Xalq yazıçısının nəvəsinin hekayəsi: Ana

Xalq yazıçısının nəvəsinin hekayəsi: Ana
12 iyun 2020
# 18:30

Kulis.az Xalq yazıçısı Sabir Əhmədlinin nəvəsi Murad Quliyevin “Ana” hekayəsini təqdim edir.

Aşağıda nəql olunacaq ssenari-hekayənin süjeti Qarabağ savaşında xalqımızın başına gələn bir neçə hadisədən götürülmüşdür.

Bir qadın və bir kişi yaşayan həyətdə çəkiliş qrupu evin kişisini kamera qarşısında əyləşdirib onu çəkməyə hazırlaşır. Operator kadr qurur, səs operatoru mikrofonu quraşdırır, assisent işıq aparatını ştativə bərkidir.

Müxbir xanım dayıya deyir: - Danışanda mənə baxarsınız.

Rejissor çəkiliş heyətini tələsdirir: - Bir az tez olun. Çəkib qayıtmalıyıq. Kamera ilə mikrofonu gözləyirlər.

Operator: - Kim gözləyir?

Rejissor: - İşdəkilər.

Operator işini görə-görə və uzada-uzada soruşur: - Onlar nədən çəkirlər?

Rejissor eyhamla: - Keçmiş nazirin müavininin həyatından.

Müxbir xanım kağızına baxa-baxa: - Ancaq onlara verərlər belə mövzuları. Hə, dayı, biz məşq edək.

Dayı dərdli-dərdli müxbirə deyir: - Buyur, qızım.

Müxbir: - Müəllim, doğrudanmı o müğənni bu kənddə toyda iki saat oxumağa on beş min manat istəyib? Bəs siz onu gördünüz? Heç olmasa həmin pula fərli oxudu? Bu əsl sensasiyadır.

Bu arada, bayaqdan yaşlı nənənin narahatlığı rejissorun diqqətini cəlb edirdi. Rejissor ona diqqətlə baxırdı, aralarında beş-səkkiz metr məsafə var idi. Rejissor durub nənəyə tərəf gəldi. Nənə başı-aşağı oturmuşdu. Rejissor ona sual verdi:

- Nənə, bəlkə sən də onu toyda görmüsən? Nəsə sözün varsa səni də çəkək?

Nənə: - Mən toya getmirəm. Mən iyirmi beş ildir ki, toya getmirəm.

Rejissor təəccüblə soruşdu: - Niyə, ay nənə?

Nənə: - Mənim oğlum şəhid olub.

Rejissor: - Aaa, Allah rəhmət eləsin! Harda dəfn eləmisiniz onu?

Nənə: - Heç yerdə.

Rejissor: - Qəbri qalıb işğal olunmuş tərəfdə?

Nənə: - Yox, onun qəbri yoxdur.

Rejissor oturur nənənin qabağında: - Necə yəni yoxdur?

Nənə: - Mənim bir oğlum var idi, o da şəhid oldu. Qaldı erməni tərəfdə. Cənazəsini dəyişmək üçün bir ton yanacaq istədilər.

Rejissor: - Tapmadınız?

Nənə: - Tapdıq, amma cənazəni almadıq.

Rejissor: - Niyə?

Nənə: - Ona görə ki, bu tərəfdən gələndə təpənin yanından keçdiz haa, bax erməni tankları orda dayanmışdı, yanacaqsızlıqdan gəlib bu kəndi qıra bilmədilər. Əgər yanacağı verib meyiti alsaydım, indi nə bu kənd vardı, nə də biz. Ona görə də vermədik, almadıq.

Rejissor: - Nənə, danışın da oğlunuzdan, onun döyüş yolundan.

Mənim bir oğlum var idi. O çox gec anadan olmuşdu. Məndən böyük bacı-qardaşlarımın da, kiçiklərinin də övladları var idi. Anam bircə məndən narahatdı. Rəhmətlik deyirdi ki, bircə sənin də qucağını dolu görsəydim rahat ölərdim. İnsana o zamanlar uzun gələn bir neçə ildən sonra o arzusuna çatmışdı. Bütün ailəmizdə bayram idi. Hamı sevinirdi. Xanlara, bəylərə layiq qonaqlıqlar oldu. Axı elə biz özümüz də bəy nəsliyik. SSRİ-nin hər yerindən gələn qohumlar, kəndçilərimiz ona oyuncaqlar gətirərdilər. Kimin uşağı yoxuydusa və ancaq qızı vardısa onu oynadırdı. Hamı öz balası kimi sevirdi onu.

