“Əminə” - Natiq Rəsulzadənin hekayəsi

Natiq Rəsulzadə, Xalq yazıçısı

Natiq Rəsulzadə, Xalq yazıçısı

12 mart 2023
# 10:00

Kulis.az Xalq yazıçısı Natiq Rəsulzadənin “Əminə” hekayəsini təqdim edir.

Qəbiristanlıqdan yorğun-arğın, baş soxmağa yer tapmadıqları zəhlətökən yağışdan islanmış halda qayıtdılar. Cavan mollanın ölü duasını uzada-uzada çox ləng oxumasından hirslənmişdilər, bu azmış kimi, ehsan plovunun hələ restorandan gətirilmədiyi məlum olanda Səməd xəcalətindən bilmədi neyləsin. Odur ki, yekə aş qazanları gəlib çıxanacan və plov nimçələrə çəkilib süfrəyə düzülənəcən acqarına xeyli müddət çay içməli oldular.

Yas mərasimini şəhərin müxtəlif məscidlərində keçirmək son illərdə adət halını alsa da, Səməd hansısa məscidə gedib müdiriyyətlə danışmaq halında deyildi, eşidəcəyi xoşagəlməz sözləri təkcə elə təsəvvürünə gətirəndə ürəyi bulanırdı. Odur ki, ehsanı hamının gen-bol yerləşəcəyi öz geniş evində vermək qərarına gəlmişdi. Fikri dağınıq halda nəzərlərini masa arxasında əyləşmiş adamların üzərində dolandırır, ona ünvanlanan sualları yaxşı başa düşmədiyindən candərdi başını tərpədib nəsə mızıldanaraq cavabdan yayınırdı. Başı ağrıyırdı, özünü pis hiss edirdi, yan-yörəsində baş verənlər ona haçansa yaxşı başlanmış bir tamaşanın heç bir məna kəsb etməyən absurd səhnəsi kimi görünürdü. Hətta məclisə gələnlər yavaş-yavaş durub dağılışmağa başlayanda və yaxınlaşıb ev sahibinə başsağlığı verəndə də yerindən qalxmadı...

Arvadıyla iyirmi ilə yaxın birgə ömür sürmüşdü. Daha doğrusu, iyirmi ilin tamamına vur-tut bir neçə ay qalırdı. Amma dəqiq neçə ay? İlk görüşlərini, evləndikləri günü yada salıb hesablamağa, dəqiqləşdirməyə başladı. Əlbəttə ki, axırda hamısını yadına saldı – on doqquz il, dörd ay. Belə şeyi unutmaq olar?! Sadəcə, heç vaxt dəqiq hesablamağa ehtiyac olmamışdı, ona görə də ağlına yuvarlaq iyirmi rəqəmi gəldi. Dəqiq tarixi xatırlayandan sonra isə, elə oturduğu yerdəcə qeyri-iradi olaraq qalan şeyləri də xatırlamağa başladı.

Ehsan süfrəsindən sonra mətbəxdə yır-yığış edən qadınlar, səliqə-sahman yaradan qohum-əqrəba arabir onun yuxulu kimi hərəkətsiz oturub qaldığı otağa nəzər salır, öz aralarında pıçıldaşır, kişini yatağa uzatmağa kömək edib-etməməyi götür-qoy edirdilər. “Axı kişiyə dincəlmək lazımdır, arvadının xəstə olduğu son aylar, son günlər yazıq lap yorulub əldən düşüb” – deyirdilər. Sonra da kişinin hərəkətsiz vücuduna tərəf baxmadan böyründən dinməz ötüb-keçir, mümkün qədər astadan danışır, səs salmamağa, çəngəl-qaşığı cingildətməməyə çalışaraq qab-qacağı yuyurdular.

Arvadını tamamilə gənc şəkildə xatırladı; indi qadının yoxluğunda bu vaxtadək baş verənləri xatırlamaq xeyli asanlaşmışdı, çünki Əminənin ağır, yorucu xəstəliyi ərzində onun da, özünün də keçmişini düşünmək ağlına belə gəlməmişdi. Bu da onların keçmişi – günü-gündən sozalan, getdikcə ümidləri sönən, çuxura düşmüş gözlərlə yataqda uzanıb. Qəfildən ağladığını, bir damcı göz yaşının əlinin üstünə düşdüyünü hiss elədi. Bərk təəcübləndi: alışmadığı tərzdə təsirlənməsi qətiyyən təbiətinə uyğun deyildi. O, sadəcə yorulmuş, əsəbləri tarıma çəkilmişdi.

Tutqun baxışlarla artıq tam boşalmış adamsız otağa göz gəzdirib düşündü ki, hər halda özümü ələ almalıyam. Süfrə yığışdırılmışdı, masa tərtəmiz idi, qab-qacaq yuyulub yerinə qoyulmuşdu, bayaqdan səssiz-səmirsiz otaqlara girib-çıxan qadınlar hər yerdə səliqə-sahman yaratmışdılar. Arvadının üzərinə ağ mələfə salınmış televizorun üstündəki portretinə baxdı: çoxdanın şəkli idi, bir çox qadınlardan fərqli olaraq Əminə heç gəncliyində də şəkil çəkdirməyi xoşlamazdı. Özündən sonra barmaqla sayılacaq qədər şəkil qalıb, onlardan biri də elə budur. Şəkildə iyirmi yaşı ola, ya olmaya...

Başını qaldırıb şəklə diqqətlə baxdı: yox, güman ki, otuz beş olar... son illər çox da yaxın olmamış, tez-tez dalaşıb küsüşmüşdülər. Qadının deyingənliyi axırda kişini bezdirmiş, o da evdən çıxıb sevdiyi qadının yanına getmişdi. Ərinin hara getdiyini bilsə də, ərinin həyatındakı sonuncu qadını tanısa da, arvadı bunu üzə vurmamışdı. O, heç nəyi birbaşa söyləməyən, bütün məsələləri dolayı yollarla həll etməyə üstünlük verən riyakar ailədə böyümüşdü. Sadəcə, xırdaçılıq edir, tədricən qalmaqalı elə həddə çatdırırdı ki, axırda kişi az qalırdı onu boğsun. Odur ki, evdən çıxıb qəzəbdən titrəyə-titrəyə, arxadan qovurlarmış kimi tələsə-tələsə qaçırdı. Məhəllədə tanış-biliş çox olduğundan addımlarını yavaşıtmalı olurdu, istəmirdi kimsə onu dayandırıb soruşsun ki, hara qaçırsan belə, hara tələsirsən? Bəhanələr uydurmamaq üçün özünü sakitləşdirməyə çalışır, məcbur qalıb qonşu küçələrlə addımlayırdı. Soruşsalar deyərəm, elə-belə gəzməyə, hava almağa çıxmışam... Başınıza gəlsin... Nolardı xarabanızda oturub məni bu halda görməyəydiniz, belə vəziyyətdə qarşıma çıxmayaydınız?! Aşna məsələsini başında götür-qoy eləyə-eləyə ürəyinə qulaq asır, bədəninin istəyini dinləyib başa düşürdü ki, belə əsəbi, sarsılmış vəziyyətdə o hayda deyil. Amma o hayda olmasa da, yenə fikirləşdiyi yerə yollandı. Səhər də işə oradan getdi, arvadı heç vecinə deyildi...

Övladları olmamışdı. Evliliklərinin ilk səkkiz ilini gözləyəndən, bütün bu illər ərzində ənənəvi tibbin və türkəçarənin məsləhətlərini yoxlayandan sonra artıq bir-birlərinə öyrəşmişdilər, elə bu səbəbdən ayrılmaq istəmədikləri üçün uşaq evinə müraciət etməyə qərar verib altıaylıq uşaq götürmüşdülər. Qadın tez bir zamanda uşağa alışmışdı. Doğma balası kimi sevdiyi uşağın ağıllı, dərrakəli olmasından, hərəkətindən, davranışından, gözlərindən, gülüşündən saatlarla danışa bilərdi. Bütün günü uşaqdan aralı durmur, hətta arada işi də buraxıb gününü onunla keçirirdi. Amma on yaşına çatan oğlan meningitdən öləndə, fikirləşmişdilər ki, görünür, qismətimizdə uşaq yoxdur. Arvadını beləcə nə qədər sakitləşdirsə də, üzüntüdən, depressiyadan çıxarmaq çətin oldu, çox çətin. Həkim yanına aparmaq, daha doğrusu, xəstəni evdən çıxarmaq mümkün olmadığına görə psixiatrları evə gətirmək... bütün bunlar azından bir il çəkdi. Getdikcə hər şey yoluna düşmüşdü, Əminə yavaş-yavaş özünə gəlmiş, hətta xəstəlik ucbatından tərk etdiyi işinə də qayıtmışdı. Elə Səməd özü də oğlana öz balası kimi öyrəşmişdi, uşağın şəkillərini də, sadəcə, arvadına görə hər yerdən yığışdırdı. O, arvadından daha dözümlü idi, başlarına gələn müsibətə də kişi kimi tab gətirdi. Amma günlərin birində qadın şəkilləri yerində görməyib elə dəhşətli nalə çəkdi ki, insan fəryadına bənzəməyən bu səsə kişi yandakı iş otağından qorxu içində qaçıb gəldi. İsterik halda yerə uzanıb döşəməni yumruqlayan qadını sakitləşdirmək üçün xeyli vaxt və enerji sərf etməli oldu. Axırda şəkilləri qaytarıb yerinə düzdü, bu isə özünə də ağır gəldi. Sanki oğlan yenidən – ikinci dəfə ölmüşdü.

Vaxt keçdikcə, qadın tamamilə özünə gələndən sonra onlar daha çox mehribanlaşdılar – sanki dünyada bir-birindən yaxın kimsələrinin olmadığını başa düşmüşdülər. İndi qadın özünü kişinin sevgisinə tam təslim etmişdi, hətta münasibətləri evliliklərinin ilk günlərində belə, bu qədər çılğın olmamışdı. Qadın öz qarşısında qoyduğu yalançı, qeyri-səmimi sevgi qadağalarının üstündən xətt çəkmişdi. Kişi buna görə sözün əsl mənasında şad idi – əvvəlki məcrasına düşən sevgi münasibətlərinin onlara necə kömək etdiyini, normal həyatlarına yenidən qayıtdıqlarını dərk edirdi. Bir zamanlar onlara çox baha oturan hallar – qadının ac-susuz bütün gün divanə kimi susub dinməməsi, ərinin heç bir sözünə münasibət bildirməməsi, yeyib-içməməsi, günlərlə hərəkətsiz şəkildə uzanması – artıq geridə qalmışdı. Hətta bir dəfə qadın özündə güc tapıb birtəhər ayağa qalxmış, paltar dolabından ərinin kəmərini götürüb özünü asmaq istəmişdi... yorğunluqdan yuxuya getmiş baxıcı, təcrübəsiz kənd qızı sahibəni güclə xilas etmiş, təlaş içində Səmədə zəng vurmuşdu, o da vacib toplantını yarıda qoyub başılovlu özünü evə çatdırmışdı... adam xatırlamaq belə istəmir...

Hər ikisi neft şirkətində işləyirdi. Daha dəqiqi, şirkətdə yüksək vəzifə tutan Səməd arvadını burda yaxşı işə düzəltmişdi. Pis qazanmırdı. Amma oğlunun ölümündən sonra pulu hara xərcləyəcəyini bilmirdi. Bədbəxliyə bax, pulun ola-ola heç nə almaq istəmirsən, almalı bir şey də yoxdur.

Qadının çılğın sevgisi özüylə cılğın olduğu qədər də sərt, rüsvayçı münasibət gətirdi: Əminə dəlicəsinə, bəli, məhz dəlicəsinə və heç bir səbəb olmadan ərini qısqanmağa başladı – qonşu qadınlara, yoldan təsadüfən ötən qızların ani baxışına, tez-tez bazarlıq üçün getdiyi mağazadakı qadın satıcılara, işə təzə düzəlmiş cavan xadiməyə... Halbuki kənarda sevgi əlaqələri qurmaq kişinin fikrindən belə keçmirdi, çünki arvadı onu tamamilə qane edirdi. Həm də işi asan iş deyildi – daim gərgin və qayğılı olurdu. Arvadının xırda davalara, yorucu umu-küsülərə gətirib çıxaran əsassız şübhələri axırda onu bezdirməyə, qıcıqlandırmağa, əsəbiləşdirməyə başladı. Əvvəlcə heç nə anlamırdı, fikirləşirdi ki, yəqin keçmiş depressiyanın təsiridir. Amma atmacalar, ikibaşlı sözlər axırda öz işini gördü. Yeri gəlmişkən, həmin vaxt qadını bürüyən şiddətli, qarşısıalınmaz ehtiras da sönməyə başlamışdı. Özünün uydurduğu cəfəng səbəbə görə əriylə soyuq davranmağa, ondan mümkün qədər uzaqlaşmağa çalışırdı, bununla da ərini aşna tapmaq fikrinə salması kifayət qədər məntiqliydi. Kişi də həmin vaxtdan qadınları tez-tez dəyişməyə başladı, çünki əslində meyli öz arvadınaydı.

Birgə həyatlarında bu maneəni də aşmalı oldular. Şəxsən kişi üçün bu çətin və ədalətsiz maneə idi, ona çox əziyyət verirdi, həm də ona görə ağır idi ki, dərdini bölüşəcəyi kimsə yox idi: həyatındakı yeganə belə insan qadının anası ola bilərdi – öz qızını nələrəsə inandıra, hətta hansısa fikirdən daşındıra biləcək qaynanası. Tərslikdən, o da təzəlikcə haqq dünyasına qovuşmuşdu.

Bayaq masa arxasında gözlərini tavana zilləyib oturduğu kimi, indi də üstü hansısa qayğıkeş qadın əliylə örtülmüş şəkildə, arvadıyla ortaq yataqlarında paltarlı uzanmışdı. Sinəsinə çökən ağırlığı hiss etdi. Pəncərə şüşəsini döyəcləyən damcıların səsinə əvvəlcə fikir verməsə də, sonradan başa düşdü ki, yağış yağır.

İndi yasla bağlı və yasdan əvvəlki bütün təlaşlar, əziyyətlər, ehsanın gecikməsinə görə keçirdiyi gərginlik, dəfn yeri və qiymətlə bağlı qəbiristanlıqdakı dünənki danışıqlar, arasıkəsilməz qohum və dost zənglərinə verilən eyni yeknəsəq cavablar, camaatı qəbiristanlığa aparacaq avtobusların sifarişi, digər xırda, boş, mənasız məsələlər arvadını fikirləşməkdən onu müvəqqəti olaraq yayındırmışdı və sanki bütün bunlar iki gün əvvəl yox, çoxdan olmuş, qadın öz itkisi ilə ərini təkbaşına qoyub getmişdi. O heç nə barədə düşünə bilmirdi, diqqətini nəyəsə cəmləmək istəsə də, bacarmadı. Birdən yuxuya getdi, son günlərin gərginliyi onu zorla yatızdırdı. Bu yatmaqla düz on bir saat yatdı, oyananda isə ona elə gəldi ki, heç bir tikə də yatmayıb, yan otaqda qonaqlar hələ də oturublar və ona heç bir dəxli olmayan boş söhbətlərlə yas mərasimi davam edir.

Gözlərini yumub aylardı ilk dəfə yuxu görmədiyini, sadəcə yuxunun qara dəliyinə qərq olduğunu düşünərək qımıldanmadan uzanmışdı. Yataqdan qalxıb aralı qalmış qapıya baxdı və birdən... qapının yanında döşəməyə kölgə düşdüyünü, elə o dəqiqə də qapıda kəfən kimi ağa bürünmüş tanış fiqur gördü… heç bir qorxu hissi keçirmədən yataq otağına girib artıq çarpayısına yaxınlaşan fiqura baxdı.

– Əminə?!

Ağ fiqur yaxınlaşıb əynindəki kəfəni səssizcə çıxararaq çılpaq qaldı.

– Əminə, sənsən? Axı sən ölmüsən.

– Mənim ruhum ölümsüzdür...

Qadın elə astadan danışırdı ki, kişi onu eşitmək üçün bütün diqqətinin topladı.

– Hə, - razılıqla başını tərpətdi. - Bilirəm, oxumuşam, həm də ağıllı insanlardan dəfələrlə eşitmişəm. Bu nədir, xəstələnəndə iman gətirməyinin nəticəsidir? Yoxsa, bunun bir dəxli yoxdur?

– Belə danışma, - qadın dedi. - Sən ələ salırsan, amma inanmaq lazımdır.

– Yəqin ki, haqlısan, amma inanmaq həmişə lazımdır, dinə yalnız vəziyyət pisləşəndə üz tutmaq düzgün deyil, mən belə başa düşürəm. Burda nə gəzirsən? Ölümsüz olan təkcə sənin ruhundur? Hamı ölür, hər kəs də yerində sakitcə uzanır, heç kimi narahat etmir.

– Gəldim deyəm ki, orada bizim oğlanı gördüm.

Kişi dinmədi.

– Sənin üçün fərqi yoxdur? - qadın soruşdu. - Bir söz deməyəcəksən?

– Nə deyim? - kişi əllərini təəccüblə yanlara açaraq diqqətlə qadına baxdı; qadın xəstəliyə qədərki vaxtlardakı kimi görünürdü. - Bircə onu deyə bilərəm ki, öləndən sonra əməlli-başlı səfehləmisən.

– Bir də gəlməyəcəm, - qadın dedi.

– Lap yaxşı, - kişi cavab verdi. - Xüsusən də, cümə axşamları öz yasına gəlməyi ağlından keçirmə, camaatı qorxudan öldürərsən.

– Sən heç dəyişməmisən, Səməd, elə həmin adamsan... - qadın sözünün arxasını gətirmədən qeyb oldu.

O, günlərdir vücuduna çökən yorğunluğun canından hələ də çıxmadığını hiss edib bir müddət yataqda uzandı. Ayaqları sızıldayır, kürəyi, çiyinləri ağrıyırdı, elə bil ağır yük daşımışdı. Yadına düşdü ki, bazar ertəsidir – işə getməlidir. Düzdür, iş yoldaşları, rəhbərlik – hamı dəfndə iştirak etmişdi və belə bir gündə onun işə gəlib, şirkətin məsələləri ilə məşğul olacağını heç kəs gözləmirdi, amma evdə qalmaq da dözülməz idi.

Əminənin həmin dəqiqələrdə çoxdan görmədiyi kimi, tamamilə canlı şəkildə qarşısında dayanmasına baxmayaraq, kişi onun peyda olmasına yuxugörmə – mistikanın reallığa müvəqqəti müdaxiləsi kimi yanaşdı... Arvadının illər uzunu əvvəl varlığıyla, sonradan xəstəlikdən doğan depressiya ilə doldurduğu mənzildə özünü tənha hiss etmək qeyri-adi bir duyğu idi. Düzünə qalsa, aylarla sürən xəstəlik boyu kişi ona nifrət etməyə də macal tapmışdı. Qadın dözülməz dərəcədə kaprizli olmuşdu, eqoistliyinə iki sutkadan artıq tab gətirə bilən baxıcı zorla tapılırdı, sonra əri yenisini axtarır, atıb getməsinlər deyə pulu ikiqat, üçqat ödəməli olurdu. Onda heç olmasa, işdə özünü az-çox rahat hiss edir, fikri yayınmırdı...

Yataqdan qalxdı, aşağı salladığı çılpaq ayaqlarıyla başmaqlarını tapıb hamamxanaya getdi, güzgünün aşağı rəfindəki stəkanda gözünə sataşan qadının diş fırçasını görüb zibil vedrəsinə atdı, üzünü qırxdı, zümzümə elədiyi bayağı musiqinin sədaları altında yuyunub-darandı.

Bir az gəzişmək üçün bayıra çıxdı. İşə yollanmaq fikri öz-özünə keçib getdi. Əslində, diqqət mərkəzində olmaq istəmirdi, işə getsəydi bu qaçılmaz olacaqdı. Evin yaxınlığındakı kişik, yaşıl bağa getdi. Yağışdan sonra hava təmiz idi, dalandar qadının alababat sildiyi oturacaqlardan birində əyləşib siqaret alışdırdı. Təqaüd yaşlı bir neçə kişi bağın qırağında yığışıb domino oynayır, zarafatlaşır, bir-birilərinə söz atırdılar. Yağış illər öncə vəfat etmiş yazıçının heykəlini yaxşıca yuyub təmizləmiş, heykəlin çuqun başında quş zılının izi-tozu qalmamışdı. Görkəmindən tələbəyə oxşayan iki qız gözlərini telefonlarına zilləyərək nəsə çeynəyə-çeynəyə internet xəbərləri barədə təəssüratlarını bölüşürdülər. Skamyanın arxa hissəsindəki kollardan gələn xoş rayihə ətrafı bürümüşdü. Yanından bir qız keçdi, sonra yaxınlaşıb çəkinə-çəkinə Səmədin əyləşdiyi skamyanın qırağında oturdu. Qızı gözaltı süzən Səməd onun ayağındakı kobud ayaqqabıları görəndə özündən asılı olmayaraq düşündü ki, Əminə heç vaxt beləsini geyməzdi. Təxminən iyirmi beş, iyirmi yeddi yaşlı qızın yorğun sifətində həyatının heç də asan keçmədiyinin izləri sezilirdi, əynindəki plaş beş il qabaqkı dəbdə olsa da, təmiz və səliqəli idi, çiynindən uzun kəmərli kiçik çanta asılmışdı. Qız kişinin baxışlarını üzündə hiss eləyib utana-utana, dili topuq vura-vura dedi:

– Bağışlayın, dayı, mənə metro üçün yolpulu verməzsiniz? Getməliyəm, amma pulum... başqa şey düşünməyin, burda rəfiqəmi gözləyirdim, söz vermişdi ki, pul gətirəcək, mənə borcu var, amma nə səbəbdənsə gəlib çıxmadı...

Səməd əlini cibinə saldı, neçəliyinə baxmadığı kağız pulu ona uzatdı. Qız təəccüblə pula baxırdı.

– Bu nədi, yox, mənə ancaq metro üçün pul lazımdı. Mən nə dilənçiyəm, nə də qaçqın, şəhərliyəm, burada doğulmuşam.

Səməd əlindəki pula nəzər saldı: hə, doğrudan da, bir az çoxdu. Amma qızın sözləri onu təəccübləndirdi.

– Gedək, - oturduğu yerdən qalxıb qıza dedi. - Səni plova qonaq edəcəm. Dünənki yasdan qalıb.

– Nə danışırsınız!.. - qız qeyri-iradi etiraz etməyə başladı, amma sözünü axıra çatdırmamış ayağa qalxıb itaətkarcasına kişinin ardınca getdi. Görünür, Səmədin sanballı görkəmi heç bir narahatlıq yaratmırdı, üstəlik də plov təklifi qızı ürəkləndirdi, həyat bir anlıq gözünə əlvan rənglərdə göründü.

Onlar aralıdakı təqaüdçü-dominoçuların çaşqın baxışlarının müşayiəti ilə bağdan çıxdılar.

Səməd qızın həm iştahla, həm də gözütoxluqla, həm də səliqə ilə – haradasa Əminəni xatırladan yemək tərzinə dalğıncasına baxa-baxa siqaret çəkdi, sonra gözlənilmədən soruşdu:

– Bəs sənə maraqlı deyil ki, bu kimin yasıdır?

Qız heç nə demədən qəribə tərzdə kişiyə baxanda Səməd Əminənin suallara cavab verməyən depressiya dövrünü xatırlayıb cinləndi, hirsindən az qaldı bu başdanxarabı boğsun.

– Niyə dinmirsən? - əsəbi halda soruşdu.

– Duş qəbul edə bilərəm?

– Duş? Nə duş?

Bütün ömrü boyu, xüsusən də qadınlar tərəfindən hər cür gözlənilməz halla qarşılaşsa da, Səməd heyrətindən bilmədi bu sözə nə cavab versin.

Qız gülümsündü, masadan qalxıb hamamxanaya keçdi, içəridən qapını kilidləyən kimi suyun şırıltısı eşidildi. Kişini fikir götürdü... indi onun ayrı-ayrı jestləri, baxışları, dilinin ucuyla üst dodağını yalaması, yemək yeyəndə udqunması, sanki yerində olub-olmadığını yoxlayırmış kimi çeçələ barmağıyla burnunun ucuna toxunması... bütün bunlar eynən Əminəni xatırladırdı. Hamamdan çıxanda da bütün hərəkətləri, yerişi, duruşu ilə rəhmətlik arvadını, Əminə ilə birlikdə keçən ən gözəl, ən ehtiraslı günləri yada salırdı.

– Sənin adın nədir? - kişi eşidəcəyi cavabdan qorxa-qorxa özünü birtəhər toparlayıb soruşdu.

– Hələ də başa düşməmisən? - qız əsəbi halda dilləndi.

Kişi aralanıb dəhşət içərisində qıza baxdı; qız onun gözündə getdikcə daha sürətli, daha çevik şəkildə dəyişməyə və ölən arvadınln canlı surətinə çevrilməyə başladı.

– Axı necə? Bu necə ola bilər? - kişi hövsələdən çıxıb həyəcanla soruşdu.

– Bunu sənə deyə bilmərəm, - qız sakitcə cavab verdi.

– Sənin ruhun... sənin obrazın... necə izah edəcəyimi bilmirəm... səhər bura gəlmişdi, yuxuya bənzətmişdim, amma indi... başqasının cismində... Bu, ruhun başqasının bədənində yerləşməsidir? Bunu necə bacarmısan?

– Yəni səninçün belə vacibdir?

– Əlbəttə, vacibdir!

– Yox, səhvin var, - qız dedi. - Əsas odur ki, biz bir-birimizi sevirik. Mən ki sənə ən vacib olan şeyi xatırlatdım, elə deyil?

Səməd qızın sözlərini düşünərək susdu, bu yad, eyni zamanda çox doğma adamın üzünə baxdı, fikirləri qarışdı, bilmədi nə desin, necə etsin... Qızı burda saxlasınmı, yoxsa qovsunmu? Bəs əgər o, bütün çətin, nahamar, birgə yaşadıqları yorucu illərə baxmayaraq məhz xiffətini çəkdiyi insan idisə? Bəlkə, onun üçün ev tutub hərdən baş çəksin? Qız isə xəfifcə gülümsəyərək kişiyə baxır, sanki onun fikirlərini oxuyurdu.

Beləliklə, yeni Əminə Səmədin evində yaşamağa başladı. Qonşuların mühakiməsindən qorxub əvvəl-əvvəl qıza çölə çıxmağa icazə vermədi, özü isə evə heç kəsi dəvət etmədi. Uzun illər evində işləyən xidmətçini də azad etdi, kimsə zəng etmədən gələndə, yaxud qapını döyəndə qapını açmır, domofondan danışırdı. Amma yaxınları, doğmaları, iş yoldaşları bu hərəkətləri arvadının ölümüylə əlaqələndirib bacardıqca onu narahat etməməyə çalışır, əsasən telefonla, vacib bir söz olanda skaypla danışırdılar.

İşə müntəzəm gedir, əvvəlki kimi vicdanla çalışırdı. İş yoldaşları onda elə bir ciddi dəyişiklik hiss etmədilər; evdə olduğu müddətdə yaranmış insanlardan qaçma vərdişi də ofisdə görünən andan onu tərk etdi. Amma dostları Səməddə baş verən hər hansı dəyişikliyə fikir vermir, onu necə vardısa elə qəbul edirdilər. Bu hamını qane edirdi: məhsuldar işləyir, kollektiv fikirlərə hörmət bəsləyir, vaxtaşırı təşkil olunan kişi məclislərində canla-başla iştirak edir – başqa nə lazımdı? Evdə isə... özü bilər, kefi necə istəyir elə yaşasın, kimin nə vecinə?..

Evdə isə... evdə yeni problemlər meydana gəlmişdi. Belə ki, ev dustağına çevrilməsinə heç bir etiraz göstərməyən, hətta burnunun ucunu belə qapıdan bayıra çıxarmayan Əminə getdikcə özünü daha qəribə aparmağa, insan davranışındakı heç bir qəribəliyi mistikayla, o dünyayla əlaqələndirməyən ateist ərini öz qeyri-adi hərəkətləriylə qorxutmağa başlamışdı. Düzdür, məhəbbət məsələlərində qız sanki onu heyrətləndirən sevgi dolu təcrübəli vaxtlarına qayıtmış, Səməd də öz yeni Əminəsindən kifayət qədər razı qalmışdı. Məftunluğu bir yana, həm də əvvəllər olduğu kimi ondan başqa heç kimi istəmirdi, amma eyni zamanda yaşına uyğun olmayan bu şiddətli sevgi onu yorub əldən salmış, düşgünləşdirmişdi. Doyunca yatmadığı çılğın gecələr Səmədi yaxşı saxlamağa çalışdığı gümrah görünüşünə baxmayaraq gündüzlər işin qızğın vaxtında özündən ixtiyarsız yuxuya sövq edirdi.

Hə, yeri gəlmişkən, yuxu barədə... yuxusuna müəmmalı şeylər girməyə başlamışdı. Amma gecəyarı və ya səhərə yaxın oyanıb onların konkret nə olduğunu dəqiq xatırlaya bilmirdi. Oyananda yalnız yuxunun ümumi atmosferini, əl-ayağını bağlayıb onu qaçmağa qoymayan, sanki yumşalmış əllərinin müqavimətinə mane olan, canını bürüyən dəhşəti xatırlayırdı. Yuxuda uçurdu, lakin hündürə uça bilmirdi, nəsə dəhşətli, tənək budağı kimi uzun çıxıntısı olan bir şey onu təqib edir, uçuş zamanı yerdən yarım metrlik məsafədə yuxarıya qalxmış ayağından tutub saxlayırdı. Tər içində, ağır nəfəs alaraq oyanıb yuxusunu isti-isti xatırlamağa çalışırdı, amma əbəs yerə, heç cür xatırlaya bilmirdi. Yuxudan yarımçıq oyandığı gecələr onu başqa təhlükə – şirin və arzuolunan bir təhlükə gözləyirdi. Gözlərini açdığını hiss edən kimi, işrətdən gözü doymayan Əminə fürsəti qaçırmayıb dərhal işə keçirdi, həm də şeytan kimi son dərəcə peşəkarlıqla! Heç bir təcrübəli, işini bütün incəliklərinəcən bilən peşəkar fahişə də bu yeni Əminəyə çata bilməzdi. O isə uyğunlaşmalı olurdu, başqa çarəsi yoxdu.

Bir dəfə gecəyarısı yataq otağının kip örtülmüş qalın pərdələrinin yaratdığı zülmət qaranlıqda (həmişə pərdələri azca aralı qoyar, küçədən otağa işıq süzülərdi, amma həmin gecə içəri qəti işıq düşmür, göz-gözü görmürdü) Əminə bir-birinin ardınca onu dünyadan köçmüş doğma adamlarının, sonra onların yaxınlarının, hətta tanışlarının, sonra lap uzaq tanışlarının (bir sözlə: növbə – məşhur meqapolisin məlum məqbərəsindəki qurumuş mumiyanın qapısındakı canlı növbə kimi sonu görünməyən əzəmətli növbə idi) yad elədikləri növbəti kabusun ortasında nəsə soyuq bir şeyin sinəsində gəzdiyini hiss elədi. Fəryad içində oyanıb qorxudan tir-tir əsən zavallı ürəyinin üstündə Əminənin yağlı flomasterlə nəsə çəkdiyini gördü. Bu ürək əvvəllər bütün normal insanlarda olduğu kimi öz yumruğu boydaydı, indi isə büzüşüb Əminənin yumruğu boyda olmuşdu.

– Sən neynirsən?.. - alnının tərini silərək sakitcə soruşdu.

– Sənin ürəyin burdadı, - elə səslə dedi ki, sanki ona sirr açırdı.

– Bilirəm...

– Bilirsənsə, onda yat.

