Beynimiz bizdən xəbərsiz nələr edir? – Araşdırma

Beynimiz bizdən xəbərsiz nələr edir? – Araşdırma
6 sentyabr 2022
# 17:00

Kulis.az Simran Qədimin “Sayrışan esselər” silsiləsindən III yazısını təqdim edir.

Kimlik transformasiyaları

Antik yunan filosofu Heraklitin məşhur bir deyimi var: "Dəyişməyən tək şey dəyişikliyin özüdür".

Biz, adətən, dəyişiklikləri kənarda - başqa insanlarda, ətraf mühitdə, müxtəlif cəmiyyətlərdə, mədəniyyətlərdə müşahidə etməyə alışmışıq. Halbuki vacib olan həm də diqqəti özümüzə yönəltmək, həyatımızdakı, psixologiyamızdakı, təfəkkürümüzdəki transformasiyaları izləməkdir.

İnsanın dünənki "mən"i ilə bugünkü arasında bir çox eyniliklərlə yanaşı, müəyyən fərqlər də var. Yaşadığımız təcrübələr, gördüyümüz, eşitdiyimiz, oxuduğumuz şeylər bizə bəlli təsirlər göstərir. Neyronlardan, sinapslardan, biokimyəvi reaksiyalardan ibarət olan beyində, onun ən dərin qatlarında daim yeni-yeni əlaqələr, bağlantılar yaranır.

Nəticədə, şüurda təzahür tapan "mən" anlayışı zamanla dəyişikliyə məruz qalır, adamı başqa-başqa şəkillərə salıb, şəxsiyyətini, kimliyini formalaşdırır. Vaxtaşırı geriyə boylanmaqla hələ uşaqlıqdan qurulmağa başlanan kimlik xəyallarının nə dərəcədə reallaşıb-reallaşmadığını müəyyən etmək olar:

Görəsən, həyatımızdakı dəyişikliklər müsbət, yoxsa mənfi istiqamətlərdə gedib? Özümüzü nə dərəcədə tanıya, başa düşə bilirik? Danışığımızla, davranışlarımızla, həyat tərzimizlə, üstəgəl, verdiyimiz həlledici qərarlarla necə birinə çevrilmişik?

Şəxsiyyət tipləri

İnsanları bir çox psixotiplərə bölmək olar.

Hippokrata görə, temperamentin 4 tipi var:

1. Fleqmatiklər - sakit, soyuqqanlı, qaradinməz, ləng;

2. Xoleriklər - fəal, çalışqan, hövsələsiz, impulsiv;

3. Sanqviniklər - ünsiyyətli, zirək, iddialı, emosional;

4. Melanxoliklər - həssas, kövrək, qapalı, hüznlü.

Yunqa görə, 2 əsas tip var:

1. İntrovertlər - təkliyə meyilli, sakit, özünəinamsız, danışmadan öncə düşünən;

2. Ekstravertlər - ünsiyyətli, emosional, özünəinamlı, düşünmədən danışan.

Digər müasir təsnifatlar da mövcuddur: eqoistlər, altruistlər, nevrotiklər, antisosiallar, aqressivlər, depressivlər, isteriklər, obsessiv-kompulsivlər, mizantroplar, şizoidlər, narsistlər, paranoidlər, maniakallar, sadistlər, mazoxistlər...

Faktorlar çoxluğu

"Ya... ya da...", yoxsa "həm... həm də..."?

Əksər hallarda səbəb-nəticə əlaqəsini tapmağa çalışarkən "ya bu, ya da digər səbəbdən oldu"nun tələsinə düşürük. Təqsiri konkret kimdəsə, ya nədəsə görmək asana qaçmaq, özünü əziyyətə salmaqdan boyun qaçırıb, mürəkkəb olanı bəsitləşdirməkdir.

Halbuki həmişə hadisələrə bir yox, bir neçə faktor təsir edir. Başlıca səbəblər, əsas amillər ola bilər, gərək ki, onları digərlərindən ayırıb önə çıxarmaqda fayda var. Amma istənilən halda səbəb-nəticə əlaqəsini araşdırarkən "həm... həm də..." prinsipi mühüm rol oynayır. "Faktorlar çoxluğu"nu daim beyinin bir küncündə saxlayıb, lazım gələndə işə salsaq, əhatəli, obyektiv təhlil aparmaq imkanı qazanarıq.

Düşüncələr və faktlar

Mətn şübhə tələb edir, sətirlər arasında - hər abzasda, hər cümlədə müəyyən fikirlər gizlədilmiş ola bilər. Bəzən müəlliflər öz düşüncələrini, şəxsi mülahizələrini yaza-yaza qəfil dönüşlər edib faktlara üz tutur, fikirlərini əsaslandırmağa çalışırlar. Bu, normaldır, amma... Tədricən subyektiv düşüncələrlə faktlar qəsdən bir-birinə qarışdırılır, belə demək mümkünsə, "optik illüziya" effekti yaradılır. Tək bir məqsəd var: oxucu fərziyyə ilə gerçəkliyin sərhədlərini itirib, yazılanların hamısını mütləq həqiqət sansın. Beləcə, mətnin sehrinə, müəllifin tələsinə düşüb xəbəri belə olmadan manipulyasiya edilsin.

Tək kitablı adam

Asan üsul tapmaq, qısa yoldan getmək, az vaxtda çox şey öyrənmək... Bu, hamının arzusudur. Amma ömür boyunca, sadəcə, bir, iki, ya üç kitabla kifayətlənmək mümkün deyil.

İstənilən kitab müəyyən bir çərçivə cızır, oxucunu həmin çərçivədə tutub saxlayır. Əgər fərqli müəlliflər, fərqli mövzular, fərqli baxışlarla tanış olmasaq, müxtəlif dünyagörüşlərinin, mədəniyyətlərin, inancların hökm sürdüyü dünyada həyatı, insanları, əsas da özümüzü necə anlaya bilərik?

Bilik az olanda bilmədiklərimizdən xəbərsiz qalırıq. Hər şeyi bildiyimizi və ya bilmədiklərimizin gərəksiz olduğunu zənn edib, cəhalətə yuvarlanırıq. Cəhalət isə çox təhlükəlidir. Məşhur deyimdə vurğulandığı kimi: "Tək kitabı olan adamdan qorxun".

İncognito: beynin gizli həyatı

20-dən çox dilə tərcümə olunan bu kitab beyinin sirli dünyasına təcrübələr, elmi biliklər və tarixi faktlar işığında səyahət etmək imkanı verir. Yüksək yazıçılıq məharəti ilə zəngin biliyin birləşməsi... Sadə, maraqlı bir dillə elmi yeniliklər... Şüuraltı, qərarvermə mexanizmləri, məsuliyyət anlayışı, beyinin həyatımızdakı rolu, gen-mühit əlaqəsi... Psixologiyamıza, düşüncələrimizə, davranışlarımıza neyrologiya prizmasından baxmaqla qədim zamanlardan bəri müdriklərin dönə-dönə vurğuladıqları "özünü tanı!" təliminə işıq tuta bilərik.

Daş dövründən Silikon dövrünə

Yaddaşımızın imkanları məhduddur. Hər şeyi detallarınadək hafizəmizdə saxlaya, istədiyimiz anda istədiyimiz məlumatı xatırlaya bilmərik. Məhdud yaddaşdakı məhdud məlumatlar təhliletmə, qərarvermə prosesini də məhdudlaşdırır. Ona görə də qədim şumerlər yazını icad etdilər.

Bu gün, demək olar, hər şey haradasa, hansısa formada qeydə alınır, mövcud informasiyanın həcmi kosmik sürətlə, anbaan, saniyəbəsaniyə üzü sonsuzluğa genişlənir. Təbii ki, yadda saxlamaq üçün yox, lazım olanda məlumatı - datanı götürüb təhlil etmək, qərar vermək üçün.

İş orasındadır, indi datanın həcmi o qədər böyükdür ki, bizim təhliletmə, qərarvermə imkanlarımızın da sərhədlərini aşıb keçir. Bu səbəbdən də hər şey - informasiyanın istər toplanması, istərsə də təhlil olunması - kompüterlərə, süni zəkaya həvalə olunur. Silikon dövrünün Daş dövründən əsas fərqi də elə budur.

Eyzenhauer matrisası

Eyzenhauer deyirdi: "Mənim iki problemim var: təcili və vacib. Təcililər vacib deyil, vaciblər isə təcili".

1953-1961-ci illərdə Amerikanın prezidenti olmuş Duayt Eyzenhauerin çox məhsuldar iş metodu vardı. Sonradan məşhurlaşan "Eyzenhauer matrisası"nda işlər 4 kateqoriyaya bölünür:

1. Vacib və təcili;

2. Vacib, amma təcili olmayan;

3. Vacib olmayan, amma təcili;

4. Vacib olmayan və təcili olmayan.

Zamanın idarə edilməsində bu məqamlara diqqət yetirməkdə fayda var. Təəssüf ki, bəzən təcili, amma vacib olmayan işlərə vacib işlərdən daha çox önəm veririk.

FOMO

2013-cü ildə Oksford Universitetinin lüğətinə salınan belə bir söz var: FOMO (Fear of missing out). Yəni ki, fürsətləri əldən qaçırmaq qorxusu. Psixologiyada aktual olan bu sindromdan əziyyət çəkən texno-nəsil sosial şəbəkələrdən ayrıla bilmir. Daim vacib nələrinsə baş verdiyini düşünüb hadisələri qaçırmağın qorxusunu, təlaşını keçirir.

"Birdən ölkədə, ya dünyada nəsə də olar, qoy feysbuka baxım", "Dostlardan kimsə maraqlı bir şəkil paylaşar, azca da instraqramda fırlanım", "Görən, trendə düşən yeni video, səs-küy qoparan təzə həştəq-filan varmı? Nə durmusan, tərpən də, tviterə, yutuba, tiktoka gir!"

Yayılmış düşüncənin əksinə, enerjisinin, zamanının çoxunu bunlara xərcləyən, əvəzində çatışmazlıq, boşluq, mənasızlıq hissi keçirən təkcə 21-ci əsrin uşaqları, "Z nəsli" deyil, bütün insanlardır. Maraq dairəsini geniş spektrdə bölüşdürə bilməyən, nə ilə, niyə və nə qədər məşğul olduğuna diqqət yetirmək vərdişinə yiyələnməyən insanlar.

Kosmik göz

Teleskopların iş prinsipi eynən gözlər kimi, işıq şüalarını toplamaqdır. İnsan gözü elektromaqnit spektrinin 400-700 nanometrlik hədsiz kiçik hissəsini qəbul etdiyi halda, ayrı-ayrı teleskoplar radiodalğaları, mikrodalğaları, infraqırmızı, ultrabənövşəyi, rentgen, qamma şüalarını tuta bilir.

Kosmosdan planetimizə gələn işığa həm Günəş şüaları, həm də atmosfer müəyyən təsirlər edir. Ona görə də Yer üzündəki teleskoplarla əldə edilən görüntülərin keyfiyyəti aşağı olur. Yer kürəsinin sərhədlərini aşan kosmik teleskoplar isə kainatın mənzərəsini daha dəqiq canlandırır, daim astronomiya həvəskarlarını təəccübləndirir.

Belə texnoloji möcüzələrdən biri də son vaxtlar gündəmdə olan "James Webb" kosmik teleskopudur. Yerdən təxminən 1,5 milyon kilometr uzaqda fəaliyyət göstərən, 10 milyard dollardan çox büdcəyə sahib "James Webb" ötən əsrin sonlarından "Hubble"ın elm aləmində yaratdığı səs-küyü təkrarlayır. Belə ki, çəkdiyi şəkillərlə bizi milyardlarla il əvvələ - qalaktikaların yeni-yeni yarandığı dövrlərə aparır.

# 2980 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #