Bir yas mərasiminin 7-ci günü - Kamal Abdulladan yeni hekayə

Bir yas mərasiminin 7-ci günü - Kamal Abdulladan yeni hekayə
16 may 2023
# 15:00

Kulis.az Kamal Abdullanın "Bir yas mərasiminin 7-ci günü" adlı yeni hekayəsini təqdim edir.

Mərhumun 7-si idi. Yas yerinə az adam yığışmamışdı. Çadırdakı söhbət ümumi deyildi. Adamlar dörd-dörd, beş-beş oturmuşdular və çaydan içib halvadan yeyə-yeyə, aralarındakı mövzunu didişdirə-didişdirə uzun bir söhbətin səyahətinə çıxırdılar. Bu səyahət onları okean dalğalarının ağuşundaymış kimi yavaş-yavaş dərin suların ortasına aparırdı. Ayrı-ayrı stollardakı söhbətin elə bir məqamı idi ki, hər bir şəxs lüt-üryan olub mərhum barədə qəlbinin dərinliklərindəkini deməyə başlamışdı. Stolların birində mərhumun köhnə iş yoldaşları oturmuşdu. "Sərpayılığı" Əkrəm edirdi. O dedi:

- Ay sizin Allahınıza qurban olum. Düz deyirdi Zakir. Rəhmətliyin verən əli vardı. Yaxşılığı eləməyi bacarırdı. Özü də bunu üzə vurmazdı. Bu adamda sağ əlin verdiyini sol əl bilməzdi... Allah rəhmət eləsin. Belə deyil?!

- Rəhmətlik ürəyiyumşaq idi. Ağzını açmaq istəyirdin ki, nəsə istəyəsən, o dəqiqə sözünü kəsirdi. "Nə qədər lazımdı?" deməyilə əlinin cibinə getməyi bir olurdu. - Zakir Əkrəmin dediyi "belə deyil?" sualını özünə götürüb sözünə davam etdi.

- Düz dedin, ay Əkrəm, yaxşılığı eləməyi də bacarmaq lazımdır. Bu bacarırdı. - Bu sözləri də Ədhəm ah çəkərək ortaya atdı...

Qonşu stolda mərhumun dostları oturmuşdu və onlar dünənki nərd oyununu müzakirə edirdilər. Birdən İsaxan nə isə yadına salıb qəfildən söhbəti dəyişdi.

- Qurtarın bu nərd söhbətini. - O, dünən o ki var uduzmuşdu. - Nəhayət ki, bu yazıq canını qurtardı. O biri dünyaya köçdü. Nə əziyyət çəkdi, deməklə qurtarmaz...

Bu sözlər lazım olmayan yerdə şaqqıltıyla nərd taxtasına düşüb onu görənləri mat qoyan "şeş qoşa" kimi səsləndi. Söhbətin məcrası dəyişdi. "Şeş qoşa"nın küləyi başqa yerdən gəlmişdi deyin, elə bil, okeanın ortasına yol alan yelkənli gəminin dor ağacı əyildi, yelkənlər yeni küləklə doldu və gəmi bu dəfə başqa istiqamətlə, amma yenə haman ortalığa doğru üzməyə başladı.

- Hə, elədi. - Zabil səsini qısdı - Vallah, canını götürüb aradan çıxdı. Buna nə zülümlər edirdilər öz evində öz doğmaca övladları. Yaxında aparıb qocalar evinə qoyacaqdılar yazığı...

- Sən Allah düz deyirsən? - Mərhumun yaxın dostlarından biri olan Səbzəli təəccüb etdi. - İşə bax... Mən bunu bilmirdim.

- Bilmirdin? - Öz növbəsində Zabil də təəccübləndi. Bunu bütün yaxınları bilirdi ki... Oğlundan nə zülmlər çəkmirdi bu?! Necə olub sən bilməmisən?!

- Mən Yasamalda yaşayıram axı...

- Həəə... Ola bilər. Dünyasını dəyişdi, canını qurtardı.

- Elə bu cür sakit bir halda keçinməyi yaxşı oldu. Əzab-əziyyətsiz...

Qonşuların stolunda mərtəbə qonşusu Qulam müəllim yenə də deyinirdi.

- Ətiacı adam idi. Üz-gözündən zəhrimar tökülürdü. Bir dəfə...

Onun sözünü üzbəüz binada yaşayan Həmid kəsdi.

- Yaxşı yadıma saldın, bir dəfə həyətdən keçib gedən yerdə külək əsirdi, bunun başından şlyapasını götürüb apardı. Qaçıb şlyapanı yerdən götürüb gətirib buna verirəm. Bu mənə nə desə yaxşıdı?

- Yaxşı bir şey deməz...

- Nə dedi?

- Dedi ki, yerə dəyməmiş bunu tuta bilməzdin? Bilə-bilə yerə sürtüb gətirdin?! Mat qaldım.

- Ay səni...

- Hə, ətiacı idi. Yaxşı söz ağzından çıxmazdı. Nəhayət ki... getdi.

- Övladları...

Bu biri stolda isə danışanların səsini özlərindən başqa kimsə eşitmirdi.

- Allah böyükdür. O, hər şeyi görür və bilir. Bax, necə aldı bunun canını?! Cəhənnəmə vasil oldu. Başqa yerə yox. Birbaşa cəhənnəmə.

- Cəhənnəmə dedin qoydun?! Birbaşa gorbagor oldu. Bir dəfə buna deyirəm. Noolar, gəlmə bu məhkəməyə. Sən gəlib yalandan nə isə deyəcəksən, aləm yenə qarışacaq bir-birinə. Mənə deyir ki, yox, olmaz. Bu adam deyir, sən bir sözə bax, bu adam, deyir, iyirmi il əvvəl mənə bir dəfə sən mənim işlərimə qarışma dedi. Mən indi onun işlərinə qarışım, o da görsün. Zülmkar idi. Murdar oldu

- Elədi. Oldu.

- Gorbagor...

Mollanın naqafil səsi ucaldı.

- Fatihə...

Sükut çökdü. Hamı ovcunu açıb yan-yana tutaraq üzünə yaxınlaşdırdı və guya namaz surəsini deyərək, amma ürəyində ağlına gələn arzu-diləyini Allahdan istəməyə başladı. Kimi yeni maşın almaq istədi, kimi nəvəsinin universitetə daxil olmasını arzuladı, kimi ölən mərhuma "dərin gedəsən" deyə arzusunu dodaqaltı pıçıldadı. Axırda hamı bir ağızdan "fatihə" deyib əllərini üzünə çəkdi. "Allah rəhmət eləsin" səsləri yer-yer çadırı bürüdü.

Yas dağıldı. Amma yox, çadırın bir küncündə on-on bir yaşlı bir oğlan uşağı təkcənə bir halda oturub göz yaşını saxlamadan çay içə-içə halva yeməkdə idi. İki gözünün ikisindən də yaş axıb-axıb tükənmək bilmirdi. O, hərdən başını qaldırıb mərhumun divardan asılan şəklinə baxır, bu zaman ah çəkir və yenidən halvadan bir qaşıq götürüb ağzına aparırdı.

# 3052 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #