"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi
11 aprel 2024
# 12:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Qafar Rüstəmovun "Brus Li zərbəsi" hekayəsi haqqında yazıçıların fikirlərini təqdim edir.

Mirmehdi Ağaoğlunun yeni kitabının təqdimatı - Bu gün

Mirmehdi Ağaoğlu:

"Qafarın hekayəsinin ən vacib elementi baş qəhrəmanın gopçuluğudur. Gedişatda da aydın olur ki, baş qəhrəman gopçuluqdan qalxan kimi istifadə edir. O bununla ata itkisinin təsirini azaldır, anasının pis həyat tərzini ört-basdır edir. Zənnimcə bu vacib elementi- qəhrəmanın gopçuluğunu bir az da genişləndirmək olardı. Ümumilikdə bəyəndim, ağrıdan hekayədir".

Məhkəməsiz - Alpay Azərin yeni hekayəsi

Alpay Azər:

"Bu, məncə, Qafar Rüstəmovun ilk uğurlu hekayəsidir, öncəki mətnləri ilə müqayisədən çıxış edib bunu deyirəm. Müəllif lovğa və gopçu obrazın – Səmədin, qəfildən pis vəziyyətə düşdüyünü verə bilib, maraqlı situasiya yaradıb, müzakirəyə təqdim olunan qısa hekayənin də uğuru burdadır. Ümumiyyətlə, qısa hekayələri alındıran amillərdən biri də gözlənilməz sonluqdur, yeri gəlmişkən, bu mənada “Brüs Li zərbəsi”nə bəlkə də, novella demək olar. Hekayənin adı da uğurludur. Müəllifə yeni uğurlar arzu edirəm".

Necə sevməli, necə ayrılmalı? - Rəvan Cavid yazır...

Rəvan Cavid:

"Hekayə çox xoşuma gəldi. Hətta ləzzət elədi. Kaş redaktə olunsaydı. Müəllifə uğurlar arzulayıram. Mənəm mənəm deyənlərin çoxundan, yox, ya da hamısından qəşəng yazıb. Mən buna ədəbiyyat deyirəm".

İnziva - Orxan Həsəninin yeni hekayəsi

Orxan Həsəni:

"Hekayədə diqqəti cəlb edən heç nə yox idi. Qafar bəy tanış bir obraz yaratmaq istəyib və onun gopçuluğunu dramatik bir hadisəyə söyləyərək oxucuda hansısa bir emosional əhval oyatmağı planlayıb. Bu isə alınmayıb, çünki mətnin bədii keyfiyyətləri xeyli aşağıdır".

Yazıçı Vüqar Van kimdir? – Dosye

Vüqar Van:

"Zəif hekayədir. Heç nə demir. Bu mətn ölü doğulub.
Təklif edirəm, Qafar bəy bu hekayəni versin Təvəkkül Boysunara. O da buna bir az əlavələr eləyib özünə hekayə düzəltsin.
Fürsətdən istifadə edib, bütün oxucuların Ramazan bayramını təbrik edirəm".

Dərmansız - Təvəkkül Boysunar

Təvəkkül Boysunar:

"Hekayəni sonacan oxudum. Amma məncə, müəllif, adi bir oxucunun bu hekayəni sonacan oxuması üçün öz mətnini kifayət qədər maraqlı edə bilməyib. Sujet, dil, üslub, ya başqa nələrsə çox yaxşı olmalıdır ki, mətn, bu günün kitaba laqeyd qalan oxucularını özündə saxlaya bilsin, onları sonacan oxumağa vadar etsin. Hekayədə bu kimi məziyyətlər çox deyildi. Müəllifə uğur arzulayıram".

Çe Gevaranın beretli şəkli - Vüsal Bağırlı

Vüsal Bağırlı:

"Hekayə iki uşağın dostluğundan bəhs edir.

Uşaqlıqda hər kəsin belə dostu olur. Bir az yalançı, bir az dələduz. Səməd də gopçudur. Dərslərini yaxşı oxumur.
Amma onda adamı özünə cəlb edən bir şey var. Qəribə xarakterli maraqlı tip. Bir sözlə, o, monoton, darıxdırıcı oğlan deyil, qeyri-adidir, başqa uşaqlardan fərqlənir.

Ona görə də hekayə qəhrəmanı onunla oturub-durur, dostluq edir.

Birlikdə gizli işlər görür, qonşu bağdan oğurluq edirlər.

Hekayənin mənfi qəhrəmanı isə kənd sakini Xanışdır.

Səmədin atası yoxdur. Ölüb. Xanış da xəlvəti Səməd gilə gedib-gəlir. Onun anası ilə görüşür. Bu səbəbdən Səmədin ondan zəhləsi gedir. Amma böyükdür, güclüdür deyə nəsə etməyə, nəsə deməyə Səmədin gücü, cürəti çatmır.

Yalnız qəhrəmanla xəlvəti söhbətlərində Xanışı söyür, təhqir edir. Brus Li kimi döyür.

Hekayə ümumilikdə xoşuma gəldi. Üstün cəhəti. Üslubu sadədir. Rahat oxunur, dialoqlar, cümlələr adamı yormur.

Bəyənmədiyim cəhətləri. Cümlələr, dialoqlar sanki qurudur, bəsitdir. Mətndə emosiya və hisslər tam açılmır.

Hekayə müəllifi tez-tez hekayələrini təqdim edir. Hər iki-üç aydan biri ortaya yeni bir iş qoyur. Roman, hekayə yazır. Hiss olunur ki, daim öz üzərində işləyir, yazır, yaradır. Uğurlar arzulayıram".

# 1749 dəfə oxunub

Müəllifin son yazıları

# # #