AYB: "Şəhriyar haqsız sözlərinə görə üzr istəməlidir" - Açıqlama

AYB:  "Şəhriyar haqsız sözlərinə görə üzr istəməlidir" - Açıqlama
19 sentyabr 2023
# 17:30

"Yazıçı ədəbiyyatda əsərləriylə təsdiq olunur, ədəbiyyat tarixində yaradıcılığı ilə qalır, ucuz sensasiya xatirinə qalmaqalla yox. İstedadlı gənc şair Şəhriyar da haqsız sözlərinə görə, əvvəllər yazdığı kimi Çingizdən üzr istəsə, düzgün, ədalətli və mərd hərəkət etmiş olardı..."

Kulis.az AYB-nin mətbuat xidmətinin "Şəhriyar del Gerani və Çingiz Abdullayev qalmaqalı"yla bağlı "Ədəbiyyat" qəzetində yayımlanan açıqlamasını təqdim edir.

"Şəhriyar del Gerani Xalq yazıçısı Çingiz Abdullayevə belə bir məktub göndərib:

"Gün aydın, Çingiz müəllim. Bu qədər xətrinizə dəyəcəyini düşünməzdim. Çox pis oldum. Mən sizə qarşı nankorluq etdim. Mənim atam da eyni sözləri deyir. Bu haqda status yazacam, Çingiz müəllim. O statusda qeyd edəcəm bütün səhvlərimi. Üzrlü hesab edin…"

Güman edirik ki, səmimi şair sözüdür. Səhv etdiyini açıq ürəklə boynuna alır, ona edilən taleyüklü böyük yaxşılığı nankorcasına danmır, səhvini düzəldəcəyini etiraf edir. Həqiqətən də, ilk növbədə Azərbaycan Pen klubunun sədri kimi Çingiz Abdullayev Yazıçılar Birliyinin və Xarici İşlər Nazirliyinin də fəal iştirakıyla İranda həbs olunmuş iki gənc şairimizin – onlardan biri də Şəhriyar idi – azad edilmələri üçün böyük səy göstərdilər və buna nail oldular. Şəhriyarın atası oğlunun İran məhbəsindən azad olunmasına görə Çingizə dəfələrlə minnətdarlığını bildirmişdir.

Sonralar Şəhriyar Çingizə ünvanladığı bu məktubunu pozmuşdur. Amma axı yazılana pozu yoxdur. Təəssüf ki, "dünən elə düşünürdüm, bu gün belə düşünürəm" mövqe dəyişkənliyi zəmanəmizdə çoxlarına xas olan cəhətdir. Sanki "kişinin sözü bir olar" tövsiyəsi büsbütün unudulub.

Bir qədər əvvəl etdiyi nəcib etirafından imtinasının səbəbi isə budur ki, Çingizin Şamaxıda keçirilən forumda uğurlu çıxışı Şəhriyarın xoşuna gəlməyib. Əlbəttə, bu təbii haldır. Hər çıxış hamının xoşuna gələ bilməz. Amma çıxışı bəyənmədiyin üçün nəinki münasibətini yüz səksən dərəcə dəyişmək, hətta səndən yaşca böyük görkəmli yazıçını – ələ salmaq, təhqir etmək düz hərəkət deyil. Şəhriyar Çingizin doğma dilində ləhcəylə danışmasına lağ edir. Birincisi, Azərbaycanda ləhcəylə danışan tək Çingiz deyil ki… Çox adamın nitqində, doğulduğu, boya-başa çatdığı regionun ləhcə xüsusiyyətləri açıq hiss olunur. İkincisi, onu nəzərə almaq lazımdır ki, Çingiz orta məktəbi də, ali məktəbi də rus dilində bitirib. Rus dilində təhsil almış azərbaycanlılara yazıçı olmağı qadağan etməliyik?

Əlbəttə, bu şəksiz həqiqətdir ki, hər bir milli ədəbiyyatın əsas, magistral yolu doğma dildə yaranan mətnlərdir. Amma böyük istisnalar da var. Əgər bu istisnalara məhəl qoymasaq, onda gərək farsca yazan Nizamini, Xaqanini Azərbaycan şairi saymayaq (İran şovinistləri belə də edir). Əsasən, ingiliscə yazan Taqoru hind, rus dilində yazan Çingiz Aytmatovu qırğız, Oljas Süleymenovu qazax, Çingiz Hüseynovu Azərbaycan yazıçısı saymayaq. Yeri gəlmişkən, rus dilində yazan Çingiz Aytmatov da, rus dilində yazan Oljas Süleymenov da vaxtiylə ölkələrinin Yazıçılar İttifaqlarına rəhbərlik ediblər.