Səməd qaranlıqda onun üz ifadəsini görməyə çalışır, üzünə heyrətlə baxırdı.

Başqa bir vaxt səhərə yaxın – dan yeri təzəcə ağarırdı – yatdığı yerdə qız onun üzünə kiçik bayırını etmişdi. Yataqdan sıçrasa da, kənara atıla bilməmişdi: qız birbaşa onun üzündə oturmuşdu. Hər şey qurtarandan sonra o, yastıqdan qalxıb mələfənin qırağıyla iyrənə-iyrənə üzünü silir, bərəlmiş gözləriylə qıza zillənib heç olmasa bir açıqlama gözləyirdi.

– Bu çox şəhvani hissdir, - qız dedi, - mən qurtardım. Sənə elə gəlmir?

Bütün bu oyunlar, yataqda saatlarla uzanan nəvazişlər kişinin bütün gücünü əlindən alır, onu heydən salıb sanki qanını sorurdu.

Bir dəfə iş yoldaşı olan cavan bir qız Səmədi ad gününə dəvət etmişdi. Əminə bunu hardansa, necəsə öyrənmişdi.

– Nədi? - soruşdu. - Gedəcəksən?

– Əlbəttə, - dedi. - Özü də necə gedəcəm! Təmiz alt paltarı geyib gedəcəm.

– Sən onu istəyirsən, - Əminə bu sözü sual, yoxsa təsdiq olduğu bilinməyən bir tərzdə dedi.

– Səndən sonra vacib olan kimisə istəmək deyil, bunu bacarıb bacarmamaqdı. Yeri gəlmişkən, bir-birimizdən bir az dincəlməliyik.

– Mən hələ səndən bezməmişəm, - qız sadəcə cavab verdi.

O susdu. Son günlər özünü elə hiss edirdi, elə bil sıxıb suyunu çıxarıblar. Arada başı fırlanır, uzanmaq istəyirdi; küçədə ayaqları əsir, yıxılmaqdan qorxurdu; çox vaxt sükan arxasına əyləşməkdən vaz keçib sürücü çağırırdı...

Hər gecə qız onu çox məharətlə şirnikdirib yatağa salır, saatlarla birlikdə olmağa təhrik edirdi. Bir dəfə qarnının üstündəki qeyri-müəyyən ağırlıqdan oyanıb yorğanın üstündə yekə bir pişk gördü. Əminənin şıltaqlıqlarından, təhlükəli hiylələrindən bezmiş Səməd pişiyi güclə yerə tullayıb hərəkətlərini diqqətlə izləyən qızdan soruşdu:

– Bu pişik mənim evimdə neyləyir?

– Sən elədiyini, - qız sakitcə cavab verdi, - yaşayır.

– Yox, mən yaşamıram, deyəsən, ömrümün axırıdır. Kardioloqa getmişdim, qəfil təzyiqim düşmüşdü, heç vaxt belə olmamışam.

Qız heç nə demədi, o biri böyrü üstə çevrildi, sanki təzyiq məsələsinin ona heç bir aidiyyəti yox idi.

– Sən bir neçə gün mənə yaxın durma, həkim dincəlməyimi məsləhət görüb.

– Axı səni sevirəm, - qız dedi.

Nəsə başqa cür idi və Səməd bunu hiss edirdi. Qızın hər toxunuşu onda çılğın ehtiras doğururdu, sanki bu yeni Əminənin bədəni ağlagəlməz cazibə qüvvəsinə malik idi və günün istənilən çağında onu özünə çəkir, şəhvətini artırırdı. Baxmayaraq ki, saatlarla uzanan nəvazişlərdən sonra yazığın yataqdan qalxmağa, duş qəbul etməyə heyi qalmırdı. Qız yataqda onunla elə əylənir, ən köntöy sözləri qulağına elə bir ehtirasla pıçıldayırdı ki, Səməd uzun müddət qızdan qopa bilmir, isti qadın bədəninə yapışıb qalırdı. Deyəsən, Əminənin niyyəti bu yolla onun canını almaq idi. O, qızı kənara itələyir, ondan qopmaq istəyirdi, amma mümkün olmurdu, Əminə yorulub usanmaq bilmədən təkrar-təkrar ona sürtüşür, istədiyini almayınca pişik kimi sığal çəkir, tumarlayır, istəyinə çatanda isə elə çığırır, elə inildəyirdi ki, Səməd qana həris vəhşi heyvana, yırtıcıya çevrildiyini bütün orqanlarıyla hiss edir və dəfələrlə girib-çıxdığı yerdən qırmızı qan fəvvarəsinin fışqırması üçün qızı parçalamaq istəyirdi. Ancaq bu, qızı məhv etmirdi, əksinə, hər dəfə bu cür yaxınlıqdan sonra qız sanki daha güclü, daha çılğın, daha inadkar olur və yaralı heyvan kimi böyürürdü.

Səməd işə getməyi yadırğamışdı, telefona yaxın getmirdi, səhərdən axşamacan yataqda uzanıb qalmışdı. Qız duşun altında oxuyur, mətbəxdə fit çalır, kişiyə yunan qozu və bal yedizdirir, körpə uşaq kimi qaşığı ağzına soxub barmağını boğazınacan aparır, qidanın hansı yolla son mənzilə çatdığını, onu daha güclü və şəhvətli etdiyini göstərirdi.

– Sən məni öldürmək istəyirsən? - kişi yatağın ayaq tərəfində oturub soyuq dabanlarını masaj edən qızdan zəif səslə soruşdu.

– Yadındadı, bir dəfə demişdin ki, sevgidən ölmək istəyirsən , - qız gözlərini hiyləgərcəsinə qıydı, - noldu, fikrini dəyişdin?

– Sən bunu başa düşməzsən. Mən həmin sözləri o biri Əminəyə deyirdim.

– Yalnız bir Əminə var, – qız əminliklə cavab verdi. - Mən hər şeyi xatırlayıram.

– Sən yırtıcısan!

– Sənin kimi, - qız cavab qaytardı. - Səni incitmək istəməzdim, amma məni necə ələ salıb incitdiyini, mənimlə qul kimi rəftar etdiyini, mənə hansı ədəbsiz şeyləri öyrətdiyini, aşnalarına, hətta birgünlük fahişələrinə görə məni necə atdığını, ifrat hərəkətlərindən utandığım zaman necə alçaltdığını, bəzən döydüyünü, bəzən də anamın evinə qovduğunu düşünəndə... İndi sevinə bilərsən: bunu bacardın, gördüyün kimi, sənin istədiyin əsl pozğuna çevrilmişəm. Sən məni məzara sürükləyən xəstəliklərimin səbəbi, baiskarı oldun...

Kişi susurdu. Qız ona nəzər salanda yuxuladığını gördü: uşaqtək fısıldayan, əvvəlki kimi xoruldayan kişi çoxdan yatmışdı, gücü qalmamışdı.

Qız yataqdan qalxıb yarımçıq qalmış naharı mətbəxə apardı. Təzədən yataq otağına qayıdanda isə kişi sakitcə dilləndi:

– Mən yatmamışdım, hamısını eşitdim.

Və qız təngə gəldiyi bir işi yerinə yetirirmiş kimi onu öpməyə başladı...

İndi onun yuxularının əsas məzmunu qaçmaq idi: o, qar basmış çöllə gedir, qarşıda, geniş düzənliyin ortasındakı kiçik daxmanın pəncərəsində işıq görünür, damdakı bacadan tutqun havanın fonunda aydın görünən tüstü çıxırdı... Səməd uzun, yorucu yoldan sonra daxmadakı ocağın qırağında dincəlmək üçün daha cəld yeriməyə çalışır, amma nə qədər əlləşsə də arzuladığı yerə bir addım belə yaxınlaşa bilmirdi... addımlarını bir az da yeyinlədir, sonra var gücüylə qaçmağa can atırdı, amma pəncərədəki aldadıcı işartı yenə də uzaq, əlçatmaz olaraq qalırdı.

Səmədin gecəyarısı qeyri-adi vəziyyətdə gördüyü yekə, qara pişik də ailənin üzvünə çevrildi. O da Əminə kimi evdən bayıra çıxmadı, hətta Səməd işə getdiyi günlər onu hərdənbir çölə çıxarmaq istəsə də, pişik sifətini yarıaçıq qapıdan bayıra çıxarıb pilləkənə, qonşu qapılara, qapaqlı zibil yeşiyinə oğrun-oğrun, tələsik baxır, tez də mənzilin içərilərinə çəkilirdi. Pişik də, dustaq həyatı elə ilk gündən ürəyincə olan və evi heç vaxt tərk etməyən yeni Əminə də – hər iki könüllü əsir – bilavasitə mənzil sahibinə bağlı idilər, heç biri də yaxasından əl çəkmir, sırtıqlıqlarına salıb böyründən qopmurdular. Amma bu, kişinin ürəyincə deyildi, çünki yorulmuşdu, dincəlmək istəyirdi, səhər oyananda heç birini görmək istəmirdi.

– Onun adını nə qoyaq? - bir dəfə Səməd Əminədən candərdi soruşdu.

– Ad qoymaq niyə? - Əminə etiraz elədi. - Pişik.

– Hər halda, mən onun adını Əminə qoyardım.

Pişiyin mənzildə qəfil yoxa çıxmaq kimi qəribə vərdişi vardı. Özünü onun ayağına sürtər, ya da sahibi uzun, ağır gecələrdən sonra dincələndə çarpayıya tullanıb onun yanında uzanmağıyla yoxa çıxmağı bir olurdu. Öz adına inanılmaz dərəcədə tez öyrəşmişdi və cağıranın üzünə əsla pişiyinkinə bənzəməyən ağıllı, dərrakəli gözləriylə baxaraq miyovuldamaqla cavab verirdi.

- Əminə! - Səməd pişiyi çağırdı, amma o sanki evin içində yoxa çıxmışdı, əvəzində pişik kimi cazibəli tərzdə əyilərək son dərəcə qıvraq bədəninin fantastik imkanlarını nümayiş etdirən arvadı Əminə gəldi.

– Myau, - Əminə əsl pişik səsi çıxardı. - Myau...

Səmədi vahimə basdı. Hər iki Əminə ona eyni nəzərlə baxırdı, hər ikisinin gözlərindəki ifadə ağlasığmaz dərəcədə bir-birinin bənzəri idi.

Bir səhər qəribə hadisə baş verdi: geniş açılmış pərdələrin arxasındakı pəncərədə hələ qaranlıq ikən, çarpayının yanındakı saatın əqrəbləri 5.58 göstərəndə yanında ərinin oyanmasını gözləyən Əminəni görməyəndə Səməd astadan çağırdı, amma ona heç kim cavab vermədi. Bütün otaqlarda bir səssizlik hiss olunurdu. Bu dəfə Səməd bərkdən çağırdı, yenə xeyri olmadı. Onda pişiyi səslədi:

– Əminə! Kis-kis-kis!

Amma həmişə bir çağırışdan qaçıb gələn pişik də görünmədi. Səməd bir az da uzandı, ürəyində onların yoxluğuna sevinsə də, eyni zamanda bunun yalançı siqnal olacağından ehtiyat edirdi. Sonra ayağa qalxıb yuyunmağa getdi, üzünün tükləndiyini görüb fikirləşdi ki, bəlkə saqqal saxlasın? Amma yuyunandan sonra üzünü qırxdı, çimməyə isə gücü qalmamışdı. Mətbəxə keçib doyunca səhər yeməyi yedi. Soyuducunun ağzına qədər əla məhsullarla dolu olması onu təəccübləndirdi: axı Əminə bir dəfə də olsun ayağını evin kandarından bayıra qoymamışdı, mənzili tərk etməmişdi. Bəlkə, pişik? - zarafatyana fikirləşdi.

Səhər yeməyindən sonra yenidən yataq otağına keçdi, dincəlmək üçün uzanan kimi yuxuya getdi. O dəqiqə də hər iki Əminə yuxusuna girdi – arvadı da, pişik də ona əl elədi, sanki vidalaşıb yavaş-yavaş yoxa çıxdılar, dumanlı yuxunun içində əriyib getdilər.

Səməd bir neçə gün tək yaşadı, hərdənbir küçəyə çıxıb ərzaq üçün mağazaya gedirdi. Beşinci gün işə yollandı, iş yoldaşlarıyla mehribancasına görüşüb o dəqiqə də işə başladı. Xəstəliyə görə rəhbərlik ona güzəştə getdi. Nahar fasiləsində dostlarıyla kafeyə gedib ac qurd kimi doyunca yedi. Dostları onun iştahına təəccüb və qısqanclıqla baxırdılar. Səməd ofisə gəlmədiyi günlərdə yığılıb qalmış yarımçıq işlərini də sürətlə yerinə yetirirdi.

Özündə bəzi qəribəliklər hiss etməyə başlamışdı: həm işdə, həm küçədə, həm də getdiyi digər yerlərdə qadın sifəti, hətta ən gözəl, ən cəlbedici olanlar da onda nəsə qıcıq yaradırdı – iyrənirmiş kimi tez üzünü çevirirdi.

Evə qayıdarkən giriş qapısının yanında duran, başını çarəsizcəsinə bulayaraq sanki nəsə axtaran pişik gözünə dəydi. Pişiyi diqqətlə süzməyə başladı: öz pişiyinə oxşasa da, buna tam əmin deyildi, çağıranda da arxaya çəkilib qaçmağa üz qoydu. Səməd çiyinlərini çəkib giriş qapısından içəri keçdi.

Mənzilə girəndə isə əməlli-başlı səksəndi – az qaldı quyruğunu qaldırıb qalib tərzdə sevincək qabağına qaçan pişiyi ayaqlasın.

– Fikirləşirdim ki, səni bir də görməyəcəyəm, - hündürdən dedi və pişiyə gic-gic sual verdi: - Bura necə gəldin?

Pişik bütün axşam mənzildə onun arxasınca gəzdi: sahibi ayaqyoluya girəndə qapının arxasında gözlədi, çıxanda isə onun gözlərinə insan kimi diqqətlə zilləndi və Səmədə elə gəldi ki, pişik Əminə sevincini bildirmək üçün gülümsəyir.

Səhər oyananda pişiyi yanında gördü, gözlənilməz olduğu üçün qışqırıb onu çarpayıdan döşəməyə tulladı, amma pişik dərhal da geri atıldı. Səməd yataqdan qalxdı, iyrənmiş kimi əllərini sinəsinə, ayaqlarına sürtərək yuxuda olarkən pişiyin ona sığınıb yatdığını təsəvvür elədi və üst-başını çırpdı. Xoşagəlməz natəmizlik hissindən qurtulmaq üçün qaçıb duşun altına girdi.

Leysan yağırdı. Maşını işıqforun qırmızı işığında əyləyib dalğın halda ətrafa baxır, yolun açılmasını gözləyirdi. İkicə addımlıqda, avtobus dayanacağında yağışdan gizlənməyə yer axtaran bir qız dayanmışdı. Səməd heç nə düşünmədən qeyri-iradi şüşəni aşağı salıb ucadan dedi:

– İstəsəniz, sizi apara bilərəm!

Qız ona baxdı, maşına baxdı, qısa götür-qoydan sonra bayaqdan gözlədiyi avtobusun gəlməli olduğu küçəyə baxıb dilləndi:

– Sizə çətin olmaz ki?

– Yox, heç yerə tələsmirəm.

Qız qabaq oturacaqda onunla yanaşı oturan kimi dedi:

– Vay, maşını çirkləndirdim, suya bax...

– Eybi yox, – Səməd qızın ayağının altındakı gölməçəyə baxıb dodaqaltı mızıldandı. – Su yaxşı şeydir, aydınlıqdır...

Və bütün yol boyu susdu. Qadınlarla ünsiyyət qurmağı bacardığına, adətən, onların xoşuna gəldiyinə baxmayaraq, qəribədir ki, bu qızla... bütün yolu özünə xas olmayan tərzdə, utancaqlıqla susdu. “Mənə nolub belə, elə bil dilim tutulub, qız uşaqdı, yaşı iyirmidən çox olmaz, mənimsə sanki əlim-qolum bağlanıb, axı niyə?” Baş açmırdı, amma utancaqlıq hissi onu elə bürümüşdü ki, hətta başını döndərib qızın üzünə belə rahat baxa bilmirdi.

– Bax elə burda saxlayın, zəhmət olmasa, - birdən qızın səsini eşitdi. - Mən çatdım. Çox sağ olun...

Qızın səsini eşidən kimi utancaqlığı yoxa çıxdı, elə bil qaranlıq otaqda qəfildən gur işıq yandırdılar. Maşını saxlayıb ətrafa göz gəzdirdi – giriş qapısında tələbələr yığışan universitetin yanındaydılar.

– Siz burda oxuyursunuz? - soruşdu.

– Bəli, - qız cavab verdi. - Magistraturanı bitirmək üzrəyəm.

– Nə vaxtsa, uzun illər əvvəl... - bu sözü ağzından qaçırdığına görə ani təəssüflənib ara versə də, sözünə davam etdi, - mən də burada oxumuşam. O zaman bura indiki kimi universitet yox, institut adlanırdı.

– Doğrudan? - qız maraqla soruşdu. - İxtisasınız üzrə işləyirsiniz?

– Xeyr, məcburiyyət üzrə, – dedi və qızın gülümsədiyini görəndə üzünə, gözlərinə diqqətlə nəzər yetirdi. Qız açıq-aşkar utanıb qızardı, baxışlarını ondan qaçırmağa çalışdı.

– Bu necə olur?

– Zarafat elədim. Sadəcə, yaxşı maaş verən şirkətdə işləyirəm.

– İndi aydın oldu... Bir daha təşəkkür edirəm, - qız maşının qapısını açıb düşmək istədi.

– İstəyirsiniz, arxanızca gəlim? - birdən kişi soruşdu.

– Yox, nə danışırsınız?! Sağ olun...

Və maşından çıxıb universitetə tələsdi, qapıda gözdən itənədək Səməd onun arxasınca baxdı. Sonra birdən ayılıb fikirləşdi: “Nə sarsaqlayırsan, axı ondan iki dəfə böyüksən...” Amma içindəki digər səs – həmişə narazı olan və etiraz edən səs razılaşmadı: “Nolsun ki? Ehtiyatlı olmaq sənə qalıb?”

Dərslərin nə vaxt qurtara biləcəyini təxmini hesabladı, vaxtı qaçıracağından qorxduğu üçün işdən icazə alıb yarım saat tez gəldi. Öz hərəkətinə özü də təəccüb qalmışdı, sanki içində gözəgörünməz, amma qarşı çıxa bilmədiyi güclü bir şey onu idarə edir, yönləndirir, sağlam düşüncəyə sığmayacaq işi görməyə məcbur edirdi. Ən əsası isə, son zamanlar qadınlara qarşı ürəyində yaranmış nifrət və qıcıq bu qızla rastlaşandan sonra büsbütün yoxa çıxmışdı.

Qız qapıdan, deyəsən, qrup yoldaşı ilə çıxdı. Lənətə gələsən! Burasını qabaqcadan düşünməmişdi, halbuki təxmin etmək elə də çətin deyildi. Məyus halda uzaqlaşmaq istəyirdi ki, oğlanın ayrılıb getdiyini gördü və Səməd bəxtinin gətirdiyini düşünüb ürəkləndi, maşından enib qıza yaxınlaşdı. Qız dərhal onu gördü, qaşlarını çatsa da, atası yaşında olan kişinin yaxınlaşmasını gözləmədən çıxıb getməyi ədəbsizlik hesab elədi.

– Siz gəlmisiniz?!.. - narazı halda soruşdu və yetkin kişinin cavan oğlan sayağı günahkar baxışlarını görüb dili dolaşdı.

– Bilmirəm, - səmimi etiraf etdi. - Həqiqətən bilmirəm bu necə oldu. Sizi yenə görmək istədim.

– Yaxşı, gördünüz... Sonra?

– İcazə verin, sizi evə ötürüm, - kişi yalvarıcı səslə necə dedisə, qız özündən ixtiyarsız qımışdı.

– Yox, olmaz!

– Onda mənə beş dəqiqə vaxt ayırın. Yağış kəsib. Bir az gəzək. Yaxşı?

– Yox, pis! Görürsüz, bizə baxırlar.

– Deyərsiniz ki, dayınızam...

– Əla fikirdi, - qız onu sancdı. - Belə kəşflər ağlınıza tez-tez gəlir?

– Nə gözəl danışırsınız, heç deməzsən ki, tələbəsiniz. Savadlı, məzmunlu...

– Mən filoloji təhsil alıram, adam istər-istəməz savadlı danışır, burda təəccüblü heç nə yoxdur.

– Təəccüblənmirəm, sadəcə, sizinlə ünsiyyət çox xoşdur.

Qız susdu, eyni zamanda tələsik addımlayaraq universitetdən uzaqlaşmağa çalışdı. Kişi onunla yanaşı gedərək yandan üz ifadəsinə baxırdı. Qızın üzündəki ifadə heç də ümidverici görünməsə də, cəsarətsizlik artıq kişini tərk etmişdi, hətta içində oyanmış abırsızlıq ədəb çərçivələrindən kənara çıxmayan lətifə danışmağı da diqtə edirdi.

Qəfil arxaya çevrilən qız dedi:

– Maşını düzgün yerdə saxlamamısınız, aparacaqlar. Evakuatorlar bura tez-tez baş çəkir.

– Qoy aparsınlar. Başqasını alaram.

– Hmm... pijonsunuz? Bağışlayın, ağzımdan çıxdı.

– Eyb eləməz. Amma pijon deyiləm. Sadəcə, sizdə özüm barədə təəssürat oyatmaq istədim.

Qız heç bir cavab vermədən ona diqqətlə nəzər saldı.

– Hələ çox belə gedəcəyik? - kişi soruşdu. - Evə tələsmirsiniz?

Qızla birlikdə əsasən tələbələrin sıx olduğu avtobusla, həm də öyrəşmədiyi basabasda iyirmi dəqiqə yol getməli oldu. Üstəlik, səfərin sonunda onu sürpriz də gözləyirdi.

– Siz, zəhmət olmasa, mənimlə avtobusdan düşməyin, - yanındakı sərnişinlər eşitməsinlər deyə, qız elə sakit tonla xahiş etdi ki, etiraz etmək kişinin ağlına belə gəlmədi. - Ola bilsin, anam məni eyvanda gözləyir, oradan dayanacaq görünür.

– Yaxşı, - kişi çaşqın halda dedi. - Düşmərəm.

Qız elə füsunkarcasına gülümsündü ki, bu təbəssümdən siması tamamilə dəyişdi – sanki belə uğursuz gedişə görə kişidən bağışlanmasını xahiş edirdi. Kişi bu ani təbəssümdən cəsarətləndi, gülümsəyib qızdan aralandı, növbəti dayanacaqda avtobusdan düşüb taksi ilə maşınının yanına qayıtdı.

Gecə pişiyi ayağıyla yan otağa itələyib yataq otağının qapısını kip bağlasa da, pişik israrla içəri keçmək istəyirdi. Qapı örtülənəndə kişi kəskin fışıltı, inilti eşitdi, pişiyin quyruğunun qapı arasında qaldığını düşünüb qapını yenidən açdı və üzünə baxan heyvanın insana məxsus üz ifadəsindən üşəndi...

Yox, buna pişik sifəti demək olmazdı!

O bir daha ayağıyla pişiyi itələyib özünə söz verdi ki, sabah onu evindən uzağa aparıb azdıracaq. Sonra yorğun-arğın iniltiyə çox da fikir verməyib yatağa uzandı, adını bilmədiyi naməlum tanışını xatırlayaraq çoxdan bəri duymadığı, yalnız indi hiss etdiyi və ona xoş təsir bağışlayan – təbəssümünü xatırlayanda ürəyini həyəcanla döyündürən – sevgi hissinin təsirindən yuxulamağa başladı. Arıqtəhər üz, daha doğrusu, incə çöhrə, hər an aldadılacağından qorxan uşaqsayağı gərgin üz ifadəsi, iri, qonur, gülümsər gözlər, zərif ağ boyun...

Divarın o üzündə xışıltı eşidildi, sanki kimsə qapını cızırdı. Divandan hiddətlə sıçrayıb qalxdı, qəti qərara gəldi ki, pişiyi elə indicə bayıra atsın. Amma heç kim yox idi, qapının arxasında heç nə görmədi. Qapını əsəbi halda çırpıb kilidlədi, yerinə uzanıb yatmaq istədi, amma əhvalı artıq korlanmışdı, heç nə düşünmədən yuxulamağa güc lazım idi. Yenə yuxusuna bəzi qarışıq şeylər girdi və yuxulu-yuxulu yenə üzərində tanış ağırlığı hiss etdi – pişik onun üstünə atılıb öz dəhşətli, göz önündəcə uzanan caynaqlarıyla sinəsini cırmaqlayırdı.

Səhər oyananda pişiyi yataqda, düz böyründə gördü. Qorxu içində divandan atılıb qapıya cumdu: qapı kilidli idi. Heyvan mənasız pişik baxışlarıyla gözlərini ona zilləmişdi. Heç nə anlamadı, kilidlədiyi qapını açarla açdı.

– Lənətə gələsən, bu nədi?!

Qorxudan əsə-əsə sualı kimdən soruşduğunu bilmədi, pişik isə sanki suala cavab verməyə hazırlaşaraq onu diqqətlə süzüb başını qaldırdı.

Pişiklə bağlı bütün bu hoqqalar axır ki əsəblərinə ciddi təsir etməyə başladı, qərara gəldi ki, elə bu gün, elə bu dəqiqə onu rədd eləsin, işə gedəndə bu məlun heyvanı özüylə götürüb harasa, vaxtı çatarsa hətta şəhərdən kənara aparsın. Evdən çıxanda pişiyi səslədi.

– Piş-piş-piş! Əminə! Piş-piş!

Evin içində nə qədər axtarsa da, çarpayının, divanın, dolabın arxasına baxsa da, pişik heç yerdə yox idi.

Hamamxanada paltaryuyan maşının arxasında gizlənən pişiyi tapana qədər çox əlləşməli oldu, halbuki nəinki bu böyüklükdə pişik, heç onun quyruğu da ora sığışmazdı. Amma pişik məhz qaçıb özünü o dar yerə dürtmüş, deyəsən, ilişib qalmışdı və pərçimləndiyi yerdən çıxa bilmirdi. Heyvanın heç səsi də çıxmırdı, amma Səməd onun quyruğundan yapışanda pişik vəhşicəsinə böyürüb əcaib səslər çıxartmağa başladı. Axırda Səməd arxa pəncəsindən tutub pişiyi ordan birtəhər qopara bildi.

Kifayət qədər ağır olan heyvanın boynunun ardından yapışıb yuxarı qaldırdı, aparıb qabaqcadan hazırladığı, yaxın vaxtlarda borc səbəbindən bağlanmış kitab mağazasının qalın paketinə qoydu. Pişik heç bir müqavimət göstərmədən sakitcə tabe oldu, kişi də onu paketin içində maşına gətirdi və yeni tanışıyla rastlaşmaq ümidiylə dayanacağa getdi. Rastlaşdı da. Hə, yenə bəxti gətirmişdi.

Qızın minəcəyi avtobus yaxınlaşanda Səməd hamını qabaqladı, avtobusun qabağında qəza vəziyyəti yaradıb qəfildən dayanacağa çıxdı, avtobusun sürücüsü başını pəncərədən şıxarıb ona çəmkirdi, səkidə dayanmış qız həyəcanla içini çəkdi, kişi isə dərhal maşından düşüb sağ qapını açdı və tələsik dedi:

– Nə qədər ki bizi saxlamayıblar, əyləşin, aradan çıxaq!

Qız hirsindən nə baş verdiyini dərk eləyə bilmədi, qorxu içində qaçıb maşına əyləşdi, maşın sürətlə yerindən götürüldü.

– Siz dəli olmusunuz? – qızın sualı heç də sual kimi səslənmədi.

– Əla oldu, düzdü?

– Oy! Pişiyə bax! - qız arxa oturacağa tərəf çevrilərək dedi. - Piş-piş! Necə də böyükdür? Sizinkidir?

– Yox, tanışımın pişiyidir... Dubay səfərinə çıxmışdı, xahiş etmişdi qayıdanacan göz olum...

– Necə də qəribə pişikdir...

– Qəribədir? - kişi təəccüblə soruşdu.

– Hə, elə baxır, elə bil nə danışdığımızı başa düşür. Fikir verin, baxışlarını gah sizə, gah mənə çevirir... Adı nədir?

– Əminə, - Səməd cavab verdi. - Bəs sizin adınız necədir?

– Nigar. Bəs sizin?

– Səməd...

Nigar pişiyə tərəf çevrilib onu sığallamaq istədi, amma gözlənilmədən uzun caynaqlı pəncələr qabağa uzanaraq qızın əlini cırmaqladı. Nigar həyəcan içində qışqırdı. Səməd əyləci basıb maşını dayandırdı, dərman qutusunu çıxarıb Nigarın əlinin üstünə pambıqla yod çəkməyə başladı və gözlənilmədən qızın əlini öpdü. Qız utanaraq əlini geri çəkdi.

– Necə də hikkəli pişikdir, - Səmədin öpüşündən sonra yaranmış, havadan asılıb qalan xoşagəlməz səssizliyi doldurmaq üçün Nigar fənd işlətdi.

Elə o dəqiqə də arxa oturacaqda pişik səsinə bənzəməyən fısıltı eşidildi.

– O, yad adamları sevmir, - Səməd sanki üzrxahlıq elədi. - Çatdıq sizin institutunuza. Təəssüf ki, tez çatdıq, söhbət eləməyə imkan olmadı. İcazə verin, dərsdən sonra arxanızca gəlim, mən istəyirəm ki... sizinlə danışmaq istəyirəm...

Qız heç nə demədi, bir az tərəddüd etsə də, bir az ürkək halda başını tərpədib razılaşdı.

– Onda dərsdən sonra sizi tində gözləyəcəm, - Səməd nəzakətlə bildirdi və qızın baxışlarından başa düşdü ki, kişinin onu universitetin qapısında nümayişkaranə şəkildə gözləməyəcəyini qiymətləndirir.

Qız gedəndən sonra Səməd gözlərini qəzəblə ona zilləmiş pişiyə tərəf çevrilib, başa düşdüyünə əmin şəkildə dedi:

– Səninlə isə, tezliklə məsələni yoluna qoyarıq, alçaq!

Mobil telefonla iş yerinə zəng edib bir az gecikəcəyini xəbər verdi, sonra isə maşını yiyəsiz pişikləri parçalamağa hazır olan (baxmayaraq ki, bu pişik buzov boydaydı) qəzəbli və azğın itlərin at oynatdığı çimərliyə sürdü. Bir az kənarda, qol-budaq atmış kolluqların yanında maşını saxladı, “Di cəhənnəm ol” deyib arxa oturacağa qanrılanda gözünə heç nə dəymədi – şeytan qılıqlı məlun pişik yerli-dibli yoxa çıxmışdı.

Gözlərinə inanmadı, yerə düşüb çaşqın halda qapıları açdı, salonun hər yerini yoxladı – heç bir pişik-filan yox idi. Naəlac qalıb sükan arxasına keçdi...

...Nigar onu gözləməsin deyə, Səməd bu bu dəfə də görüşə vaxtından qabaq gəlmişdi. Qız maşına oturdu və yəqin ki, sözünün kəsilməsindən qorxaraq tələsik danışmağa başladı:

– Arxamca gəlmək lazım deyil, başa düşün, mənə çətindir, kurs yoldaşlarım görsə, onlara nə deyəcəm?.. Bu sözləri sizə demək mənə xoş deyil, ancaq başa düşün...

Qız özünü itirərək susdu. Görünür, belə yaşlı, təcrübəli insana sözlərini bu cür rahat deyə bildiyindən utandığına görə çaş-baş salmışdı.

– Başa düşürəm, - Səməd dedi. - Məhz buna görə sizə bəzi şeylər deməliyəm.