Rejissor diqqətlə anaya qulaq asırdı. Onun üzü donmuşdu, hətta qırışları belə hərəkətsiz idi. Ananın gözləri rejissorun gözlərinə baxırdı. Heç gözünü ayırmırdı gözündən. Ancaq gözünün dərinliyi ağlayırdı. Qəribə bir hüzn var idi.

Elə ki məktəb vaxtı gəldi, hamı kimi o da möhkəm həvəslə kənddə məktəbə getməyə başladı. Nəhayət, məktəbi qurtardı, hərbi xidmətə getdi. Hələ məktəbdə ikən hərbi dərsə marağı çox idi. Xidmətdə olanda onun həsrətini çox çəkmişdim. Şəkillərinə baxırdım. Xəyallar qururdum. Onda indiki kimi telefon da yox idi. Məktub göndərirdin. Rusiyanın, dilim də dönmür adını deyim, nəysə, ünvanına çatana qədər bir ay olurdu. Günlərini qaraladığım təqvimi hələ indiyə kimi durur. Deyirdim bunların hamısını nəvələrimə göstərəcəm. Xidmətdən qayıdanda müharibə təzə-təzə başlamışdı. Əvvəl-əvvəl hamıya zarafat kimi gəlirdi. Kimin ağlına gələrdi ki, dünənə qədər qapımızda nökərçilik edən, meyvə vaxtı qapımıza tökülən meyvəni yığıb satan, çəkməçilik edən erməni bu gün başından böyük bir iddiaya düşər. Qarabağ iddiasına.

Hamı kimi o da getmək istədi. Atası dedi ki, hələ könüllülərə ehtiyac yoxdur. Heç səfərbərlik də elan olunmayıb. Sən də təzə gəlmisən. Yorğunsan. Hələ gözlə, görək nə olur. Elə bilirdik ki, dayanacaqlar. Qabaqları alınacaq. Amma Xocalı boyda faciə baş verdi. Kimin ağlına gələrdi. Bu gündən baxanda çox avam olmuşuq. Amma nə bilərdik.

Artıq yavaş-yavaş qrad səsləri eşidilirdi. Elə bizə deyirdilər ki, məşqdi. Oğlum özünə yer tapa bilmirdi. Deyirdi belə məşq olmaz. Bu həqiqi atəş səsləridir. Nəysə, bir də gördük özü gedib hərbi komissarlığa. Biz məsələni aydınlaşdırana kimi artıq iş-işdən keçmişdi. Yenə də təskinlik üçün dedik heç nə olmaz. O boyda Rusiyanın o başında 2 il qaldı heç nə olmadı, burda, öz torpağımızda nəsə ola bilər yəni ?

Artıq şiddətli döyüşlər gedirdi. Hər iki evdən birində yas mağarı qurulmuşdu. Hərə öz şəhidini basdırırdı. Az keçmədi ki, hər rayonda şəhidlər xiyabanları salındı. Hamısı da tez bir zamanda doldu. Hələ indiyə qədər də, ora gedənlərin öz övladlarının, oğlunun, qızının, qardaşının, şəhidinin qəbrini ziyarət edənlərin həsədini aparıram. Onlara elə paxıllığım tutur ki.

Rejissor ananın sözünü kəsib təəccüblə soruşur: - Səbəb nədir? Niyə paxıllığınız tutur ki? Ana-nənə rejissora dedi ki, sözünü kəsməsin, axıra qədər qulaq assın. Axırda biləcək. O çox tələsirdi ki, birdən söhbəti yarımçıq qalar.

- Hərdən qonşuda, ya qohumda şəhid yasında iştirak edəndə fikirləşirdim ki, bu iş birdən bizim də başımıza gələr. Tez bu fikri özümdən uzaqlaşdırırdım. Deyirdim mənim oğlum əsgər olub, təcrübəlidir. Bunlar kimi naşı deyil haa ona nəsə olsun. Sonralar o yas məclislərinin sahiblərinin paxıllığını elədim. Çünki heç bizimkinin yası da olmadı.

Həqiqətən, rejissor çox təəccüblənirdi. Özünü güclə saxlayırdı ki, onun sözünü kəsməsin. Sual verməsin. Qadın onu təəccüblü görüb, dərindən ah çəkib, dedi: - Şəhid oldu, onu da öldürüblər. Arxadan vurublar.

***

Qaçqınlıq dövrü idi. Hər şey qıt idi. Yardımlar vaxtında gəlib çatmırdı. Havalar bərk şaxtalı keçirdi. Tüfəng belimdə həyətdə gəzirdim, nəsə özümə yer tapa bilmirdim. Əslində nə üçünsə həyətə düşmüşdüm, amma yadımdan çıxmışdı. Birdən uzaqdan bir hərbi maşın göründü. Elə bil rahatladım sonra öz-özümə dedim ki, harda idi məndə o bəxt ki, oğlumdan xəbər gətirsin. Maşın düz gəlib yanımda dayandı. İçindən bir zabit, iki əsgər düşdü. Zabit axsayırdı. Hiss olunurdu ki, ayağının yarası təzədir. Əsgərlərdən birini tanıdım. O, oğlumdan bir sinif yuxarı oxumuşdu. Qonşu kənddən idi. Ailəsini də tanıyırdım. Amma adı yadımda deyildi. Üçü də maşından düşdülər. Zabit mənə dedi: - Dayı hardadır? - yoldaşımı nəzərdə tuturdu. Dedim mən də sənin dayın, sözünü de. Onlar da sözlərini dedilər. Bəlkə də heç demədilər, mən özüm başa düşdüm. Elə yəqin onda huşumu itirmişəm... Ayılanda elə bilmişəm ki, üstündən aylar keçib. Elə bildim onu dəfn ediblər. Dedim qəbrini göstərin. Kişi mənə dedi ki, hələ gətirməyiblər. Camaat mənim başıma yığışmışdı. Əsgər yoldaşı yoldaşıma deyib: - Mühasirəyə düşmüşdük üç nəfər. Mən, o, bir də komandir. Yoldaşım soruşub ki, bəs necə oldu ki, o vurulub?

Zabitlərin dediklərindən:

- Müharibə onun üçün təzə başlamışdı. Beş nəfər kəşfiyyata getmişdik. 3-4 kilometr keçmişdik erməni tərəfə. Yəni öz torpaqlarımıza. Hələ gedib sizin evə də baxdıq. Onda hər şey yerində idi. Birdən uzaqdan dığa səsləri eşitdik. Vəziyyəti düzgün dəyərləndirib özümüzə mövqe tutduq. Sonra maşın səsi də gəldi. Bir azdan səs uzaqlaşdı. Biz maşını görmədik. Amma mən eşitdim ki, maşın bir dəfə dayandı. Hətta mənə elə gəldi ki, kimsə də düşdü. Oğlunuz dedi ki, onlar bizim evin arxasındakı ağaclıqda dayanıblar. Biz isə qəmbər yol tərəfdə idik. Tamam sakitlik çökdü. Biz xeyli gözlədik. Qaş qaralırdı. Amma biz özümüzə bir yer tapıb gecələməli idik. Oğlun dedi: - İnanmıram ki, bu gecə vaxtı bir də bura qayıdalar. Gedək öz halalca evimizdə qalaq. Mən əvvəlcə etiraz etdim: - Yox, hələ evi talamayıblar, içində lazım olan şeylər var. Ola bilər qayıtsınlar. Mən heç nədən qorxmuram. Amma başımıza bir iş gələr, əməliyyat batar. Bu qədər məlumat yığmışıq, xəritə çəkmişik. Oğlunuz dedi ki, mən gedirəm. Düzdü, mən onun komandiri idim. Amma o yaşca məndən böyük idi. Ona hörmət edirdim. Həm də o, bu yanların adamı idi, buraları yaxşı tanıyırdı. Razılaşdıq. Sürünə- sürünə həyətə gəldik. Tam arxayın olduq ki, heç kim yoxdu. Evin qabağına dönəndə gördük ki, biri oturub yerdə, daşın üstündə. Tez evi dövrəyə aldıq. Onu qısdırıb avtomatı arxadan başına dirədik. Həmin an oğlun evin qapısına bir təpik vurub içəri girdi. Erməni necə yalvarırdı bizə, özü də azərbaycanca: - Qurban olum, qurban olum mən də sizdənəm, buralar mənim də vətənimdi. Günah məndə deyil. Lənət olsun müharibəyə. Az ananı gözüyaşlı qoymadı. Bu kimi sözlər. Dedim : - Kimsən, adını de. Özünü necə itirmişdisə adı da yadından çıxmışdı. Dedim: - Neynirsən burda? Bir təhər dedi ki, bizdə 2-3 qrup var, belə evlərin içini yığıb aparırıq özümüzə. Məni də qrup lideri bura qoyub ki, yəni bura bizimdi.

- Ay səni əclaf. Şilləni ağzının üstünə vurdum. Onu yaxşıca təpiyimin altına salıb döydüm. O da yaşca bizdən uşaq idi. Birdən oğlun evdən çıxdı. O, sən demə bizə qulaq asırmış içəridən. Mən də onu döyürdüm. Yaşı az olduğundan fiziki cəhətdən ona vurmağa ürəyim də gəlmirdi. Oğlun gəlib ona baxdı gördü ki, tanışdı. Məni saxladı, dedi, dəymə, “Arxalı köpək qurdu basar”. Mən bu uşağı tanıyıram. O qonşu kənddən, adını dedi, kiminsə oğludu. Hə Levonun. Bunun atası maşın ustası idi, deyən kimi, yerdəki dığa özünə gəldi. Bir az sakitləşdi. Yenə başladı özlərini söyməyə ki, guya özlərinin atdığı qrad düşüb Levonun təmirxanasına Levon da orda gəbərib. Bu da yetim qalıb, anası da bu basabasda kiməsə qoşulub qaçıb. Yetim, ac-susuz yazılıb orduya. Deyir 18 yaşım var. Bu da axırım filan. Mən yanımdakı əsgərə dedim ki, bunun əlini bağlayın. Qalan iki əsgər də ətrafa göz-qulaq idilər. Onun əlini bağlayıb üstünü axtardıq. Fikirləşdim ki, ən yaxşısı bunun işini bitirməkdi. Onsuz da dala qayıtmaq vaxtı idi. Soruşduq ki, lənətə gəlmişlərin haçan gələcək, dedi maşın tapan kimi. Soruşdum, neçə nəfər? Dedi 5-10 nəfər gələcəklər. Sonra da dedi ki, yəqin sabah gələrlər. Oğlun dedi evi qoyub getməyə ürəyim gəlmir. Hava da soyuq idi. Hamımız məcburi evə girdik. Həm də yaman it hürürdü. Çöl itlərinin səsinə oxşayırdı. Amma ov iti səsinə də oxşayırdı. Risk edə bilməzdik. Əsgərlərdən birini həyətdə növbətçi qoyduq. Birini də dığanın yanına içəriyə. Həm də uşaq bir az içəridə isinsin, sonra çöldəki əsgərlə növbələşsin. Özümüz də oturduq həyətdə. Oğlun dedi: - Tutaq ki, səhər açıldı. Sonra? Bunu kim vuracaq. Dedi, mən əlimi uşaq qanına batıran deyiləm haa. Mən də dedim, onu geriyə aparmağın yeri də yoxdu, o heç nə bilmir. Onda heç ağlımıza da gəlmirdi ki, onu kimnənsə dəyişmək olar.

Səhər açıldı. Hamı bilirdi ki, komandir qərar verməlidir. Dığa da yazıq-yazıq baxırdı. Deyirdi bağışlayın məni. Yazığınız gəlsin mənə. Uşaqlar neçə dəfə axşam silah çəkmişdilər üstünə. Amma heç kim əlini mundarlamaq istəmirdi. Nəhayət, oğlunun qərarı belə oldu ki, əl-ayağı bağlı qalsın burda. Biz qayıdaq. Mən razı deyildim. Amma başqa variant da yox idi. Bizdən arxada da qabaqda da erməni var idi. Geri qayıdanda təmas xəttində səs zad çıxardardı, hamımızı verərdi güdaza. Ona görə elə orada qoyduq. Ağzını bağlamazdan qabaq oğluna dərin təşəkkürünü bildirdi. Elə yazıqlanırdı ki, gəl görəsən. Hərdən düşünürəm, görəsən bu hadisə Xocalıdan sonra olsa idi, biz onu sağ buraxardıq?! Amma cavab tapa bilmirəm.

Atası zabitdən soruşdu: - Bu haçan olub?

Zabit dedi: - 6 ay bundan qabaq. Sonra biz rahatlıqla növbəti gecə gəlib öz postumuza çatdıq. Gətirdiyimiz məlumatla ordumuz xeyli irəlilədi. Elə demək olar ki, sizin kəndi də almışdıq. Oğlun deyirdi ki, atama şad xəbəri özüm verəcəm.

