Eko: “Şair yanğın zamanı kreslonun üstünə çıxıb şeir deməməlidir…”

Eko:  “Şair yanğın zamanı kreslonun üstünə çıxıb şeir deməməlidir…”
11 iyul 2023
# 12:00

Kulis.az dünya şöhrətli italyan yazıçısı Umberto Ekonun ziyalı və onun cəmiyyətdəki rolu haqda fikirlərini təqdim edir.

– Kimə intellektual demək olar?

– Əgər siz “intellektual” deyəndə işi əlləriylə yox, başıyla görənləri nəzərdə tutursunuzsa, onda bank işçisi intellektualdır, Mikelancelo isə yox. Və bu gün kompüteri olanların da hamısı intellektual sayılmalıdır. Yəni mən düşünmürəm ki, bu anlayışın insanın peşəsi və mənsub olduğu sosial təbəqə ilə bağlılığı var. Mənə görə, intellektual o kəsdir ki, yaradıcı təfəkkürü ilə yeni biliklər yaradır. Əgər bir kəndli anlayırsa ki, yeni üsulla calaq etsə, yeni alma sortları ala bilər, deməli, həmin anda o, intellektual fəaliyyətlə məşğuldur. Amma əgər bir fəlsəfə professoru Haydegger haqqında eyni mühazirəni ömrü boyu təkrar-takrar deyirsə, intellektual adlandırıla bilməz. İntellektual fəaliyyətin yeganə özəlliyi – tənqidi kreativlikdir, yəni bizim tutduğumuz işə tənqidi yanaşmaq, bu işi görməyin daha yaxşı yollarını kəşf etməkdir.

– Siyasət və intellektual haqqında nə düşünürsünüz?

– Mən düşünmürəm ki, siyasi məsuliyyət intellektualdan mütləq siyasi partiya üzvü kimi hərəkət etməyi, yaxud bundan da betər olan bir şeyi – müasir dövrün sosial problemləri haqda yazmağı tələb edir. Bütün başqa vətəndaşlar siyasətlə nə qədər bağlıdırlarsa, intellektual da o qədər bağlı olmaldır. Onun maksimum müəyyən təşəbbüsləri dəstəkləmək üçün öz nüfuzundan istifadə edə bilər.

Məsələn, hansısa ekoloji məsələ ilə bağlı imza toplanarsa və mənim də imzamın həmin işə köməyi dəyə bilərsə, onda mən də ümumi işə dəstək üçün öz nüfuzumdan istifadə edərdim. İntellektual indiki zamandan daha çox, gələcəyə xidmət etməlidir.

Əgər şair teatrdadırsa və teatrda yanğın baş veribsə, o, kreslonun üstünə çıxıb şeir deməməli, başqaları kimi yanğınsöndürən çağırmalıdır. İntellektualın işi qabaqcadan deməkdir: həmin teatr binasına diqqət yönəltmək, onun köhnə və təhlükəli olduğunu söyləməkdir, yəni onun sözü peyğəmbəranə müraciət funksiyası daşıya bilər. İntellektualın işi “Biz bunu etsək, yaxşı olar” – deməkdir, “Biz bunu mütləq indi etməliyik!” – bu isə artıq siyasətçinin işidir.

“Paris review” jurnalına müsahibəsindən

Tərcümə: Q.Rövşən

# 1413 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #