri siz seçmirsiz, əgər sizin ölkə iştaha qabardan gəlirlərə sahibdirsə markalar o ətirləri sizin "burnunuza" uyğun hazırlayırlar.

Hansısa ətri afrodizyak olaraq vitrinlərə düzürlərsə, onun sizi də valeh edəcəyi hələ sual altındadır. Məsələn, bir dassanets qəbiləsindən olan xanımı cəlb etmək istəyən bəy mütləq inək təzəyindən istifadə etməlidir. Ərəb kişisini ud (aqar ağacı) qoxusu, şotlandı isə yumşaq dəri və viski qoxusu başdan çıxara bilər.

Sizin ətrinizi, sizin afrodizyakınızı örfünüz, mətbəxiniz, təbiətiniz, özünüz təyin etmisiz artıq, çox kiçik bir nəfəslə tozlarını üfürüb üzə çıxarmanız lazımdır.

Ayağımın altını kiçik balıqqulağı qırıntıları kəsir, qızılı qumun yaxıcı istisi dabanımdan bütün bədənimə yayılır. Amma mən yerin cazibəsindən qopub qulağımda sadəcə ürək döyüntülərimin uğultusuyla zaman məfhumunu aşaraq, ömrümün ən qayğısız günlərinə süzülürəm...

Gallery

# 4708 dəfə oxunub

Müəllifin son yazıları

# # #