“Homoseksuallıq, mazoxistlik, sadistlik əxlaqsızlıq deyil" - Faina Ranevskaya

“Homoseksuallıq, mazoxistlik, sadistlik əxlaqsızlıq deyil" - Faina Ranevskaya
19 iyul 2023
# 21:00

Bu gün görkəmli rus aktrisası Faina Ranevskayanın anım günüdür.

Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Sənət uğrunda ailəni tərk etmək…

Faina Ranevskaya 1896-cı il avqustun 27-də Rostov vilayətinin Taqanroq şəhərində yəhudi ailəsində anadan olub.

Sakit mehriban ailəsi olsa da o, öz uşaqlığını heç vaxt sevinclə xatırlamır: “Kədərli, tənha uşaqlığım...”

O, hamıdan qaçır, heç kimlə yaxınlıq etmir, dərslərini oxumurdu. Ancaq fərdi musiqi və xarici dil dərslərini səylə mənimsəyirdi. Faina ilk dəfə 1913-cü ildə Moskva Bədii Teatrının səhnəsində Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış tamaşaya baxır. Həmin tamaşadan sonra teatra vurulur. Sonralar “Albalı bağı” pyesinin qəhrəmanının soyadını özünə təxəllüs götürür.

Atası onun aktrisalığa marağından xəbər tutan kimi ailədə güclü mübahisə yaranır. Faina şəhəri tərk etməli olur. 1915-ci ildə Moskvaya yola düşür. Lakin böyük ümidlərlə üz tutduğu Moskvada heç bir teatr məktəbi onu qəbul etmir. Məcburiyyətdən özəl məktəbə daxil olur.

Peşəkar səhnə uğurları

Bir müddət sonra aktrisa Yekaterina Qelser ilə tanış olur. Qelserin məsləhəti ilə Moskva yaxınlığında yerləşən Malaxov adına yay teatrına yazılır. Olqa Sadovskaya, Pevsov kimi aktyorlarla birgə çalışır.

Moskvadakı vətəndaş müharibəsi, ailəsinin xarici ölkəyə mühacirəti...

Ona dramaturq Maks Voloşin köməklik edir. Teatr aktyorları truppasına üzv yazılan Faina rejissor Pavel Rudinin hazırladığı “Roman” tamaşasında Marqarita Kavalina obrazını çox ustalıqla ifa edir. Ardınca “Sonuncu qurban”, “Canlı meyit”, “Müfəttiş”, “Fırtına” kimi tamaşalarda aparıcı rolları ifa edir.

1925-ci ildə Moskva Xalq Teatrına qəbul olunur.

Romen Rollanın və Teodor Drayzerin diqqət mərkəzində

Aktrisa ilk dəfə 1934-cü ildə rejissor Mixail Rommun “Toppuş” filminə çəkilir. Həmin ərəfədə Moskvada səfərdə olan yazıçı Romen Rollan Ranevskayanın ifasını bəyənir, filmin Fransada göstərilməsi üçün xahiş edir. Film fransız tamaşaçıları tərəfindən də yaxşı qarşılanır.

“Toppuş”dakı uğurundan sonra Faina filmlərdən imtina edir: "Çox yorucu işdir."

Ancaq üç ildən sonra rejissor İqor Savçenkonun filminə çəkilməyə razılıq verir. Kino onu ələ almağı bacarır. Ard-arda gələn film təkliflərinin heç birinə yox demir. 1940-cı ildə yenidən Mixail Rommun “Arzu” filminə çəkilir. Həmin film aktrisanın kinokaryerasında çox önəmli yer tutur: “Bütün həyatım boyu mən o cür sevinc yaşamamışam. Nə teatrda, nə kinoda. Mixail Romm ilə mənim həmin filmdəki işim unudulmazdı. Mən Mixail müəllimdən aktyora necə davranmağın, insana yanaşmanın, xeyirxahlığın, əsl müəllim sənətinin sirrlərini öyrənmişəm. Məni “Azru” filminə dəvət etdiyi üçün ona əbədi minnətdaram.”

Həmin filmi izləyən yazıçı Teodor Drayzer aktrisanın ifasını çox yüksək qiymətləndirib.

Böyük vətən müharibəsi başlandıqdan sonra o, bir müddət Daşkənd şəhərinə evakuasiya olunur. Lakin 1943-cü ildə yenidən Moskvaya qayıdır və Mayakovski adına Dram Teatrına qəbul olunur.


1947-ci ildə “Bahar”, “Küllücə” filmlərinə çəkilir. “Küllücə” filmindəki ögey ana obrazı kinotənqidçilər tərəfindən onun ən yaxşı komik rolu hesab olunur.

Həyatı boyu heç kimlə ailə həyatı qurmayıb:

- Kimisə sevmisinizmi?

- Uzaq keçmişdə cavan və yaraşıqlı bir aktyoru sevirdim. Bir axşam o, qonaq gələcəyini dedi. Həmin gün çox əziyyət çəkdim, qəşəng süfrə hazırladım, ancaq sevdiyim içkili, üstəlik, bir qızla gəldi... Həmin gündən sonra kişilərə nifrət edirəm, onlar alçaq və sürünəndirlər.”

Aktrisanın son filmi “Bu gün yeni attraksion” filmidir. 60-cı illərin ortalarından etibarən birdəfəlik teatra qayıdır. Yaşlandıqca mürəkkəb xarakterli Ranevskayanın xasiyyəti daha da kobudlaşır, hamı ondan qaçır.

Bir dəfə aktrisa İya Saavina zəng vurub üzrxahlıq edir: “Əzizim, mən çox tənhayam. Dostlarımın hamısı ölüb. Mənim bütün həyatım işdən ibarətdir. Sizin paxıllığınızı çəkirəm. Bu ərköyünlük ya özündən razılıq deyil. Mən çox çətinliklə işləyirəm, qızım. Qorxu həmişə məni izləyir. Qorxularımın səbəbini izah edə bilmirəm.”

Ölümündən bir il əvvəl sənətdən imtina edir: "Özümü yaşlanmış əşya kimi hiss edirəm. Bütün sümüklərim ağrıyır. Çox yorulmuşam, çox. Heç bir teatrda rahatlıq tapmadım. Səksən yeddi il! Mən axı Aleksandra Yabloçkina deyiləm ki, yüz il səhnədə olum. Yox, artıq səhnəyə çıxmayacağam..."

Fanevskaya həm də məşhur sitatların müəllifidir:

“Təklik - evdə telefon ola-ola, saatın zəng çalır.”

“Homoseksuallıq, mazoxistlik, sadistlik əxlaqsızlıq deyil. Əxlaqsızlıq buz üzərində balet, ot üzərində xokkey oynamaqdır.”

“Əgər gördüyün yuxunu kiməsə danışa bilirsənsə, deməli, tək deyilsən“

Sətəlcəm, infarkt... Faina Ranevskaya 19 iyul 1984-cü ildə dünyasını dəyişir.

Samirə Əşrəf

# 5289 dəfə oxunub

Müəllifin son yazıları

# # #