Gənc şair: “Davamlı olaraq qız aldadıram” – Müsahibə

Gənc şair: “Davamlı olaraq qız aldadıram” – Müsahibə
24 fevral 2021
# 09:02

Kulis.az “Səni deyirlər” layihəsindən gənc şair El Romanla müsahibəni təqdim edir.

- El Roman, səni hamı qəfil tanıdı, bu nə ilə bağlıdır?

- İnsanlar yaxşı şeirə acdır. Şeir artıq sıradan çıxıb deyilir, ancaq bu qətiyyən belə deyil. Düşünürəm ki, məni irəli çəkən ən böyük amil yaşımla mətnimin vəhdəti ilə bağlıdır. Mən 15 yaşımda olarkən də ədəbi mühitə gəlsəydim, yenə tanınacaqdım. Çünki 15 yaşımda yazdığımı heç kəs o yaşda olanda yazmamışdı. Bir müsahibəmdə demişdim ki, həmyaşıdlarımdan mənim potensialımda heç kəs yoxdur. Bir qədər iğtişaş yaratmışdı. Ümumi gənc şairlərdən oxuduğum imzalar çoxdur. Ancaq yenə iddia edirəm, məhz 20 yaşına kimi gənc şairlərdən öz potensialımda heç kəsi görmürəm.

- Niyə El Roman? Rafət El Romana görə? Əsl adın, soyadın necədir?

- Əsl adım Elromandır. Ədəbi mühitə gəlməmişdən əvvəl, eyni zamanda kitabımın ilk nəşrində şeirlərimi Elroman Əlizadə imzası ilə yazmışam. Adım ayrılıqda elə təxəllüsə bənzədilirdi. Bu ilin may ayından etibarən şeirlərimdə, həm də kitabımın ikinci və üçüncü nəşrində El Roman imzası ilə çıxış etdim. Rafet El Romana qalanda, hə, ondan təsirlənmə var. Ancaq təsirlənən tərəf mən yox, 20 il əvvəl bu adı mənə qoyan atam olub. Əvvəllər adımı sevmirdim. Ancaq nəzərə alanda ki, məhz Elroman adı Azərbaycanda bir nəfərdədir, o da məndə, xeyli sevinmək olar.

- Səncə, tanınmağında Facebookun rolu nə qədərdir?

- Facebookun rolu böyükdür. Karantin, bəlkə də ən çox mənə xeyir verdi. Boşluqdan Facebook hesabı açmışdım. Bir neçə şeirimi paylaşdım. Gördüm, çox maraqlı və fərqli reaksiyalar gəlir. Bir neçə gün sonra illərdir planını qurduğum ilk kitabımı çapa verdim. İlk nəşr 5 günə satıldı. Ardınca ikinci nəşri vurdum, o da həmin ayın içində tükəndi. Demək olar ki, kitabların 90 faizindən çoxunu heç tanımadığım facebookdakı oxucularım aldı. Bütün bunlar məhz həmin oxuculardan gördüyüm dəyərin nəticəsində baş tutdu. Üçüncü nəşr də çap edilib, hazırdır. İndi karantinlə bağlı qadağaların aradan qaldırılmasını gözləyirəm ki, bir kitab təqdimatı edim.

- Bizdə gənc və yaraşıqlı şairləri sevən qızlar çox olur.

-Onu gənc və yaraşıqlı şairlərin özündən soruşsanız, daha yaxşı olardı.

- Sevdiyin varmı? Varsa, ona hansı şeirini həsr eləmisən?

- Sevdiyim yox, sevmək istədiyim var. Bir gün bacaracağıma da əminəm. Çünki mən heç nəyi etməyə çalışmıram. Onu ya edirəm, ya da etmirəm. Şeir həsr etməyə qalanda isə mən sevdiklərimdən çox, sevmədiklərimə şeir həsr edirəm. Özü də bir dəfə yox, davamlı. Buradan davamlı şeir həsr etdiklərimə səslənsəm, deyərdim ki, sizi sevmirəm. Məni sizə şeir həsr etməyə məcbur edirsiniz.

- Qız aldadırsan heç?

- Davamlı aldadıram. Məsələn, şeir yazırsa, deyirəm, yaxşı yazmısan. O da sevinir. Qadınları sevindirmək lazımdır. Yalan danışsan da olar, təki sevinsinlər.

- Eyni vaxtda yazışdığın bir neçə qadın olubmu?

- Qadınlarla yazışmağa hövsələm çatmır. Yazışanda sanki özlərindən çıxıb başqasına çevrilirlər, tamam fərqli psixologiyada olurlar. Bir də görürsən, durduq yerə yazdığın mesaja baxıb deyirlər, soyuq danışırsan. Halbuki, heç bir səbəb yoxdur. Ümumiyyətlə, insanda soyuqluq, düşünürəm ki, virtualda sadəcə hərflərə baxaraq hiss edilə biləcək bir şey deyil. Məncə, qadınlarla virtual aləmdə əlaqə qurulmasa, daha yaxşıdır. Realda daha çox özləri ola bilirlər.

- Səncə, sevginin şeirdə rolu nə qədərdir?

- Ən az, sevgidə şeirin rolu qədər. İçində şeir olmayan heç bir sevgidən söz gedə bilməz.

- Ən çox sevdiyin şair hansıdır?

- Məncə, nəzm sferasında mətn müəllifdən, nəsr sferasında isə müəllif mətndən ön planda qiymətləndirilməlidir. Yəni, Dostoyevskini bəyənirsənsə, bu, kifayət edər ki, sən onun kitabını alıb oxuyasan. Ancaq Puşkinin şeir kitabını almazdan əvvəl gərək əvvəlcə yaxşı şeirini oxuyasan.

- Səndən əvvəlki şairlərdən – Salam Sarvanın, Həmid Herisçinin, Aqşin Yeniseyin, Şəhriyar del Geraninin adları məşhurdur. Onları oxumusansa, fikrin necədir? İçlərində ən çox hansını sevirsən və səncə, bu müəlliflərdə çatmayan nədir?

- Sadaladığınız şairlərdən heç birini oxumamışam. Oxumamışam deyəndə, əlbəttə, bu şairlərin şeirləri hər hansısa məclisdə, ya da sosial şəbəkədə qarşıma çıxıb, oxumuşam. Ancaq durum Aqşini, Həmidi, Salam Sarvanı, ya da Şəhriyarı mütaliə edim, yox, bu olmayıb. Aqşin Yenisey "26 fevral 1992" şeiri ilə yadımda qalıb. Deyərdim, 90-cı illərdən bugünə qədər Xocalı mövzusunda yazılmış ən yaxşı şeirdir. Bundan əlavə, bir neçə bayağı şeirinə də rast gəlmişəm. Şəhriyar del Geraninin təsirlənmələri çoxdur. Amma elə müəlliflərdən təsirlənib, hansı ki, həmin müəlliflərdən təsirlənə bilmək məharətdir, nəinki təsirlənməmək. Təsiri əks təsirə çevirə bilib. Salam Sarvan "Qocalar üçün tarix dərsi" şeiri ilə yadımda qalıb. Onun oxuduğum digər şeirlərini mənim 15 yaşımda etdiyim söz oyunları ilə dolu şeirlərə bənzədirəm. Həmid Herisçidən isə yadımda qalan heç nə yoxdur.

- Klassik şairlərimizə münasibətin necədir? Füzulini oxuyursan?

- Klassik şeirdə, düşünürəm ki, yazıla biləcək hər şey yazılıb. Bundan sonra daha yaxşısı üçün hansısa şairin iddia qaldırması mənasız və yersizdir. Füzuli, Seyid Əzim Şirvani və Nəsimini çox mütaliə etmişəm. İndi onların səviyyəsində yazan yoxdur. Bu ölçüdə irəli getməkdənsə, geriyə düşmüşük.

- Niyə deyirlər ki, qadınlar ədəbiyyatda kişilər qədər güclü ola bilmir?

- Qadınlar sentimentaldır. İstənilən mövqelərində cüzi də olsa sentimentallıq var. Ədəbiyyat müxaliflik sevir. Hər şeyə müxaliflik. Sən yazı masasının arxasında oturub yazmağa başlayırsansa, həmin an hər şeyi unutmalısan; sevdiyin qadın ən çox hansı rəng gülləri sevir, ölkədə nə baş verir, hansı siyasi partiyanın üzvüsən, dini mövqeyin nədir, valideynlərinin nə xoşuna gəlmir... Bütün bunlar və ümumiyyətlə, hər şey unudulmalı, hər şeyə müxalif olunmalıdır. Qadınlar isə bunu bacara bilməz. Onlar hər zaman həssas tərəfə yıxılırlar, istəsələr də, istəməsələr də (gülür).

- Seksistsən?

- Ümumiyyətlə, heç nə "ist" deyiləm.

- Sevdiyin qız gecə saat 2-də içkili evə gəlsə, qəbul edərsən?

- Qətiyyən! Vaxtında yatmaq vacibdir. Yuxu rejimini pozan qız nəyə lazımdır?!

- Feministlərlə aran necədir? Səncə, qadın və kişi hər yerdə bərabərdir?

- Bu suala Rəhman Mirzəlizadənin dili ilə cavab verəcəm. O deyir ki, xanımların hər fürsətdə ana danlağı kimi üzümüzə çırpdıqları "qadınlar kişilər qədər azad deyil" qəlibi var. Qadınlar özlərinə asi çıxa bilmirlər. Səbəb - ölçüyəgəlməz eqolarıdır. Bu, qadınların sevgisində də özünü göstərir. Daha çox kişilər qadınların "süründürməçiliyinə", ya da poetik formada desək, naz-qəmzəsinə məruz qalırlar. Mən də bu fikirlərlə razıyam.

- Təzə nə yazırsan?

- Hələ ki, sadəcə şeiriyyət. Üzə çıxarmadığım onlarla şeirin üstündə eyni anda işləyirəm. Ümid edirəm, çox fərqli mətnlər olacaq, özümlə müqayisədə yox, bütöv poeziya ilə müqayisədə.

# 2497 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #