Həmid Piriyevdən yeni hekayə: Yer üzündə axırıncı gecə - Xüsusi təqdimatla

Həmid Piriyevdən yeni hekayə: Yer üzündə axırıncı gecə - Xüsusi təqdimatla
21 yanvar 2020
# 18:15

Tənqidçi Mehman Qaraxanoğlu yazıçı Həmid Piriyevin "Yer üzündə axırıncı gecə" adlı yeni hekayəsini xüsusi təqdimatla Kulisə göndərib. Təqdimat yazısını da, hekayənin mətnini də yayımlaylırıq.

Tələsən istedadlar

İstedad hər şeyə tələsir; arağa, uyuşdurucuya, qumara, eksperimentə, seksə, sevgiyə, nifrətə, duelə, edama, öz qulağını kəsməyə, intihara, ölümə və sairəyə. Mövqeyimizi bilmək istəyirsinizsə, təqdir etmək də olar, etməmək də. Heç təqdir etməsək də, istedad özünə bəraət qazandırar...

Bilmirəm, niyə Həmid Piriyevin “Yer üzündə axırıncı gecə” hekayəsini oxuyandan sonra yazıya nevroloji bir tonla başladıq. Amma yaza-yaza səbəbi məlum olar.

Bilirsiniz, bu gənc istedad, həqiqətən, öküz zəhmətkeşliyi ilə bizi heyrətləndirir. Şeir, tərcümə, reportaj, hekayə, roman, sosial şəbəkələrdə qeyri-ənənəvi kommetlər və s. onun qələmindən sürətlə çıxır. Konveyr kimi...

Adama deyərlər, eheyy, hara tələsirsən?! Deyəkmi hara tələsir? Tezbazar özünü “bitirməy”ə. “Fərasətli” oxucu hesab olunan tənqidçilərin biganəliyi də özünü bitirmək ritualını sürətləndirir. Çünki gənclik özünütəsdiqə hədsiz dərəcədə meyillidir. Belə də olmalıdır! Tənqidçilər isə həmişə sonda yetişirlər. Gözümüzün önündə nə qədər parlaq istedadlar qeyb oldu.

Bizdə yaza-yaza “tələsməyən” yazıçılara nümunə olaraq daha çox Mübarizi və Ataqamı göstərmək olar. Klassiklər də öz yerində! Son vaxtlar isə Hədiyyə və Rəşid də “qoşulub” onlara. Adlarını çəkmədiklərim qıcıqlanmamalıdır. Çünki bildiklərim bu qədərdir.

Həmidin yaradıcılığı ilə tanış olarkən ağlıma ilk gələn Vasili Şukşin (1929-1974) oldu. Üzdəniraq “şəhər” və “kənd” nəsri anlamında yox, gerçəkliyin sərt əks olunması anlamında! Sonra gördüm yox, Şukşinlik deyil. Sergey Dovlatov (1941-1990) nəsri ilə tanış olduqda “kobud” müqayisə əqrəbləri onun üzərində dayandı. Təbii ki, möhkəm yox, çünki əqrəblər hərəkətliliyi sevir...

Sonra başqa bir fikir gəldi ağlıma; Həmid, Abşeron koloritini nəsrimizə gətirən bir yazıçıdır. Abşeron ən çox rəssamlıqdadır - təkcə Cavad Mircavadovu xatırlamaq yetər. Musiqidə də çox güclüdür– əsasən, meyxanalarda. Maraqlıdır, incəsənətdə Abşeron üslubu təkrarolunmaz Abşeron təbiətini simvolizə edir; sərtliklə “sürüşkən” simmetriyanın vəhdətini, “qaba” kontrastları, parlaq rənglərlə həzinliyi və sairəni...

Abşeron nəsrində də bu kolorit olub həmişə. Amma Həmid ona “kobud” bir şəkildə müdaxilə edə bilir. Uzun illər ərzində hamarlaşan, mülayimləşən, bir sözlə, “akvariumlaşıb” sosiallaşan Abşeron üslubunun fərdiliyi Həmidlə özünə qayıdır sanki. Fikir vermisinzsə, Həmidin dili də çox sərtdir. Obrazlı desək, sərxoş bir dildir. (Həmidin içkiyə sürəkli meyilliyinə də burada işarət vardır!) Dovlatov elə, belə ağlıma gəlməyib. Onda da belədir. Qəddar urbanizasiya və avtoritar rejim onu də sərtləşdirmişdi. Dövlatovu sözügedən kontekstdən çıxarsaq, ondan heç nə qalmayacaq...

Sizə təqdim etdiyimiz “Yer üzündə axırıncı gecə” hekayəsi dediklərimizin “əksi”dir, Həmidin özünü fərqli bir üslubda sınamaq cəhdidir. Həmidin kefinə dəyməsə, hekayəni eksperiment də adlandırmaq olar. Hekayə “kiçik şüur axını” stilində yazilmışdır. Zahirən çox sakit olan mətnin içi qaynayır sanki. Xırda, lakin sərt detallar (zibillikdən gətirilən oyuncaq qurbağa, tiftiklənən dəsmal, malasız daşlar, atasının iranlı şərikinə qoşulub eşq macərası yaşayan ana obrazı və s.) burda da aparıcı rol oynayır.

Ənənəvi və modern nəsr ətrarfında həmişə qızğın mübahisələr gedib, bu gün də getməkdədir. Bizə qalsa, fikrimizi çox sadə bir şəkildə bu cür ifadə edərdik: Dil, tarix, din, fəlsəfə və bədii mütaliədən gələn sonsuz polifonizmi bir mətnə yükləyib, özünü “savadlı” göstərməyə heç bir ehtiyac yoxdur. Elə olarsa, janr təyinatlarını biryolluq yığışdırmalı olacağıq! Hər bir mətndə Coysla yanaşı, Düma da olmalıdır. Təbii ki, qeyri-səlis məntiq nəzəriyyəsi burada da “işləyir” – aralıq məsafələrə nə salırsınızsa, salın, amma ana materiyanı gözləmək şərtilə...

Mətn həyat kimi sadə, çoxlaylı, harmonik və qışqırtısız olmalıdır.

Həmidin “Yer üzündə axırıncı gecə”si kimi...

Hekayənin ilk oxucusu olduğuma çox sevindim.

Və onu həmişə istedadın yanında olan nüfuzlu Kulis.az-a təqdim edirik. Qoy əsas sözü oxucular desin.

Mehman Qaraxanoğlu

Yer üzündə axırıncı gecə

Uşaqlar zarafatla qurbağaları daşlayırdı,
Amma qurbağalar doğrudan ölürdü.

Başına dəyən zərbələr səni yuxudan oyadır. İllərdi bu zərbələrə oyanırsan. Zəngli saatındı sənin bu ağır zərbələr. Beynin silkələnir elə bil. Başına dəyən təpiklərdən, yumruqlardan, dəyənəklərdən qorunmaq üçün başını əllərinlə tutub sinənə qısırsan, çarəsiz-çarəsiz zarıldayırsan.

Kiminsə incə əlləri sənə toxunur, əvvəlcə kürəyində hiss edirsən o əllərin təmasını, sonra üzündə, sonra saçlarında. Daha başına zərbə dəymir, beyninin içi uğuldayır ancaq, beynin qaynayır, elə bilirsən, bu saat qulaqlarından, gözlərindən, burnundan axıb töküləcək. Əllər başını sığalladıqca uğultu zəifləyir, uzaqlaşır, əllər qaçırdır o uğultunu. Daha qulaqlarında əks-səda vermir və sən kiminsə qorxu dolu incə səsini eşidirsən:

“Qaqaş! Qaqaş!...”

Əllərini başından çəkirsən, qorxa-qorxa gözlərini açıb baxırsan. Bacındı. Yanında diz çöküb oturub. Bacına qısılırsan, başını bacının sinəsinə dayayırsan. Başın dayanmır, saat kəfkiri kimi yellənir. Amma bunun beynindəki zoqqultuya, yoxsa bacının həyəcanla döyünən ürəyinə görə olduğunu anışdıra bilmirsən. Bacının əlləri hələ də saçlarını sığallamağa davam edir. Bacın ağlayır, gözlərindən gilə-gilə tökülən göz yaşları saçlarına düşür.

Sən də ağlamaq istəyirsən, amma bacarmırsan. İllərdi daha ağlaya bilmirsən, bədəninin suyu quruyub elə bil. Ağlaya bilsəydin, bəlkə də gözlərindən axıb tökülərdi. Ağlaya bilməməyinin də ağrısı qoşulur zərbələrin ağrısına. Daha da güclənir ağrı. Beynindən boğazına, ordan da ürəyinə axır. Qışqırırsan. Var gücünlə qışqırırsan. Ancaq qışqırıqla çıxır ağrı bədənindən.

Sən qışqırdıqca bacın daha möhkəm qucaqlayır səni. Dodaqaltı nəsə pıçıldaya-pıçıldaya başını sığallamağa davam edir. Qışqırıb-qışqırıb dayanırsan. Əslində, dayanmırsan, qışqırırsan yenə. Amma daha səsin çıxmır. İçində qışqırırsan, ağzın quruya düşmüş balıq ağzı kimi açılıb-yumulur. Özün eşidirsən səsini. Ağzının suyu çənənə yayılır...

Daha bir gün başlayır. Minlərlə günün eynisi, daha bir dənəsi...

Beş dəqiqə keçir.

On dəqiqə keçir.

Yarım saat keçir.

Üç saat keçir.

Əbədiyyət qədər vaxt keçir sənin sakitləşməyin üçün. Bacın da sakitləşir. Daha ağlamır. Əlindən tutub hamama aparır səni. Əvvəlcə sənin üzünü yuyur, sonra öz üzünü. Qırmızı dəsmalla qurulayır səni. Evinizdəki hər şey kimi bu dəsmal da ucuz materialdan hazırlanıb, keyfiyyətsizdi. Üzünü sildikcə tiftiklənir, xırda qırmızı tiftiklər qaşlarına, dodağına yapışır. Bacın dəsmalı yerinə asıb üzbəüz dayanır səninlə. Üzünə yapışan tiftikləri təmizləyir, üzünü yuyanda islanıb alnına yapışan uzun tellərini yana sığallayır, saçını səliqəyə salır. Gözlərinə baxırsan bacının. Ağlamaqdan qızarmış gözlərində məhəbbət görürsən. Bir az da yazığı gəlir sənə. Bunu da gözlərindən oxuyursan. Birdən-birə bacının siması dəyişir. Başqa sima baxır sənə. Bu simanı da tanıyırsan. Hardasa görmüsən. Haçansa görmüsən. Amma yadına sala bilmirsən. Hər gün görürsən bu simanı bacının üzündə. İlğım kimi gözünə görünür, aldadır səni, birdən-birə də gəldiyi kimi yoxa çıxır.

Bacın yenə əlindən tutub evə aparır səni. Stula otuzdurur. Bacının bütün hərəkətlərinə tabe olursan. İlah kimi tabe olursan ona, ondan sənə ziyan gəlməyəcəyini bildiyin üçün fikirləşmədən göstərişlərinə əməl edirsən. Bacın bayaqdan qalıb soyumuş çaydanı təzədən qızdırır, çaydan qızışana qədər çörək doğrayır, çörək diliminin üstünə şor yaxıb nimçədə qabağına qoyur. Sonra çay süzür səninçün. Gözünü ondan çəkmirsən, bütün hərəkətlərini izləyirsən diqqətlə. Özü də yanında oturur. Şor yaxmacını yedizdirir sənə. Qəndi çaya batırıb ağzına qoyur, çayı içizdirir.

Sonra keçib divanın yanında, yerdə, döşəkçənin üstündə oturub divara söykənirsən. Üç ay qabaq zibillikdən tapdığın oyuncaq qurbağanı qucaqlayırsan. İri oyuncaqdı, qucağını doldurur. Birinci dəfə onu evə gətirəndə bacın da, qardaşın da yaman hirslənmişdi. Qardaşın əlindən dartıb almışdı, aparıb tullamışdı. Yenə gedib gətirmişdin. Möhkəm-möhkəm qucaqlamışdın, heç cür buraxmamışdın. Səhər duranda görmüşdün ki, yenə yanında deyil. Qardaşın işə gedəndə aparıb tullayıbmış. Yenə gedib gətirmişdin. Axırda bacın məcbur qalıb yumuşdu, qurumağa asmışdı həyətdə. Sən də elə yaş-yaş götürüb sinənə sıxmışdın. Odu-budu gününün çox hissəsi bu qurbağayla keçir.

Divara söykənib oturmusan. Malasız daşlara baxırsan. Daşların düzümünə baxırsan. Daşların arasından pırtlayıb çıxan palçığa baxırsan. Kiminsə əllərini görürsən. Kəmçəylə palçıq götürüb daşın üstünə yaxır, yerdən başqa daş götürüb palçığın üstünə qoyur, o tərəf-bu tərəfə oynadıb yerini rahatlayır, daş baltasıyla iki dəfə üstündən vurub bərkidir. Bu proses yenə təkrarlanır. Dəfələrlə təkrarlanır. Daşlar bir-birinin yanına düzülür, sıralanır, bütünləşir. Əllər çox tanışdı sənə. İndi daşları hamarlayan bu əllər başına sığal da çəkib, üzünə şillə də vurub. Gah mehriban olub bu əllər sənə, gah qəddar. Atanın əlləridi. Ev tikir. Evinizi tikir. İndi üç uşağının yaşadığı evi. Neçə il qabaq idi? On yeddi il qabaq şəhərə gəlmişdiniz. Onda hələ ibtidaidə oxuyurdun. Dəqiq yadında deyil neçənci sinifdi. Üçdü, dörddü, neçəydi. Amma hər halda balacaydın. Yaman sevinirdiniz şəhərə gəldiyinizçün. Amma atan gəlib şəhər ətrafındakı sahil qəsəbəsində kirayə ev tutanda kefiniz qaçmışdı. Şəhəri belə təsəvvür etmirdiniz. Təsəvvür etdiyiniz şəhər bu deyildi. Hanı bu şəhərin hündür binaları, tər-təmiz, asfalt yolları, işıqforlu küçələri? Bu da elə sizin kəndinizə oxşayan kənd idi. Bircə fərqi oydu ki, sizin kəndiniz dağın ətəyindəydi, bu kənd dənizin sahilində. Kirayə qaldığınız həyət çox narahat idi. Ev yiyəsi həyətdə bir-birinə bitişik, toyuq hini boyda altı-yeddi otaq tikmişdi. Hər otaqda bir ailə yaşayırdı. Biri də siz idiniz. Beş nəfərlik ailə ovuc içi boyda otağa yığışmışdınız. Gündüz süfrə salırdınız yerə, gecə yorğan-döşək. Hamam-tualet ümumiydi. Həm də natəmiz. Heç kim dalınca su atmırdı. Hamı tezliklə burdan köçəcəyini fikirləşirdi, ən azı ümid edirdi. Bura çox yaşamalı yer deyildi axı. Hamı özünü yol üstdə hiss edirdi. Hardasa altı-yeddi aydan sonra atan elə bu qəsəbədə, kirayə qaldığınız evdən üç-dörd məhəllə aralıda bir az torpaq ala bildi. Sonra əlinə pul düşdükcə daşdan-sementdən alıb ev tikməyə başladı. Hər ay bir az da böyüdü təzə eviniz. Bir ildən sonra damı örtüldü, il yarıma qapı-pəncərəsi salındı. Alayarımçıq hazır olan kimi köçdünüz. Atan evi malalamağa da macal tapmadı. Anan tələsdirdi onu. İki il toyuq hinində yaşamaqdan boğaza yığılmışdı. Artıq bəsdi. Ev hazır deyil? Nolar. Yavaş-yavaş edərik.

Amma daha evi təmir etməyə ehtiyac qalmadı. Atan təsadüfən cavanlıq tanışlarından kiminləsə rastlaşdı. Deyəsən, əsgərlikdə bir yerdə olmuşdular. Atan ona çox yaxşılıq eləmişdi vaxtiykən. O da sağ olsun, yadından çıxmayıbmış. Alverçiydi atanın tanışı. İrandan ədviyyat, şirni, yuyucu toz-filan gətirib satırdı. Atana təklif elədi ki, şərikinə işləsinlər. Atan razılaşdı. Əli gətirdi. Bir ilin içində şəhərdə dükan açdı. İşlər böyüdü. İranda da bir nəfər tapıb şərik oldular. O adam malı İrandan göndərirdi, atangil burda yerbəyer edirdi. Artıq xırım-xırda şeylərdən əlavə pal-paltar, plastmas qab-qacaq da gətirirdilər. Sonra atan burdakı şərikindən ayrılıb özü tək işləməyə başladı. Atan əlini düzəldən kimi şəhərdə ev aldı. Nəhayət arzuladığınız şəhərə qovuşdunuz. İndi bina evində yaşayırdınız, böyük qardaşın universitetə gedirdi, bacınla sən liseyə. Həyat axarına düşmüşdü...

Əllər palçıq yaxır, daş düzür...

Beş dəqiqə keçir.

On dəqiqə keçir.

Yarım saat keçir.

Üç saat keçir.

Əbədiyyət qədər vaxt keçir.

Bacın çay gətirir səninçün. Qabağında yerdə oturur. Çayı nəlbəkiyə tökür, üfləyib soyudur, yavaş-yavaş içizdirir sənə. Bacın soyutmağa çalışsa da, çay hələ də istidi. Ağzın yanır, başını qaçıranda dağılır, yaxana, qurbağanın üstünə düşür. Bacın əliylə üstünüzü silir. Çayı içizdirməyə davam edir. Ona baxırsan, hər hərəkətini izləyirsən. Nəzərləriniz toqquşanda gülümsəyir, gözləri biləsən-bilməyəsən qıyılır. Yenə bacının siması dəyişir. Bacının simasından başqa biri sənə baxır, gözləri şəfqət aşılayır, canına istilik yayılır. Sevdiyin qızın simasıdı bu. Tələbə vaxtı iki il bir yerdə olduğun qızın. Universitetin bufetində çay içdiyin, parklarda əl-ələ gəzdiyin sevgilinin. Nə qəşəng idi o illər. Hər şey qaydasındaydı. Atanın işləri böyümüşdü, artıq üç böyük dükanı vardı. Pulunuz vardı. Anan heç nəyçün deyinmirdi. Heç nəyin dərdini çəkmirdin. Eləcə oxuyurdun. Bütün fikrin oxumaqdı. Dil öyrənirdin. Dörd dildə sərbəst danışırdın artıq. Beşincini öyrənirdin. Müəllimlərin sevimli tələbəsiydin. Hamı xətrini istəyirdi. Sevgilini də çox sevirdin. Belə baxanda sevincin də çox deyildi həyatında. Amma kədərin də yox idi. Sakit-sakit yaşayırdın.

Hər şey əsgərliyə getdiyin il dəyişdi. Daha doğrusu əsgərlikdə olanda. Atan qoymaq istəmirdi səni. Deyirdi, gəl saxlatdırım, oxumağa davam elə. Getmək istədin. Qayıdandan sonra oxuyaram da. Magistratura qaçmır ki. Getdin. Təzə mühit, təzə adamlar, təzə rejim. Hər şey təzəydi. Müxtəlif ailələrdən çıxmış, müxtəlif tərbiyəyə sahib yüzlərlə adam gördün. Yaşıdların, bir-iki yaş balacalar, bir-iki yaş böyüklər. Natəmizlik, şəraitsizlik, bir də söyüş. İyirmi bir ildə eşitdiyindən daha çox söyüşü bir günə eşidirdin. Əvvəl-əvvəl atan tez-tez gəlirdi yanına. Sonra seyrəkləşdi gəlməyi, dörd aydan sonra daha gəlmədi. Bir dəfə də qardaşın gəldi. Əsgərliyinin yeddinci ayında. Üzündən, duruşundan, təhərindən başa düşdün pis şeylər olduğunu. Demək istəmirdi, and verdin, danışdı. Anan atanın iranlı şərikiylə birləşib işləri ələ keçirdib, atanı da qovub evdən. Qardaşın ananla dava edib, bacını da götürüb çıxıb. İndi sahil qəsəbəsindəki tikintisi yarımçıq qalmış evdə yaşayırlar. Anan? Anan öz kefindədi, iranlı da köçüb şəhərdəki evinizə, bir yerdə yaşayırlar. Bəs atan? Atan necə olacaq? Dükanları ananın adına saldırıbmış o vaxtı. Qalıb ortalıqda. Yox, qardaşıngillə yaşamır. Mərdəkan tərəfdə kiminsə bağına işə düzəlib, həm bağa baxır, həm də qarovulçuluq eləyir... Üç gün havalı kimi gəzdin. Nə yemək yedin, nə sıraya çıxdın. Komandirin başa düşdü səni, gözümçıxdıya salmadı. Əsgər yoldaşlarınınsa münasibəti fərqliydi. Halına acıyan da vardı, səni dolayan da. Dolayan daha çox idi. Amma buna fikir verəcək halda deyildin. Və belə günlərdən birində allahla tanış oldun. Dindar əsgər yoldaşın xeyli danışdı səninlə. Dindən, xeyir-şər əməllərdən, o dünyadan danışdı. Rəvan danışığı, sakit səsi ruhunu rahatlaşdırdı. Sidqini bağladın allaha. Namaza başladın. Qalan beş ayını dindar yoldaşınla keçirtdin...

