O gün olsun, yenidən AYB-yə sədr seçilsin – Yazıçılar Anarı belə təbrik etdilər

O gün olsun, yenidən AYB-yə sədr seçilsin – Yazıçılar Anarı belə təbrik etdilər
14 mart 2023
# 12:00

Bu gün Xalq yazıçısı Anarın 85 yaşı tamam olur. Kulis.az bu münasibətlə ona ünvanlanmış doğum günü təbriklərini təqdim edir.

Əkrəm Əylisli

Uzun ömür, can sağlığı arzu edirəm.

Xalq şairi Ramiz Rövşən

Əziz dostum Anarı yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm. Anarın 60-cı illərdən bəri yazdığı irili-xırdalı əsərlərin bədii qiyməti bu gün də azalmır. Bu gün 85 yaşın ucalığından baxanda, onun bir yazıçı kimi həcmi də adamı heyrətləndirir. Özü də son illər Anarın yaşının müdriklik dövrü onun yaradıcılığının ən məhsuldar dövrüdür. Əziz dostuma can sağlığı, bundan sonra da yazıb-yaratmağı arzu edirəm. Çünki yazıçıdan geridə qalan, onu yaşadan yazdıqlarıdır. Ana dilimiz yaşadıqca Anarın yazdığı əsərlərin yaşayacağına və öz müəllifini də yaşadacağına əminəm. Dostumdan yeni əsərlər gözləyirəm.

Xalq yazıçısı Kamal Abdulla

Anar müəllimi ad günü münasibəti ilə təbrik edirəm. Onun Azərbaycan ədəbiyyatına xidməti əvəzedilməzdir. Başqa ölkələrdə Anarın Üzeyir bəyə həsr etdiyi filmin əsasında Azərbaycan mədəniyyəti ilə bağlı dərs keçirlər. Mən özüm Strasburq universitetində belə bir dərsdə müəllim kimi iştirak etmişəm. Anarın həm öz yaradıcılığı, həm də digər ədəbi və mədəni xadimlərlə bağlı tədqiqləri son dərəcə vacib ve faydalı işdir. Nəcib və alicənab fəaliyyətdir. Ona cansağlığı və könül xoşluğu arzulayıram.

Xalq yazıçısı Elçin

Uzun ömür, can sağlığı arzu edirəm.

Xalq şairi Sabir Rüstəmxanlı

Anarın 85 yaşı olur. Uzun və məhsuldar ömür yaşayır. Maşallah, sağlamlığı yerindədir. AYB kimi mürəkkəb bir yerə başçılıq edir. Yazıb-yaradır, hər il yeni kitabları çap olunur. Həm də bu kitablar məzmununa görə bizim təkcə ədəbi həyatımıza yox, eyni zamanda ölkənin həyatına işıq salan kitablardır. Yaxın və uzaq tariximizi araşdıran, bir çox insanların taleyinə işiq salan, onları xalqa tanıdan, xatirələrlə sənədlərin birgəliyindən yaranan əsərlərdir. Azərbaycanın ədəbiyyatının üzdə olan simaları ilə bağlı çap etdirdiyi kitab var ki, burada tanıdığımız yazıçılara bağlı portretlər, oçerklər var. Bir sözlə, qələmi də, ürəyi də yorulmayıb. İşləyir, çalışır. Allah can sağlığı versin. Mən Anar haqqında bir neçə məqalə yazmışam. Hər halda, Anar ədəbiyyatımızda bir dövrdür, epoxadır. Can sağlığı arzu edirəm, ürəyində yaradıcılığı və millətimizlə bağlı nə arzusu varsa, həyata keçsin.

Mirmehdi Ağaoğlu

Uzun ömür, can sağlığı arzu edirəm, gün o gün olsun ki, yenidən AYB-yə sədr seçilsin.

Rasim Qaraca

Bu gün belə bir yuxu gördüm. Gördüm ki, böyük bir burulğanın içərisindəyəm, görünməz, dibsiz bir boşluğa düşməyimə lap az qalıb. Tutunmağa, xilas olmağa bir yol axtarıram. Bu zaman suya əyilmiş böyük bir ağacın budaqlarından tutmağa çalışıram və bunu bacardığıma sevinirəm. Artıq xilas olmağıma ümid yaranıb. Lakin bir az keçəndən sonra burulğan daha da güclənir və mən tutduğum ağacı da kökündən qopartmaq üzrədir. Amma yenə də bir ümid var. Nəhəng ağacın başqa budaqları yaxınlıqdakı körpünün beton bloklarına və armaturlarına sarılıb, asanlıqla qopana bənzəmir. Demək burulğan məni udmayacaq, buna ümid edirəm. Heyhat! Bir də baxıram ki, burulğanın dairəsi körpünün özünü yerindən oynamağa başlayır. Körpü yerindən qoparsa, artıq hər şey bitəcək. Lakin! Hələ də ümidsiz deyiləm. Körpü çox uzundur və böyük bir şəhərin ətrafına dolanıb. Tamamən qopması üçün şəhərin yerindən oynaması lazımdır. Lakin və lakin. Bir də baxıram ki şəhər də yerindən oynamağa başlayır. Bunu uzaqdakı evlərin ləngər vurmasından anlayıram. Əbədiyyət anlamsızdır. Bunu başa düşürəm və ağacın budağını buraxıram... Bu pritça mənim təbrikim olsun.

Aqşin Yenisey

Sadəcə uzun ömür, can sağlığı arzulayıram!

Qismət

Anar müəllimin yaradıcılığı ilə 1988-ci ildə çıxan boz üzlü, iki cildlik seçilmiş əsərləri vasitəsilə tanış olmuşam, babamın kitabxanasında vardı. Həmin kitabın birinci cildində görkəmli ədəbiyyatşünas, tənqidçi mərhum Yaşar Qarayevin "Ağ limandan başlanan yol" adlı gözəl bir ön sözü var, sonralar öz nəsildaşlarımla söhbətləşəndə təəccüblə gördüm ki, əksəriyyət həmin ön sözdən ya xəbərsizdir, ya da üstündən keçib. Onlayn versiyasını da tapmadım ki, yenidən çap edim. O yazıda Yaşar Qarayev Anarın yaradıcılığından qızıl xətt kimi keçən, əsərlərin adlarında (“Dantenin yubileyi”, “Ötən ilin son gecəsi”, “Macal”, “Molla Nəsrəddin-66” və s.), onların daxili metaforik dünyasında belə özünü qabarıq şəkildə göstərən zaman məsələsinə xüsusi toxunur. İndiyəcən yadımdadır, hətta yazır ki, Anar “Gürcü familiyası” hekayəsində sevgilinin saçlarını belə zamanla bağlı metafora ilə - şəbi-yelda - günün ən uzun gecəsi ilə müqayisə edir. Anar müəllimin mənim üçün bu gün də aktuallığını və dərinliyini qoruyan əsəri "Macal"dır. Bu günün günü-gündən texnogenləşən sürət əsrində saysız-hesabsız ünsiyyət proqramları, sosial şəbəkələr, virtual tanışlıq platformaları yaranır, ancaq bunun fonunda insanın özünə, öz daxili dünyasına, həqiqi ünsiyyətə olan aclığı doymur, onun həqiqi heç nəyə vaxtı, macalı qalmır – “Macal” bu dediklərimdən də dərin suallar qoyan əsərdir. Məncə, “Macal” əsərini sürət əsrinin gözü ilə təhlilə çəkən bir ön sözün müşayiəti ilə yenidən, ayrıca kitab şəklində çap etmək lazımdır. Anar müəllimin 85 yaşını təbrik edirəm! Can sağlığı!

İlqar Fəhmi

Mən Anar müəllimə uzun ömür, cansağlığı və ruh rahatlığı arzu edirəm. Ağsaqqallıq böyüklük mənəvi dəyərdi. Sadəcə bir ailə, bir nəsil yox, bir xalq miqyasında...

Bu dəyərin qədrini bilməliyik. Diləyim budur ki, həm ədəbiyyatımızın, həm də ailəsinin, nəvə-nəticələrinin başı üstdən əskik olmasın, hələ uzun illər hamıya böyüklük, ağsaqqallıq eləsin.

Günel Mövlüd

Mənim Anara heç bir sözüm yoxdur.

Rəşad Məcid

Can sağlığı arzu edirəm.

Nəgiz Cabbarlı

Anar Azərbaycan ədəbiyyatında şəksiz, şübhəsiz yeri olan bir yazıçıdır. Və bu yer yalnız nəsr əsərləri ilə, ssenarilərlə, dəyərli publisistik mətnlərlə qazanılmayıb. Eyni zamanda da vətənsevərliklə, xalqsevərliklə, vətən və dövlət təəssübkeşliyi ilə qazanılıb. Onun ədəbiyyatımız, sözümüz, milli, mənəvi sərvətlərimiz, maddi və qeyri-maddi abidələrimiz naminə etdikləri və etmək istədikləri bir ömrə sığışmayacaq qədər çoxdur. Bütün bunlara görə yazıçı Anara, vətəndaş Anara, ilk növbədə, təşəkkür edirəm. Bir söz adamı kimi və bir vətəndaş kimi. Ona can sağlığı və Var olmasını arzulayıram. Həyata keçirmək istədiyi arzular, məqsədlər var. Onların reallaşmasını arzulayıram. Əminəm ki, onun əldə etdiyi zirvə hər zaman öz zirvəliyini qoruyub saxlayacaq. Çünki ona böyük bir ömür, böyük bir əmək, sevgi və əzm sərf edilib.

Fərid Hüseyn

Anar müəllimi təbrik edir, ona can sağlığı və xeyirli uzun ömür, ‘Macal’, “Əlaqə’, ‘Gecə düşüncələri’ kimi yeni-yeni əsərlər yazmasını arzulayıram.

Günel Anarqızı

Atama bu yaşında ancaq can sağlığı arzu edə bilərəm. Çünki həyatda mümkün olduğu qədər xalqına xeyir gətirən əsərlər yazan dəyərli şəxslərdəndir. Azərbaycanın ən öndə gedən adamlarındandır. Uğurlarına nailiyyətlərinə baxmayaraq hər zaman sadə, təvazökar, insanlara kömək etməyə hazır olan adamdır. Arzu edirəm ki, daim belə sağlam, enerjili və aktiv olsun. Bir ailə üzvü kimi həmişə onun bundan sonra da başımızın üstündə durmasını istərdim. Anar müəllim təkcə mənim valideynim deyil bir çoxlarının mənəvi atasıdır. İstərdim ki, bu, uzun illər boyu da belə davam etsin.

Pərvin

Anar müəllim “Gecə düşüncələri”ndə yazır - Arzuladığım gələcəyə inamım onunla bağlıdır ki, bir vaxt yazdığım, diqqət çəkmək istədiyim çox məsələlər elə bizim zamanda həllini tapıb. Məncə, bu arzuların zirvə məqamı Qarabağın, Şuşanın azadlığı oldu. Bütün bu illərdə Anar və onun qəhrəmanları bir an da unutmadılar Qarabağı və onun azadlığı yazıçının həyatında da, yaradıcılığında da böyük hadisədir. Bütöv xalqın qələbəsidir! Ona görə, məncə, Anar müəllim bu yaşında qalib xalqın xoşbəxt sənətkarıdır! Ustadıma arzu edirəm ki, çox yaşasın, sağlam yaşasın və yazmaq istədiyi bütün əsərlərini qələmə alsın!

Ramil Əhməd

O, bizim ən milli, eyni zamanda ən ümumbəşəri yazıçımızdır. Onda türkçülük də var, Şərq də, Qərb də. Azərbaycan ədəbiyyatının XX əsrdə Qərb ədəbi ənənələri ilə sintezində ən böyük xidmətləri olanlardan yazıçılardandır. Yazıçını başqa adamlardan fərqləndirən vacib cəhətlərdən biri, məncə, yaddaşdır. Bəzən nasir öz həyatının neçə il arxada qalmış ən xırda nüanslarını belə yazıya alır və onu mikroskopik dəqiqliklə yazıya gətirir. Bu, istedaddır. Əgər yazıçı sadəcə istedadlı yox, həm də intellektualdırsa, təkcə fərdi yox, milli bədii yaddaşı da öz əsərlərində yenidən canlandırır – şübhəsiz ki, müasir formatda. Anar müəllimin əsərlərində bu cəhətlərin hər ikisi var – həm fərdi, həm də milli yaddaş. Azərbaycan mədəniyyətinin zənginləşməsi istiqamətində onun gördüyü işlər əvəzsizdir. Son on ildə onunla etdiyimiz söhbətlər, birlikdə olduğumuz səfərlər yaddaşımda işıqlı xatirə kimi yaşamaqdadır. Yeni yaşında ustada möhkəm can sağlığı arzulayıram.

# 3027 dəfə oxunub

Müəllifin son yazıları

# # #