Dəli bir sevdanın dilindən tutdum – Yeni şeirlər

Dəli bir sevdanın dilindən tutdum – Yeni şeirlər
28 dekabr 2022
# 15:00

Kulis.az Əzizə Ağahüseynqızının şeirlərini təqdim edir.

Bu gecə dəli bir yağış yağırdı

Kişnədi buludlar başımın üstə,
Gözümdən süzülən yaşımın üstə,
Şəhid məzarının daşının üstə,
Bu gecə dəli bir yağış yağırdı.

Dəlisov at kimi şahə qalxaraq,
Şimşək dırnağıyla odu ha, bayaq,
Eşirdi göyləri şaraqqaşaraq,
Bu gecə dəli bir yağış yağırdı,
Göylərdən yerlərə nifrin yağırdı,
Göylərdən yerlərə qarğış yağırdı.

Gül açmır arzular atdığım yekdi,
Elatsız obanın yuxusu dikdi,
Soyuq çadırların üstü nəm çəkdi,
Bu gecə dəli tək yağan yağışdan.

Başımız üstündə tirə bax, tirə,
Bilmədik hülqumu verdik kəndirə,
Anamın qurduğu palçıq təndirə,
Bu gecə dəli bir yağış yağırdı.

Çoxdandı görmürdü belə yağışı,
Boy atdı torpağın yaşıl alqışı,
Doldu çəmənlərə ceyran naxışı,
Bu gecə dəli bir yağış yağırdı.

Tüstüsü kəsilən elə,obaya,
Atamın əlindən düşən yabaya,
Ağacda yellənən tənha yuvaya,
Bu gecə dəli bir yağış yağırdı.

Bu gecə dəli bir yağışa dönüb,
İlham pərisinin əlindən tutdum,
Dəli bir sevdanın dilindən tutdum,
Qələmin Qırat tək yalından tutdum.

Kövrək ümidimin üstünə yağdı,
Bacası olmayan tüstümə yağdı,
Pəncərə önündə büstümə yağdı,
Bu gecə bir ağlar heykələ döndüm,
Bu gecə dəli bir yağış yağırdı...


Bulud

Niyə hönkürürsən körpə uşaqtək
Bozarıb, qaralıb ağlayan bulud.
Ömrün payızında vaxt itirirsən,
Başına qara şal bağlayan bulud.

Kim dəydi xətrinə, incidi qəlbin?
Gövhərdi, altundu, incidi qəlbin.
Kövrəksən, mənimtək incədi qəlbin,
Ruhumu təzə-tər saxlayan bulud.

Xəyal dolaylarım çəndi, dumandı
Kövrək ümidimi qırma amandı,
Çəkilib getmirsən xeyli zamandı,
Başımın üstünü haqlayan bulud...

Tanrının işidir baxmaz ağına,
Həsrətdən çəkilən sinə dağına.
Dözmürəm bozarıb qaralmağına,
İndi mən ağlayım, sən dayan bulud...


Qoşulub payıza çıxıb gedəsən

Yağan yağışları islada səni,
Buludlar bilələr bir ada səni,
Gəzib tapmayalar dünyada səni,
Payıza qoşulub çıxıb gedəsən.

Onsuz da bezardı ruhum bu yerdən,
Yalandan, kələkdən, böhtandan, şərdən,
Bir fikir ağlıma gəlir ki, hərdən,
Qoşulub payıza çıxib gedəsən.

Guya ki, tanımır bu yollar məni?
Yavaş yaz qələmim duyarlar məni,
Yaxamı buraxmır xəyallar mənim,
Qoşulub payıza çıxıb gedəsən.

Daha bu şəhər də mənə dar gəlir,
Günlər ötüşdükcə intizar gəlir,
Xəzan keçib gedir, şaxta, qar gəlir,
Qoşulub payıza çıxıb gedəsən.

Həsrətim həb kimi canımı yeyib,
Payıza üç aylıq "qızıl"ım deyib,
Götürub əyninə sarı don geyib,
Qoşulub payıza çıxıb gedəsən.

Yağmuru, çiskini, küləkləriylə,
Durna qatarının lələkləriylə,
Kövrək xəzəllərin bələkləriylə,
Qoşulub payıza çıxıb gedəsən.


Payız yağışı…

Necə də durudu, pakdı,
Ağdı bu payız yağışı.
Qəlbimin qurax yerinə
Yağdı, bu payız yağışı.

İnci, mirvari, darıdı,
Göyün yerə İlqarıdı,
Tanrının göz yaşlarıdı,
Ahdı, bu payız yağışı...

Qıymadı ki, ölməyimə,
Gəlib yetdi köməyimə,
Duyğu olub ürəyimə,
Axdı, bu payız yağışı....


Ən doğma adam

Açdım qapısını bir yaz axşamı,
Anamın buludlu baxışı güldü.
Gümüşü şimşəyin dodağı qacdı,
O uca göylərin yağışı güldü.

Çırpdı gülüşünü qəmli könlünə,
Çilik-çilik oldu nəm baxışları,
Qəlbindən dilinə süzülüb axdı,
Sevinc alxışları, şən alxışları.

Dil açdı, danışdı divarı, daşı,
Güllü yorğanının çiçəyi güldü.
Mən onu dünyada ən doğma adam,
O məni ən əziz qonağı bildi....

Şeirim

Çoxdandı mən səni yaza bilmirdim,
Hərdən ürəyimə gələn şeirim.
Tanrım göndərdiyi ruhun payısan,
Ələn varağıma, ələn,şeirim.

Yağırsan könlümə müstəcəb olur,
Urəyim hiss ilə, duyğuyla dolur,
Xəyalım qoynunda dunya dolanır,
Xəyallar əlində ələm.. şeirim.

Gəlişin ölümdən bir az bəridir,
Yandırıb könlümün yağın əridir,
Həyalı, utancaq, məsum pəridir,
Gözumun yaşını silən şeirim...

Tənha anlarımın pasibanıdır,
Ən şirin, ən ülvi ömür anıdır,
Omür sarayımın xanimanıdır,
Sirrini mənimlə bölən şeirim..

Yazdım gülə batmış eynim oynadı,
Cismimi bəzəyən əynim oynadı,
Ruhum təzələndi, könlüm oynadı,
Bir də gəlişini biləm, şeirim...

Çaxdın, guruldadın, bəzən də yağdın,
Qələmin ucundan varağa axdın,
Əzizə, şeirlə açılır baxtın,
Ruhumun ovqatın bilən şeirim,
Sorğusuz, sualsız gələn şeirim,
Ələn varağıma, ələn, şeirim

# 2293 dəfə oxunub

Müəllifin son yazıları

# # #