Bacın boş stəkanı nəlbəkiyə qoyub ayağa durur. Qazın üstündəki qazanı qarışdırır. Stolun üstündəki kartof-soğan qabıqlarını sellofan torbaya yığıb qapının ağzına qoyur. Ayağa durub torbanı götürürsən, qapıdan çıxırsan. Bir əlində qucağına sıxdığın qurbağa, bir əlində zibil torbası. Külək saçlarını qarışdırır. Hava soyuqdu, amma xoşuna gəlir üzü küləyə getmək. Getdikcə yol qırağındakı zibilləri də torbaya yığırsan. Hər gün zibili atanda yol qırağını təmizləyirsən, hər gün də zibil atırlar. Nə sən yorulursan, nə onlar.

Zibil qabları küçənizin tinindədi. Torbanı qaba tullayıb tini dönürsən. Bura əsas küçədi. Adam çox keçir burdan. Maşın da. Qaz trubasının üstündə oturub qurbağanı qucaqlayırsan. Külək bir az da güclənir. Hava sakit olanda elektrik naqillərinin üstündə quşlar oturur. İndi yoxdular. Naqillər yellənir. Görəsən bu naqillər haracan uzanır? Axırı hardadı? Adamlar keçir. Maşınlar keçir. Bir dəstə uşaq gəlir. Çiyinlərində, əllərində çanta var. Məktəbdən qayıdırlar. Bir-ikisi üstünə cumub qurbağanı almağa çalışır. Bərk-bərk qucaqlayırsan qurbağanı. Buraxmırsan. Onlar dartır. Sən sinənə sıxırsan. Onlar dartır. Sən qışqırırsan. Onlar gülür. Uzaqda dayananlardan biri daş götürüb sənə atır. Daş dəymir sənə, amma qeyri-ixtiyari başını tutub zarıyırsan. Küçədən keçən kimsə uşaqlara acıqlanır. Uşaqlar qaçır. O adam da keçib gedir. Uşaqlar hər gün belə edir. Hər gün qurbağanı almağa çalışırlar, səni daşa basırlar. Nə üçün belə etdiklərini başa düşmürsən. Onlara heç nə eləmirsən axı. Nə istəyirlər səndən?

Gözünü bir nöqtəyə zilləyib dayanırsan. Adamlar keçir. Külək getdikcə zəifləyir.

Beş dəqiqə keçir.

On dəqiqə keçir.

Yarım saat keçir.

Üç saat keçir.

Əbədiyyət qədər vaxt keçir.

Bacın gəlib səni evə aparır. Yemək vaxtıdır. Stulda otuzdurur. Yemək çəkdiyi nimçəni qabağına qoyur, yanında oturur. Çörəyi yeməyin yağına batırıb sənə yedizdirir. Sonra çəngəllə kartof, toyuq əti götürüb verir. Yavaş-yavaş çeynəyib udursan. Yeməyi qurtarandan sonra çay içirsən. Yenə bacın içizdirir. Sonra bacın süfrəni yığışdıranda durub divanın yanında, yerdə oturursan.

Əllər palçıq yaxır, daş qoyur...

Birdən başına ağır nəynənsə vururlar. Oyuncağı buraxıb başını tutursan, yanıüstə yıxılırsan. Qurbağa altında qalır. Zərbələr başına, qarnına, ayaqlarına dəyir. Əllərinlə gah başını, gah qarnını qorumağa çalışırsan. Əllərin zərbələrin arasında çaş-baş qalır, haranı qoruyacağını bilmir. Hər yerin ağrıyır. Təpiklər dəydikcə ağrı da çoxalır. Xüsusən başında. Çarəsiz vəziyyətdə qıvrılırsan. Sifətin tozlu xalçaya sürtülür. Yenə kiminsə əlləri başına dəyir. Bu əllər istidi, şəfqətlidi. Başını qucaqlayıb sinəsinə sıxır. Zarıyırsan, ağlayırsan, qışqırırsan. Səsin batana qədər qışqırırsan. Başın zoqquldayır, beynin qaynayır. Elə bilirsən bu saat qulaqlarından, burun deşiklərindən axıb töküləcək. Əlləri başını sığallamağa davam edir. Göz yaşları saçına düşür. Səsin batır, amma içində qışqırmağa davam edirsən. Yorulub əldən düşənəcən qışqırırsan...

Başını qaldırıb bacına baxırsan. Ağlayır. Yarıtikili evdə, quru döşəmədə oturmusunuz. Yerdə xalça yoxdu. Bu evdə heç vaxt xalçanız olmayıb. Bəs başına zərbə dəyəndə hansı xalçanın üstünə yıxılmışdın?

Əsgərlikdən qayıdandan sonra atanı bir dəfə gördün. Qardaşından atanın işlədiyi bağın yerini soruşub getdin. Atan pis haldaydı. İçməkdən sər-sifəti şişmişdi. Öskürürdü. Dedin, gəl aparım səni evə. Gəlmədi. Qovdu səni yanından. İki aydan sonra öldüyünü eşitdiniz. Qardaşın gedib meyiti gətirdi, basdırdınız.

Ananı görmədin amma. Nə sən getdin yanına, nə o gəldi. Bütün fikrini dinə vermişdin. Çoxlu dini kitablar almışdın, gününün yarısı namaz qılıb dua etməklə keçirdi. Çıxış yolunu dində tapmışdın sən. Allah qucaq açmışdı sənə. Sonra məscidə ayaq açmağa başladın. Şam namazı vaxtı gedirdin, səhərəcən namaz qılıb dua edirdin, sübh namazından sonra qayıdırdın evə. Günorta yatırdın. Axşam yenə eyni şey. Qardaşın deyirdi, gəl işə düzəldim səni. İşlə, başın qarışsın. Bilirdi nələr çəkdiyini. O sənin kimi deyildi. Uşaqlıqdan ata-anaya çox bağlılığı yoxuydu. Amma sən fərqliydin. Ananın xəyanəti, atanın çarəsizliyi çökdürmüşdü səni. Saman çöpü kimi dindən yapışmışdın. Onu da buraxmaq istəmirdin əlindən. Neçə ay belə davam elədi? Hər halda çox çəkmədi. Qış gecələrin birində, şam namazından sonra məsciddə oturub söhbət edirdiniz. Adam çox idi. Birdən mübahisə başladı. Heç nəyin üstündə. Sonra mübahisə davaya döndü. Bayaqdan mehriban-mehriban danışan adamlar iki cəbhəyə bölündü, məzhəb davası başladı. Bir onu bilirsən ki, başına ağır nəynənsə vurdular. Xalçanın üstünə yıxılıb qıvrılmağa başladın. Sonra üstünə dalbadal zərbələr endi. Başına, qarnına, kürəyinə, ayaqlarına – harana gəldi vururdular...

Bir də ala-tala səhnələr gəlir gözünün qabağına hərdən.

Ağ otaqda, ağ çarpayıda uzanmısan, qardaşınla bacını görürsən hərdən o ağlığın içində. Bir də ağ geyimli adamlar var...

Sonra malasız evdə uzanmısan. Qapı açılır. Gələn adam içəri girməmişdən vurduğu ətir evi doldurur. Anandı. Saçını sığallayır. “... müalicə... pul... İrana... yazıqdı...” Qardaşın qışqırır, onu qovur evdən. Anan gedir, ətrinin iyisə neçə gündən sonra çəkilir. Bir də heç vaxt görmürsən o qadını.

İllərdi hər şey belə davam edir.

Durub bayıra çıxırsan. Qurbağan da qucağındadı. Hava qaralmağa başlayıb. Gedib yenə tində, qaz trubasının üstündə oturursan. Bir azdan qardaşın işdən qayıtmalıdı. Külək təmiz kəsib. Mülayim, xoşagələn hava var. Elektrik naqillərinin üstündə quş yoxdu. Adamlar keçir. Maşınlar keçir. Uzaqdan qardaşını görürsən. Sənə yaxınlaşanda ərzaq torbalarını bir əlində cəmləyir. Boş əliylə qoltuğundan tutub qaldırır. Tabe olursan. O gedir. Sən də dalınca düşüb gedirsən. Həyətə girirsiniz. Qapıda ayaqqabılarını çıxardır. Evin qapısını açır. Əvvəlcə səni ötürür içəri. Sonra özü girir. Qapını bağlayır.

Daha sizi görmürəm.

2020-nin yanvarı

həmid piriyev üçün şəkil nəticəsi

# 5717 dəfə oxunub

Müəllifin son yazıları

# # #