Gülçöhrə xanım və Əsgər ağa - Kamal Abdullanın telefilmi

Kamal Abdulla

Kamal Abdulla

22 mart 2023
# 15:00

Kulis.az Kamal Abdullanın "Gülçöhrə xanım və Əsgər ağa" telefilm ssenarisini təqdim edir.

1-ci şəkil

Musiqi. Telefilmin titrləri:

1-ci şəklə aid titr: Miladi tarixlə 1919-cu il. Nəhayət, iki sevgili xeyli macəradan sonra bir-birinə qovuşdu. Böyük düyün oldu, şadyanalıq hər tərəfi bürüdü. Əsgər ağanın əvvəlcə görüb sonra özünə yar tapmaq və evlənmək üsulu bütün Bakıda dillərə düşdü. Toydan bir il keçdi...

Əsgər ağanın mülkünə kənardan baxış. Kamera mülkün güllü-çiçəkli, hovuzlu həyətinə, oradan da açıq qapıdan keçərək mülkün içinə daxil olur. Mərmər pillələrlə yuxarı mərtəbəyə qalxmamışdan əvvəl birinci mərtəbədəki qonaq evinə “baş çəkir”, orada yerdən bardaş qurub oturmuş Məşədi Cabbar hövlnak başını qaldırıb kameraya baxır və sonra kamera qayıdıb yenidən pilləkənlərlə yuxarı mərtəbəyə tələsən Vəlinin arxasınca düşür, gəlib onun dalınca Əsgər ağanın kitabxana otağına girir. Titrlər bitir. Musiqi kəsir. Musiqi kəsiləndən və titrlər bitəndən sonra.

Kitabxanada Əsgər ağa sübh yeməyini elə indicə bitirib çay içməkdədir. O, fikirli halda pəncərədən çölə baxır. Pəncərənin altında küçədə balaca uşaqlar qışqırışa-qışqırışa “dava-dava” oynayırlar. Vəli tələsik daxil olur.

Əsgər ağa: (fikirli halda) - Nə var, nə oldu, Vəli, nə belə qaçaraq gəlmisən?

Vəli (müti bir duruşla qapı ağzındadır. O, tələsik danışır): - Ağa, iranlı Məşədi Cabbar gəlibdi. Aşağıda qonaq otağında oturub səni gözləyir. Deyir, Əsgər ağa ilə vacib söhbətim var.

Əsgər ağa: - A kişi, bir aydın şəkildə başa sal, görüm, nə deyirsən?! Kim gəlib?

Vəli (ucadan və aydın şəkildə): - Ağa! Məşədi Cabbar vardı ha, rəhmətlik atanın dostu, o gəlib. Məşədi Cabbar. İranlı!

Əsgər ağa bu sözləri eşitcək çayını yarımçıq qoydu, oturduğu yerdən dik qalxıb gəlib otaqdan çıxan yerdə qapı ağzında duran Vəlinin boynunun ardından zarafatla bir “şapalaq” vurur.

Əsgər ağa: - Sən bu uşaqları mənim pəncərəmin altından nə zaman qovacaqsan, Vəli ağa?! Səslərindən qulaq tutulur. Dava-dava oynamaq vaxtıdı?! O boyda cahan davası bitdi, hamı sülh bağladı, bunlara noldu?!

Vəli: - Bəli, ağa, baş üstə, ağa...

Kamera Məşədi Cabbarın üstündə. O, həsrətlə divardan asılmış şəklə - Əsgər ağanın atasının rəsminə baxır, əlinin dalı ilə göz yaşını silir. Əsgər ağa qonaq otağına daxil olur. Məşədi Cabbar onu görcək ayağa qalxmaq istəyir. Əsgər ağa buna imkan verməyib tez ona yaxınlaşır, həm qucaqlayır, həm də çiynindən basıb yerində otuzdurur.

Əsgər ağa: - Xoş gəldin, Məşədi, səfalar gətirdin. Otur, otur, heç rahatsız olma. Mən səninlə üzbəüz elə yerdən oturacağam.

Məşədi Cabbar: - Salam, əzizi–mən. Xoş gördük, xoş gördük, səni. Sən Allahın, keç sandalyada rahat otur. Sən ona alışmısan.

Əsgər ağa (yerdən oturaraq bardaş qura-qura): - Elə şey olarmı, Məşədi? Olmaz! Sən qətiyyən rahatsız olma (qapı ağzındakı Vəli tərəfə çönmədən). Ay uşaq! Çay, meyvə tədarük edin. Yemək hazırlayın!

Məşədi Cabbar: - Yox, yox, nuri-didəm. Çay içməyinə içərəm. Amma yeməyə qala bilməyəcəyəm. Hacı Nurinin dükanına gedəcəyəm. Ona Peterburqdan xeyli vacib bir xəbər gətirmişəm. Gecikdirə bilmənəm. Amma nə deyim?! Bəlkə də gecikdirmişəm, nə bilim, vallah?! Yeməyə məni məzur tut. Qalammanam.

Əsgər ağa: - Vəli, çay olsun. Nə təhər istərsən, Məşədi. Öz evindi. İstərsən qalarsan, istərsən gedərsən.

Vəli otaqdan çıxır. Qapının arxasında əlində məcməi Vəlinin arvadı, qulluqçu Telli durub. Vəli Tellinin əlindən çay məcməisini alıb içəri qayıdır. Çayı, mürəbbələri, qəndi Əskər ağanın və Məşədi Cabbarın önünə düzür. Sonra Məşədi Cabbara məhəbbət dolu bir nəzər salıb, sanki deyir: “məni unutma, ağa” və otaqdan çıxır. Əsgər ağa Məşədinin nəlbəkisinə mürəbbə qoya-qoya.

Əsgər ağa: - Yaxşı, Məşədi, sən hələ bir söylə görüm, necəsən, nə təhərsən? Nə zaman Rüsetdən qayıtdın? Biz sənin barəndə elə dünən idi, Süleymanla danışırdıq. O da niyaran qalmışdı.

Kadr dəyişir. Süleyman və Əsgər ağa oturublar üzbəüz.

Süleyman: - Əsgər, bəradər, bilmirsən, bizim bu Məşədi Rusetdən qayıtdı, qayıtmadı? Oralarda da vəziyyətin, sən demiş, “v”-sı düşüb, qalıb - əziyyəti?.

Əsgər ağa: - Vallah, bilmirəm. Bəlkə Hacı Nuri bilə. Onların şərikli işləri vardı. Qayıtmadı həlbət, qayıtsaydı, biz də bilərdik.

Süleyman: - Bir ay əvvəl gəlib keçməliydi İrana... Nooldu bu kişiyə? Mən çox narahatam.

Görüntülər əriyir. Yenə Əsgər ağa və Məşədi Cabbar – qonaq otağında.

Əsgər ağa: - Hə, sən axı bir ay əvvəl geri dönməli idin... Süleyman da ondan narahat idi.

Məşədi Cabbar: - Ağa Əsgər. İki gün olar ki, qatardan düşmüşəm. Bu iki günü də ancaq evdə yorğan-döşəkdəyəm. Yorğunluğum, qurban olum, canımdan çıxmır (çaydan içir). Bir zülm çəkdim mən, bir zülm çəkdim mən ki, gəlib bura yetişənəcən, Allah-Təala bu zülmü heç bir bəndəsinə bir daha göstərməz, inşəallah...

Əsgər ağa: - Sən Allah? Niyə bəs belə oldu? Bu ləngimənə sənin bəs səbəb nə oldu?

Məşədi Cabbar: - Ağa Əsgər. Onu heç sorma. Mən hələ, sən demişkən, bir ay əvvəl gəlib bura yetişəsiydim. Mən çoooxdan məmləkətdə olmalı idim (çaydan içir). İndi orada da bütün işlərim tökülüb qalıbdır. Allaha həmd olsun. Artıq buralardayam. Üç-dörd günə də ki, Arazı keçərəm, inşəallah. (Çay içir).

Əsgər ağa: - Yəni, Rüsetdə vəziyyət belə qəliz hala düşübdür?

Məşədi Cabbar: - Çox qəliz bir hala düşübdür. Çox qəliz bir hala düşübdür. Qayda yox, qanun yoxdu. Yollar pozulub, dağılıb, parovozlar işləmir... Allah, Allah...

Əsgər ağa: - Burada “Azərbaycan” qəzetində bəzi şeylər yazırdılar. Bəs biz də elə bilirdik ki, padşahdan sonra orda işlər düzəlməyə doğru gedir?!

Məşədi Cabbar: - Haşa, nuri-didəm, haşa. Əksinə! Əksinə!

Əskər ağa: - Mən vəziyyəti bu qədərinə pis bilmirdim. İşə bax bir...

Məşədi Cabbar: - Ağa Əsgər, hökümət – iflic, ətraf tamamən hərc-mərclik... Adamlar bir-birinə - düşmən. Hər birində - silah. Qardaş gedir qardaşın üstünə. Bölünüblər qırmızılara, bir də ağlara. Kim kimi vurdu, kim kimi kəsdi, bir kəsi rahatsız etmir. Fəhlə işləmir, bazar çalışmır, dükanlar qapalı... Ölkə dağılıb durub. Bu yandan da şaxta, qış... Bir ara hamı ancaq səhər-axşam dəstə-dəstə toplaşıb ağızlarından bolluca buğ çıxa-çıxa nitq irad eləyir, nitq eşidirdi. Şaxtanın, deyəsən, bunlara heç bir karı, heç bir əsəri yoxdur. Yollarda talançılıq və qarışıqlıq... Əlqərəz, oteldə danışılanlardan belə anladım ki, rusların başbilənləri deyirlər ki, almanlar bizi aldadıb sərfəsiz sülh bağlayıblar, biz öz torpaqlarımızı hökmən geri qaytarmalıyıq. Padşah zamanındakı torpaqlarımızı da, o cümlədən, Qafqazları, yəni ... buraları!

Əsgər ağa: - Eləmi? Bəs bizimkilər buna nə deyər? Bu barədə bir məsələ, zənnimcə, qalxmayıb hökümətdə. Parlaman da təzədi, hələ ki susur...

Məşədi Cabbar: - Biləsən, ağa Əsgər. Bunu sənə mən deyirəm. Bu bolşeviklər ki, var, əvvəl-axır buraları geri alacaqlar, onlar heç nəyə baxan deyillər. Onlar o zaman ki ağların işini bitirdilər, buralar batdı. Rusetdə bunu hamı danışır. Əvvəlcə, deyirlər, içimizdəki satqınları qovaq, ağları məhv eləyək, sonra da padşahın torpaqlarını geri alaq. Vallah, mən ki, bunları belə gördüm, gələcəklər buralara qədər. Hələ Allah eləməsin, xudanəkərdə, İrana da keçməsinlər, inşəallah. Amma nə bilmək olar?! Bir də gördün ora da keçdilər... Ah, oh... Sən bilən keçərlər İrana, ağa Əsgər?

Əsgər ağa: - Keçməzlər. İran nə zamandan onlarınkı oldu? Buralara da... nə deyim, vallah, yəni, ağlım heç kəsmir ki, bunlar buraları təzədən gəlib tutmaq istərlər. Bizim hökümət gün-gündən güclənir. Süleyman deyir ki, Avropa ilə yeni-yeni daşdan keçən müqavilələr hazırlayırlar...

Məşədi Cabbar: - Nə deyim? Təki sən deyən olsun. Mən, ağa Əsgər, eşitdiyimi söylədim. Odu, bəs buna nə deyirsən, ağların qoşunu gəlib Qafqazın göbəyinə çıxıb – Vladiqafqaza. Ordan da hamını təhdid edirlər. Deyəssən etmirlər? Sən, oğlum, işini ağıllı tut. Ağa Əsgər, sənə bir tövsiyyəm var.

Əsgər ağa gülümsünür. Çünki o, Məşədinin nə tövsiyə edəcəyini bilir.

Bilirəm, bilirəm, deyəcəksən ki, bu qoca Məşədi elə hey eyni şeyi deyib durur.

Əsgər ağa: (gülümsünə-gülümsünə) - Əstəğfurulla, Məşədi, sən – hara, qocalıq – hara? Mən heç elə deyərəmmi?

Məşədi Cabbar: - O zaman sözümə qulaq as. Ağa Əsgər, sən mənim, bax bu rəsmə (əli ilə dostu Səcdəlinin divardakı şəklinə işarət edir), sən mənim bu aslan qardaşımın oğlusan. Onun ruhuna and olsun, mən bu işlərin axırını yaxşı görmürəm. Görmürəm, dadaş, görmürəm. Gəl daşı ətəyindən tök, geci-tezi var. Gələcəklər, oğul, bunlar gəlməyə bilməzlər. Bu torpaqlar onların yaddaşlarında qalıbdır. Nöyütün iyinə gələcəklər. İranda... İranda isə əmin–amanlıq... (çaydan içir).

Əsgər ağa Məşədi Cabbara çaydandan çay süzür.

Sağ ol, əzizi–mən (stəkanı qaldırıb işığa tutur). Çay – budur, yoxsa orda? Nə deyirdim mən?

Əsgər ağa: - İranda əmin-amanlıqdır...

Məşədi Cabbar: - Bəli, belədi ki var. İranda hökümət var, şah var. Qanun var, qayda var. Malın-mülkün toxunulmazdı. Hara ilə istərsən, alver et. Düzdü, sizinkilər başlayıblar şuluğa, biz iranlı tacirlərə əngəl törədirlər, burdan Rusetə yol keçən alverimizə yeni-yeni töycülər qoyurlar. Heç yeridi? Amma... olsun. Bu da keçər...

Əsgər ağa: - Əlbəttə, keçər. Sən darıxdırma özünü.

Məşədi Cabbar: - Görək. Təki sən deyən olsun. (çaydan bir qurtum alır). Bax, nə vaxtdı sənə deyirəm. Daşı tök ətəyindən. Böyük sözünə qulaq as. Gəl köç elə gedək İsfəhana. Mülklərimin birində ürəyin istəyən qədər yaşa. Hansını bəyəndin – sənə peşkəşdi. Ticarətini qur. İstərsən, mənimlə qur, istərsən özün təkcənə qur. Xaricilərlə əlaqəni yenidən başla. Fransa ilə bütün əlaqələrin mənim boynuma. Amerikaya qədər sözüm yetişir, biləsən. Əsgər ağa, mənim bir övladım yoxdur (ah çəkir, gözləri dolur). Sən mənim övladım ol, oğul. Mən ölüb getdikdən sonra malım da, mülklərim də sənin olsun. Bax, rəhmətlik Səcdəlinin özü burda deyil, ruhu ki, burdadı. (divardakı şəklə əli ilə işarə edir, “bu azdır” düşünüb ayağa qalxır, şəklə tərəf baş əyir). And olsun bizi yaradan Allaha...

Əsgər ağa: - Məşədi, Məşədi... bilirəm, bilirəm ki, sən bütün bunları sidq-ürəklə deyirsən, bilməz olurmuyam?! Sən mənə rəhmətlik atamın yadigarı deyilmisən?! Əmisən sən mənə. Allah... Allah... Sənə inamım sonsuzdur. Amma... düşünməm lazım. Həm də ki, belə bir qərarı mən təkbaşına verə bilmənəm. Evdəki ilə də məsləhət etməmə ehtiyac var.

Məşədi Cabbar: - Olsun. Elə məsləhətini. Mən hələ 4-5 gün burdayam. Gözlərəm. Mənə qərarını söylə ki, mən də gedim oralarda sənin gəlişinə əvvəlcədən tədarükümü görüm. Köç eləmək – asan iş deyil. Nolar, düşün. Mən gözlərəm.

Əsgər ağa: - Elədi, köçüb birdəfəlik getmək asan iş deyil.

Məşədi Cabbar (ilhamla): - Vallah gəl, billah gəl. Buraların axırı yoxdu. Hər nəyin var, alarlar əlindən, qalarsan heç nəsiz, bala, bir yerə də getməyə qoymazlar. Allahları – yox, imanları – yox. Adamın bunlar, xudanəkərdə, canını da heç nədən alarlar adamın əlindən, heç nədən. Mən, vallah, gördüyümü gördüm. Allahsızdılar bunlar. Gözümün qabağında nələr olmadı?! Ah... oh...

Kobud musiqi sədaları. Kadrda Rusiyada tətiledənlər, proletarlar, nümayişçilər... Aləm qarışıb bir-birinə, “internasional” marşı musiqiyə qarışır. Əsgər ağa fikrə qərq olub. Nəhayət, musiqi kakafoniyası susur.

Əsgər ağa (fikirli halda): - Məşədi, səndən təvəqqem budur. Mənə - üç gün möhlət. Ən geci üç gündən sonra mən sənin yanına gəlib fikrimi bildirərəm. Elə bilirəm, gec olmaz. Üç gün! Nə deyirsən?

Məşədi Cabbar: - Nə deyəcəm, nuri-didəm?! Əlbəttə, gec olmaz, deyəcəm. Gözləyəcəyəm. Təki sən gəl. Di, mənə icazə. Mən daha mürəxxəs olum. Gec oldu. Hacı Nuri məni gözləyir, yaxşı çıxmaz. Salamat qal, ağa Əsgər, Allaha əmanət ol (əlindəki çayı içib qurtarır, stəkanı qaytarıb ədəblə yerinə qoyur).

Məşədi Cabbar əlini yerə dayaq edib oturduğu yerdən quş kimi ayağa qalxdı, qapı tərəfə getmədən əvvəl dostu Səcdəlinin şəkli qarşısına keçib yenə də baş əydi. Sonra Əsgər ağa ilə qucaqlaşdı və onlar qonaq otağından qol-boyun olub birgə çıxdılar. Vəli və Telli içəri girib qab-qaşığı yığışdırmağa başladılar.

***

2-ci şəkil

Titr: “Bir saat sonra...”

Xalanın otağı. Yerdə və divarlarda xalçalar. Xala mütəkkələrə söykənib yerdən oturub. Vəli gətirir xalanın qabağına çay qoyur. Özü də onunla üzbəüz oturur.

Xala (fikirli): - Qonaq getdi?

Vəli: - Getdi, xala. Söhbətləri uzun çəkmədi.

Xala: - Yenə bizi İrana çağırırdı?

Vəli: - Hə... Sən nə deyirsən bu işə?

Xala (susur).

Vəli: - Axşama nə hazırlayaq?