O, maşınla dolu küçəyə baxa-baxa bir müddət susdu. Qız da cınqırını çıxarmadan ona baxırdı.

– Hər şeydən əvvəl mənə əsas məsələni deyin. Sizin elə bir adamınız varmı... demək istəyirəm, xoşunuza gələn oğlan var?

– Əlbəttə var, - qız o dəqiqə cavab verdi və kişinin ürəyi qopdu; sükandan daha bərk yapışdı, amma bu vaxt qızın səsini eşitdi. - Bred Pittdən çox xoşum gəlir, sonra Nikolas Qonsales var. Bizimkilərdən isə Fəxrəddin Manafov, düzdür indi bir az yaşlanıb...

– Uf, ürəyim yerinə gəldi. Belə zarafatlar eləməyin.

– Niyə? - qız bic-bic gülərək soruşdu.

– Çünki siz mənim xoşuma gəlirsiz...

Ürəyindəkini dilinə belə rahat gətirməsinə və məsələni bu qədər asan çözdüyünə təəccübləndi. Elə qız da təəccübləndi. Həmişə aldanılmaq qorxusuyla baxan ecazkar gözləriylə mat-məəttəl ona zilləndi. Bir müddət üzücü fasilə yaransa da, kişi söhbətin kifayət qədər sərbəst keçəcəyinə ümid eləyirdi.

– Siz də belə zarafat eləməyin, - qız üzünü yana çevirib dedi.

– Niyə? Yoxsa məni də bir qədər yaşlanmış hesab edirsiniz? - kişi bu üzücü sükutu pozmaq üçün zarafatyana soruşdu. - Cavab verməyə bilərsiniz, özüm də bilirəm ki, sizdən iki dəfə böyüyəm, amma başa düşün, siz çox xoşuma gəlirsiniz, sözün əsl mənasında sizə vurulmuşam. Bəlkə də bu pisdir, amma mən bu barədə fikirləşməməyə çalışıram. Neopolitanların dediyi kimi, əgər sevirsənsə, heç nə barədə düşünmə. Amma mən... çox ümid eləyirəm ki, bizim münasibətlərimizin gələcəyi olacaq... Niyə susursunuz? Bir söz deyin...

- Nə deyim? Elə gözlənilməz oldu ki. Neopolitanların nə dediyini bilmirəm, amma biz Neapolda deyilik, hər şey barədə fikirləşməli oluruq... Axı bir-birimizi heç tanımırıq... və birdən-birə sizin bu cür etirafınız çox qəribədir... düzü, mən çaşıb qalmışam, bilmirəm nə deyim, nə danışım...

– Özünüzdən danışın.

– Mənim tərcümeyi-halım çox qısadır, magistraturada oxuyuram, yaxınlarda atam rəhmətə gedib, bir il bundan əvvəl...

Qız bu yerdə bir qədər sussa da, kişi başa düşdü ki, hər şey çox yaxşı gedir. Hiss edirdi ki, yaş fərqinə baxmayaraq, qızda özünə qarşı müəyyən maraq, hətta simpatiya yarada bilib. Sözləri tuturdu, qız onun zarafatlarını başa düşürdü. Bir-birinə “siz” desələr də, ünsiyyət davam etdikcə daha da yaxınlaşrdılar.

Səməd artıq kişi özünü çox yaxşı hiss etməyə başlamışdı, elə Nigar da əvvəlki etirazlara baxmayaraq, indi onunla danışanda neopolitanlar kimi, deyəsən, daha heç nə barədə fikirləşmirdi.

Qızı yola salandan sonra Səməd iş yerinə, az qala, uça-uça gəldi. Təbiətcə pessimist olduğundan işdə onu xoşagəlməz hadisələr gözlədiyini düşünürdü. Çünki hər şeyin belə gözəl olması ağlabatan deyildi, fikirləşdi ki, kimsə şən əhvalını pozacaq. Elə dəhlizdəcə rəisin katibəsiylə qarşılaşdı və qız adətən çox vaxt ofisdə olmayan şefin onu gözlədiyini xəbər verdi. Səməd şefin kabinetinə nigaran ovqatla getdi, amma... hər şey düşündüyünün əksinə oldu: qəribədir, gülərüz köməkçi təmtəraqlı kabinetin qapısını onun üzünə nəzakətlə və sorğu-sualsız açdı. İçəri girəndə isə Səmədin təəccübü bir qədər də artdı: şef öz taxtından qalxıb əlini sıxmaq üçün gülümsəyərək onun qarşısına çıxmışdı. Belə məlum oldu ki, Səmədin vəzifəsini yüksəldiblər, bu isə hər şeyə təsir göstərəcəkdi – maaşına, maaşdan əlavə aylıq aldığı konvertin qalınlığına, əvvəllər onun tabeçiliyində olmayan şirkət əməkdaşlarının sayının artmasına, xidməti maşına...

Evə hələlik öz köhnə maşınıyla qayıtdığı yolda artıq xoş xəbəri eşitmiş dost-tanışın çoxsaylı təbrik zənglərinin arasında gözlənilmədən Nigar da zəng vurdu. Ürəyi ağzından çıxacaqmış kimi bərk-bərk döyünməyə başladı, hətta maşını da kənara çəkib saxlamalı oldu.

– Elə-belə zəng vurdum. Bir problem yoxdu ki? Sizi işdən yayındırmadım?

– Aman Allah! - kişi dərindən nəfəs aldı. - Sən... siz heç təsəvvür edə bilməzsiniz ki, zənginizə necə sevindim!

Bir az ordan-burdan söhbət etdilər, birdən-birə Səməd istədi ki, işdəki yeni uyğurlarını qızla bölüşüb ürəyini boşaltsın, amma özünü saxladı, düşündü ki, bəlkə hələ tezdir, qız onu düzgün başa düşməz, yaxud təəccüblənə bilər... Bəlkə, onun karyerası qızın çox da vecinə deyil?! Bu, kişiyə ağır gələrdi, sevincini gözündə qoyardı... Evə çatanda düşündü ki, tələsməməkdə, özünü saxlamaqda düzgün edib.

Nigarın gözlənilməz zəngi Səmədi cavan oğlanmış kimi əməlli-başlı həyəcanlandırdı və o, ürəyinin səsinə qulaq verib bir daha əmin oldu ki, qızı sevir, ötən hər saat, hər dəqiqə qıza olan məhəbbəti daha da dərinləşir, qəlbinin titrəyişi getdikcə artırdı. Yaddaşında fotolarda olduğu kimi qızın jestləri, baxışları, başını çevirib baxması, üzündəki ironiyalı təbəssümü, bəzən nəyisə etiraf etmək istəməsi, lakin kişinin gözündə sadəlövh görünməkdən çəkinib qızarması... hər şey, hər şey canlanırdı. O, bütün bunları qızın üzündən oxuyurdu, üstəlik, bu elə də çətin iş deyildi – çünki qızın bütün hissləri öz emosiyalarını gizlədə bilməyən, əlindəki kartları öz davranış və hərəkətləriylə başa salan təcrübəsiz qumarbazlar kimi çöhrəsində əks olunurdu.

Özü də hiss edirdi ki, həyəcanlanmağı elə-belə deyil: qızın zəngi onu yoldan çıxarmış, hətta çoxdan gözlədiyi vəzifə yüksəlişini də ikinci plana keçirmişdi. Qərara gəldi ki, çoxdan istifadə etmədiyi sakitləşdirici dərmanı içsin və sakitcə yerinə uzanıb yatsın.

Di gəl ki, səhər zəngli saatın siqnalından on dəqiqə əvvəl oyanıb yorğanın üzərində pişiyin uzandığını görəndə bilmədi neyləsin. Kişinin oyandığını görən pişik günahkar insana baxan kimi, dik-dik onun üzünə baxdı. Səməd çarəsiz halda ah çəkdi, sonra özünü də təəccübləndirəcək sakit tərzdə pişiyi döşəməyə tulladı, başmaqlarını ayağına keçirib yuyunmağa getdi. “Cəhənnəm olsun!” - düşündü. - Onun işinə sonra baxaram!” Yuxudan sevinclə oyanıb dünənki xoş hadisələri, vəzifə karyerasında yüksəlişini xatırlayanda pişik arxa plana keçmişdi, odur ki, zəhləsi gedən bu heyvancığaza vaxt sərf edib ovqatını korlamaq istəmirdi.

İş yoldaşları səhər tezdən bu yüksəlişin şərəfinə Səməd üçün xudmani qonaqlıq təşkil etmişdilər. Səməd özü də bir stəkan koka-kola içdi. Az sonra fransız nümayəndə heyəti şirkətə təşrif buyurdu və Səmədi şefin otağına dəvət edib onu müqavilə bağladıqları fransız mütəxəssislərlə tanış etdilər. Bundan sonra Səməd fransızları baş ofislə, xidmət otaqlarıyla tanış etdi, hətta bilyard və tennis otaqlarına da baş çəkdilər. Fransızların general De Qolla oxşayan ucaby və ədalı başçıları qəfildən Səmədə bilyard oynamağı təklif etdi.

– Əgər udsanız, müqavilədə ləğv edilmiş bəndləri sizin xeyrinizə bərpa etməyə razı olduğunu bildirir, - tərcüməçi “general”ın şərtini Səməd üçün çevirməyə başladı.

Səməd bunun zarafat olduğunu bilirdi, başa düşürdü ki, tərəflər arasındakı müqavilə hazırki vəziyyətə gələnədək bütün bəndlər ciddi müzakirə edilib.

Oyun Səmədin qələbəsi ilə başa çatanda fransızlar çaş-baş qalmışdılar, görünür, “general”a böyük ümid bəsləyirmişlər.

– Eybi yox, - Səməd qonaqları sakitləşdirmək üçün zarafata keçdi, - rəqib meydançasında uduzmaq da olar...

Qonaqlar bu sözə gülüşdükləri vaxt Səmədin telefonuna zəng gəldi, yanıb-sönən ekranda Nigarın nömrəsi göründü.

– Nişanlımdı, - Səməd fransızlara bildirdi, - üzr istəyirəm, cavab verməsəm olmaz, onu dəlicəsinə sevirəm.

Bu sözlərin tərcüməsi də qonaqlara yaxşı təsir bağışladı, hamısı əl çalıb Səmədi səs-küylə alqışladılar. Ah, bu şeytan fransızlar!

Bir sözlə, hamı bir-birindən razı qaldı, Səməd nümayəndə heyətini bahalı avtomobillərinə qədər yola salıb, hər birinin əlini sıxdı.

– Pis başlamamısınız, əhsən! - şef də öz növbəsində Səmədin əlini məmnuniyyətlə sıxaraq bildirdi.

Həmin gün Nigarın dərsləri bir saat uzanırdı, qız da Səmədə elə bunu xəbər vermək üçün zəng vurmuşdu.

Beləcə, Nigarla müntəzəm görüşməyə başladı. Səməd bunu taleyin hədiyyəsi kimi qəbul etdi. Hər görüşdən sonra qızın ona rəğbəti bir az da artır və tanışlıq münasibətləri getdikcə dərinləşirdi.

Səməd hər səhər yuxudan duranda yatağında pişiyi görürdü: yumaq kimi qarnının üstündə uzanıb sahibinin oyanmasını gözləyən heyvancığaz özünü kifayət qədər dinc apardığından Səmədi daha əvvəlki kimi əsəbiləşdirmirdi. Səməd sanki ona öyrəşmişdi, hər dəfə əlini sərt şəkildə yelləsə də, problemin həllini yubadır, asudə vaxt tapacağı sonraya saxlayırdı...

– Anam sarıdan nigaranam, - günlərin birində Nigar narahatlığını etiraf elədi. - Soruşsa nə deyəcəm? Axı heç vaxt ona yalan danışmamışam.

– Bəs özündən necə? Özündən nigarançılığın yoxdur ki?

– Başa düşmədim...

– Bəlkə, münasibətlərimizdən özün də narahatsan?

– Yox, nə danışırsan! Narahat olsaydım, heç səninlə görüşməzdim.

– Onda anana da hər şeyi olduğu kimi danışmalısan.

– Mən də elə düşünürəm. Amma qorxuram...

– Sən mütləq ona deməlisən, necə varsa, o cür. Səmimilik xatirinə onu da deyərsən ki, biz hələ bir dəfə də olsun öpüşməmişik. Bu, ananın xoşuna gələcək.

– Onda öp məni, - qızın yanağına qızartı çöksə də, gözlərini yumaraq sakitcə dedi. – Düşünürəm ki, bir dəfə yalan danışmaq olar, düzdü?..

Sonra o, nəhayət ki, işdəki uğurları barədə Nigara danışmaq qərarına gəldi və qızın hədsiz sevincini, hətta əl çaldığını görüb ürəyi sakitləşdi. Başa düşdü ki, Nigar onun həyatına, işlərinə, karyerasına laqeyd deyil, uğurlarına ürəkdən şərik olur. Bu, belə işlərdə səriştəsi olmayan qızın sanki boğularaq məcburiyyətdən onu kənara itələdiyi ikinci və daha uzunmüddətli öpüşə şərait yaratdı. O, qızın təcrübəsizliyinə gülsə də, bu hərəkətdən məmnun idi.

İki gündən sonra Nigargilə qonaq getdi. Bahalı tort sifariş vermişdi, qızın anasıyla söhbətin nəticəsini qabaqcadan bilsə də, yenə yol boyu həyəcan keçirirdi.

“Mənə nolub belə? - tortu arxa oturacadan götürəndə fikirləşdi. - Əllərim əsir, dilim-ağzım quruyub... Həqiqətənmi mən bunu istəyirəm? Mənim yaşımda olanlar rahat, sakit, dinc həyat arzulayır, ehtiyacları getdicə azalır. Yaxşı sevgili, asan yaşayış, maraqlı iş... Bəlkə, nahaq yerə həyatımı çətinləşdirirəm? Bəlkə, istəyimi ürəyimdə boğmalıydım... Nigar məndən iki dəfə cavandır, on ildən sonra qocalıq başlayanda məndə çox şey dəyişəcək, o isə cavan ömrünün çiçəklənən dövrünü yaşayacaq, cavan, normal kişilərin arzusu olacaq... Onda neyləyəcəm, dalınca gəzəcəm ki, şorgöz kişilərlə görüşməsin? O da mümkündür ki, sədaqətli ömür-gün yoldaşı, yaxşı dost olsun... Amma bunu qabaqcadan necə biləsən? Mən nə sayıqlayıram? Hər şey cəhənnəm olsun! Mən onu sevirəm, həqiqətən, sevirəm, indi əmin oldum ki, ilk baxışdan sevgi yalan deyilmiş... Burda pis nə var ki? Pis odur ki, cavan oğlan kimi eşqə düşmüşəm, amma ağıllanmaq, ciddiləşmək, sanballı olmaq vaxtıdır... Mən onsuz da ciddi və sanballıyam, yoxsa işimdə bu qədər yüksələ bilməzdim... Di bəsdi lovğalandın, hər nəsənsə osan, əlliyə gedirsən, bundan sonra dəyişib başqa cür olmağın mümkün deyil...”

Beləcə, gah narahatlıq keçirir, gah da tərəddüdləri kənara ataraq sevgidən başını itirmiş halda özüylə söhbət edirdi.

Belə məlum oldu ki, Nigarın anası Səməddən bir yaş kiçikdi. Qadın ciddi görkəm alıb bildirdi ki, ailədə kişi xeylağının olmaması, ərinin vaxtsız vəfatı hələ onların müdafiəsiz qalması deyil və əgər Səməd...

– Mən ailədə etibarlı kişi olmağa söz verirəm, - Səməd onu sakitləşdirdi. - Mənə güvənə bilərsiniz. Qızınızı sevdiyim üçün sizin razılığınızı alıb onunla evlənmək istəyirəm. Nigar üçün elə dəbdəbəli toy edəcəm ki, gəl görəsən!

Bayaqdan kənarda oturub onları təbəssümlə izləyən Nigarın qaşlarının çatıldığını görəndə içindən gələn öz səsini eşitdı: “Dayan, yenə göylə gedirsən”.

– Təvazökarlıqdan kənar oldusa, bağışlayın, - deyib tez qadının əlini öpdü.

– Amma hər bir halda... - qadın əlini geri çəkməyə tələsmədi, görünür, köhnə kişilərə məxsus bu ədəb-ərkan xoşuna gəlmişdi. - Hər bir halda yaş fərqinin belə çox olması... Düzdür, ərim də məndən xeyli böyük idi...

– Neyləmək olar, məcburam ki, evlənən kimi cavanlaşmağa başlayım...

Hər necə olsa, Nigarın anasının xoşuna gəlməyi bacardı və dərhal da nişan barədə razılaşıb günü dəqiqləşdirdilər.

İndi o, hədsiz dərəcədə xoşbəxt idi: hər axşam işdən sonra Nigara öz evində baş çəkə, darıxanda birgə gəzintiyə çıxa bilərdilər. Görüşəndə doyunca danışıb ürəklərini boşaldır, qadın otaqdan çıxan kimi fürsət tapıb öpüşürdülər. Artıq Nigar bütün varlığı ilə ona məxsus idi, di gəl, nə qədər qəribə də görünsə, qıza sahiblənmə fikri hələ ki onunçün arxa planda idi. Özünü bu qədər dözümlü və təmkinli hiss etmək son dərəcə xoş və gözəl duyğu idi; xoşbəxtlikdən ruhu səmalarda uçurdu.

Sabah onu çox gərgin iş günü gözləyirdi. Bu səbəbdən, yaxşı yatmaq üçün yenə sakitləşdirici damcılar qəbul etdi. Amma gərgin günün sonunda Nigarla görüşəcəyini yada salan kimi məmnuniyyətlə gülümsündü.

“Yaşamaq nə gözəldir, - düşündü. - Həyatım sadəcə bir nağıldır!”

Sevincindən çarpayının qırağını tıqqıldatdı ki, özünü gözə gətirməsin. Səsə çarpayının altından qəzəbli fısıltı gəldi, amma buna fikir vermədi.

Səhər yuxudan xoşagəlməz, qorxunc hisslərlə oyandı, sanki başında nəsə bir qəza vardı. Ürəyinə daman pis şeylər gözlərini açan kimi özünü doğrultdu. Pişik həmişəki kimi yatdığı yorğanın üstündə, onun sinəsində uzanmışdı, amma bu dəfə sifətini irəli uzadıb qəzəbli baxışlarıyla düz gözlərinə zillənmişdi. Pişiyi özündən aralamaq üçün əllərini yorğanın altından çıxarmaq istəyəndə dəhşət baş verdi: pişik göz qırpımındaca pəncəsini irəli uzatdı, Səmədin fikirlərini oxuyubmuş kimi, onu qabaqlayaraq qeyri-adi dərəcədə uzun, sanki dəmirdən olan caynaqları ilə sahibinin üzünü cırmaqladı; dərin yaradan qan fışqırdı.

– Ay səni, yaramaz!

Səməd hiddətlə yerindən sıçrayıb pişiyi qamarlamaq istədi, amma pişik cəld hərəkətlə kənara atıldı, yataq otağından qaçıb hardasa gizləndi. Səməd söyə-söyə onun dalınca cumub gizləndiyi yeri tapanda pişik tez qaçıb özünü başqa yerə dürtürdü, birtəhər tutanda isə əlindən çıxıb yenə harasa dürtülürdü. Kişi üzünün qanını silə-silə, qəzəbdən əsə-əsə otaqlarda fırlanırdı. Axırda lənətə gəlmiş vəhşini tuta bildi. Amma pişik təslim olmur, ilan kimi qıvrılaraq sahibinin əlindən çıxmağa çalışırdı. Uzun çəkişmədən sonra nəhayət ki, Səməd onu balkona gətirdi. İki daşın arasında fikirləşəndə ki, yarasının qanını kəsib yodlamaq lazım olacaq, üzündəki cırmaqların nə olduğunu işdə dostlara necə başa salacaq, hələ Nigara nə uydurub deyəcək – az qalırdı havalansın. Bu xoşagəlməz fikirdən elə cinləndi ki, daha heç nə düşünmədən lənətə gəlmiş pişiyi eyvandan aşağı tulladı.

Səhər çoxdan açılsa da, nədənsə küçədə heç kim gözə dəymirdi. Yarasından damcılayan qan gecə köynəyinə qırmızı ləkələr salmışdı. Yaralanmış sifətinin qanını silib otağa keçmək istəyəndə aşağıdan adamların dəhşətli qışqırtısı eşidildi. Eyvandan əyilib baxanda küçənin ortasında gölməçələnmiş qanın içində hansısa qadının uzandığını gördü, qadının ətrafında isə haradan peyda olduqları bilinməyən xeyli adam, dövrə vurub cansız cəsədə tamaşa edən böyük bir izdiham vardı.

– Əminə! - Səməd qorxu içində həyəcanla pıçıldadı.

İzdihamın içərisindən bir nəfər başını qaldırıb barmağını Səmədin dayandığı eyvana tuşlayaraq bərkdən qışqırdı:

– Odur! Baxın odur, beşinci mərtəbədə! Öz gözümlə gördüm – qadını balkondan yerə tulladı!

Səməd dəhşət içərisində durduğu yerdəcə donub qalmışdı. Küçədəki adamlar isə hamısı eyni vaxtda başını yuxarı qaldırıb ona baxırdı.

# 2974 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #