Yastığına baş qoyum, qoxun aparsın məni - Yeni şeirlər

Yastığına baş qoyum, qoxun aparsın məni - Yeni şeirlər
24 avqust 2021
# 14:17

Kulis.az Fərid Həsənzadənin yeni şeirlərini təqdim edir.

Sən yağış kimisən, qəfil gəlirsən,
Elə bir zamanda, gözləmədiyim.
Elə bir anı da xatırlamıram,
Baxıb buludlara, gəlmə dediyim.

Könlümdən həmişə gəlişin keçir,
Qatar ayağına çıxıb dururam,
Elə hey yollara baxıb dururam,
Relslərin üstündən gülüşün keçir.

Gedib dayanıram sahilə yaxın,
Salıram özümü yenə çətinə.
Kənarda uşaqlar top-top oynayır,
Qəfil diksinirəm gəmi fitinə.

Buludlar demişkən, göyə baxıram,
Boş vaxtım yoxdu ki, onları sayam.
Ta harda axtarım – deyirdim, elə
Bir də gördüm hava limanındayam.

Nə qədər boylandım, görə bilmədim.
Döndüm sağa, sola mən neçə dəfə.
Həmin an çiynimə bir əl toxundu,
Ay kişi, yoruldum, gedək də evə.

***

Ayrılığn tinindən,
Sənə sarı buruldum.
Yol boyu yorulmadım,
Sənə çatdım, yoruldum.

Gedim, dincəlim bir az,
Yuxu aparsın məni.
Yastığına baş qoyum,
Qoxun aparsın məni.

Uzağa, hara gəldi,
Yox olum ilim-ilim.
Bu dəm sual verirsən,
Nə vaxt qayıdacaqsan?
Ay qız, mən hardan bilim...

# 2372 dəfə oxunub

Müəllifin son yazıları

# # #