Narkotik maddə satan müəllim, şalvarına şeir yazan şair

Narkotik maddə satan müəllim, şalvarına şeir yazan şair
5 noyabr 2021
# 14:10

Kulis.az Furqanın Birinciliyi bəyaza verdilər” yazısını təqdim edirlər.

İyirminci əsrin və ondan öncəki əsrlərin adamlarından çoxlu fərqlərimiz var. Həmin fərqlərdən biri də informasiya bolluğunda olmağımızdı. Faydalı, faydasız informasiyalarla yüklənmiş insanlarıq. Əlimizin altında minlərlə, milyonlarla informasiya var və hər hansısa bir informasiyanı əldə etmək üçün heç bir əziyyətə qatlanmağa ehtiyac yoxdur. Yaşasın internet!

Aldığımız məlumatlar, oxuduğumuz xəbərlər əhvalımıza anındaca təsir etmək iqtidarına malikdir! Məsələn, bu xəbər kimi:

“Orta məktəb müəllimi narkotik maddə satarkən saxlanıldı”.

Bəyaz ölüm saçan müəllim təsəvvür edirsinizmi?

***

“Bəyaz” dedim, nə yadıma düşdü?!

Türkiyənin və bütün türk dünyasının böyük şairi, iztirablar adamı Nazim Hikmət, deyilənlərə görə, ağ şalvar geyinməyi çox sevirmiş. Bunun səbəbi isə çox maraqlıdır:

Sən demə, şair bəzən kağız tapmayanda şalvarının üstünə şeir yazırmış...

***

Alman kimyaçısı Henrix Brand qızıl əldə etmək məqsədilə müxtəlif təcrübələr aparır və təcrübələrindən birində də sidikdən, qumdan, kömürdən istifadə edir. Yüksək temperaturda aparılan reaksiyanın sonunda Brand həqiqətən də parlaq bir maddə əldə edir və həmin maddəni uzun müddət baha qiymətə satmağı bacarır. Lakin sonradan məlum olur ki, bu maddə qızıl yox, parlayan ağ fosfor imiş...

***

Türk dünyasının böyük şairi haqqında danışdım, bəs yazıçısı haqqında danışmayım?

“Gün var əsrə bərabər”, “Əlvida, Gülsarı”, “Dəniz kənarıyla qaçan Alabaş”, “Qırmızı yaylıqlı qovağım mənim” kimi gözəl əsərlər müəllifi Çingiz Aytmatov “Ağ gəmi” əsərini kimdən təsirlənərək yazıb, heç bilirsiniz?

Muğannadan...

Hə, hə! Bizim İsa Hüseynovun “Teleqram” əsərindən təsirlənərək qələmə alıb.

***

İndi deyəcəksiniz ki, bir-biri ilə əlaqəsi olmayan bu abzasları niyə oxuduq?

Əslində, elə xüsusi bir izah verə bilməyəcəm. İstədim ki, bəyaz rənglə bağlı bildiyim maraqlı məlumatları sizə verim.

Ömrünüzün, yaşamınızın rəngarəng olmağını istəyirsinizsə “bəyaz”ı sevin. Çünki bütün rənglər bəyazdan yaranır.

***

Qayıdıram başa. Yəni bəyaz ölüm saçan müəllim məsələsinə.

Əziz oxucular! Siz də gözəl bilirsiniz ki, gələcəyimiz gəncliyimizlə bağlıdır. İndi necə gənclik yetişdirəcəyiksə, gələcəyimiz də elə olacaq.

Parlaq gələcək görmək istəyirsinizsə par-par parlayan gənclər yetişdirməyiniz lazımdır.

Kitab oxuyan, düşünməyi sevən, keçmişinə hörmət edən gənclik!

Özdemir Asafın “Jüri” adlı kiçik bir şeirdə dediyi kimi:

tüm renkler aynı hızla kirleniyordu,

birinciliği beyaza verdiler...

Çalışın, bəyazlar kirlənməsin...

P.S. Elçinin “Ağ dəvə” romanını da oxumağa dəyər, bu arada...

# 6556 dəfə oxunub

Müəllifin son yazıları

# # #