Çingizlə Şəhriyarın qarşılıqlı ittihamları media məkanında davam edib.

Yazışmalarında işlənən təhqiramiz sözləri təkrar etmək istəmirik. Hissə qapılaraq Çingiz də, Şəhriyar da deyirlər ki, eyni təşkilatın üzvü olmaq istəmirlər. Şəhriyarın Çingizə təklifi budur ki, ərizə verib Yazıçılar Birliyindən çıxsın və bu baş tutana qədər qalan günləri sayır.

Yazıçıların dörd Qurultayında yekdilliklə katib, son qurutlayda isə Birinci katib seçilmiş və burda səmərəli fəaliyyətini davam etdirən, hər gün neçə-neçə yazıçının problemləriylə məşğul olan və imkanı daxilində kömək göstərən Çingiz Abdullayev nə səbəbə ərizə verib işdən çıxmalıdır?

Rusiya TV kanalında Azərbaycana açıq düşmən kəsilmiş jurnalistlər qarşısında Çingizin rus dilində xalqımızın maraqlarını necə bacarıqla müdafiə etməsi hamının yaxşı yadındadır. Beynəlxalq tədbirlərdə rus dilində çıxış etmək Bakı çayxanalarında alovlu kəlamlar söyləməkdən yüz dəfə çətin və min dəfə vacib işdir.

Belə görünür ki, Şəhriyarın məqsədi bu hay-küydən istifadə edib Birlikdən xaric edilməkdir. Yəqin həmin yolla gedənlərdən bəziləri onu da bu işə təhrik edirlər ki, beş on gün adın mediada hallanacaq – gündəmdə, diqqət mərkəzində qalacaqsan. Təcrübədən keçirilmiş üsuldur.

Yazıçılar Birliyinin katibliyində bu məsələ müzakirə edilib.

Yekdil fikir belə olub ki, bu təxribata getməyək. İki-üç gün, uzağı bir həftə hay-küydən sonra bütün belə oyunlar unudulduğu kimi, bu şou da yaddan çıxıb gedəcək.

Yazıçı ədəbiyyatda əsərləriylə təsdiq olunur, ədəbiyyat tarixində yaradıcılığı ilə qalır, ucuz sensasiya xatirinə qalmaqalla yox. İstedadlı gənc şair Şəhriyar da haqsız sözlərinə görə, əvvəllər yazdığı kimi Çingizdən üzr istəsə, düzgün, ədalətli və mərd hərəkət etmiş olardı.

O da maraqlıdır ki, mətbuat səhifələrində Füzuli, Mirzə Fətəli, Mirzə Cəlil, Sabir, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Fikrət Qoca, Vaqif Səmədoğlu, Mövlud Süleymanlı, Ramiz Rövşən ən kobud sözlərlə təhqir olunanda indi Şəhriyara havadar çıxanların heç biri səsini qaldırmayıb, etirazını bildirməyib. Bu təhqir olunan şəxslərin ədədiyyatımız qarşısında xidmətləri yəqin ki, Şəhriyar del Geraninin xidmətlərindən az deyil.

Yazıçılar Birliyinin rəhbərliyi daima ayağımızın altını qazanlara da obyektiv münasibət bəsləyib. yaxşılığı tez unudan yaddaşları korşalmışların yaradıcılıq uğurlarını da layiqincə qiymətləndirib. Bundan sonra da belə olacaq. Lakin bir daha xatırladırıq ki, Birliyin üzvü olmaq onun Nizamnaməsinə hörmət etməkdir. Nizamnaməyə görə isə hər hansı klassikimizin ya çağdaş yazıçımızın şərəfini alçaldanlar təşkilatımızın üzvü ola ya qala bilməzlər. Qoy hər kəs bu sözlərdən nəticə çıxarsın.

Yeri gələndə, Yazıçılar Birliyinin rəhbərliyi də lazımi nəticə çıxaracaq..."

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidməti

# 4078 dəfə oxunub

Müəllifin son yazıları

# # #