Güllü Muradova: “Məni efirdə görüb, deyib, bu qızı alacam” – Müsahibə

Güllü Muradova: “Məni efirdə görüb, deyib, bu qızı alacam” – Müsahibə
20 sentyabr 2021
# 09:00

Kulis.az Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən İkinci Televiziya Muğam Müsabiqəsinin qalibi, hazırda ailəsi ilə birlikdə Almaniyada yaşayan istedadlı xanəndə Güllü Muradova ilə müsahibəni təqdim edir.

- Almaniyada sənətlə məşğul ola bilirsiniz?

- Yox, mən hələ ki orada sənətlə məşğul deyiləm, ailə qurub getdik ora, sonra, üzr istəyirəm, övladlarımız dünyaya gəldi, başım qarışdı uşaqlara.

- Neçə övladınız var?

- Bir qız, bir oğlan. Elə onlara görə sənət qaldı bir qıraqda. Mənə görə birinci yerdə ailəm, övladlarımdı.

- Məşhurluğunuzun ən pik həddində nə əcəb səhnədən aralanıb Almaniyaya getdiniz?

- Həyat yoldaşım və ailəsi 18 ildir Almaniyada yaşayır, ona görə biz də ailə qurandan sonra ora getdik. Mən ora muğam oxumağa, sənətlə məşğul olmağa getmədiyimi bilirdim, bu, məni narahat eləmirdi. Düzdür, orada da tədbirlər, konsertlər olur, amma çox az. Bilirsiniz, Azərbaycanda elə bir həddə çatmışdım ki... Konservatoriyanın üçüncü kursunda oxuyanda ailə qurdum, dördüncü kursda düşünürdüm ki, kaş tez bitirəydim və aralanaydım bu sahədən. Çünki elə şeylər baş vermişdi, həvəsdən düşmüşdüm. Mən sənətə elə də bağlı deyildim ki, özümü fəda edim.

- Ancaq xeyli zəhmət çəkmişdiniz, nəticəsi də olmuşdu...

- Onların üstündən xətt çəkmirəm ki. Fürsət olanda yenə oxuyuram, yoldaşım da bunun tərəfdarıdır. Azərbaycana qayıdanda neçə verilişdən məni dəvət elədilər getmədim. ATV-dən Nanə xanım o qədər israr etdi, axırda onun verilişinə çıxdım. Həmçinin yeni mahnılar da yazmışam. Yəni sənətdən tam uzaqlaşmaq fikrim yoxdur. Sadəcə ailə qurdum, övladları böyütmək-filan... Ona görə bir müddət aralı qaldım. Ölkəyə qayıdandan sonra insanların sevgisinə əmin oldum, gördüm, mənim sənətimə tələbat var. Fasilə vermiş olsam da, səsimdə, peşəkarlığımda heç nə itirməmişəm, yəni qaldığım yerdən davam edəcəm.

- Qarabağlısınız və bu səsinizdən də hiss olunur.

- Bəli, bizim ailədə, qohumlar arasında gözəl səsi olanlar çoxdur. Əmim çox tanınmış musiqiçi olub vaxtilə. Babalarımda, nənələrimdə, bacımda yaxşı səs olub. Onların arasında təkcə mən sənəti seçdim. Haralı olmağımla bağlı da bəzən söz-söhbətlər olur...

- Elə mən də ora gələcəkdim.

- Mənim atam Ağdamın Gülablı kəndindəndir, biz Abdal-Gülablıdanıq. Mən doğulmuşam 1990-cı ildə həmin kənddə. 1993-cü ildə Ağdam işğal olunandan sonra atamgil köçüb Beyləqanın Dünyamalılar kəndinə. Anam Beyləqanın Allahyarlı kəndindəndir. Atamla anam ailə qurub və mənim uşaqlığım Dünyamalılar kəndində keçib. Yəni mən özümü dərk etdiyim vaxtlarda Ağdam görməmişəm, üç yaşıma kimi orada olmuşam. Hərdən adamlar deyir, hardan olduğunu danırsan, elə deyil. Əslim-köküm Ağdamdandır. Oranı xatırlamasam da, suyunu içmişəm. Dünyamalılar kəndindən olduğumu da danmıram. Orda böyümüşəm. Amma səsim Gülablıdan gəlir.

- Bəs, hansı kənd daha doğmadır sizə?

- İkisi də. Hətta üçü də. Atamın kəndi də, anamın kəndi də, Dünyamalılar da. (Bir az düşünür) Amma nə qədər xahiş etdim məni Ağdama aparmadılar...

- Niyə?

- Dedilər, hələ təhlükəlidir. İnşallah qismət olar. Hiss edirəm ki, ora getsəm, uşaqlıq yaddaşım oyanacaq. Hətta anamın laylasını da xatırlayacam.

- Səxavət Məmmədov sizin kəndçiniz idi. Hətta bir dəfə demisiniz ki, onu dinləyəndə ağlayırsınız.

- Hə, adı çəkiləndə də (kövrəlir).

- Niyə? Səsin özü kədərlidir, ya onun taleyinə görə.

- Bilmirəm.

- Oğlu ilə ünsiyyətiniz olub?

- Bəli. Bəxtiyarın toyunda da iştirak etmişəm. Oxumuşam da.

- Səxavətin bütün mahnıları sizi kövrəldir?

- Hə. Xüsusən, “Azad bir quşdum”. Hətta mən onu özüm üçün oxumuşdum və o ifanı kimsə yutubda paylaşmışdı. Şərhlər yazanlar var idi ki, Səxavətdən sonra bunu oxumağa nə gərək var idi? İnsanların bu cür dayaz düşüncələrinə heyrət edirəm. Mən də bilirəm, onu heç kim Səxavət kimi oxuya bilməz, sadəcə, ürəyimdən keçirdi oxumaq. Səxavət Məmmədovun anamın nənəsi ilə qohumluğu da var. Yaxın qohum olmasa da, Səxavət bizim kəndin baş tacı idi.

- Daha hansı səslər toxunur sizə?

- Bütün janrlara qulaq asıram, əsas mahnının məndə yaratdığı təəssüratdır. İndi çoxunun adı yadıma düşməyə bilər. Məsələn, müasir estradamızda ən sevdiyim səslərdən biri Sevda Ələkbərzadədir. Onun işlərindən, səsindən zövq alıram. Flora Kərimovanın, Aygün Bəylərin də səsinin vurğunuyam.

- Arif Babayevlə münasibətiniz necədir?

- Yaxşı. Ustadım olub konservatoriyada.

- Röyanın, Miri Yusifin “Xalq artisti” adını almağına münasibətiniz necə oldu?

- Buna aid nəsə deyə bilmərəm. Onlar da əziyyət çəkir. Ortaya qoyduqları mahnılar, kliplər elə-belə ərsəyə gəlmir ki. Qıraqdan asan görünə bilər. Bəzən bir mahnının təkcə səsyazması on gün vaxtımı alıb. Bəzən fikirləşirəm ki, mənə ad versələr, utanaram onu qəbul eləməyə. Çünki mənim müəllimimin adı yoxdur. Röya alsın o adı, problem deyil. Məsələn, mən Almaniyada yaşayıram, orada radioda Röyanın mahnılarına qulaq asıram, amma fikirləşirəm ki, kaş mənim müəllimimə də ad verəydilər.

- Kim olub müəlliminiz?

- Sabir Abdullayev. Mənə bir-iki dəfə təklif ediblər ki, sənin adını təqdim edək, demişəm yox, utanaram. “Əməkdar artist Güllü Muradova, xanəndə Sabir Abdullayevin tələbəsidir” deyilsə utanaram. Hətta mənə o adı versələr təklif edərəm ki, müəllimimə verək. Çünki məni Güllü Muradova edən o olub.

- Sizə elə gəlmir ki, bu fəxri adları bir az hörmətdən salıblar.

- Vallah, nə deyim. Mən “Leyli və Məcnun” tamaşasında Leyli obrazını oynadım. Səbuhi İbayevlə birgə. Mənə dedilər, bu işimi ad üçün lazımi yerlərə təqdim edim, mən isə onun dalınca getmədim. Çünki mən onu ad üçün oynamamışdım. Lazım olsa, özləri verəcək. Mən belə şeylərin dalınca qaçmamışam heç vaxt. Ona görə, Almaniyaya getmək də mənə çox təsir eləmədi. Düşünürəm ki, sənət xəstəsi olmaq düzgün deyil.

- Leyli obrazınız necə qarşılandı?

- Bir dəfə ifa etdim, amma çox gözəl oldu. Allah rəhmət eləsin, rejissorumuz Etibar Babayev etmişdi çəkilişi. “Leyli və Məcnun”un heç elə çəkilişi olmamışdı. Sırf özümü yoxlamaq üçün oynamışdım, alınmışdı. Gördüm, mən bunu bacarıram. Özü də cəmi 20 gün məşq elədim. Təsəvvür edin, mən aktrisalıq üstündə bir-iki il də məşq eləsəydim, daha da gözəl alınardı. Kitabdan oxuyanda Leylini tam dərk edə bilmirdim, amma məşq prosesində artıq onu anlamağa başladım. Hətta Leylinin ölüm səhnəsində özümü saxlaya bilməyib ağlamışdım. Hafiz müəllim onu mənə elə çatdırmışdı ki, özümü həqiqətən Leyli kimi hiss edirdim, obrazı yaşayırdım.

- Neçənci ildə oynamışdınız?

- Ya 2014, ya da 2015 idi. Dəqiq xatırlamıram.

- Tənqidlər olmadı?

- Məncə, qısqanclıq oldu. Dəvət etdiyim bir çox adam gəlmədi. Ön sıranı onlar üçün saxlamışdım, amma gəlmədilər.

- Kimlər idi dəvətlilər?

- Ad çəkmək istəmirəm. Yaşlı və ortayaşlı muğam ifaçıları idi, belə deyək, ustadlarımız.

- O yerlər boş qaldı?

- Yox, həmin yerə onlardan da hörmətli insanlar əyləşdi. Bilirsiniz, biri var mən Opera Teatrının solisti olam, ildə üç-dörd dəfə səhnə alam, biri də var bu, mənim ilk və son çıxışım ola.

Sonralar mənə Opera Teatrı əməkdaşlıq təklif etdi, məhz bu cür intriqalara görə qəbul etmədim. Sizə deyim, muğam sənətində intriqalar düşündüyünüzdən də çoxdur. Bəlkə estradadan da çox.

Hələ konservatoriyada oxuyanda qərar vermişdim ki, ailə qurmasam da bu sənətdən gedəcəm. Ən azı bir müddət uzaqlaşacam. Çünki iyrənmişdim. O paxıllıqlar, o intriqalar... Düzdür, bu, bizim bütün sahələrdə var. Lap həkimlikdə də, müəllimlikdə də, televiziyada da! Sadəcə biz daha üzdəyik deyə lap çox görünür.

- Almaniya ilə Azərbaycanı müqayisə edirsiniz heç?

- Nə olur-olsun, təyyarədən düşüb öz yurduna ayaq basanda, havasını içinə çəkəndə, deyirsən, torpağına qurban olum! İntriqalarla, paxıllıqlarla qəbulumsan (gülür).

- Həyat yoldaşınızın sənətinizə münasibəti necədir?

- O özü musiqi xəstəsidir. Gitarada da ifa edir, nağarada da, pianinoda da. Məndən daha çox maraq göstərir musiqiyə.

- Necə tanış olmusunuz? Maraqlıdır...

- Mən muğam müsabiqəsində oxuyanda, o, Almaniyada ailəsi ilə baxırmış. Məni izləyəndə anasına deyib ki, mən bu qızı alacam.

- Doğrudan?

- Hə (gülür). Dəhşət muğam həvəskarıdır. Bilmirəm səsimə vurulub, ya necə, elə müsabiqənin ikinci həftəsində anasına deyib ki, o qızı alacam. Anası da inanmayıb, deyib, sən Allah otur yerində, işinlə məşğul ol, sən burdan gedib Azərbaycana qızla tanış olası deyilsən. Rasim də deyib, yox e gedib, onunla ailə quracam. Ailəsi də zarafata deyib, get.

- Siz onu heç tanımırdınız?

- Xeyr. Tanımırdım. Müsabiqə vaxtı Almaniyadan məktub gəlmişdi müsabiqəyə. Natəvan xanım efirdə o məktubu oxuyanda heç mənim ağlıma da gəlmirdi ki, Almaniyada bizi dinləyən var. Sonra ortaq bir tanışımızın ad gününə getdik. Üzbəüz oturduq. Baxdım, tanımadım. Orada mənə yaxınlaşdı ki, şəkil çəkdirək. Bacım da orda idi. Mənə dedi, bacı, bu səninlə şəkilləri tək çəkdirir. Biz camaatla ümumi dayanmışdıq, amma o, tək çəkdirirmiş mənimlə, mən də fikir vermirdim (gülür). Sonra elə oldu axşam Rasim mənə yazdı, dedi, şəkilləri sizə verim? Elə də əlaqəmiz yarandı və yavaş-yavaş münasibətimiz başladı. Məndə də ona qarşı qəribə bir qığılcım yaranmışdı. Görən kimi qəribə hiss keçirdim.

- Peşəsi nədir?

- Turizmi oxuyub, bizneslə məşğul olur.

- Mühafizəkarlığı yoxdur ki?

