Doqquz yüz imzanın birincisi olan yazıçımız: "Bax bu romanlara görə ədəbiyyatımızdan arxayınam" - Müsahibə

Doqquz yüz imzanın birincisi olan yazıçımız: "Bax bu romanlara görə ədəbiyyatımızdan arxayınam" - Müsahibə
22 dekabr 2020
# 16:33

Kulis.az bu günlərdə VI Beynəlxalq Mahmud Kaşğarlı müsabiqəsinin qalibi olan yazıçı Nəriman Əbdülrəhmanlı ilə müsahibəni təqdim edir.

- Beynəlxalq Mahmud Kaşğarlı müsabiqəsində hekayəniz birinci yerə layiq görülüb. Sizi təbrik edirik. Mükafatla bağlı təəssüratlarınızı bizimlə bölüşməyinizi istəyərdik.

- Təşəkkür. Hər halda, sıxıntılı dövrdə həyatıma rəng qatan hadisə oldu. Əslində, müsabiqələrə meylli deyiləm, məndən ötrü ən böyük dəyər oxucuların fikridir. Amma bu dəfə görkəmli ədəbiyyatşünasımız, mərhum professor Əflatun Saraclının qızı, hazırda Türkiyənin Qars Universitetində dərs deyən alimimiz Afina xanım Barmanbay təhrik eləməsəydi, xəbərim belə olmayacaqdı. O ərəfədə də bədxah qonşularımız Gəncəyə raket atıb mülki əhalini qətlə yetirmişdi, böyük dağıntı olmuşdu. Fəlakət xronikasında evinin xarabalığı arasında pianino çalan bir fotodan sarsıldım, dağıntı altında qalmış qadının bir neçə saatlıq yaşantılarının təsvir olunduğu “Xarabalıq altında xatirələr” hekayəsi də beləcə yarandı. İddiaçılar yalnız kod adları ilə iştirak elədiklərinə görə, heç yer tutmasaydım belə, münsiflərin seçiminə hörmətlə yanaşardım. Azərbaycan ədəbiyyatını təmsil eləyən qələm adamının onlarla ölkədən olan yazıçılar arasında uğur qazanması, məncə, pis fakt deyil.

- 900-dən çox əsərin arasından birinci yerə layiq görülmək kiçik hadisə deyil, amma oxucularınız sizdən daha böyük uğurlar gözləyir. Ağır zəhmətlər bahasına yazdığınız maraqlı romanlar bunun üçün səbəbdir. Həmin romanlarınızdan hansınısa tərcümə etdirib beynəlxalq mükafatlar üçün təqdim etmisinizmi? Belə cəhdləriniz olubmu?

- Mən mümkünlük kateqoriyasını qəbul eləyən adamam. Əlbəttə ki, beynəlxalq müsabiqələrdə iştirak eləmək, uğur qazanmaq yaxşı şeydi, amma gerçəkliklə də barışmaq lazımdı. O əsərləri tərcümə etdirmək üçün böyük məbləğdə maddi vəsait lazımdı, bu da kitablarını öz hesabına çap etdirən qələm adamı üçün çəkilməz yükdü. Mədəniyyət Nazirliyinin ədəbiyyatımızı, ən azı, Türkiyədə tanıtmaq üçün layihəsi vardı, amma siyahıyla tanış olsanız, müəlliflərin hansı kriteriyayla seçildiyi dərhal aydın olar. Müstəqil yazıçını o siyahıya heç yaxın da buraxmazlar. Bu səbəbdən də cəhdlər eləməmişəm, hər şeyi qismətin və taleyin ixtiyarına buraxmışam.

- Azərbaycan ədəbiyyatının tərcümə edilib xarici mükafatlara təqdim olunması prosesi son 30 ildə çox zəif gedib. Bu prosesi sürətləndirmək üçün nələr etməliyik?

- Əksinə, son onillikdə bu yönümdə xeyli irəliləyiş var. Xalq Yazıçısı Afaq Məsudun rəhbərliyi altında Azərbaycan Dövlət Tərcümə Mərkəzi yaranandan sonra ədəbiyyatımız dünyanın onlarla ölkəsində tanıdılıb, bu proses indi də davam edir. Xalq yazıçısı Kamal Abdullanın yaratdığı Azərbaycan Tərcüməçilər Assosiasiyası da bu məqsədlə layihə gerçəkləşdirdi. Eləcə də hər iki yazıçımızın əsərləri dünyanın onlarla dilində işıq üzü gördü. Məncə, bu, son illərdəki müsbət irəliləyişlərdəndi. Amma bu uzunmüddətli prosesdi, beş-üç ildə maksimum nəticə gözləmək düzgün olmaz.

-Siz həm də adını çəkdiyiniz Dövlət Tərcümə Mərkəzinin əməkdaşısınız. Doğrudan da mərkəzin Fransada azərbaycanlı müəlliflərin əsərlərindən ibarət hekayə antologiya nəşr etdi, Strasburqda təqdimat keçirdi. Bunun ardınca antologiyanın işıq üzü gördüyü "Kəpəz" nəşriyyatı bir neçə yeni müəllifimizin kitablarını çap etdirdi. Bu prosesdə digər qurumlar və təşkilatların da iştirakını necə artırmaq olar?

- Dövlət Tərcümə Mərkəzi təkcə Fransada yox, Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Bolqarıstan, Almaniya, İngiltərə, Çexiya, Misir və bir sıra digər ölkələrdə də antologiyalar və ayrı-ayrı müəlliflərin əsərlərini tərcümə və çap etdirib, tərcüməçilərin müsabiqəsini keçirib, əminəm ki, bu yönümdə iş bundan sonra da davam etdiriləcək. Bizdə kitab nəşri və tərcümə işi hələ mədəniyyətin sanballı sahələrindən birinə çevrilməyib, bu da bir çox amillərlə, ilk növbədə maddi çətinliklərlə bağlıdır. Uzun illərdir kitab nəşrində 18 faizlik ƏDV-nin, ləğv olunmasa da, azaldılması barədə söz-söhbət gedir, amma hələ bir nəticə yoxdur. Dövlət bunu nəzərə alsa, kitabların qiyməti aşağı düşər, oxucuların alıcılıq qabiliyyəti artar.

- Sizcə, beynəlxalq müsabiqələrdə mükafat almaq ədəbiyyatın inkişafına necə dərəcədə təsir edir?

- Hər halda, yazıçıya yazmaq üçün stimul verir, nahaq yerə əziyyətə qatlaşmadığını xatırladır. Mükafatın müəyyən məbləği olanda maddi və mənəvi, olmayanda yalnız mənəvi təkan qazanırsan, bu da yaradıcı adam üçün vacibdi. Təsəvvür elə ki, ac qalmamaq üçün yemək yeyəndə bir qədəh gözəl şərab içirsən, səni iştaha gətirir, həm də ovqatını yaxşılaşdırır.

- Siz Nobel mükafatında ikili standartların olduğunu, müəlliflərin yəhudi əsilli olmasını və onların siyasi mövqeyinə xüsusi diqqət yetirildiyini demişdiniz. Fikrinizdə hələ də dəyişməyib?

- Mən “Ədəbi Nobel antologiyası”nı hazırlayanda, o ada layiq görülmüş yazıçıların yaradıcılığı ilə tanış olanda bu qənaətə gəlmişdim, indi də fikrimi dəyişməmişəm. Qaliblərə münasibətdə xristian və yəhudi təəssübkeşliyi aydınca duyulur. Əslində, burda təəccüblü bir şey yoxdu, mükafat Qərb düşüncəsi kontekstində düşünülüb. Xeyli sayda laureatlar var ki, qələmindən çıxanları yüksək ədəbiyyat nümunəsi saymaq çətindi, bəlkə də, təqdim olunanlar arasında ən yaxşılarıdı, amma o mükafatı almamış əsərlərlə müqayisə eləmək çətindi. Üç yüz milyonluq türk dünyasının belə bir ədəbi mükafat təsis etməsinə, mükafat fondunu 25 min lirə yox, 100 min dollar məbləğində müəyyənləşdirilməsinə nə mane olur axı? Qərbin İMPAC Dublin, Buker kimi nüfuzlu mükafatları var, bu səbəbdən də Qərb yazıçıları başqa qitələrdə daha asan və tez tanınırlar.

- Son Nobel mükafatı laureatlarına münasibətiniz necə oldu?

- Oxucu və qələm adamı kimi normal. Əksəriyyətinin yaradıcılığıyla tanışam, bəyəndiyim, bəyənmədiyim laureatlar var, bir neçəsinin əsərini dilimizə tərcümə eləmişəm, Orxan Pamukla iki dəfə görüşmüşəm, üç romanını çevirmişəm, Vole Şoyinka ilə bir dəfə təmasda olmuşam. Əlbəttə, ədəbiyyatda ən böyük stimul bu mükafatla bağlıdı – təxminən 1 milyon dollar mükafat, dünya şöhrəti, əsərlərinin tərcümə və nəşri artıq qarşısıalınmaz prosesə çevrilir. Şübhəsiz, bunu hər bir qələm adamı arzulayır, amma gerçəkliklə də barışmaq lazımdı.

- Bəs Buker mükafatı haqqında nə düşünürsüz?

- Buker mükafatı Nobel və İMPAC Dublin mükafatları ilə birgə ilk üçlüyə daxil olan ən nüfuzlu ədəbi mükafatlardandı, ikisindən birinə layiq görülən qələm adamı üçün Nobel mükafatına gedən yol açılır. Lakin bu müsabiqədə ingilis dilində yazılmış əsərlər iştirak edə bilər, həm də Britaniya Millətlər Cəmiyyəti və İrlandiya Respublikası vətəndaşları üçün nəzərdə tutulub.

- Sizi və ümumiyyətlə, layiqli azərbaycanlı müəllifləri tərcümə edib nüfuzlu mükafatlara təqdim etsək, sizcə nəticə necə olar?

-Arzu kimi çox gözəldi, amma… Əvvəla, dilimizi gözəl bilən, ingilis dilində yüksək tərcümə qabiliyyəti olanları yetişdirmək, ikincisi, onlara yaxşı zəhməthaqqı vermək lazımdır, bu da böyük çətinliklərlə bağlıdır. Ümumiyyətlə isə işimlə əlaqədar dünya ədəbiyyatına yetərincə bələd olan adam kimi deyə bilərəm ki, Azərbaycan ədəbiyyatından bədgüman olmağa haqqımız yoxdu, mükafatlara layiq görülənlərdən heç də geri qalmayan ədəbi nümunələrimiz var. Sivil ölkələrdə, adətən, bu işi nəşriyyatlar və ədəbiyyat agentlikləri görürlər, həmin qurumlar yazıçı ilə müqavilə bağlayır, əsərlərini tərcümə və nəşr etdirir, mükafatlara təqdim edir, gəlirdən müəyyən faizlər alırlar. Bizdə hələlik bu sistem formalaşmadığına görə, az qala, korrektura səhvinə də yazıçının özü məsuldur. Ona görə də yaxın müddətdə bu arzunun gerçəkləşməsinə ümid bəsləmirəm.

- Son illər Azərbaycanda çoxlu romanlar yazıldı, bu sahədə bum əmələ gəldi. Bunu necə qiymətləndirirsiniz və nəticələr sizi nə qədər qane edir?

- Məncə, normal ədəbi proses gedir, hər yazılan romanı da top-tüfənglə qarşılamaq, yüksək bədii səviyyə gözləmək düzgün deyil. Ədəbi prosesi izlədiyimə görə, deyə bilərəm ki, əksər ölkələrdə bu cür proses gedir, qələmə alınanların çox az qismi səviyyəli oxucuları razı salır. Bundan faciə düzəltmək lazım deyil. Faciə boz ədəbiyyat təbliğatçılarının daha çox, həm də israrlı və imkanlı olmalarıdır.

- Son illər yazılmış hansı romanlar diqqətinizi çəkib?

- Son bir neçə ildə oxuduqlarımdan Kamal Abdullanın “Sirlərin sərgüzəşti” və “Aslan Quliyevin “Ağrı” romanları diqqətimi daha çox çəkib, sözün havasına, düşüncənin miqyasına görə hər iki əsərdən zövq almışam. Məncə, bu cür əsərlər sayəsində ədəbiyyatımızdan bədgüman olmamağa dəyər.

# 2174 dəfə oxunub

Müəllifin son yazıları

# # #