Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Üçüncü hissə

Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Üçüncü hissə
30 mart 2024
# 10:00

Kulis.az Zahid Sarıtorpağın "Qaranquş səsli sevgili" adlı povestinin üçüncü hissəsini təqdim edir.

İkinci hissə burada

...Hər ovcunda ölü bir qaranquş balası, sönmüş nəhəng bir tonqalın meydana səpələnmiş közü üstündə rəqs eləyirdi. Həndəvərində halay vurub dayanan adamlar əl çalır, onu daha da qızışdırırdılar. Musiqini kim səsləndirirdi? – bilmirdi... Gözlərini qapamışdı. Ağır bir hava çalınırdı. Közün üstündə cızhacızla atılıb-düşən, kösöv kimi tüstüləyən yalın ayaqlarını hiss eləmirdi. O bir cüt qaranquş balası ölü olmasına baxmayaraq qəfil ovcunun içində ürək kimi döyünüb çırpınmağa başladı... Əllərini açıb gözünü göyə zillədi. Musiqi kəsildi. Rəqs etməyi dayandırdı. Camaat susdu. Başı üstə iri bir qaranquş dəstəsi çığırışa-çığırışa sürətlə dövrə vururdu. Hərləndilər, fırlandılar... yavaş-yavaş gözünə qaranlıq çökdü. Ayaqlarının göynərtisini necə duymağa başladığını bircə özü bilirdi. Doğma bir səs: “Ver ovcundakıları... – dedi. – Sən bu ayaqlarla hara gedib çıxacaqsan? Gəl görüm...” Sonra onu qucaqlayıb tonqalın közü üstündən dartdı qırağa. Ayaqları kösöv kimiydi, külü tökülürdü. Qaranquş balalarını verdi. Həmin adam onu öpdü. Öpüşündən bildi ki, bu, Pəridir. Çığırdı...

Gecənin bir aləmində ayılıb özünü tərin-qanın içində gördü. Ürəyi dəhşətli dərəcədə döyünürdü. Ayaqları qara buz kimiydi. “Pəri!.. Pəri... Bu nə yuxuydu belə?.. Guya sən məni xilas elədin? Məni, qaranquş balalarını zülümdən qurtardın? Yox! İnanan daşa dönsün! Sən məni necə xilas edə bilərsən axı, necə?”

Ağzıquyulu uzanıb yastığı qucaqladı. Qəfil burnuna onun qoxusu gəldi. “Bu nədi? Hardan, hardan gəldi axı bu qoxu?” Vaxt vardı dəli idi bu qoxudan ötrü... Boynundan, boğazından, sinəsindən bu qoxunu elə hey çəkərdi, çəkərdi içinə, doymazdı amma... Bu qoxu bəlkə də Allahın Pəriyə bəxş etdiyi ən böyük lütf idi...

“ – Heç yadına düşmürəm?”

“ – Yoox!!”

“ – Doğru deyirsən?”

“ – Hə! Həə! Həəə!!!”

“ – Sən niyə bu qədər qəddar, həm də niyə bu qədər yazıq oldun axı, Sanço?”

“ – ...”

“ – Niyə, niyə axı?..”

“ – ...”

“ – Mən – heç... Amma ölü qaranquş balaları qiyamətəcən səni bağışlamayacaq, Sanço, çox heyif... ”

Lənət sənə kor şeytan! Gecənin bu vaxtı, bu nə deyişmədi? Yum gözünü yat indi görüm necə yatırsan! – dedi öz-özünə.

İşığı yandırıb əlini çaxır butılkasına uzatdı. Yarım şüşə qalmışdı. Elə bil, dünyanı ona verdilər. Dalbadal süzüb başına çəkdi.

Beş-on dəqiqə yerində qurdalandı, sonra öz-özünə ürək-dirək verdi: “Hər şey əla olacaq, Sanço, səbrini bas, darıxma... ”

* * *

Almaz xanım əmrini imzalamışdı. Baş mühasib onu işlə tanış etdi, neyləyəcəyini başa saldı. Düzdür, iş ağır idi, gün ərzində reklamlarla bağlı mədaxil-məxaric məsələlərinin sistemləşdirilməsinə necə qurşanırdısa, gözünü açıb-yumunca axşam düşürdü. Sonra da heç nəyə həvəsi qalmırdı. Evə gəlib daş kimi yatırdı. Əlbəttə, canı rahatlıq tapsın deyə sükan arxasında olmayanda içki də içirdi.

