Elçin: Hanı Sovetdən medal alan “ədəbiyyat generalları”? - Müsahibə

Elçin: Hanı Sovetdən medal alan “ədəbiyyat generalları”? - Müsahibə
5 iyun 2021
# 09:00

Kulis.az Xalq yazıçısı Elçinin “Əşyaların taleyi” layihəsindən verdiyi müsahibəni təqdim edir.

- Elçin müəllim, sizin üçün əşyaların dəyəri, önəmi, əzizliyi nədən asılıdır?

- Məktubları, əlyazmaları “əşya” adlandırmaq bilmirəm nə dərəcədə doğrudur. Onları “əşya” adlandırmaq – ünsiyyətə “əşya” demək kimi bir şeydir. İlyas Əfəndiyevin arxiv toplamaqla arası yox idi. Onun əlyazmalarının bir hissəsi Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivindədir, bir qismi də məndədir. O, öz kitablarını belə saxlamırdı, amma məndə əksinədir, uşaqlıqdan bəri yazdıqlarım da qalır. Amma təəssüf ki, arxivim çox səliqəsizdir. Kitabxanam da o gündədir. Həm bağ evimdə, həm şəhərdəki mənzilimdə böyük bir kitabxana var. Bəzən bilirəm ki, hansısa kitab məndə var, amma onu axtarıb tapa bilmirəm, zəng vurub xahiş edirəm, Axundov adına kitabxanadan mənə həmin nəşri tapıb yollayırlar. Uzun sözün qısası, bu pandemiya dövründə istədim ki, arxivimi, kitablarımı bir az qaydaya salım. Bu zaman çoxlu maraqlı avtoqraflı kitablar, məktublar, özümün yazıb unutduqlarım, sənədlər çıxdı. Və onları tapdıqca da, xatirələr canlandı, yenə arxivi qaydaya salmaq qaldı bir kənarda, esselər, başqa yazılar yazdım: Mir Cəlal, Əli Vəliyev, Mirvarid Dilbazi, Abbas Zamanov, Tofiq Kazımov haqqında, Şuşa barədə esselər və s. Misal üçün, Abbas Zamanov bir çox kitablarını səmimi avtoqraflarla mənə bağışlayıb. Onunla elə məhrəmanə münasibətimiz vardı ki, hələ qızlarım balaca olanda, onlara da məktub yazırdı, təbriklər göndərirdi. Bütün bu cür məktublar, avtoqraflar, o xatirələr bu gün də adamı alıb aparır. Vaxti ilə qızım Gunay mənə ithaf olunmuş şeirlərdən ibarət “Nədir ömrün mənası” adlı kitab tərtib etmişdi. Amma son dövrlərdə avtoqraflara baxarkən gördüm ki, mənə başqa şeirlər də həsr edilib, özü də avtoqraflar şəklində. Məsələn, Qabil, Bəxtiyar Vahabzadə, Mədinə Gülgün, Əliağa Kürçaylı, Hikmət Ziya, Rəfiq Zəka və başqaları. Onların şeirləri mənə həsr edilən həmini kitaba salınmayıb, amma onların da hər biri mənim üçün əzizdir. 11 yaşım tamam olanda Mehdi Hüseyn mənə avtoqrafla kitab bağışlayıb və bu mənə bağışlanan ilk avtoqraflı nəşrdir. Sonralar atama bağışladığı kitablara da avtoqrafı ikimizin adına yazırdı. Süleyman Rəhimov, Mir Cəlal, Əli Vəliyev, Mirzə İbrahimov, Əbülhəsən və bir çox başqa nasirlərin, Süleyman Rüstəm, Rəsul Rza, Nigar Rəfilbəyli, Mirvari Dilbazi, Mir Mehdi Seyidzadə və yenə də bir çox başqa şairlərin, Qulam Məmmədli, Əziz Şərif, Əbülqasım Hüseynzadə, Əli Səbri, Mikayıl Rzaquluzadə və o dövrün başqa qocaman ədiblərinin mənə verdiyi avtoqraflar özlüyündə bir tarixdir.

Qəribədir ki, mən gənclik illərində də yaşlı nəslin nümayəndələri ilə dostluq edirdim. Əziz Şərif, Qulam Məmmədli, Abbas Zamanov, Əbülqasım Hüseynzadə, unudulmaz Məmməd Cəfər müəllim və başqaları ilə. Qulam Məmmədli dünyadan köçəndə bir yazı yazmışdım. Vaxtı ilə mən Tunisdə Karfagen xarabalıqlarını gəzmişdim. Orada nəhəng gövdəli bir zeytun ağacını gümüş çərçivəyə almışdılar. Tunis dövləti onu milli sərvət elan etmişdi. O, ağacın 2700 ildən çox yaşı vardı. Həmin ağac böyük bir tarixin şahidi idi və mənə çox təsir etmişdi ki, həmin üç min illik ağac təptəzə bəhrələr verir. Qulam Məmmədli rəhmətə gedəndə yazdığım o yazıda onu həmin ağacla müqayisə etmişdim. Çünki Qulam müəllim doxsan yaşlarında da salnamələr üzə çıxarırdı, yazıb-yaradırdı. Özünün xahişi ilə Nəriman Nərimanov haqqındakı salnaməsinin redaktoru oldum, Ön söz də yazdım. Yaxud Əbülqasım kişi mənə bağışladığı avtoqraflarda “gənc dostum Elçinə” yazırdı və bütün bunlara baxıram, onlar mənə çox canlı, az qala diri varlıq təsiri bağışlayır, məni o unudulmaz və gözəl illərə aparır.

- Qızlarınız cəmiyyət tərəfindən tanınan, sayılıb-seçilən insanlardır. Sualım ondan ibarətdir ki, onların bugünkü uğurlarının ifadəsi olan hansı əşyalar var ki, onlar da bu gün sizin üçün qiymətlidir?

- Böyük qızım Günay Bülbül adına orta məktəbi qızıl medalla bitirib. Təhsilini başa vuran günü həmin medalı mənə bağışladı. Yaxud o biri qızlarım Humay da, Aysu da, Günayın özü də universitetləri fərqlənmə diplomları ilə bitiriblər və həmin diplomlar da iş otağımdakı şkafda, kitabların yanındadır. Onların da, nəvələrin də kitab rəflərindəki fotoları, uşaq vaxtı çəkdikləri şəkillər, elə bil, unudulmaz bir filmin fraqmentləridir.

- Atanız, Xalq yazıçısı İlyas Əfəndiyevin hansı əşyaları onu sizə daha çox xatırladır?

- O, elə həmişə mənim xatirimdədir. Sənin sualına gəldikdə isə, çoxlu fotoları, kasetləri, diskləri var. Onun sonuncu fotosunu Zağulbada mən çəkmişəm. Təsbehi də məndədir. Sadə bir üzüyü vardı, gümüş üzükdür, xoşu gəlirdi, həmişə taxırdı. Həmin üzüyü də saxlayıram və s. Əlyazmaları, mənə yazdığı məktubları... O, məktublaşmağı sevən adam deyildi, yazanda da çox yığcam yazırdı. “Söyüdlü arx” romanı Bakıda, sonra da Moskvada “Drujba narodov” jurnalında dəc edildi, nəşr olundu, o vaxtkı mərkəzi radioda səhnələşdirildi. Oxucular, dinləyicilər hər tərəfdən yüzlərlə məktub yazırdı, bəlkə, tək-tükünə cavab yazıb. Bu biganəlik deyildi, sadəcə, xasiyyəti beləydi. Özü haqqında yazılmış məqalələri də ötəri gözdən keçirirdi, vəssalam. Bəzən heç gözdən də keçirmirdi. Gündəlik də yazmırdı. Amma mənə bir neçə məktub yazıb və onlar mənim üçün çox qiymətlidir. Elə bil təzədən danışırıq.

O, həm də mənim əsərlərimin ilk oxucusu idi. Özünün də yeni yazılarını mənə oxumağa verirdi. Bizim aramızda bu yöndə yaradıcılıq, həmkarlıq münasibəti var idi. O, dil məsələsində həddən artıq vasvası idi. Mətndə bir sözün yerinə oturmaması o saat diqqətini çəkirdi. “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” romanlarımın və başqa yazılarımın hamısını oxumuşdu və oxuyandan sonra qeydlərini bildirirdi, bəzən də elə qrankaların kənarında yazırdı. Onlar da durur.

- Sizcə, nə üçün insan həyatdan köçəndən sonra onunla bağlı əşyalar daha fərqli məna daşıyır?

- Biz onlar barədə düşünəndə başa düşürük ki, hansısa uzaq səfərdə deyillər, bu səfərdən geri qayıtmayacaqlar. Əlacsızlıq çox şeyin mahiyyətini başqalaşdırır və nəticədə biz onlarla bağlı çox şeyə başqa gözlə baxmağa başlayırıq. Hər halda, mən belə düşünürəm.

- Hələ 1984-cü ildə çap olunan “Beş dəqiqə və əbədiyyət” adlı kitabınızın Ön sözündə yazmışdınız ki, bir dəfə İlyas Əfəndiyev əlini dahilərin kitabları düzülmüş kitab rəfinə uzadıb dedi ki, bunlardan sonra biz niyə yazrıq? Onda İlyas müəllimin xeyli yaşı vardı, siz isə hələ cavan idiniz. Bu gün oxşar fikirlər sizin də ürəyinizdən keçirmi?

- O gün yaxşı yadımdadır. Atamgilə getmişdim. Gördüm ki, çox fikirlidir. Yazı masasının arxasında əyləşmişdi. Əlini kitab rəfinə uzatdı, Şekspir, Stendal, Balzak, Tolstoy, Çexov, Dostoyevskinin kitablarını göstərib, dedi ki, bunlardan sonra, biz niyə yazırıq? Onda mən dedim ki, hər halda hər bir xalqın öz taleyi var, hər yazıçı da öz xalqının taleyini, hiss-həyəcanını ifadə edir. Gülümsəyib, bir söz demədi, başqa söhbətə keçdi. Mən bu cün də o fikirdəyəm ki, Azərbaycan yazıçılarının yazdıqlarını gərək Azərbaycan xalqının taleyi və tarixi kontekstində qiymətləndirəsən. Üzeyir Hacıbəyov Azərbaycan mədəniyyəti, taleyi, tarixi kontekstində dahidir, amma onu Bethovenlə, Baxla müqayisə etmək düz olmaz. Amma səndən gizlətmirəm, buna baxmayaraq, hərdən mən də o dahiyanə kitablara baxanda birdən ağlımdan keçir ki, “bunlardan sonra biz niyə yazırıq?”

Ədəbiyyatın missiyası ki, var, o missiyanı biz hələ sonacan dərk edə bilmirik, necə ki, həyatın mənasını axıracan anlamaq gücündə deyilik. “Baş” romanımdan kiçik bir epizod yadıma düşür: gözəl bir bülbül budağa qonub, gözəl də cəh-cəh vurur, bu vaxt ondan bir az aşağıdakı budaqda baramadan bir kəpənək çıxıb, ilk dəfə dünyaya göz açır. Həmin kəpənək baramadan çıxan kimi bülbül onu görür və tutub yeyir. Əgər o kəpənək gözü açılan kimi məhv olacaqdısa, görəsən, həyata niyə gəlmişdi? Hər şeyin bir mənası, missiyası olmalıdır axı. İnsanın bu dünyadakı missiyası nədir? Bunu dəqiq bilən var? Bizim “canlı varlıq” haqqında təsəvvürümüz niyə mütləq olmalıdır? Məsələn, deyirlər ki, filan planetdə həyat yoxdur, çünki orda oksigen yoxdur. Nə üçün yaşamaq üçün elə hökmən oksigen olmalıdır? Bəlkə, orada hansısa varlıq karbonla, yaxud ayrı bir qazla yaşayır? Hələ 30-40 il bundan əvvəl bir dostumla bu barədə danışırdıq, əlini bir daşa uzadıb dedi: “Onda sənin dediyindən belə çıxır ki, bunun da həyatı var?” Dedim, bəlkə də, var, nə bilirsən? Axı bizim həyatla bağlı təsəvvürümüz nə üçün mütləq olmalıdır? Bəlkə, daşların da elə bir həyatı var ki, o cür həyat forması bizim heç ağlımıza gəlmir? Həyatın və ədəbiyyatın missiyasını yəqin biz heç zaman sonacan dərk etməyəcəyik. O vaxt ki, sonuncu insan olmayacaq, yəqin onda ədəbiyyatın da missiyası sona çatacaq. Bir əhvalat yadıma düşdü. Mən Nazirlər Kabinetində işləyəndə bir dəfə işim gecəyə qədər uzandı. İş qurtarandan sonra istədim bir az piyada gəzim, gəzə-gəzə də İncəsənət Muzeyinin yanında xətrini istədiyim, hörmət etdiyim görkəmli bir insanla rastlaşdım. Hal-əhval tutandan sonra soruşdum ki, xeyli vaxtdır görünmürsən, haralardasan? Dedi ki, burda yox idim. Soruşdum ki, hara getmişdin? Cavab verdi ki, səndən həmişə müsbət dalğalar gəlir, ona görə də sənə deyə bilərəm. Tam səmimi və ciddi şəkildə barmağını göyə uzadıb dedi ki, Merkuridə idim. Eşitmişdim ki, o, bəzən qəribə şeylər danışır, ona görə də bir söz demədim, başqa məsələlərdən danışdıq və sağollaşıb ayrıldıq. Sonra bağa getdim, o yay İlyas Əfəndiyev bizimlə dincəlirdi, 1996-cı, həyatının sonuncu yayı idi. Oturub ordan-burdan söhbət elədik. Soruşdu ki, şəhərdə nə var, nə yox, kimləri görmüsən? Dedim bayaq filankəsi gördüm. Atam da onun xətrini çox istəyirdi, o saat soruşdu ki, necədir? Dedim ki, yaxşıdır, həmişəki adamdır, ancaq mənə deyirdi ki, Merkuriyə getmişdim. Atam: “– Merkuriyə?” – soruşdu. Dedim: “ – Hə”, sonra başqa söhbətə keçdik, hətta bir az konyak da içdik. Bir azdan atam yatmağa gedəndə, birdən dayanıb, çox ciddi şəkildə mənə: " – Bura bax, – dedi, – nə bilirsən, bəlkə, o, elə düz deyir?”. İndi hərdən bu söhbət yadıma düşəndə düşünürəm ki, harasa getmək bəyəm elə ancaq təyyarə ilə, maşınla olmalıdır? Bəlkə, həqiqətən o insanın göylərlə hansısa əlaqəsi olub? Ədəbiyyatın əzəli mövzularından biri dəlilər və ağıllılar mövzusudur. Don Kixot, elə Hamletin özü kim idi? İnsana kim bu səlahiyyəti verib ki, kimisə dəli hesab etsin, kimisə ağıllı? Bəlkə, ən ağıllılar elə dəlilərdir? Ədəbiyyatda obsalyut olmamalıdır. Yəni dərindən düşünəndə dünyanı tabularla yox, görünür, azad şüurla dərk etməyə çalışmaq yazıçı üçün daha düzgün yoldur, çünki mənə görə ağıllılıq da, dəlilik də bizim təsəvvürümüzdəki həyat anlayışı kimi nisbi məfhumlardır.

- Elçin müəllim, gələcəkdə sizin əsərlərinizin personajlar muzeyi hazırlansa, o muzeydə hansı qəhrəmanlarınızı və necə təsəvvür edərdiniz?

- Mən istəmərəm ki, muzeyim öz iştirakımla yaradılsın. Çünki mənim yazdıqlarım da, personajlarım da gərək zamanın, tarixin sınağından çıxsın. Mən öz personajlarımın fiqurlarını təsəvvürümdə canlandıra bilərəm, ancaq Fərid, gəl biz gələcəyin işlərinə qarışmayaq, istəsələr onlar o muzeyi yaradarlar.

- Əməkdar İncəsənət xadimi, Xalq yazıçısı, filoloji elmlər doktoru, professorusunuz, İstiqlal, Şərəf, Şöhrət ordenləri, bir çox mükafatlar almısınız, bir sıra xarici universitetlərin fəxri doktorusınız. Bu qiymətləndirmələr barədə nə düşünürsünüz, o dəyərləndirmələr yazıçı üçün nə dərəcədə vacibdir?

– Yazıçının əsərlərinin qiymətləndirilməsi onun üçün xoş hadisədir. Xoşbəxtlik yox ha, xoş hadisə! Ancaq bax, Sovet vaxtı ədəbiyyat generalları vardı, onlar deputat təyin olunurdular, Stalin mükafatı alırdılar, yazdıqları dərsliklərə düşürdü. İndi hanı onlar? Əksəriyyəti əsərləri ilə birlikdə yoxdurlar. Sovet ideologiyası Çingiz Aytmatov ilk əsərlərini yazmağa başlayanda Sistemin yetişdirdiyi bir gənc qırğız yazıçısı kimi ona Lenin mükafatı və sair ödüllər verdirdi. Ancaq Çingizin istedadı da get-gedə onun əsərlərinin səviyyəsini qaldırırdı. Bu gün Çingiz özü həmin mükafatların fövqündədir. Eyni mükafatlar başqa ədəbiyyat generallarına da verilmşdi, ancaq onların əsəri də, dediyim kimi, Sistemlə bərabər getdi. Sənətdə hər şeyi istedad həll edir. Puşkinin dövründə Marinski, yaxud Baron Brambsus ondan da populyar, ondan da çox qiymətləndirilən müəlliflər idi. İndi hardadırlar? Heç rus ədəbiyyatşünasları da onların adlarını düz-əməlli yadda saxlamayıblar.

- Oxşar aqibətin yaxın gələcəkdə təkrarlanması nə dərəcədə realdır, yəni bu gün səlahiyyətli, çox çap olunan yazarlar gələcəkdə unudula bilərlərmi?

- Əlbəttə, hər şey ola bilər, gələcəklə bağlı dəqiq sözü ancaq gələcəyin özü deyəcək. Yazıçının əsərlərinin həqiqi dəyərini onun istedadı müəyyənləşdirir.

- Əgər əşya kimi mövcud olmanız mümkün olsaydı, hansı əşya olmaq

istərdiniz?

- Fərid, hələ ki, əşya kimi mövcud olmaq fikrində deyiləm.

Söhbətləşdi: Fərid Hüseyn

Qafqazinfo.az

# 3095 dəfə oxunub

Müəllifin son yazıları

# # #