Xala: - Axşama qonaq–filan yoxdu?

Vəli: - Hələ ki bir söz deməyiblər. Olmaz, inşəallah.

Xala (yalançı qəzəblə): - Sən bunun inşəallahına bax. Mən sənə indiyənədək öyrədə bilmədim ki, qonaq-qarası olmayan ev – ev deyil?! Elə bir ev durunca, yıxılsa yaxşıdır?!

Vəli (başını dikir aşağı): - Xala, öyrətmisən. Mən nə dedim ki?! Deyirəm, ağam bir az da istirahət eləsin. Qonaqla olmaq axı özü də bir başqa cür zəhmət çəkməkdir.

Xala: - Get, xanımdan soruş, axşama yeməklə bağlı bir istəyi var, ya ki, yoxdur?! Nə deyərsə, onu hazırlayın, başlarkən mənə deyin. Mən özüm gəlib baxaram. Yox, əgər bir söz deməsə, özümüz fikirləşərik.

Vəli: - Ağamdan bəs soruşmayım?!

Xala: - A gədə, sənə axı yüz dəfə bu evdə deyilibdir ki, yemək işinə arvad baxar. Ağan sənin üzünə neçə dəfə deyibdir ki, mənlə yemək söhbəti eləməyin?! Deyib, ya deməyib?!

Vəli: - O zaman mən gedim xanımdan soruşum. Sən Allah, mənə herslənmə, xala. Bilirsən ki, mən səni çox istirəm. İstirsən, sənin üçün oynayım?...

Musiqi. Vəli yerindəcə fırlanıb arxaya doğru mayallaq aşır, sıçrayıb ayağa durur, oynaya-oynaya otaqdan çıxır.

Xala (başını bulaya-bulaya gülümsünür): - Allah, sən buna ağıl ver. Allahım, sən bizi bədnəzərdən qoru.

Əllərini qaldırıb dodaqaltı dualar edir.

***

3-cü şəkil

Titr: Gülçöhrə xanım və Əsgər ağa İrana köç etməyi müzakirə edərkən...

Kadrda Əsgər ağa oturubdur kitabxanada. Qabağında içilməmiş bir stəkan çay. Fikirli-fikirli çölə baxır. Gülçöhrə xanım gəlir.

Gülçöhrə xanım: - Məni çağırmısan, mən gəldim (keçib oturur Əsgər ağa ilə üzbəüz, pəncərədən gələn işığın qabağında). Əsgər ağa, sənə nolub (əlindən tutur) kefin yoxdur, elə bil?! İndicə eşitdim ki, bu gün bütün günü evdə olmusan, çölə çıxmamısan, gözümün işığı, sən Allah, nolub?! Özünü necə hiss edirsən?!

Əsgər ağa (səsinə gümrah bir ifadə verərək): - Bir şeyim yoxdu, canım. Narahat olma. Məşədi Cabbar gəlmişdi, rəhmətlik atamın dostu... Onunla söhbət etdik.

Gülçöhrə xanım: - Yox, sənin məndən nəsə gizlətdiyin var... Məni aldatmağa çalışma. Əgər bir şeyin yoxdusa, o zaman halın niyə pəjmürdədi?! Mən vurmadım, sən də yıxılmadın, deyilmi?! Nə dedi Məşədi Cabbar sənə? (Gülə-gülə) Gecə belə deyildin, ağa Əsgər...

Əsgər ağa: - Gözümün nuru, canım mənim. Sən bilmirsən ki, nə zaman mən sənin yanındayam, ruhum da, canım da dincini alır?! Şair necə deyir? “Gecə xəlvətcə bizə nazlı nigar gəlmiş idi...”

Gülçöhrə xanım: - Nazlı nigar yox, sevgili yar, sevgili yar...

Əsgər ağa: - Dayan bir görüm. Gecə xəlvətcə bizə... sevgili yar gəlmiş idi?.. Hə, olar, misranın ruhuna uyğundu. Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi... Olsun. Olsun – sevgili yar...

Gülçöhrə xanım: - Haşa! Keçməz! Boş yerə çalışma...

Gülçöhrə xanım Əsgər ağanın üzünə diqqətlə baxmaqdadı. Yəni, “məni aldatmağa çalışma!” demək istəyir.

Əsgər ağa: - Yaxşı, yaxşı, sevgili yarım, anlaşıldı, sənin gözündən heç nə qaçan deyil. Məsələnin canını, kökünü öyrənmədən əl çəkən deyilsən. Bax, mənə diqqətlə qulaq ver. Səninlə ciddi söhbətim var.

Gülçöhrə xanım (ciddi): - Buyur, qulağım səndədi. Eşidirəm.

Əsgər ağa: - Gülçöhrə, canım mənim, onsuz da axşamı gözləyirdim, tək qalanda bunları sənə deyəcəkdim. Bilirsən ki, hansı qəliz, mürəkkəb işə düşürəmsə, sənə danışanda, xeyir tapıram. Sən məni həmişə doğru yola yönəldirsən. Sən mənə həmişə yeganə həqiqi yolu göstərirsən. Gülçöhrə, əzizim, həyatım, ölkədəki vəziyyət gün-gündən pisləşməkdədir. Yox, yox, narahat olma. Hələ uçurumun içində deyilik. Amma artıq astanasındayıq... (susur). Lap doğrusu budur ki, Məşədi Cabbarın bu gün söylədiyi kimi Rusetdə vəziyyət xeyli qarışıbdır. Adamlar bir-birini yeyir. Onun özü Rusetdən iki gündür ki, qaçıb gəlib. Dediyinə görə, ruslar qayıdacaq və buraları yenə də işğal edəcəklər. Biz buralarda qalarsaq, gələcək həyatımız sual altına düşər. Bir sözlə, Məşədi bizi İrana çağırır.

Gülçöhrə xanım (dodaqları qaçır): - Həmişəki kimi...

Əsgər ağa: - Bəli, həmişəki kimi. Amma bu dəfə, məncə, onun sözlərinə ciddi qulaq vermək gərəkir. Elə bil, daxilimdə bir səs mənə deyir ki, Məşədiyə qulaq ver.

Gülçöhrə xanım: - Əsgər ağa, mən sənə bir söz deyimmi?

Əsgər ağa: - De, canım-gözüm. Dinləyirəm.

Kadr dəyişir. Vəli ilə Telli həyətdə ağac əkirlər. Biri tingi tutub torpağın içində, o biri su tökür.Əsgər ağa və Gülçöhrə pəncərəyə gəlib onları seyr edirlər.

Gülçöhrə xanım: - Əsgər ağa, mən sənə bir söz deyimmi?

Əsgər ağa: - De, canım-gözüm. Dinləyirəm. (Əsgər ağa və Gülçöhrə xanım keçib öz yerlərində əyləşirlər).

Gülçöhrə xanım: - Gözümün işığı, mənim də daxilimdə bir səs mənə deyir ki, heç yerə tərpənməyək. Elə evimizdə-eşiyimizdə qalaq. Gediriksə də... birbaşa Fransaya gedək. Oralar indi sakitlikdi. Müharibə də qurtarıb...

Əsgər ağa: - Bilirəm, Fransa sənin üçün ikinci vətən kimidir...

Gülçöhrə xanım: - Bəli, canım-gözüm, elədi. Dillərini bilirik...

Əsgər ağa (fransızca): - Je teme.

Gülçöhrə xanım (onun fransızca xırda səhvini düzəldir): - Je t'em! Əsgər ağa, je t'em... Mən də səni sevirəm. Dillərini... bilirik. Fransa gözəldi. Fransızlar dünyanın ən mədəni xalqıdır. Amma gözümün nuru, əvvəlcə dərindən bir düşünək.

Əsgər ağa: - Əlbəttə, əlbəttə, bu işdə düşünməmiz çox vacibdi.

Gülçöhrə xanım: - Əsgər, canım mənim. Biz şəhərdə gəzən qorxulu söhbətləri çox eşitdik. Onları gördük də, nələr yaşadıq... Adamlar əlinə silah alıb mübarizəyə qalxdılar. Difai dəstələri şir kimi çarpışdı. Sən özün nə qədər yardım etdin bu milli dəstələrə, bunu heç kəs unuda bilməz.

Əsgər ağa: - Tək mən yardım etmədim ki, bütün bizim tüccarlarımız, bütün bazar əhli... hər kəs öz yardımını etdi.

Gülçöhrə xanım: - O qorxulu günlər, inanmıram ki, bir də təkrar geri qayıdalar. Gəl heç hara getməyək. Nə İrana, nə də... Fransaya. Vaxt gələcək gedib oraları o qədər gəzəcəyik ki... Əgər məsləhətindisə, hələlik heç hara getməyək. Bu cür rahatlığımızı niyə verək yellərə? Hər şeyimiz var – evimiz, eşiyimiz... Mən özümə iş də tapmışam bilirsən?!

Əsgər ağa: - Ay səni, maşallah, o nə işdi elə?

Gülçöhrə xanım: - Asya ilə çoxdankı arzumuzdu. Yetim uşaqlara kiçik bir məktəb açıb onlara dərs vermək. Hacı Nurinin xanımı da bizə qoşulacaq.

Əsgər ağa (qəhərli): - Nə gözəl, nə qəşəng! Allah sizdən razı olsun. Uşaqların təqaüdü məndən. Bəs bunu niyə gizlədirdiz?

Gülçöhrə xanım: - Düzüb-qoşandan sonra deyəcəkdik. Bir növ – sürpriz hazırlayırdıq.

Əsgər ağa: - Vallah, sevindirdin sən məni. Sizin kimi mərd qızları olan vətənin heç vədə dizi yerə gəlməz.

Gülçöhrə xanım: - Canım-gözüm, biz fədakarlığı sizdən öyrəndik, atamızdan, səndən, Süleymandan...

Əsgər ağa: - Sağ ol, mənim əzizim, mənim canım-gözüm. Ancaq indiki vaxt bir başqa vaxtdı. Amansız dalğalar gəlir üstümüzə. Şər deməsən, xeyir gəlməz - deyirlər. İşimizi ehtiyatlı tutmalıyıq.

Gülçöhrə xanım: - Doğrudur, “Şər deməsən xeyir gəlməz” deyərlər. Biz isə gəl nə şər deyək, nə xeyir. Allah nə deyir, onu deyək. Bəlkə sən Süleymanlada bir məsləhət edəsən? O, xariciyyə məsələlərini yaxşı bilir – sən deyirdin.

Əsgər ağa: - Edəcəyəm. Hökmən edəcəyəm. Düşündüm, biriminci sənin fikrini alım. Səndən sonra onunla da görüşüb danışacam. Hökmən. Süleymansız olarmı?! Bir bilsən sən ki, Rusetdə nələr baş verir?! Məşədi Cabbar nələr danışdı...

Gülçöhrə xanım: - Uşaqlıqda nənəm mənə bir qorxulu nağıl danışardı. O nağılı indi də xatırlayanda qorxudan əsim-əsim əsirəm, qanım damarda donur. Nağılın adı bilirsən nə idi?

Əsgər ağa: - Yox, gözümün işığı, bilmirəm.

Gülçöhrə xanım: - Amma bax, gülmə. Nağılın adı belə idi: “Adı özündən uzun Gülü qah-qah xanımın nağılı”

Əsgər ağa (gülümsəyərək): - Necə, necə? Adı özündən uzun imiş xanımın? Özü bəs nə boyda idi?

Gülçöhrə xanım: - Bəli, məsələ də bundadı. Bu ad indi sənə belə, öz təbii ölçüsündə görünə bilər. Xanımın özü adından kiçik imiş. Amma bax, nağılın adı “Adından kiçik Gülü qah-qah xanım” deyildi. “Adı özündən uzun Gülü qah-qah xanım” idi. Elə qorxardım, elə qorxardım... Amma yenə nənəmə qısılıb yalvarardım: nənə, ay nənə, mənim nağılımı danışarmısan, deyərdim. Divlər, pəhləvanlar, cadügünlər... İndi mən də o uzaq illərin qorxusunu daha yaşamıram. Adı özündən uzun Gülü qah-qah xanım indi mən də bilirəm ki... bir taxtabiti imiş...

Əsgər ağa (gülür): - Taxtabiti ha? Ay səni... Taxtabiti... Mən də bilirsənmi, nədən qorxardım?

Gülçöhrə xanım: - Nədən?

Əsgər ağa: - Damdabacadan. Mənim də nənəm mənə qorxulu damdabacalardan danışardı. İndi baxıram damlara, hərəsində bir, iki baca var. Tüstü buraxırlar. Damda baca olar da... başqa nə olar ki?..

Gülçöhrə xanım: - Bax, görürsən, gözümün işığı, bunlar uzaqdan belə qorxuludurlar. Yaxından baxanda taxtabitidilər, damda bacadırlar. Damdabaca deyillər, sən bu sözləri ayrı-ayrı tələffüz elə: damda ... baca ... Bir-birindən ayrı. Damdabaca yox, damda baca...

Musiqi. Bakı damları. Damda bacalar. Biri adi, o biri qorxulu. Elə bil, bu saat adamın üstünə gələcəklər. Hər birinin başından ağ, qara tüstü çıxır. Tüstülər əyilib – düzəlib göyə doğru yol alırlar. Kadrarxasında səslər.

Gülçöhrə xanımın səsi: - Bəlkə sən belə edəsən, əzizim?! Qoy ürəyin lap rahat olsun. Məşədinin ardınca, özü ilə yox, ardınca... gedəsən İrana və əgər sabah bizim də buradan köçmək ehtiyacımız olarsa, gedib yerləşəcəyimiz yeri-yurdu əvvəlcədən görüb danışasan. Lap elə bir mülk də istərsən indidən orada gözaltı elə, ya elə satın al...

Əsgər ağanın səsi: - Ağıllı fikirdi, elə də edərəm.

Kadrda damlar və cürbəcür bacalar. Həzin, ürəktitrədən musiqi.

***

4-cü şəkil

Titr: “Sənin kölgən hara düşsə, o yer mənim üçün cənnət olar”.

Səhər tezdən. Əsgər ağa evdən çıxarkən, Gülçöhrə xanım qapı ağzında onun papağını, kürkünü, çətirini əlində tutub.

Gülçöhrə xanım: - Yağış yağacaq. Bunu da götür.

Əsgər ağa: - Canım-gözüm, mən bu gün axşam Süleymanın yanına gedəcəyəm. Məsləhətə. Bax, bir daha soruşuram. Sənə, əgərki iş başqa cür gətirsə, buralardan köçüb getməyin bir zorluğu yoxdu ki?

Gülçöhrə xanım: - Yoxdur, gözümün işığı. Sən harda isən, mən orda sənin ayaqlarının altında ölmək istərəm. Sənin kölgən hara düşsə, o yer mənim üçün cənnət olar.

Əsgər ağa (qürrələnir): - Sağ ol, sağ ol, əzizim. Sağ ol ki, varsan, sağ ol ki, yanımdasan. Hə... yaxşı yadıma düşdü, heç bilirsən, o gün Vəli mənə nə deyirdi?

Gülçöhrə xanım: - Yox, bilmirəm. Nə deyirdi?

Musiqi. Qapı ağzında Əsgər ağa danışır, Gülçöhrə xanım dinləyir və əksinə. Bunlar bir-birinin, sözünü kəsə-kəsə, sevə-sevə söhbət edirlər, gülüşürlər. Bu adamlar bir-birindən heç cür ayrıla bilmirlər.

***

5-ci şəkil

Titr: Haman günün axşamı Əsgər ağa dostu Süleymanın iş yerinə onunla məsləhət etməyə gedir...

Əsgər ağa çisəyən yağış altında bazardan çıxıb faytona minir. Fayton şəhər bələdiyyəsinin qabağından sola dönür. Bir az gedib dayanır. Əsgər ağa faytondan enən yerdə əlində açıq çətir Süleyman onu qarşılayır.

Süleyman bəy: - Gəl, gəl bunun altına, yağır. Nə vaxtdı yuxarıdan baxıb səni gözləyirəm. Keç, keç...

Küçə qapısından içəri - Süleymanın kontoruna keçirlər. Bura qapı önündəki lövhədən də göründüyü kimi Süleymanın hüquq kontorudur.

Kadr dəyişir. Süleyman və Əsgər ağa otaqda üzbəüz oturub çay içirlər. Çayı elə indicə Asya gətirib. Özü də otaqdan çıxarkən bir-iki kəlmə deyir.

Asya: - Bir daha xoş gəldin, qardaş. Süleyman bəy deyəndə ki, sən gəlirsən, elə bildim, ikiniz gəlirsiz, mən də tələsik qaçıb gəldim bura. Təkmişsən. Hayıf.

Əsgər ağa: - Asya, bax, mən sənə borclu, Gülçöhrəni nə zaman desən, gətirəcəm. Bu dəfə məni məzur tut. Gələn səfər - hökmən. Hə, xanım özü də sənə çoxlu-çoxlu salam göndərdi. Sirrinizi də (Süleymana göz vurur) açdı, biləsən...

Asya: - Ay onun sirrinə qurban olaram.

Süleyman bəy: - O nə sirmiş elə?

Əsgər ağa::- Heç... Ay Süleyman, mən heç sirr açana oxşayıram? Qoy, Asya özü sənə danışsın. Amma nə sirdi, nə sirdi, bəradər...

Süleyman bəy: - Hə, o məktəb məsələsini deyirsən?

Əsgər ağa (matı quruyur, əli ağzında): - Mən daha nə deyim?! Mən daha heç nə demirəm. Məndən başqa hamı bilirmiş ki? Allah-Allah...

Asya (gülür): - Sənə sürpriz hazırlayırdıq. Əsas maliyyəmiz sən olacaqsan deyin, çox əvvəldən səni üzmək istəmədik.

Əsgər ağa: - Allah-Allah... Heç üzülərəmmi?!

Asya: - Yaxşı. Siz söhbətinizi edin. Mənim bacıma çoxlu-çoxlu salam söylərsən. Bax, unutma, sən mənə borclu qaldın.

Asya otaqdan çıxır. Əsgər ağa, Süleyman bəy bir-birinə altdan-altdan baxa-baxa, elə bil, yarışırlarmış kimi hortuldada-hortuldada sürətlə çay içməyə başlayırlar. Bu, onların çoxdankı oyunudur. İçib qurtarandan sonra.

Əsgər ağa: - Ay səni, boğazım yandı. Süleyman, bu yarışı hələ bir saxla, səninlə söhbətim var.

Süleyman bəy: - Buyur, bəradər, nə deyirəm ki?!

Əsgər ağa (ciddi): - Süleyman, qardaş, sən bilirsən ki, mən səninlə olan bu dostluğumuzu necə yüksək qiymətləndirirəm. Biz səninlə uşaqlıqdan bir yerdəyik. Amma...

Süleyman bəy: - Amması da var hələ bunun?

Əsgər ağa: - Var. Ürəyimə damıb ki, bizim bir-birimizdən ayrılma saatımız yaxınlaşır. Ürəyim bir sıxılır, bir sıxılır...

Süleyman bəy: - Heç bir şey anlamıram. Niyə? Nə üçün? Səbəb?

Əsgər ağa: - Bizdən asılı olmayan səbəbə görə.

Süleyman bəy: - Nooldu, sən Allahın, uzatma görüm (zənlə Əsgər ağaya baxır). Dur, hələ bir dur, görüm. Heç nə demə. Mən tapdım, nə olubdu. İstərsən, sənə deyim?! Məşədi Cabbar gəlibdi sənin yanına, eləmi?!

Əsgər ağa (təəccüblə): - Hardan bildin?

Süleyman bəy (gülə-gülə): - Dayan, hələ. Gəlibdir və yenə səni öz yanına İrana çağırır. Tapdım?

Əsgər ağa: - Ta mənim sənə deyəsi sözüm yoxdu. Bu daha lap ağ oldu.

Süleyman bəy: - Hə... elədi, bu lap ağ oldu (gülməyini güclə saxlayır). Düz tapdım, eləmi, bəradər?

Əsgər ağa: - Düz tapdın. Sən, yəni, Məşədini görmüsən?

Süleyman bəy: - Yox, vallah. And olsun inandıqlarımıza, yox, görməmişəm.

Əsgər ağa (sidq-ürəklə təəccüb edir): - Süleyman, əzizi–mən, bəs sən bütün bunları hardan bilirsən? Sən məgər cadugünsən?

Süleyman bəy: - Ay mənim sadədil qardaşım. Bax, de görüm, sən özün Vəlini dünən bizə göndərmədinmi?

Kadr dəyişir. Əsgər ağanın evi. Əsgər ağa və Vəli.

Əsgər ağa: - Vəli, durub gedərsən Süleyman bəyin kontoruna elə indi. Çaşdırma. Evinə yox, kontoruna.

Vəli: - Baş üstə, ağam. Çaşdırmanam. Kontora.

Əsgər ağa: - Deyərsən, mən sabah onun yanına - kontora gələcəyəm. Ancaq evə yox, qarışdırma, Süleyman bəyin kontoruna. Yadında qalar? Axşam vaxtı gələcəyəm.

Vəli: - Axşam vaxtı. Yadımda qalar, qalar. Niyə qalmasın ki?! Başqa bir söz deməyim ki?

Əsgər ağa: - Yox, başqa bir söz demənə hacət yoxdur. Get!

Kadr dəyişir. Süleyman bəy və Vəli kontorda.

Süleyman bəy: - Vəli, xeyirdimi?

Vəli: - Xeyirdi, bəy. Ağam sabah bura gələcək. Evə yox, bura. Axşamçağı. Çaşdırmarsan ki?!

Süleyman bəy: - Yox, xətircəm ol, çaşdırmaram. Tək gələcək, ya ki...

Vəli: - Bax, bunu bilmədim.

Süleyman bəy: - Evdə hər şey nizamındadı, Vəli?

Vəli (düşüncəli halda): - Hə, elədi... (Qəflətən birnəfəsə) Bu gün sabah-sabah Məşədi Cabbar iranlı gəlmişdi.

Süleyman bəy: - Gəlib yetişdi, nəhayət? Nə deyirdi, ağanı yenə İrana çağırırdı?

Vəli: - Allah, Allah, bə sən hardan bunu bildin, Süleyman ağa? Hə... çağırırdı. (başını yerə dikir)

Kadrdakılar əriyir. Kadrda yenə Əsgər ağa və Süleyman.

Süleyman bəy (gülməyini güclə saxlayaraq): - Bax, görürsən! Sən axı özün Vəlini bura göndərmişdin. O da mənə bir saniyənin içində Məşədinin gəlişini xəbər verdi. Məşədinin də əsas dərdi həmişə nədi?

Əsgər ağa: - Nədi?

Süleyman bəy: - Səni İrana aparmaqdı.

Əsgər ağa: - Ay səni, Süleyman. Sən necə od-alov imişsən. Gözündən heç nə qaçmır...

Yenə başları qarışır çay içməyə. Bir-birilə danışırlar, amma səsləri çıxmır. Bir müddət sonra.

Əsgər ağa: - Bax, Süleyman, hal - belə, qəziyyə - bu. Qalmışam iki odun arasında. Bilmirəm, nə edim?! Gedim, yoxsa getməyim?!

Süleyman bəy: - Bəradər, məsələ, həqiqətən Məşədi izhar edən kimidi. Rusiyada inqilab bitmədi ki. Bu gün də davam edir. Bolşeviklər hər şeyi alıblar əllərinə. Orada bolşeviklərlə yanaşı, ağlar da var. Onların arasındakı dava hakimiyyət davasıdır, indiyənə qədər sürüb gedir. Bu tərəfdən Avropa, xüsusilə, almanlar, fransızlar istirlər Rusiya parçalansın. Bu biri tərəfdən də inqilab yavaş-yavaş keçdi vətəndaş müharibəsinə. Ağlarla qırmızılar bir-birini qırdıqca qırır. İndi, budur, ağların generalı Denikin gəlib oturub Vladiqafqazda, ordan bizi təhdid edir. Bolşeviklərin də xariciyyə naziri Çiçerin bu biri tərəfdən bizə deyir: Qoşulun biz qırmızılara və Denikinə qarşı çıxın.

Əsgər ağa: - Sən hələ bu işlərə bir bax. Yazıq dövlət! Bədbəxt millət!.. İki od arasında qalmışıq. Nə edəcəyik?

Süleyman bəy: - Məsələ də elə orasındadı. Bunların ki, başı qırğına qarışdı, bir-birini qıra-qıra gedəcəklər. Bunlar üçün, bəradər, fərq eləməz ki, qırdığı kimdir – özününküdür, ya ki, bir başqasıdır. Təki qırğın olsun.

Əsgər ağa: - Elə odu da pis olan.

Süleyman bəy: - Amma onu da bilmək olmaz ki, bu, pis olandı, ya bizim kimi xırda millətlərə yaxşı olandı. Qırmızıların quzğun kimi başbilənləri var. Hər an qırğını biz tərəfə yönəldə bilərlər. Əsas qayələri isə həm ağların, həm qırmızıların birdir – padşahın torpaqlarını qaytarmaq. Budur məsələ!

Əsgər ağa: - Məşədi də deyir, bunlar qayıdacaqlar.

Süleyman bəy: - Bunu Məşədi doğru deyir. Düşünmək lazımdır, bəradər. Ağılla hərəkət etmək lazımdır. Fikriniz nədir?

***

6-cı şəkil

Titr: “Bunlar qayıdacaqlar!”

Yenə Əsgər ağa və Süleyman bəy üzbəüz. Əvvəlki şəklin sonu təkrar edilir.

Əsgər ağa: - Məşədi də deyir ki, bunlar qayıdacaqlar.

Süleyman ağa: - Bunu Məşədi doğru deyir. Düşünmək lazımdır, bəradər. Fikriniz nədir?

Əsgər ağa: - Vallah, qəti bir fikrim yoxdu hələ ki. Evdə Gülçöhrənin də ağzını aradım, dedi, əvvəlcə sənlə məsləhət edim. Deyirəm, Süleyman, bəlkə mən gedim Məşədi ilə İrana, bir növ, kəşfiyyata?! Baxım, görüm oralarda vəziyyət necədi, “v”-sı yerindədi vəziyyətin, ya “v”-sı düşüb, yerində “əziyyət” qalıb?

Gülüşürlər.

Süleyman ağa: - Bax, bu, çox doğru qərardı. Get bir bax, gör, nədi, necədi? Dəyərləndir. Köçmək həmişə var. Yerini, yurdunu düz, qoş. Hələ bolşeviklər bura gəlsələr, nə zaman gələrlər, onu Allah bilir. Amma...

Əsgər ağa: - Hə?..

Süleyman ağa: - Amma bir ricam var. Məşədi ilə bahəm getmə. Ondan sonra get.

Əsgər ağa: - Elə Gülçöhrə də elə deyir.

Süleyman ağa: - Düz deyir. Yolda o sənin beynini çürüdər. Sən gərək öz qərarını özün, heç kimin təsiri olmadan verəsən. Razısan mənimlə?

Əsgər ağa: - Razıyam. Yüz faiz razıyam. Elə də edərəm.

Asya başını qapıdan içəri salır.

Asya: - Çay gətirim? Bəlkə bu səfər – qəhvə?

Əsgər ağa: - Yox, yox, Asya, qalxıram. Sağ ol.

Asya: - Yaxşı. (Asya yox olur)

Əsgər ağa: - Süleyman, səni də yoruram. Bəs siz Parlaman olaraq nə edəcəksiniz ruslar gələndə? Sən ki, Parlaman vəkilisən. Bilməmiş deyilsən. Onların qabağına, yəni, çıxa bilməyəcəksiniz?

Süleyman ağa: - Bəradər, coşqun və dəli bir dağ selinin qarşısında çayın ortasında kiçik bir daşın üstündə qalmış bir quzu neyləyə bilər? (Ciddi və pərişan halda). Biz də onu edəcəyik.

Əsgər ağa: - Anladım. Deyirsən, heç ümid yoxdur?

Süleyman ağa (ciddi): - Bunu sənə deyirəm. Başqa bir adama demənəm. Bəradər, ağlarla qırmızıların arasındayıq. Qayıtsalar, heç ümid yoxdur.

***

7-ci şəkil

Titr: “Gün gəldi yetişdi. Əsgər ağa və Gülçöhrə xanım, nəhayət ki, İrana köçməyi qərara aldılar”.

Kadrda

Qapı ağzında yük dolu arabalar və faytonlar. Əsgər ağa ailəlikcə İrana köçür. Faytonların qabağında və arxada iki-iki – çiyni tüfəngli atlılar. Süleyman və Əsgər ağa gəzişə-gəzişə həyətdə söhbət edirlər. Vəli və Telli son yükləri arabalara daşıyır. Xala, Gülçöhrə xanım və Asya hovuz ətrafında bir skamyada əyləşiblər.

Süleyman ağa: - Belə... Bax, bu mühafizəçiləri yaxşı elədin, tutdun. Bərayi-ehtiyat. Etibarlı adamlardı. Özüm bunların pasportlarına bir-bir baxıb seçmişəm. Hacı Nuri bunları göndərdi. Onun adamlarıdı. Təcrübəlidilər.

Əsgər ağa (kədərli): - Olsun. Sağ olun. Nə deyirəm ki?! Sən dedin, bitdi.

Süleyman ağa: - Noldu sənə? Üzün gülsün. Xanımlara nümunə olmalısan. Özünü ələ al (xanımlara eşitdirə-eşitdirə). Deyirsən, Əsgər ağa, getdiyin yerlər çox gözəldi?!

Əsgər ağa: - Çox gözəldi, Süleyman. İsfəhan, doğrudan da, nəqşi-cahandır, özün gəlib görəcəksən.

Süleyman ağa (şuxluqla): - İsfəhan nəqşi-cahan ola bilər, gərçi Təbriz olmasa. Bunu unutma.

Əsgər ağa: - Sən bircə sözünü tut, gəl, Təbrizə də gedib gəzəciyik, Ərdəbilə də, hələ Arazın o tayından bu tayına baxanda ürəklərimiz də güp-güp vuracaq. Ah vətən, ah gözəlim vətən... (kövrəlir).

Gülçöhrə xanım (oturduğu yerdən onların söhbətinə qarışır): - Hökmən gəlin. Hökmən. Hər gün gözləyəcəyik. Asya, bax, eşidirsən?

Asya: - Eşidirəm. Əlbəttə, əlbəttə, gələcəyik.

Süleyman ağa: - Yaxşı, yaxşı, dünyanın o biri başına getmirsiz. Budu, əl uzatsan çatan yerə gedirsiz, bu nədi, Əsgər?! Qurtar, qurtar görüm. (Əsgər ağanı qucaqlayır və xanımlara yaxınlaşır) Xalacan, mən ən çox nə üçün darıxacağam, sən bunu bilirsənmi?

Xala (şuxluqla): - Niyə bilmirəm? Mənim üçün. A bala, barı arvadının yanında belə danışma, məni biyabır eləmə.

Süleyman ağa: - Mənim Asyadan heç bir sirrim yoxdur.

Asya: - Bilirəm, bilirəm, mən onunla sizin sərgüzəşti–eşq macəranızı yaxşı bilirəm. Çox dirəndi, dirəndi, axırda boynuna aldı.

Gülçöhrə xanım (gülür): - Yaxşı Asya, bəsdi. Qız, ayıbdı. Xala!..

Asya (zarafatla): - Yaxşı, Süleyman bəy, səninlə evdə danışacağam.

Əsgər ağa: - Asya, Süleyman o zaman başlıq məsələsində cığallıq elədi. Xalama layiq başlıq vermək istəmədi.

Süleyman ağa: - O başlığı versəydim, mən lüm-lüt qalardım.

Xala: - Yox bəs, bunun (Gülçöhrənin çiynindən vurur) rəhmətlik atası deyən kimi, üç manat pul, on kilo kəllə qənd, bir molla ilə yola verəydik bu işi?

Vəli (bunlara yaxınlaşır): - Ağa Əsgər, biz işimizi qurtardıq. Otaqların qapılarını bağlaya bilərsən.

Əsgər ağa: - Süleyman, bizə icazə. Xanım, vaxtdı. Gedək, otaqların qapılarını bağlayıb gələk.

Əsgər ağa və Gülçöhrə xanım əl-ələ tutub gedib girirlər mülkün içinə. Bir-bir pilləkənləri qalxıb qapıları açarla bağlayırlar. Hər otağın öz xatirəsi var. Qonaq otağına girərkən musiqiçilər çalır, xanəndə oxuyur, qonaqlar əyləşiblər. Qapını bağlarkən bu adamlar əriyib gedir. Kitabxanaya girərkən görürlər ki, Əsgər ağa oturub dəftərə nəsə yazır, arxadan Gülçöhrə yaxınlaşıb yastıqla onu vurur. Gülüşüb əlbəyaxa olurlar. Qapını bağlarkən onlar da əriyirlər. Xalanın otağında Xala oturub qarşısında Vəli və Telli. Xala onları nədəsə tənbeh edir.

Nəhayət, bütün qapıları bağlayıb evdən çıxırlar və əsas qapının da ağzına qıfıl vururlar.

Gülçöhrə xanım: - Bir də, Allah bilir, buraları gəlib görəcəyik, ya yox?!

Əsgər ağa: - Niyə gəlmirik, gözümün işığı?! Gələcəyik də, görəcəyik də... Sən bircə fikir eləmə. Sən fikir eləsən, bəs mən necə ollam?!

Gülçöhrə xanım: - Eləmərəm, gözümün işığı, eləmərəm. Əlbəttə, gələcəyik. Buralar da öz evimiz deyilmi?

Yenə həyət. Yenə haman adamlar. Əsgər ağa və Gülçöhrə xanım gəlirlər.

Əsgər ağa (Süleymana): - Qardaşım, bu açarların hərəsindən iki nüsxədi. Biri sənə əmanət.

Süleyman ağa (Açarları alır): - Necə verirsən, elə də təhvil alacaqsan. Arxayın get. Yolun açıq olsun. (Xalaya) Xala, vaxt gəldi, gəl səni heç olmasa izn ver, indi bircə dəfə üzündən öpüm (qollarını açır).

Xala özünü onun qucağına atır, gözü yaşlı qucaqlayıb doyunca öpür. Süleyman qəhərlənir. Yolçular faytonlara minirlər. Faytonlar, arabalar uzaqlaşarkən kimsə bir xanım kadra girib onların arxasınca bir qab su atır.

***

8-ci şəkil

Titr: Aradan bir il və bir neçə ay keçir. Bu iki sevgili üçün İran da vətən ola bilmir. Qürbət olub qalır. Bir tərəfdən vətən həsrəti, o biri tərəfdən Azərbaycan Hökümətinin süqutu onları əzdikcə əzir…

Günlərin bir günü Əsgər ağa Gülçöhrə xanımı və Tellini Fransaya yola salır...

Kadrda: Əsgər ağa, xala, Gülçöhrə, Vəli və Telli İrandakı evlərində oturublar stolun ətrafında.

Əsgər ağa: - Baxın. Narahatlığa heç bir əsas yoxdur. (Gülçöhrə və Telliyə) Siz ikiniz gedirsiz İstanbula, ordan da Marselə. Bir ev tutub bir müddət yaşayırsınız. İstanbulda Süleyman sizi Marselə yola salacaq. Onun məktubunda yazdığı adam da sizi Marseldə qarşılayacaq. Bu qədər sadə.

Gülçöhrə xanım: - Mən sənsiz heç hara getmənəm. Getmənəm...

Əsgər ağa: - Canım-gözüm. Mənim Bakıya qayıtmağım, evi, dükanları satmağım heç on gün də çəkməz. Özü də alver etməyəcəm. Dəyər-dəyməzinə satıb ardınızca gələcəyəm. Sən niyə belə dilfikar olursan?!

Xala: - Gülçöhrə düz deyir. Bir yerdə gedin. Vəkalətnamə ver, mən gedim nəyi deyirsən, satım qayıdım.

Əsgər ağa: - Xala, niyə belə tərslik edirsiz? Burda nə var ki? Qiyafətimi dəyişərəm, saqqal tutaram, bir adam məni tanımaz (acı-acı). Mən deyildim təğyiri-libas olub həyət-həyət gəzərək arşın mal satan? Kim o vaxt məni tanıdı?!

Gülçöhrə xanım: - Bax, deyirəm, sənsiz mən heç hara getmirəm. Sənsiz – olmaz. Mənimlə olmalısan. Niyə məni başa düşmürsən?

Əsgər ağa: - Gülçöhrə, əzizi-mən, xalamı, bu yaşlı arvadı necə göndərim o ağzından qan iyi gələnlərin arasına? İzn ver, özüm gedim. Rahat gedib, rahat da gələcəm. Bax, heç əlvida da demirəm, sağ ol da demirəm. Göz açıb yumunca biz də Vəli ilə bahəm Fransada yanınızdayıq. Gülçöhrə, quzum, gəl bu daşı ətəyindən tök...

Ortalığa sükut çökür. Gülçöhrə birdən ağlayaraq özünü Əsgər ağanın qucağına atır. Bu o deməkdir ki, o, Əsgər ağanın təklifini qəbul edir. Kadr dəyişir. Ev qapısı ağzında Gülçöhrə və Telli üz-gözləri örtülü halda faytona minirlər. Əsgər ağa Gülçöhrəni bir kənara çəkir.

Əsgər ağa: - Bax, canım, gözüm, biz ki bir-birimizə “əlvida” demirik. Həmişə beynində, qəlbində olacağam. Sən məni oradan həmişə tapa biləcəksən. Bunu bil.

Gülçöhrə xanım (qəhər onu boğa-boğa): - Sən məni atmazsan, Əsgər ağa. Sən məni atma. Heç zaman atma. Bil ki, ölləm, çərrərəm. Tez gəl. Neynirsən elə, tez gəl. Mən sənsiz, bil bunu, Əsgər ağa, yaşaya bilmənəm. (Birdən qəti bir qərara gəlir). Sənin məndə əmanətin var. Bil bunu, bil. Mən də sənə əlvida demirəm. Salamat qal.

Gülçöhrə və Telli faytona minirlər. Fayton uzaqlaşır. Əsgər ağa faytonun ardınca baxa-baxa qalır.

***

9-cu şəkil

Titr: Bolşeviklərin Bakını işğal etməsindən iki gün əvvəl şəhərə gəlmiş Əsgər ağa daha şəhərdən çıxa bilmir.

Köhnə mülkdə kitabxana otağında. Yarıqaranlıq, soyuq. Əsgər ağa və Vəli üzbəüz oturublar kitabxana otağında. Ara-sıra bayırdan tüfəng səsləri gəlir.

Əsgər ağa: - Vəli, işlər heç yaxşı deyil. Şəhər əldən getdi. Biz burdan necə çıxıb, necə gedəcəyik?

Vəli: - Ağa, bir az burda gözləyək, deyirəm. Ətraf bir sakitləşsin.

Əsgər ağa: - Bəs xanım da qalsın orda rahatsız? Tüfəng səslərini eşitmirsən? O güllələri adamlara atırlar. Bayıra çıxmaq da qorxuludu. Bəs azuqə bitəndən sonra biz nə edəcəyik?

Vəli: - Ağa, Allah kərimdi. Bir əlac tapılar, inşəallah.

Əsgər ağa: - İnşəallah. Görəsən, bizimkilər çatdılar Marselə?! Gərək artıq orda olaydılar. Bircə Süleymanla əlaqə qura bilsəydim...

Vəli: - Çatarlar, çatarlar, onların işi burdakı kimi olmaz.

Əsgər ağa: - Neçə gündü xalamdan, İrandan da bir xəbər yoxdu. Belə bəlli olur ki, onlar da qalıblar bizdən nigaran.

Vəli (sobaya odun parçası ata-ata): - Hə, orası elədi, ağa, orası elədi. Düz-əməlli görüşüb ayrıla da bilmədik.

Əsgər ağa: - Onu düz deyirsən. Düz-əməlli ayrılmadıq. Nəsə ürəyimə damıb ki, Vəli, bu ayrılıq bir başqa ayrılıqdır, uzun çəkəcək. (öz-özünə) Mən onu necə oldu, anlamadım?! O sözü o necə oldu mənə demədi?! Gərək bir-birimizə, heç olmasa, bir “əlvida” deyəydik. Halallaşaydıq. O zaman bu qədərinə üzüntülü olmazdı... Amma yenə də olsun. Tək qalmayacaq. Əmanətim ona dayaq, o əmanətimə dayaq.

Vəli: - Kaş ki... Kaş ki... oh, oh...

Əsgər ağa: - Yaxşı. Bəd fikirləri qovaq uzağa. Çay qalıbsa, mənə süz. Hər şey yaxşı olacaq. Bax, görəcəksən. Ümidimizi üzməyək.

Bayır qapı şiddətlə döyülməyə başlayır. Əsgər ağa və arxasınca Vəli düşürlər aşağı qapını açmağa. Qapı ağzında bir bölük əsgər. Qabağda zabit durub.

Əsgər ağa (Qapını açaraq): - Buyurun.

Zabit: - Əsgər ağa İsmixanov sizsiniz?

Əsgər ağa. Bəli, mənəm. Xeyirdi?

Zabit (Əsgər ağanı əli ilə kənara itələyib içəri girir): - Xeyirdi, xeyirdi (ora-bura boylanır). Xeyir olmamış, nə olacaq ki?! İllərdi yetimin, məzlumun pulunu, varını-yoxunu yeyə-yeyə (gözü ilə ətrafı seyr edir) bu cür cah-calal qurmusan. Xeyir olmamış nə olacaqdı ki... Sən bir buna bax. Utanmaz-utanmaz xeyirdi – soruşur... Bizimlə gedəcəksən, ağa Əsgər!

Əsgər ağa: - Siz deyən günahların mən axı sahibi deyiləm. Burda bir səhv ola bilər ki, var.

Zabit: - Səhv deyirsən... Bəlkə də. Ola bilər. Orada, Fövqəladə İdarədə baxarıq. (lağla) Səhv olar, yenə qayıdıb bu cah-calalın içində yaşamağına davam edərsən. Ailən hardadı, arşın malçı? (gülür, əsgərlərə). Elə bilir, biz bilmirik bu nə hoqqalardan çıxıb...

Əsgər ağa: - Ailəm yoxdur, təkəm.

Zabit: - Təksən? Nolar, hələlik səni aparaq, sonra onlara da növbə çatar.

Əsgər ağa (dodaqaltı): - Allah, sənə min şükür, Allah, sənə min şükür... Nə yaxşı xanım burda deyil. Xalam burda deyil. Allah, şükür sənə, Xudaya...

Əsgər ağa dodaqaltı danışa-danışa düşür əsgərlərin önünə və onlar gedirlər. Vəli də onların arxasınca gizlənə-gizlənə gedir.

10-cu şəkil

Titr: Üç ay sonra. Əsgər ağa Bayılda türmədə, Gülçöhrə xanım Marseldə bir-birindən xəbərsiz...

Əsgər ağa həbsdə. Ətrafında dustaqlar.

Dustaq: - Sənin məhkəmən nə zamandı, ay Əsgər ağa?

Əsgər ağa (həyəcanlı): - Bu gündü, dedilər.

Dustaq: - Hə... Növbə çatdı, deməli. Allah işini avand eləsin. Sağ-salamat qurtarsın məhkəmən. Başqa bir şər, böhtan atmadılar ki?

Əsgər ağa: - Silisçi deyir ki, ancaq müftəxorluq, hə, bir də guya mən istismarçı imişəm.

Dustaq: - Hm, onda səni Sibirdən başqa bir şey gözləmir. Allah eləsin, bununla qurtarasan canını.

Əsgər ağa: - Hə, o da elə dedi. Görək...

Qapı ağır-ağır, səs-küylə açılır. İçəri çiyni tüfəngli bir əsgər girir.

Əsgər: - Əsgər ağa İsmixanov, gəl. Məhkəməyə gedəcəksən.

Əsgər ağa: - Gəldim, gəldim.

Əsgər ağa və əsgər çıxırlar.

Kadr dəyişir. Marsel. Dəniz kənarı. Çoxlu gəmi. Sahildə ağ paltarda bir qadın heykəl kimi tərpənməz durub. Kamera ona yaxınlaşdıqca tanımaq olur ki, bu, Gülçöhrədir. O, dodaqaltı, yavaş səslə, öz-özü ilə danışır.

Gülçöhrə: - Sən məni niyə atdın, Əsgər ağa?! Niyə bə gəlib çıxmırsan, canım-gözüm?! Mən sənə dedim axı, tez gəl. Nə uzun çəkdi bu ayrılıq?! Sən məni unutdunmu? Mənim dediyim sözü unutdunmu? Niyə, Əsgər ağa, niyə, niyə, niyə, sevdiyim?!

Kadr dəyişir. Məhkəmə otağı. Üç nəfər ittihamçı. Qarşılarında - Əsgər.

Məhkəmə sədri: - Tüfeyli həyat sürdüyünə görə, zəhmətkeşlərin qanını içdiyinə görə malına, mülkünə “arest” qoyulsun. Yaz (kadrda olmayan kiməsə əmr verir)!

Məhkəmə üzvü: - Özü də hökmən Sibirə sürgün edilsin. Sovet hökumətinin əleyhdarı kimi. Yaz! (Yenə də kadrdan kənara əmr edir).

Məhkəmə üzvü: - Bəlkə...

Məhkəmə sədri: - Kifayətdi. Sibirə sürgün, məncə... kifayətdi.

Əsgər ağa: - Möhtərəm hakimlər... Mən ki bir günahın sahibi... Allaha and olsun ki, deyiləm... Nəyə görə, niyə? Malda, mülkdə gözüm yoxdu. Hamısı – sizin. Mənim özümü... yalvarıram sizə... buraxın gedim. Bir də heç zaman... zəhmətkeşlərin qanını içmərəm. Tüfeyli olmaram. Noolar, buraxın məni, Allah naminə buraxın, azad edin məni.

Məhkəmə sədri (rişxəndlə): - Qoy elə o Allahın da səni azad etsin. Qərar qətidir. Aparın!

Kadr əriyir və yenə Marseldə ağ paltar geyinmiş Gülçöhrə dəniz sahilində durub uzaqlara baxır.

Gülçöhrə xanım (öz-özü ilə danışır): - Mən səni gərək dinləməyəydim, Əsgər ağa. Gərək səni buraxmayaydım o cəhənnəmə qayıdasan. Sən mənə verdiyin sözə əməl etmədin, Əsgər ağa. Gəlib bura çıxmadın. Niyə məni bu halımda tək-təkcənə buraxdın yad ellərdə? Niyə? Nə üçün? Səbəb? Sən məni atdınmı, Əsgər ağa, məni unutdunmu?..

***

11-ci şəkil

Titr: Üç ay, üç il, otuz il sonra...Gülçöhrə xanım Marseldə hər sabah sahilə gəlib Əsgər ağanın yolunu gözləyir.

Musiqi. Üç ay sonranın Gülçöhrəsi yenə sahildə. O, həsrətlə dənizə baxır, gözləri yol çəkir.

...Üç il sonranın Gülçöhrəsi yenə haman yerdə durub uzaqlara baxır, gözləri yenə yol çəkir. Bu Gülçöhrə titrək əli ilə yanında durmuş üç yaşlı oğlan uşağının başını tumarlayır. Uşaq başını qaçırıb kənara qaçmaq istəyir. Gülçöhrənin arxasında duran Telli uşağı tutub saxlayır.

Telli: - Əsgər, qaçma, yıxılarsan. A bala, Əsgər ağa, sakit ol, sən Allahın, sakit ol...

Otuz il sonra. Yenə haman məkan. Yenə Gülçöhrə, amma onun saçları ağarmış, özü də qocalmışdır. Yanında otuz üç yaşlı cavan oğlan. Elə bil, Əsgər ağanın özüdür. Gülçöhrə xanım yenə dodaqaltı nəsə deyir, amma onun dedikləri eşidilmir.

12-ci şəkil

Titr: Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?!

İxtiyar olsaydı rahət ixtiyar etməzmidim?

Unutmamaq – olar. Xatırlamaq olmaz!...

Otuz il sonra.

Sibir, dustaq düşərgəsi. Soyuq, boran. Baraklar.

Bir barakda içəridə qocalmış, heysiz Əsgər ağa və bir cavan dustaq.

Dustaq: - Axşam klubda yeni film göstərəcəklər. Deyirlər, yaxşı kinodu.

Əsgər ağa: - Baxarıq, görərik. Yeməyə nə verəcəklər, görəsən?! Bu gün axı, bayramdır. İnqilabın günüdür. Mübarək olsun.

Dustaq: - Hə... olsun. Yəqin, yemək də yaxşı olar.

Əsgər ağa: - Bircə klub soyuq olmasın, qalan hər şey düzələr.

Dustaq: - Ax, Əsgər, Əsgər. Nə düzələr? Heç nə düzəlməz.

Əsgər ağa: - Yox düzələr, görərsən, düzələcək. Düzəlməsə olmaz.

Dustaq: - Sən bəyəm xatırlamırsan əvvəllər necə idi? Özün də deyirsən – düzələr.

Əsgər ağa (qorxu içində): - Bircə xatırlamağı xatırlatma mənə. Bircə ondan uzaq olaq. Xatırlamayaq (qorxa-qorxa). Axı sənə demişəm. Xatırlasaq yaşaya bilmərik. Sən bunu anlamırsan? Mən yaşaya bilmənəm.

Dustaq: - Mən isə xatırlamasam yaşaya bilmərəm.

Əsgər ağa: - Yox, olmaz. Mənə xatırlamaq olmaz! Xatırlasam, davam gətirə bilmənəm. Ölləm. Mən isə ölmək istəmirəm. Mən yaşamaq istəyirəm. Yenidən... ona... onlara... bilirsən, (sirr açırmış kimi) qovuşmaq istəyirəm. Mən onlara “əlvida” demədim. Bu məni üzür. Əlvidasız ayrılmaq zülmdü, bilirsən?!

Dustaq: - Mən isə bilirdim hara gəlirdim, niyə gəlirdim. Mən vidalaşdım. Mən öz əlvidamı demişəm.

Əsgər ağa: - Mən isə demədim. Ona görə o, bu gün də məni gözləyir. Hələ bəlkə elə bilir ki, mən onu unutmuşam. Onları unutmuşam. Mən ha? Onu ha? Onları ha? Amma xatırlamaq olmaz! Unutmamaq - bu olar. Xatırlamaq isə yox, olmaz!

Kadr dəyişir. Qaranlıq düşür. Yenə çöldə qar, boran. Dustaqları tövləyəoxşar bir yerə yığırlar. Uzun-uzun skameykalar düzülmüş bu yerin yuxarı başında ekran kimi ağ pərdə asıblar. Aşağı tərəfdə kino qurğusu var. Dustaqlar hay-küylə keçib əyləşirlər. Nəzarətçilər - iş başında.

Kadr dəyişir. Əsgər ağa arxa cərgədə keçib oturur. Gombul nəzarətçi irəli, geri gəzə-gəzə kiminə irad bildirir, kimini itələyir və nizam yaratmağa çalışır.

Gombul nəzarətçi (cərgədə oturanlara xitabən): - Aranızda azərbaycanlı varmı? Bugünkü film Azərbaycan filmidir. Azərbaycanlılar keçsinlər qabaq sıraya...

Əyləşənlər (gülüşür): - Ha – ha – ha...

İşıq sönür. Film başlayır. “Arşın mal alan” filmindən musiqi səslənir. Filmə baxdıqca Əsgər ağa cürbəcür hallara düşür.

Əsgər ağa (pıçıltıyla, öz-özünə): - Allah, Allah. Bu ki, Süleymandı. Ay səni, Süleyman... Bu da ki, mənim mehriban xalamdı... Vəli, Vəliyə sən bax. Bu isə... bu isə, bəli, odur – mənim bir dənəmdir. Mənim əzizim, nuri – didəmdir. Görəsən, xoşbəxt ola bildimi?! Görəsən, o və mənim əmanətim dayaq ola bildilərmi bir-birinə?! Hökmən, hökmən xoşbəxt olmalıydılar. Bəs bu? Bu tosun kişi kimdi hələ? Mahnını mahnı dalıyca oxuyur?.. Nə gözəl də səsi var... Arşın malı çiyninə yığıb həyət-həyət gəzir – bu ki mənəm, Allah. Əhvalat ki, mənim əhvalatımdır... Adı da bu kişinin elə mənim adımdı – Əsgər ağa!.. Əsgər ağa! Yəni, bu, mənəm? Allah, Allah... (gözləri yaşarır).

Filmin kadrları bir-birini sistemsiz şəkildə əvəz edir.

Əsgər ağa (yenə öz-özünə): - Üzeyir bəy sözünə vəfalı çıxdı. Xəbər göndərmişdi ki, bizim əhvalatımızı yazmaq istəyir... Yazdı da. Amma.. Əhvalat bitmədi ki. Əhvalat yarımçıq qaldı. Əhvalat davam edir. Əvvəlini isə... xatırlamaq olmaz. Unutmamaq – bu, bəli. Xatırlamaq isə olmaz! Aman Allahım, mən axı bunları görüncə xatırlamağa başladım?! Nə edim? Necə edim ki, xatırlamayım? Bəs küçədə “dava-dava” oynayıb məni əsəbiləşdirən o uşaqlar niyə burda yoxdular? Yəqin onlar artıq böyüyüb, yekə adamlar olublar... Bəs İrana köç hanı? Bəs niyə Marsel yoxdu? Bəs mənim gözümün işığı Gülçöhrə indi nə edir – o niyə yoxdu? Hardadı Vəli qırışmal? Hərdən bu adam bir parça əppək olub çəkilir göyün üzünə, yox olur. Ah, aman Allah, aman Allah, yəni, bu qədər asan imiş bu...

Kadr dəyişir. Filmin son sevinc dolu kadrlarından sonra işıq yanır. Lent qırılır və son sevincli kadrlar elə “ekran”daca parça-parça dağılır. Hamı dustaqlar gülüşə-gülüşə, “Arşın mal alan!..” oxuya-oxuya tövləyəbənzər bu məkanı tərk edir. Gombul nəzarətçi son dəfə boş cərgələrə baxır. Görür ki, son cərgədə bir dustaq büzüşüb tərpənməz halda yerindəcə qalıb. Bu, Əsgər ağadır. Kamera onun üzünü göstərir. Əsgər ağanın dodaqlarının ucuna acı təbəssüm, gözündən isə iki damla yaş axıb gəlib üzündə donub qalıb. O, ruhunu tapşırıb. Xoşbəxt günlərin musiqisi səslənir.

Son

edebiyyatqazeti

# 3081 dəfə oxunub

Müəllifin son yazıları

# # #