Maaşı xeyli artmışdı. Süleymanla Salehə qonaqlıq boyun olmuşdu. Elə birinci məvacibini alan kimi onları yeyib-içməyə dəvət elədi. O gün gecə yarısınacan Süleymanın bir qohumunun Maştağa yaxınlığındakı restoranında bəs deyincə əylənib, kef elədilər. Sonra onlar öz maşınlarıyla getdi, Simran da ayıq sürücü dəvət elədi ki, şəhərə qayıtsın. Təzəcə yola düşmüşdü, yol qırağıyla uzanıb gedən hündür divarın yanında maşını söndü. Sürücü nə qədər əlləşdi, onu işə sala bilmədi. Axırda əlacsız qalıb pulunu verib sürücünü yola saldı. Gedərəkdə ondan soruşdu:

– Bəs bura haradır? Evukuator çağırsam, hara gəlsin deyim?

– Maştağaya, dəlixananın yanına.

Elə bil onu cərəyan vurdu. O dəqiqə ağlından keçdi ki: “Bura Pəri yatan yer olmalıdır... Təzədən halı çöndü. Maşına oturub qapını örtdü. Başını sükana söykəyib içini qəfil bürümüş vurma-çalmanın fırtınasında çırpınmağa başladı. “Bax, sən indi bu divarın o üzündəsən, Pəri, əlimi uzatsam, çatar. Ancaq əlimi elə kəsməmisən ki, bir də sənə sarı uzada biləm... O şar məsələsi nə idi axı? O nə idi elə axı? Rüsvay elədin məni, Pəri, rüsvay elədin... Sənin yerin bura olmamalıydı gərək...” Ayrılandan bəri birinci dəfəydi ki gözü dolurdu: “Sənin o sinəmə qısılmağın... off!!!.. o ətrin... o boy-buxunun... off!.. yataqdakı pıçıltıların... o pıçıltılar... o iniltilər... Dəli olacam axırda, off!! Dəli olacam, Pəri! Gələcəm yanına mən də! Gələcəm!..”

Maşından haçan düşdüyünü bilmədi, deyəsən içki öz işini görmüşdü, özündən ixtiyarsız səntirləyirdi. Başını qaldırıb divardakı lövhəyə baxdı: “Axund Şeyx Hüseyn küçəsi” yazılmışdı. Bir qədər gedəndən sonra buranın həqiqətən də 1 saylı Respublika Psixatriya Xəstəxanası olduğunu bildi. Geri dönüb 156-ya – evukuasiya xidmətinə zəng elədi. Çox keçmədi gəldilər və buranı tərk etdi.

Nə qədər kefli olsa da o gecə ilan vuran yatdı, o, yata bilmədi. Sabahacan Pəriylə “deyişdi”. “O, Pərini “güllələdi”, Pəri onu “çarmıxa çəkdi”... Simran onu “tikə-tikə doğradı”, o isə Simranı “qıl körpüsündən qır tiyanına itələyib yandırdı”... Beləcə səhəri diri açdı. Amma bu da var ki, iş axırda ayrı səmtə gəlib çıxdı. Axırda Simran özlüyündə dönə-dönə atasının ruhu qarşısında diz çöküb səcdə elədi, anasıın əllərindən, tellərindən öpüb bağışlanmağını dilədi. Onlar bağışladı. Sonra da Pəriylə sarmaşıq kimi bir birlərinə sarılıb hönkürdülər... Bir-birlərini dəli kimi sevdiyiklərini etiraf etdilər...

Yaxşı ki, səhərisi istirahət günüydü, haçan ruhu dincəlib, yuxuya getdiyini bilmədi, gözünü açanda artıq günortaydı. Naharını eləyib maşını düzəltdirmək üçün usta axtarmağa getmək qərarına gəldi. Qəfil yadına düşdü ki, ey dadi-bidad, çoxdandır maşına yanacaq tökmür axı, yəqin ona görə sönüb. Baqajda beş litrlik qabda benzini vardı, onu baka doldurdu, maşını işə saldı. Hər şey qaydasındaydı. Sevindi.

Pəncərənin günlüyünə qonmuş bir cüt qaranquşun xoşbəxtlik yağan civiltiləri aləmi bürümüşdü, balalar da bəxtəvər-bəxtəvər cikkildəşirdi. Key kimi olsa da nə baş verdiyini bilmirdi, hiss eləyirdi ki, içində həmişəkindən fərqli, ayrı bir ab-hava var.

Maşını söndürüb, qaranquşların yuvasına tərəf boylanaraq nəsə dedi, amma səsi çıxmadı. Üşənən kimi oldu. Bir də cəhd elədi. Yenə alınmadı. Deyəsən, demək istəyirdi ki, “siz bəxtəvərsiniz...” Amma əvəzində cikkildədi. Hə, lap qaranquş kimi cikkildəyib durdu. Başı hərləndi. Artırmanın pilləkənində oturdu. Özünə təzəcə gəlməyə başlayırdı ki, Narınc nənə peyda oldu.

– Simran, bala, orda niyə oturmusan, noolub sənə?

Ayağa durub başını aşağı saldı. Demək istədi ki, “Narahat olma, nənə, hər şey qaydasındadır...” Ancaq şirin bir səslə cikkildədi... O, üzünə baxıb, özünü itirdi. İxtiyarsız başını qaldırıb qaranquşun yuvasına sarı boylandı.

– Noolub, bala?

Daha cavab vermədi. Deyəsən, elə bildi qızdırıb. Hiss eləyirdi ki, alnından od çıxır. Cavab vermədi.

Telefonuna əl atıb Həsənağanı yığdı və girdi otağa. Onun ötkəm səsi gəldi:

– Hə.

Elə ağzını açdı ki, desin: “qağa, başıma belə bir iş gəlib”, cikkildədi... Cikkildədi, özü də necə!..

Tez də telefonu qapadı. Halı üstünə qayıtmamışdı ki, Həsənağadan zəng gəldi. Telefonu açmadı. Ürəyindən rayona getmək keçdi. Kandara çıxınca Narınc nənəni hələ də həyətdə qollarını qucaqlayıb dayanmış gördü. Hayqırmaq istədi ki, “İlahi, kömək ol!”, əvəzində cikkiltisi aləmi götürdü başına. Yazıq arvad üzünü çevirib getdi... Gedərəkdə mızıldandı: “Deyəsən, yaman içki aludəsisən ha... Yəqin, o qədər içmisən ki, indi heç səsin də çıxmır”.

Həsənağaya mesaj yazdı ki, səsim batıb. Amma qaranquş kimi cikkildəməyini yazmadı.

Həyətdə heç kim yox idi. Başını qaldırıb qaranquşların yuvasına sarı boylandı. Dura-tuta: “ta mən də sizin birinizəm...” – cikkildədi. Yuvadakı balalar səsinə səs verdi və onu acı bir gülmək tutdu...

Bir azdan Narınc nənə qapısını döydü, əlində balaca bir dərman şüşəsi vardı, nəsə gətirmişdi. İçəri girincə:

– Biyan şirəsidir, – dedi. – bundan yarım stəkan suya gündə üç dəfə bir çay qaşığı tökərsən, qarışdırıb içərsən, boğazının yolu düzələcək.

“Çox sağ olun” şəklində cikkildədi, o isə, başını bulayıb getdi.

O gün evdən eşiyə çıxmadı. Bütün günü internetdə eşələndi. Başına gələnlə bağlı heç nə tapa bilmədi. Səhərisi çörək almağa çıxdı. Marketdə əlini uzadıb bir dənə çörək göstərdi. Satıcı selofan paketə qoyub verdi. Tərs kimi ən xırda pulu 50 manatlıq idi. Xırdası olmadı.

– Xırda pul verin – dedi.

Elə bil qaranquş səsi çıxarmağı yadından çıxmışdı. “Məndə də xırda yoxdur” demək yerinə biabırcasına cikkildədi...

Satıcı üzünə baxa-baxa qaldı. Paketi qoyub eşiyə çıxmaq istədi, o, arxasınca gəldi:

– Qərdeş, əyib dögül? Sabah verərsən də, dünyanın axırıdu bəgəm?– dedi.

Cikkiltisi aləmi bürüyəcək deyə dinmədi, utandığından başını əyməklə təşəkkür edib çörəyi aldı və tez də uzaqlaşdı. Amma hiss elədi ki, satıcı təəccüblü baxışlarla arxasınca marıda-marıda qaldı.

Həyətə girib kandarda bir daha: “İlahi kömək ol!” – hayqırdı. Amma bu hayqırtı adam dilində deyildi; dərdini qaranquş səsilə içindən necə püskürdüsə, yuvadakılar civildəşib-cikkildəşib analı-balalı xorla ona cavab verdilər. Bəlkə də deyirdilər ki, “qorxma, qoşul bizlərə...” Kim bilir...

İçmək istəyirdi, içmək! Dərman yox, – çaxır!..

* * *

Artıq bir həftədən yuxarıydı işə getmirdi. Telefon zənglərinə də cavab vermirdi. Həsənağaya Vatsapda “hər şey qaydasındadır” yazmışdı. Nə olacaq olacaq düşünürdü. Salehlə də, Slüleymanla da Vatsapda yazışırdı, səsli mesajlarına da yazmaqla cavab verirdi ki, təki cikkiltisini eşitməsinlər. Narınc nənə gələndə özünü yuxuluğa vururdu, o da elə bilirdi yatıb, çıxıb gedirdi. Hərdən bilərəkdən kandara çıxıb öz-özümə astadan nəsə pıçıldayırdı ki, görsün, səsinin “əhvalı” necədir, görsün yuvadakılar “cavab verəcəkmi?” Bilmək istəyirdi ki, yenə də “qaranquşdayır”, yoxsa yox? Cikkildəyirdi, özü də əməlli-başlı. Hər dəfə də yuvadakı qaranquşlar səsinə səs verirdi. Utandığından həkimə-filana da getməyi düşünmürdü.

Nə isə... Rayona getmək, çarəsiz, misgin, binəva bir övlad sayağı deyil, sadəcə bu dar macalda anasına, qardaşına qısılmaq istəyirdi. Hər halda onu başa düşərdilər, biganə qalmazdılar.

Başında bu fikirlər, sükan arxasına oturub yola düşdü. Maşında öz-özüylə bərkdən-bərkdən danışırdı. Cikkiltisi aləmi götürmüşdü başına. O qənaətə gəlmişdi ki, dediklərini özündən başqa bir kimsə başa düşməz. Bir də... bir də yəqin qaranquşlar anlayar dilini. Pəri barədə düşünəndəsə, cikkiltisi içini şumlayırdı...

Şəhərdən əlli-altmış kilometr aralanmışdı ki, DYP xidmət avtomobili qarşısına keçib saxlamaq işarəsi verdi. Saxladı. Maşından düşmədiyini görüb, müfəttiş özü yaxınlaşdı. Özünü təqdim edən kimi sənədlərini verdi, arasına da bir onluq qoydu. Alıb o yan–bu yanına baxdı, pulu götürüb sənədləri qaytardı özünə. Bu vaxt ürəyində Allaha yalvarırdı ki, bu adam onu dindirib-danışdırmasın, yoxsa biabır olar.

– Hara gedirsən?

Elə bil, başıma güllə vurdular. Dinmədi.

– Səninləyəm ee, cavan oğlan...

İxtiyarsız: “Rayona.”– demək istədi. Amma yenə də: “cik-cirik” alındı.

Müfəttiş yerindəcə donub, gözlərini bərəldərək bir neçə saniyə onun üzünə baxa-baxa qaldı... ardınca da gülümsündü, qəfil başını maşının açıq şüşəsindən ona yaxınlaşdırdı və bərkdən:

– Miyaaao!!!.. – eləyib, pişik kimi miyoldadı.

Ardınca da əli ilə “get” işarəsi verib ucadan güldü və öz avtomobilinə sarı qayıtdı. Yəqin elə bildi bu adam onunla quş dilində zarafatlaşır. Bəlkə də buna görə, ona quşların qənimi pişik dilində cavab verdi. Onunla tay-tuş olardı, yəqin zarafatcıl olduğunu düşündü, bu tərzdə də cavabını qaytardı. Amma nə yaxşı ki, o, miyoldadı. Ciddi yanaşsaydı, ciddi sual-cavab etsəydi, nə cavab verəcəkdi axı? Cikkildəyib biabır olacaqdı, xəcalətindən ölüb yerə girəcəkdi.

Qəfil ağlından keçdi ki, bəs indi anası yazıqla necə danışacaq. Başına gələni görsə, ürəyi parçalanacaq axı. Həsənağa da, ailəsi, balaları da pis duruma düşəcək. Neyləsin bəs? Qayıtsınmı geri? Düşündü ki: “Yox! Qətiyyən! Qətiyyən! Heç nə... Geriyə yol yoxdu! Həsənağanın iş yerinə gedib, maşındanca yazaram, düşüb gələr yanıma. Birtəhər başa salaram onu. Amma qoymaram anam bilsin, qətiyyən!”

Köhnə bazarın yanından keçəndə həyəcandan ürəyi çırpınmağa başladı. Oradan evlərinə cəmi əlli-altmış addım qalırdı. Maşını saxladı. Telefonu çıxarıb Həsənağaya, rayonda olduğunu yazdı. O isə: “Get evə, mən işdəyəm, bir azdan gələcəm” deyə mesajını cavabladı. Simrana da elə bu lazım idi. Evə yox, sürüb getdi onun iş yerinə. Tək idi. Görüşdülər. Qardaşı susqunluğunu görüb, təəccüb elədi:

– Noolub?

Ardı məlmdur ki, necə cavab verdi.

Üzünə diqqətlə baxdı. O bir qədər də incik görünürdü.

– Boğazın ağrıyır?

Başını yellədi ki: “Yox”.

– Bəs noolub sənə? Aç ağzını görüm.

O, Simranı kresloda otuzdurub başını arxaya əydi, ağzını açdı, boğazının yoluna işıq salıb baxdı.

– Səndə heç nə yoxdu. Bəs niyə səsin çıxmır?

Demək istədi ki, “mən də bilmirəm”. Amma... cikkildədi. Özü də bilmədən, qəfildən. Bu dəfə təkcə Həsənağa yox, elə özü də dəhşətə gəldi: ağzından çıxan əsil qaranquş səsiydi. Düzdür, qardaşı soyuqqanlı adam olduğuna görə hisslərini biruzə vermədi. Ancaq gözlərinə baxanda təlaşlı olduğunu gördü.

O: “Burada gözlə”, – deyib eşiyə çıxdı. Simran pəncərədən baxıb gördü ki, telefonla kiminləsə danışır. Bir xeyli danışandan sonra içəri qayıtdı, xalatını çıxarıb pencəyini geydi. Sakitcə: “Gedək” – dedi.

O, heç yana getmək istəmirdi. Qardaşının qolundan tutub başını yellədi. Yəni getmək istəmədiyimi bildirdi. Gözləri dolmuşdu. Kövrəldiyini Həsənağa da hiss elədi. Simran özünü saxlaya bilməyib düz yanındaca telefonu çıxarıb ona yazdı ki, “qağa, heç bir əziyyət çəkmə. Başıma gələni rayonda cəmi bircə nəfər bilsə, inan ildırım sürətiylə hər yana yayılacaq, rüsvay olacam”. – “Onda gedək evə, neyləmək lazım olduğunu orda götür-qoy edərik.” – “Yox, qağa, ana məni bu halda görsə bağrı çatlayar. Qayıdıram Bakıya”.

Beləcə Simran yazdı, qardaşı şifahi cavab verdi. Getməkdə israrlı olduğunu görüb, zorla cibinə bir topa pul basdı. Birinci dəfəydi hiss eləyirdi ki, Həsənağanın səsi necə titrəyir:

– Yaxşı olacaqsan, darıxma...

Anasını görmədən şəhərə döndü. Yol boyu çox fikirləşdi. Sonra mühasibatdan gələn zəngə yenə cavab vermədi. Bir azdan Vatsapına yazdılar ki, işdən çıxarılıb və yerinə başqa adam götürüblər...

Evə çatıb, adəti üzrə yenə həyətdə bir ağız bərkdən: “bu da belə... görək nə olur” cikkildədi. Qaranquş balaları səsinə səs verdi. Yuxarı boylandı. Deyəsən, bir qədər böyüyüb tükləşmişdilər.

Düzünə qalsa, elə bil içində daşlaşma gedirdi, yavaş-yavaş heç nə ona ağır təsir edə bilmirdi. Artıq: “Nə olacaq – olacaq!“, bir də “Hamıdan qaçmaq!” ömrünün baş şüarına çevrilirdi. Ona görə qaranquş balalarının səsinə yüngülcə gülümsünüb evə girdi və necə deyərlər, ürəyinə daş bağlayıb özündən ixtiyarsız: “Pəri! Pəri! Pəri!” – çığırdı, daha doğrusu, cikkildədi və yatdı.

Günlər keçir, o, hamıdan qaçırdı. Səsində heç bir dəyişiklik yox idi. Hər səhər yuxudan oyanan kimi öz-özünə bərkdən: “Simran, necəsən?” – pıçıldayırdı ki, görsün səsi necədir, dəyişiklik var, ya yox? Ancaq heç bir dəyişiklik-filan yox idi, getdikcə daha şirin səslə cikkildəyirdi. Dilxorçuluğu iş sarıdan, bir də insanlarla təmasdan qaçmağısıyla bağlıydı. Həsənağa anasını aldadıb, telefonunun xarab olduğunu, ona görə də əlaqə saxlaya bilmədiyini uydurmuşdu. Salehlə, Süleymanla ancaq Vatsapla əlaqə saxlayırdı. Bəzən onlar səsli mesaj göndərsələr də o, yazılı cavab verirdi. İşdən çıxmağına da əlli don geyindirmişdi, günahı rəhbərliyin üstə yıxmışdı, guya iş yükü çox ağır olduğuna görə bu addımı atmışdı. Təbii ki, Salehin qəfil peyda olacağından da ehtiyat edirdi. Amma düz deyirlər ki, qorxan gözə çöp düşər... Bir gün gördü kandardadı, onu çağırır... Özünü yuxuluğa vurdu. O, bir iki dəfə də çağırandan sonra getdi. Dərindən nəfəs aldı. Düşündü ki, yox, belə davam edə bilməz. Nəsə bu işə bir çarə qılmaq lazımdır. Darıxdı, özü də çox pis. Qəfil içindən bir hayqırtı qopdu: “İlahi, mənə qaranquşun səsini vermisən, qanadını da ver, uçum çıxım gedim!.. Ta dözə bilmirəm...”

Doğrudan da dözə bilmirdi. Həsənağa kartına yenə xeyli pul yükləmişdi. Utanıb ölürdü...

Səsinin qaranquş balalarını cuşa gətirən səhərlərin birində içində Pəriylə “deyişə-deyişə” maşını işə salıb çıxdı həyətdən. Köhnə Kubinka tərəfdə balaca bir qutabxana vardı. Orada elə bilirdilər ki, o, laldır, çünki özünü elə göstərmişdi. Demək olar, hər gün ora baş çəkirdi, əlinin işarəsilə ya qutab, ya da çay sifariş verib otururdu, beləcə, gözdən-könüldən uzaqda vaxtını öldürürdü, sadəcə. İndi də o sevimli yerinə gedib səhər naharı etmək istədi. Amma dediyi kimi içində Pəriylə möhkəmcə “tutaşıb qırğına çıxmışdı”. Bir də ayıldı ki, Maştağadadır – Psixatriya Xəstəxanasının yanında. “Mənim burda nə işim var axı?..” Dərindən köksünü ötürüb, tez də özünə təpindi: “Necə yəni nə işim var? Pərini görmək istəmirsən? Lap uzaqdan da olsa, bəlkə görəcəksən, niyə narahatsan...” Maşından düşüb bir qədər gəzib dolaşmaq istədi. İnternetdə maraqlanıb öyrənmişdi ki, buradakı otuz dörd şöbədən altısında qadınlar olur və ruhi xəstələr daim diqqət mərkəzində saxlanır, mükəmməl müalicə alırlar. “Kaş tezliklə sağalaydın, Pəri. Onda mən də bilərdim neyləyəcəyimi. Başıma bir çarə qılardım...”

Bir qədər gəzişdi. Girişdə xeyli adam toplaşmışdı. Deyəsən, bu gün xəstələrlə görüş günüydü. Təbii ki, hamısıyla yox, ruhi vəziyyəti yüngül olanlarla. Aralıdan durub xeyli tamaşa etdi. Təxminən onula yaşıd olan bir nəfərin xəstəylə necə görüşməyin yollarını mühafizəçidən soruşduğunu eşitdi, qulağını şəkləyib dinlədi. O, hər şeyi başa saldı. Əliboş olduğuna, bir də bura təsadüfən gəldiyinə görə, Pəriylə görüşü sonraya saxladı, ancaq özünə söz verdi ki, mütləq gələcək. Sonra da düşündü ki, “bəs gəlib nə deyəcəm? Cikkildəyəcəm? Hə, neyləyəcəm axı?” Qəhər onu boğsa da, mütləq gələcəyinə qərar verdi. “Pəriylə dil taparam... dil taparam, yəqin... O məni başa düşər. Ona hələ də necə bağlı olduğumu öz qaranquş səsimlə bildirib müjdələyərəm, qoy sevinsin...”

Başında, beynində bu fikirlər, ürəyində ağıla gəlməyən arzu-istəklər geri qayıtdı.

* * *

Nə yaxşı ki atasından bu maşın qalıbmış... Artıq neçə vaxt idi ki, şəhərdə taksavatlıq eləyirdi. Maşında tək olanda öz-özüylə bərkdən-bərkdən “danışırdı”, cikkiltisi içərini götürürdü başına. Müştəri minəndə isə, özünü lallığa vurur, bir kəlmə də kəsmirdi, gedib-getməməsilə bağlı başını, əlini yelləməklə cavab verirdi. Evə gecə yarısı gəlib, səhər alatordan çıxırdı. Belə edirdi ki, Narınc nənə rastına çıxmasın. O, ancaq kirayə pulunu verəndən-verənə görürdü Simranı. Deyəsən o da başa düşürdü ki, bu adam dərdilə bağlı sorğu-suala tutulmağını istəmir, ona görə də salam-kəlamdan başqa heç nə demirdi.

Qaranquşlar böyümüşdü. Bəzən təsadüfən gündüz evə gələndə elektrik naqillərində onların necə cərgəylə oturduğunu seyr edirdi, sağına-soluna baxıb heç kimin olmadığını görəndən sonra o cubbulu balalara sarı cikkildəyib onları salamlayırdı. Onlar da səsinə səs verib civildəşirdi... və Simran onların bu səsini çox sevirdi...

Bir gün, axşamüstü Binəqədi yoluna çıxıb evə qayıtmaq istəyirdi, köhnə kişilər kimi pencəyini qolunun üstünə atmış, əli portfelli, boynu qalustuklu orta yaşlı bir kişi işarə eləyib maşınını saxlatdırdı.

– Zuğulbaya apararsınızmı? – soruşdu.

Əliylə işarə etdi ki, “əyləşin”. Müştəri oturdu. Portfelindən bir kitab çıxarıb vərəqlədi, sonra gözlüyünü taxıb mütaliə etməyə başladı. Bir qədər beləcə getmişdilər ki, qəfil qarşılarında iki aftoxuliqan peyda olub “avtoşluq” etdilər, az qaldılar Simranın maşınını vursunlar. O, özündən ixtiyarsız qışqırıb ağzına gələni dedi, hələ bir söyüş də söydü. Amma... təbii ki, dediklərini özündən ixtiyarsız “qaranquş dilində” yağdırdı! Necə cikkildədisə, onu bir Allah bilir. Bir də gördü, müştəri gözlüyünü çıxardıb üzünə dəhşətli dərəcədə marıdır.

– Bir dəqiqə... bir dəqiqə... Verin yolun qırağına, zəhmət olmasa. Verin yolun qırağına... Saxlayın bir dəqiqəlik...

Simran maşını saxladı. Müştərinin üzünə baxdı. Heyrət içindəydi. Gözləri bərələ qalmışdı. Əlindəki kitabı örtüb titrəyirdi.

Simran nə deyəcəyini bilmədi. Əslində, dediyini demişdi artıq. Necə deyərlər, sirrini faş eləmişdi. Ürəyindən keçdi ki, “əşi, noolsun? bu kim, mən kim? İindi düşüb gedəcək, hər şey də beləcə yetəcək sona”.

– Siz... siz... siz quş dili bilirsiniz?..

Simran üzünə saxta bir təbəssüm qondurub başını yırğaladı ki, “yox”.

Müştəri heyrət dolu gözlərini onun üzündən çəkmədən, gülümsəməyə çalışdı:

– Bəs... bəs... savadınız var?

O, başını yelləyib təsdiqqlədi ki, “hə”.

Sevindi. Portfelini eşələməyə başladı:

– Onda... onda gəlin sizə bir kitab bağışlayım... Türkiyədən almışam. Buralarda tapılan şey deyil. Mütləq oxuyarsınız... İnanın... inanın... siz bəlkə də Allahın yer üzünə göndərdiyi nadir insanlardansınız...

Simranın saxta təbəssümü yavaş-yavaş gerçəyə çevrildi. Heç nə demədən gözlədi ki, görsün, o nə kitabdır elə. Amma deyəsən, tapa bilmədi. Məyus-məyus üzünə baxdı:

– Evdə qalıb yəqin. Eybi yox... eybi yox... İndi gedərik, verərəm sizə, mütləq oxuyarsınız. – Ardınca da az qala pıçıltıyla dedi: – Heç bilirsiniz nə kitabıdır?

Simran çiyinlərini çəkdi ki, “yox”. Müştəri isə əlini onun çiyninə qoydu:

Əlişir Nəvainin "Lisanut-teyr", yəni, "Quş dili" kitabıdır… Üç min altı yüz iki beytdir! Nəhəng əsərdir! Eynən sizin halınızı yazıb…

Yola düşüb getdilər. Müştəri mənzil başına yetişənə qədər xeyli həmin kitab haqda danışdı, özünün də filoloq olduğunu bildirdi. Fikir Simranı götürmüşdü, əlli cür şey keçirdi ağlından, amma onun dedikləri başına batmırdı, çünki tamam ayrı-ayrı mərtəbənin adamlarıydılar.

Əlqərəz, ünvana çatdılar. Filoloq Simranı evə dəvət elədi. O isə əvvəlcə, düşmək istəmədi. Sonra, “Nə olacaq olacaq!” düşüncəsinə boyun əydi.

Bura kiçik bir bağ eviydi. Amma həyəti geniş idi, həm də yaxşı bir üzüm çardağı vardı. “Qonaq” evə girmək istəməsə də, o, israr etdi. O da razılaşınca özlüyündə qərara aldı ki, neyləsə də ağzını açıb qətiyyən cikkildəməyəcək. Düşündü ki, “istəsə, başa salaram, telefon nömrəsini verər, Vatsapda yazışıb söhbətləşərik. Bu, çətin deyil”.

Balaca bir otağa girdilər. Hər tərəf qalaq-qalaq kitab idi. Ev yiyəsi əlini atıb masadakı kitablardan birini Simrana uzatdı:

– Buyurun. Burada on iki quşdan bəhs edilir. – Sonra da bir az tərəddüd edib: – Əslində on dörd quşdan, – dedi. – Ancaq qaranquşun adı bu siyahıda yoxdur. Sizinsə səsiniz daha çox həyəcanlı qaranquş səsinə oxşayırdı... Dəhşət idi!.. Bəs nə vaxtdan beləsiniz?

Simran onunla telefonda yazışa biləcəyini başa saldı, razılaşdı. Çox qəribədir, nədənsə ürəyi bu insana qızdı, bütün başına gələnləri ona yazdı. O isə, heyrət içində oxuyub, fikrini şifahi bildirirdi. Sonda:

– Səninki Eşqdir... İlahi bir Eşq... – dedi.

O, filoloqun üzünə baxdı, çiyinlərini çəkib gülümsündü, getmək istədiyinə işarə etdi. O da yaxınlaşıb böyük qardaş kimi əlini çiyninə qoydu:

– Hər şey yaxşı olacaq... Mütləq yaxşı olacaq. Kitabı da oxuyarsınız. Məsləhətdi. Hə, yeri gəlmişkən adım da Sahildir.

– Mən də Sançoyam, – yazdı. Tez də səhvimi düzəltdi – Bağışlayın, Simranam.

Filoloq güldü:

– Elə Sanço da pis deyil... Yaxşı yol. – dedi.

Eşiyə çıxdıqda küçədən keçən elektrik naqillərinə qaranquşlar qonduğu Simranın gözündən qaçmadı. Filoloq onu ötürməyə çıxdığı üçün, quşları bərkdən salamlamağa utandı, ürəyində: “salam olsun!” dedi. Çox qəribədir ki, onlar cavab verirmiş kimi, aşkara, ucadan cikkildəşdilər...

O gün işləməyib evə qayıtdı. Amma heç kitaba da yaxın dura bilmədi. Açığı qiraətə münasibətdə, təəssüf ki, rəhmətlik atasına oxşamamışdı. O, dəhşət qiraətçi idi, oğluna Sanço ayamasını da oxuduğu bir kitabdan qoymuşdu. Simran heç indi də bilmirdi ki, atası hansı əsərdən qoşub adının qırağına bu ayamanı.

Bir az dincəlib, çörək, kolbasa və çaxır almaqdan ötrü məhlədəki ərzaq mağazasına getdi. Satıcı “qədeşi” birinci dəfəydi “məsti-xumar” görürdü, yaxşıca “vurmuşdu” deyəsən. Həmişəki kimi, alacaqları şeyləri göstərdi, o da verdi. Getmək istəyirdi ki, qəfil satıcı onu saxladı:

– Bəri bax, qərdeşim, bir dəfə çörək alanda o nə idi elə cik-cik, cük-cük elədin? Məzələnirdin?

Simran başını yellədi ki, “yox”.

Satıcı xumar gözlərini süzdürdü:

– Dəhşət cikkildəyirdin ee, mən ölüm. Bir dənə də eləyə bilərsən?

Simran elə bildi cədd-abasına, əbəjdadına, ənkə-böyüyünə söydülər... Dişini dişinə sıxıb, özünü güclə saxladı, cavab vermədi. Tələsik eşiyə çıxıb evə sarı yola düşdü. Satıcı “qədeş” arxasınca yenə nəsə dedi:

– Alə, qərdeş...

Axşamacan çaxırını içə-içə ancaq o səhnəni düşündü. Bir də o mağazadan alver etməmək qərarına gəldi. Gecə filoloq yazdı ki, “kitabı oxumağa başlamısan?” Canını dişimə tutub, “nə zibilə düşmüşəm ee...” fikirləşdi və “yox” yazdı. Kefli də olsa, dəqiq qərara gəldi ki, heç kim ona həyan ola bilməz, mütləq Pərinin yanına getməlidir, başqa əlac yoxdur... “Onunla təkcə qaranquş dilində yox ee, lap qarışqa dilində də danışıb anlaşa bilərəm”, – düşündü.

Əli hər yerdən üzülüb, yerdən-göydən imdad dilədiyi bir vaxtda, çoxdandır üzünü görmədiyi dostu Kamil qəfil düşdü yadına. “Kaş yanımda olaydı, məsləhətlər verəydi...” – fikirləşdi. Sonra da düşündü ki, “əşi, o bu durumumda mənə nə məsləhət verəcək axı? Yəqin ki, öyüd-nəsihətdən başqa heç nə döşəməyəcək cəmdəyimə... Üstəlik də ki, qaranquş kimi cikkildədiyimi görüb ağlı çönəcək. Allah bilir öz fəlsəfi dünyasına qapılıb, anlamadığım şeylərdən danışaraq nə qiyamət qoparacaq. Yaxşısı budur, qəti qərarımı verim. Onsuz da əlini loto kisəsinə soxub qarşısında qalaqlanmış pullardan gözünü çəkməyən bir qumarbaz kimiyəm indi: “ya bəxt!” deyib, daşları qarışdıran, istədiyini qismət eləməyi taleyindən uman, udmaqdan ötrü ağlı, ruhu sərgərdan olan bir qumarbaz kimi. Necə deyərlər, bax o cür mən də əlimi salmışam bəxtin, taleyin kisəsinə Pərini diləyirəm Rəbbimdən, başqa heç nə. Çünki bircə çıxış yolum var, ancaq və ancaq: “nə olacaq olacaq!” – deyib özümü ona yetirmək, vəssalam...”

Ardı var...

# 3787 dəfə oxunub

Müəllifin son yazıları

# # #