- Yəqin geyimi nəzərdə tutursunuz... Mənim geyim tərzim elədir ki, nəsə deməyinə ehtiyac yoxdur. Ona görə də heç vaxt bu barədə söhbətimiz olmayıb. Oxumaq məsələsində də həmçinin. Əksinə, o, təkid edir ki, efirə çıxım, ifa edim. Mən ehtiyac duymuram. Yəni sənətimə görə mənə heç bir qadağası olmayıb.

- Bəs toylar? Sizcə, muğam ifaçısı toylara getməlidirmi?

- Gedə də bilər, getməyə də. Tələbat var. Mən son vaxtlar burda olmadığım üçün vəziyyəti bilmirəm, amma o zaman var idi. Mən də gedirdim. Toya nə üçün gedirlər? Pul qazanmaq üçün. Mən də həmçinin. Amma hərdən elə olurdu pul üçün getmirdim, sırf oxumaq istəyirdim. Elə toylar olur, orada görürsən, bütün qonaqlar çəngəl-bıçağı yerə qoyub diqqətlə sənə qulaq asır, adam o qədər zövq alır. Elə toylara getməyin nə qəbahəti var? Biri də var, oxuyursan, səni dinləmirlər, sırf adına görə çağırırlar.

- Almaniyanın nəyini bəyənirsiniz, nəyini yox?

- Gözəl ölkədir. Amma loru dildə desək, insanları elə “nemes”dir. Çox kobuddurlar. Bəzən aralarında çox mehribanları da olur. Adam fikirləşir ki, ay Allah, görəsən, bu, doğrudan almandır? Bizim elə bir qonşumuz var. Düzdür, yaxşıları da var, amma millətçiləri ilə üz-üzə gəlməyəsən! Onlar sarışındırlar, bizdən görünüşcə seçilirlər və bəzən qarayanız birini görəndə, gəlmə birini görəndə çox pis baxırlar.

- Azərbaycan haqqında nəsə bilirlər?

- Bilirlər. Müharibədən sonra orda Azərbaycanın nüfuzu çox qalxdı.

- Müharibə zamanı daha çox kimə meylli görünürdülər?

- Neytral görünürdülər, amma yəqin dini baxımdan daha çox ermənilərə yaxın idilər. Sizə deyim, türk dilini bilməklə Almaniyada, xüsusən Berlində rahat yaşamaq olar. Orada türklər çoxdur.

- Bir az da mütaliə haqqında danışaq. Kitab oxuyursunuz?

- Oxuyuram. Xaricilərdən ən çox sevdiyim Jojo Moyesdir. Müasir yazarlardandır. Əlif Şəfəqi çox sevirdim, müharibə vaxtı ermənilərə dəstək aksiyasını görəndə istədim kitabını yandırım, ürəyim gəlmədi. Zəng edib bacıma demişdim, rəfimdən o kitabı götür yandır, videosunu mənə at, sonra kitaba qıymadım, dedim, yandırma. “Səfillər” romanı ən sevdiyim əsərlərdəndi. Bizim yazıçılardan İlyas Əfəndiyev, Məmməd Səid Ordubadi, Anar - bunların əsərlərini mütəmadi oxuyuram. Mikayıl Müşfiqin, Səməd Vurğunun şeirlərini... Vahid Əzizi, Baba Vəziroğlunu...

- Daha müasirlərdən kimləri oxumusunuz? Məsələn, Seymur Baycanı oxumusunuz?

- Çox eşitmişəm adını, amma təəssüf ki, oxumaq fürsətim olmayıb. Son vaxtlar daha çox uşaqların tərbiyəsi ilə bağlı kitabları oxuyuram.

- Ən çox təsirləndiyiniz əsər hansıdır?

- Xalid Hüseynin “Min möhtəşəm günəş” romanı. 480 səhifəlik kitabı bir günə oxumuşdum. O qədər xoşuma gəlmişdi ki, kitabdan ayrıla bilmirdim. Bitəndə ağlamışdım.

- “Çərpələng uçuran”ı da oxumusunuz?

- Bəli, oxumuşam. Amma məncə “Min möhtəşəm günəş” şedevrdir. Jojo Moyesin “Geridə buraxdığın qadın” əsəri də çox təsir edib mənə. Kitab oxumağı sevirəm, hər fürsət tapanda oxuyuram.

- Azərbaycana biryolluq qayıtmaq fikriniz var?

- Xeyr. Hərdən gəlib efirə çıxıram, yeni mahnılar oxuyuram, bəs edər mənə.

- Güllü xanım, müsahibə təklifimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirik.

- Xoş idi. Mən də sizə təşəkkür edirəm.

Samirə Əşrəf
Ulucay Akif
Fotolar: İlkin Nəbiyev

# 27749 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #