"Artıq dramatizm mətni hind kinosuna çevirir" - Hekayə müzakirəsi

"Artıq dramatizm mətni hind kinosuna çevirir" - Hekayə müzakirəsi
22 fevral 2024
# 12:50

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Tural Turanın "Xalça oğrusu" hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.

Rəşad Məcid:

"Tural Turanın hekayəsini oxudum. Mənim üçün təəccüblü olan hekayənin təhkiyəsi və dilinin axıcılığı oldu. Amma sonluq inandırıcı və uğurlu deyildi. Deyə bilərəm ki, hekayənin real olmayan və uğursuz sonluğu var. Məncə, müəllif şeir yazmaqdansa, nəsrdə qələmini sınamağa davam etməlidir".

İlham Əziz:

"Hekayənin dili 50-60 cı illərin dilidi, mövzusu doxsanların. O dil funksional olanda məscidlər anbar idi, çoxu da dağıdılmışdı.
Yazıçı mətnin Allahıdı, oxucunu inandırmalıdı. Şəhid ailəsini xalçaya görə, həm də məscid əhli tutdurmaz. Soyuğa görə də xalça oğurlanmaz. Hekayədən Mirzə Cəlil hənirtisi gəlir. Tural istedadı adamdı, yaxşı hekayə də yaza bilər. Hekayədə xarakter yetişməlidi, hadisə hadisəliyindən çıxıb ədəbiyyat orbitinə düşməlidi. Oxuduğumuz hekayə funksional deyil, ucuz dramaturgiyadı".

Sevinc Elsevər:

"Hekayəni oxudum. Bir nəfər rayonlardan birində məsciddən qab-qacaq oğurlamışdı, onu xatırladım.

Məhkəmədə demişdi Allahdan oğurlamışam, molla niyə özünə əl qatır? Allah bilər, mən bilərəm.

Hekayə kimi yaxşıdır, ancaq oğrunu şəhid xanımı kimi göstərməklə acısını bol eləməyə çalışıb müəllif. Sadəcə əri ölən bir qadın da ola bilərdi. Yenə təsirli olardı. Birinci Qarabağ müharibəsindən sonraya təsadüf edir yəqin əhvalat. Ancaq buna işarə yoxdur hekayədə. Bir də əgər xalça oğurlayan gənc qadındırsa, niyə müəllif "arvad, arvad" adlandırır onu, bilmədim. Adətən yaşlı qadınlardan danışanda belə yazırlar. "Gəlin", "qadın" da yaza bilərdi".

Təvəkkül Boysunar:

"Zənnimcə, çox uğursuz hekayədir. Əvvəla, müəllifin yaratmaq istədiyi o kənd də, o kənddəki ayamalı adamlar da başdan ayağacan sünidir. Müəllif, hələ də bir çox həmkarları kimi Sovet nəsrinin təsirindən çıxa bilməyib. Axı o hekayədə təsvir edilənlərin bugünkü Azərbaycana nə dəxli var? Hardadır o kənd ki, məscidindən xalça oğurlandığına görə bütün əhali yığışıb bir arvada tamaşa eləsin, arvad da polis qarşısında hesabat verib kasıblığın əzablarını onlara danışsın.

Hekayədə kasıblığın ağrılarını çatdırmaq üçün müəllifin göstərdiyi cəhdlər də çox uğursuzdur. Yetim qalmış uşaqlar, soyuqdan üşüməkləri və s. və ilaxır. Bütün bunlar çox bayağıdır, həddən artıq köhnəlib, yorucudur, heç kəsə gərək deyil və təəssüf ki, bizim digər yazıçılarımızın da çoxu hələ də bu kimi şeylərlə oxucunu təsirləndirməyə çalışırlar.

Tural qardaşımız məni bu cür açıq danışdığıma görə bağışlasın, amma səmimi fikirlərimin daha faydalı ola biləcəyini düşündüyüm üçün hər şeyi bu cür çılpaqlığıyla qeyd etmək ehtiyacı duydum".

Rəvan Cavid:

"Dünən bir xəbər oxudum. "HUMANE" şirkəti Aİ PİN adlı telefonu istifadəyə verib. Amerikada cəmi 699 dollara satılır. Xırdaca bir cihazdı, köynəyinə sancaqlayırsan, vəssalam. Telefonlara artıq ehtiyac yoxdu. Çünki bu balaca cihaz fəzada monitor açır, biz də əlimizi havada yellədərək mesaj göndəririk, şəkil çəkirik, kiməsə zəng edirik. Bu qədər sadə. Yəni süni intellekt ən yaxın dostumuz olan telefonu da həyatımızdan çıxarır. İndi bu boyda həngamənin ortasında mənə Sayalı xalanın xalça oğurlamağı maraqlı gəlməlidimi?"

Vüqar Van:

"Yaxşı hekayədir, çox xoşuma gəldi. Yığcam, səliqəli, qüsursuz.

Sanki hisslərin istismarının dozası bir az çoxdur. Artıq dramatizmin mətni hind kinosuna çevirmək təhlükəsi var.

Yaxşı olardı ki, dili bir az müasir olaydı, amma yəqin, mövzu belə tələb edib. Heç bir problem yoxdur.

Hekayənin bu hissəsi insanlığın dayaqlarının, dəyərlərinin çox zəif olduğunu çox sərrast göstərir.

- Niyə oğurladın Allah evinin xalçasını?

- Evimiz soyuqdur".

# 1822 dəfə oxunub

Müəllifin son yazıları

# # #