Atası: - Hə, bilirəm, məktubda belə bir şey yazmışdı. Amma erməni oğlan barəsində heç nə yazmamışdı. Hə, bir də o qrad doğrudan da Levonun butkasına düşmüşdü. Levon lap külə dönmüşdü. Yanındakı moskviç ilə birlikdə.

- Bəs, bu hadisə necə olub oğul?

Zabit: - Bir neçə gün bundan qabaq yenə də kəşfiyyata getmişdik. Üç nəfər idik. Mən və iki əsgər. Biri sizin oğlunuz idi. Dediyim kimi, sizin kəndə az qalmışdı. Hətta hava aydın olanda evinizin çardağı da görünürdü. Keçən dəfəki kəşfiyyatdan sonra xeyli irəlilədiyimizə görə özümüz özümüzlə fəxr edirdik. Oğlun deyirdi ki, inşallah, az qalıb. Yenə yavaş-yavaş sizin evə tərəf gəlmişdik. O elə hey can atırdı ki evə baş çəksin. Amma yaxınlaşdıqca evdə nəsə bir qəribəlik var idi. Mən əmr elədim ki, çox da yaxın getməsinlər. Bir az ətrafa baxdıq. Bir xeyli keçmişdi ki, evə çatdıq. Nə görsək yaxşıdır ? Gördük evinizi talayıblar. İçində heç bir şey qalmayıb. Üstəlik yandırıblar da. Amma nədənsə elə bil özü-özünü söndürüb. Bəlkə də güclü yağış yağıb?! Bilmədik. Evin içində hər şey alt-üst olmuşdu. Həqiqətən çox təsirli səhnə idi. Üçümüz də donub qalmışdıq. Oğlun kövrəlib qalmışdı. Bıçaq vursan qanı çıxmazdı. Gözləri ağlayırdı, amma bir damcı yaş axmırdı. İkimiz də çöldə əyləşmişdik. O biri əsgər həyətin başında dayanmışdı. Oğlun deyirdi ki, bu ev atama babamdan qalıb ona da atasından. İndi gör əclaflar buranı nə günə qoyublar. İçərini axtaranda oğlun şəkil tapıb kitelin cibinə qoymuşdu. Həyətdə oturanda mənə dedi ki, sən müharibədə məndən təcrübəlisən, qoy, bu səndə qalsın. Evdən tapmışam. Mən soruşdum ki, nədir o? Dedi: - Atamın, anamın və mənim şəklimdir. Üçümüzün şəklidir. O birisi kollektiv şəkildir. Bax, nənəm, babam burada sağdır. Soruşdum, nə gözəl “Qaz 21”-niz var? Dedi: - Hə, babamındır. Şəkil çəkilən gün mənim ad günüm idi. Atam ayın-oyun almağa gedəndə arxasını vurmuşdu darvazaya, rəhmətlik babam usta çağırdı maşını düzəltdirsin. Bax, usta da düşüb şəkildə. Aaa, bilirsən, bu usta kimdir? Keçən dəfə oğlanı əsir almışdıq haa, o uşağın atası idi, Levon. Bombardmanda ölən. Babam ona o qədər pul vermişdi ki, Levon sevincindən deyirmiş, yoldaşım hamilə idi, azad olmalıydı. Elə bu pul onun puludur, Allah yetirdi.

Öz postlarımız yaxın olduğu üçün bu dəfə rahat idik. Hə, bir də içəri girəndə əlini-ayağını bağladığımız uşağı ölü tapacağımızı fikirləşirdik. Amma nə ölüsü var idi, nə də dirisi. Oğluna dedim ki, qoy şəkil qalsın səndə. Evinizə gedəndə verərsən ata-anana. Bəlkə elə birlikdə gəldiniz bura. Onda böyütdürüb vurarsan evin divarına...

Səhərin açılmağına az qalmışdı. Biz hələ təxminən 500 metrə irəliləmişdik. Onda da gəlib sizin evə çatmışdıq. Demək olar ki, sizin ev neytral ərazidə qalmışdı. Amma hiss olunurdu ki, erməni tərəf də kəşfiyyata gəlib-gedib bu yanlara. Bəlkə elə biz orada olanda haradasa gizləniblər də. Nə bilmək olar ?! Kəşfiyyata çıxanda məqsədimiz onların postuna qədər getmək, orada özümüzə və hücuma keçəndə qoşun üçün mina təmizləmək, bir dəhliz açmaq idi. Elə həmin gecə də geriyə qayıtmalı idik. Demək olar ki, gecikmişdik. Həyətin başındakı əsgər gəlib dedi ki, yoldaş komandir, ciyərim yanır susuzluqdan, su qabımda da su qalmayıb. Bəlkə sizin qabda bir-iki qurtum olar. Elə bil mənim də ürəyim yanmağa başladı. Dedim, yox bala, məndə də bayaq qurtardı. Amma elə mən də istəyirəm. Oğlun dedi: - Bu daşlıqla 50-60 metr gedin, orada kəhriz var. Doyunca içərsiz. Qabı da doldurarsız. Əsgər yoldaşına da dedi: - Al, mənim də su qabımı doldur. Dedik ki, sən gəlmirsən ? Oğlun - siz doldurun, gəlin gedək. Mən bir az da burada oturum. Hamınız bilirsiniz ki, sabah hücuma gedəcəyik. Ola bilər ki, döyüş vaxtı evimiz uçsun. Ona görə mən burdayam. – dedi. Gərək onu tək qoymayardıq. Amma nə bilə bilərdik.

Onun dediyi kimi, bir-neçə metr aşağı düşdük. Çox dadlı, şirin su axan bulağa çatdıq. Su o qədər güclü axırdı ki suyun şırıltısı adamı vahimələndirirdi. Ətrafda heç nə eşidilmirdi. Açığı mən bu səsi birinci dəfə bura gələndə eşitmişdim. Amma fikir verməmişdim. İndi başa düşdüm ki, kəhrizin səsi imiş. Rahat suyumuzu içdik, qabları doldurduq, əl-üzümüzü yuduq. Yavaş-yavaş diki qalxırdıq ki, gördük Levonun oğlu avtomatı tutub oğlunun belinə. Biz tez yerə uzandıq. Bir anda sakitlik çökdü. Onları çox aydın görürdük. Səslərini də aydın eşidirdik. Birdən bir maşın erməni töküldü. Artıq onlar bizdən çox idilər. Fikirləşirdik ki, onu buraxarlar. Əslində onlar gələnə kimi Levonun oğlu onu buraxmalı idi. Çünki, ona can borcu var idi. Eşidirdim ki, oğlun deyir: - Öldür məni. Buraxmağa kişiliyin çatmaz. Baxma ki, mən səni buraxmışam, sən öldür məni.

Elə bil heç bizə yalvaran dığa deyilmiş bu. İndi kökəlib, üzünə-gözünə qan gəlib. Bir sözlə əsl daşnaq olub. Eşidirdim, deyir ki, sən niyə öldürmədin məni? Oğlun deyirdi ki, sən uşaqsan. Müharibəni sən başlamamısan ki, öldürüm səni. Bizim dərdimiz uşaqlarla deyil, qadınlarla deyil. Levonun oğlu soruşdu ki: - Bilsəydin ki, belə bir hadisə ola bilər, onda vurardın məni? Oğlun dedi: - Bilsəydim də vurmazdım. O soruşdu: - Təksən? Oğlun ucadan qışqırdı: - Hə, təkəm, heç kim yoxdur burada. Təkəm. Bilirdim ki, o, bu sözləri bizə eşitdirir. Yanımdakı əsgər dedi ki, o ikisini mən vuraram. Siz də bir-ikisini vurun. Sonra nə olar, olar. Uzağı şəhid olarıq. Dedim, yox, çoxdular. O dördünü tutaq ki, öldürdük. Gör neçəsi qalır? Biz onlara atəş açan kimi onlar onu öldürəcəklər. Özü də aralarındakı söhbətdən belə görünürdü ki, onu buraxacaqlar. O biri əclaflar sakit dayanmışdılar. Ancaq Levonun oğlu danışırdı. Deyirdi: - Niyə çıxmırsız bizim torpaqlardan ki axırı da belə olsun. Oğlun əllərini aşağı saldı. Səmimiyyət bir az da artırdı. Öz-özümə fikirləşdim ki, az qalıb, buraxacaqlar. Uzağı silahını alıb buraxarlar. Oğlun dedi: - Sən harada anadan olmusan? Atan harada anadan olub? Hamısı Azərbaycan torpağıdır! Dığa birdən dilləndi: - Hə, yaxşı yadıma düşdü. Qradı niyə atmısız atamın masterskoyuna? O da ölüb orada. Oğlun mənalı-mənalı ona baxdı. Erməni özünü yığışdırdı. Birdən dilləndi. Bu türk məni bir dəfə öldürə bilərdi, amma öldürmədi. Yoldaşlar, Xorencan gərək mən də onu öldürməyim. Onsuz da qıra-qıra gedirik. Biri az, biri çox. Nə fərqi var?! Yanındakılar da bir söz demədilər. Razılaşdılar. Birdən oğluna dedi: - Yaxşı silahı qoy, get. Elə sevinirdim ki. Deyirdim ki, bu dəfə də sağ-salamat qayıdacağıq. Oğlun yavaş-yavaş diziüstə oturduğu halda ayağa qalxdı. O, bizə tərəf yox, başqa istiqamətdə irəlilədi. Biz də ikimiz sürünə-sürünə otların arxası ilə ona tərəf gedirdik. Artıq onu görmürdük. Qəfil bir güllə səsi gəldi. Levonun oğlu dedi: - Axir ki, atamın acığını çıxdım. İndi dəqiq bildim ki, bir türkü öldürdüm. Bax, indi Levon kişinin ruhu şad oldu. Yanındakılar da dedilər: - Yaxşı elədin komandir! Deməli, bu artıq komandir də olub.

İkimiz də sürünə-sürünə gəlib elə bir yerə çıxdıq ki, yenə də onları görürdük. Biz onları görəndə oğlun artıq keçinmişdi. Onun üstünü axtarırdılar. Onu arxadan vurmuşdular. Yanımdakı əsgər dedi ki, burdan sağ qayıtsam özümü bağışlamaram. İkimiz də atəş açmağa başladıq. Onlar da hara gəldi. Levonun oğlu elə həmin dəqiqə yerə yıxıldı. Bir-iki dəqiqəyə ikisi üçü də yerə sərildi. Onları aydın görürdüm. Bizim gülləmiz az qalmışdı. Məcbur qalıb atəşi dayandırdıq. Geri çəkilməli olduq. Onlar bizim atəş nöqtəmizi tapa bilmədikləri üçün bizi heç görmədilər. Öz postlarımıza tərəf süründük. Bir az keçmişdi ki, gördüm bədənimə istilik gəlir. Başa düşdüm ki, yaralanmışam. Yaram yüngül idi. Ayağıma dəymişdi. Bir gün hospitalda yatandan sonra gəlmişəm bura. Həkimlər buraxmırdılar. Amma gəldim. İnan, dayı, əlimizdən gələni elədik, orada, o döyüşdə. Amma çaqqallar bizdən qat-qat çox idilər. İstəməzdik ki, onun cənazəsi orada qalsın. Sürüyə-sürüyə də olsa gətirərdim. Amma alınmadı. İmkan tapa bilmədim. Bizdə onların hərbi və mülki əsiri çoxdur. Səbr edin. Özləri dəyişmək istəyəcəklər. Allah rəhmət eləsin! Başınız sağ olsun. Bu xəbəri sizə verməkdənsə, kaş mən də orada öləydim. Allah anaya da səbr versin. Görək nə olur.

Zabitlə yanındakı hadisə şahidi əsgər kişi ilə sağollaşıb ayrılmaq istəyəndə əsgər dilləndi: - Komandir. Komandir nəsə işarə elədi. Komandir ayaq saxladı. Özünü toplayıb əlini döş cibinə saldı. Orada nə qədər elədim ki, səndə qalsın şəkil. Razılaşmadı. Elə bil rəhmətliyin ürəyinə damıbmış. Şəkili atasına uzatdı. Kişi ağlaya-ağlaya şəkillərə baxdı. Hönkürə-hönkürə, bu qucağımızdakı odur dedi. O birisi şəkillərdə isə rəhmətlik atam, anam, bir də kökü kəsilmiş Levondur. Qalanları özümüzük. Əsgər də su qabısını verdi. Kişi su qabının üstündən öz soyadlarını oxudu. Su qabından oğlunun qoxusunu aldı.

***

Oğlumuzun bu hadisəsində həyətimizə hər yerdən gəlmişdilər. Vayenkomatdan, kənd sovetindən, milisdən hamı deyirdi ki, danışıqlar gedir, meyiti alacağıq. Onlardan xəbər gözləyirik. Hətta yardımçı xarici ölkələr də söhbətə qarışıblar. Amma mənim gözüm su içmirdi. Yavaş-yavaş qohum-qonşu da dağılışmağa başlamışdı. Hərənin öz dərdi vardı. Yanımızdakı çadır şəhərciyində məktəb qurulmuşdu. Hamı ora can atırdı ki, bəlkə bir iş tapar özünə. Evinə bir parça çörək aparar. Qalanı da ümumi arteziandan su daşıyırdı. Artıq bacı-qardaşlarım da uzaq düşmüşdü. Hərəsi bir rayonda məskunlaşmışdılar. Artıq üç nəfər yaşayırdıq. Kişi, mən, bir də dərdimiz. Hərdən suyumuz qurtaranda kişiyə deyirdim: - Yadındadı, evimizin altından axan bulaq. Səsi evimizə qədər gəlirdi. Bizim uşaq da tez-tez ora oynamağa düşərdi. Hərdən balaca vedrə ilə ordan su da gətirərdi evə. Ən yaxşısı qışda olurdu. Bulaq axırdı, töküldüyü yerdə donurdu. Uşaqlarla oğlum sürüşməyə gedirdilər. Elə hey narahat qalırdım ki, sürüşər, yıxılar, qolu-qıçı sınar. Amma suyun dadı bir aləm idi. Elə hey kişiyə deyirdim ki, ordan evimizə su çəkdirək. Bəsdi suyu əl ilə daşıdıq. Qışda çətin olurdu. Yer palçıq, hava dumanlı olanda adam çox əziyyət çəkirdi. Qış aylarında canavar ac qalanda, kəndə daraşanda, ordan su içən görüblər. Ondan sonra o bulaqdan qorxurdum. Uşağı ora tək qoymazdım. Qorxurdum ki, başına bir bədbəxt hadisə gələr. Tək oğlum idi dəə... Həyat elə gətirdi ki, elə mənim oğlumun ölümü o bulaqla əlaqədar oldu. Deməli, qisməti belə imiş.

***

Bir neçə həftə hadisənin üstündən keçmişdi. Heç bir qüvvədən xəbər çıxmamışdı. Belə görünürdü ki, bu məsələ getdikcə yaddan çıxırdı. Mənim vəziyyətim çox pis idi. Elə yoldaşımın da. Heç səhərin açılmağını, günəşin çıxmağını istəmirdim. İstəyirdim ki, ancaq qaranlıq olsun. Artıq qaranlıq ilə dostlaşmışdım. Fikirləşirdim ki, balam haradadır? Onun başına nə oyun açıblar? Heç olmasa meyidi salamatdımı?! Yoxsa, ona da nəsə olub. Çünki bir ara deyirdilər, bu qansızlar orqan alveri eliyir. Bizim əsirlərin diri-diri orqanlarını çıxardıb xaricə baha qiymətə satırlar. Elə ölülərin də həmçinin. Hərdən də ağlıma gəlirdi ki, bəlkə heç ölməyib, əsirdi. Bu fikirlərlə yavaş-yavaş dəli olurdum...

Bir gün axşam qapı döyüldü. Balaca qardaşım bizə qonaq gəlmişdi. Üzündə qəribə bir ifadə var idi. Salamlaşdıq, görüşdük, ağlaşdıq və stolun ətrafında oturduq. Bir stəkan çay içdik. Yoldaşım ondan soruşdu ki, nə var nə yox? Neynirsiz? Necəsiz ? O, bu suallara ötəri cavab verdi və məni ona çay süzməyə yolladı. Mən otağa əlimdə çay ilə qayıdanda o yoldaşımla nəsə xısın-xısın söhbət edirdi. Başa düşdüm ki, nəsə xəbər var. Qardaşım çaya baxıb tünddü dedi. Məni yenidən çay süzməyə göndərəndə dedim ki, açığını evində içərsən. Danış görək nə olub ?

Qardaşım bir kişiyə, bir mənə baxıb dedi: - Xəbər var. Biz ikimiz də çaş-baş qaldıq. Soruşduq, nə xəbər? Dedi: - O tərəfdən, oğlundan. Biz bilmədik sevinək, ya kədərlənək. Yoldaşım soruşdu, qaytarırlar. Qardaşım dedi ki, heç kimnən bu barədə danışmayın. Bir az gizli məsələdi, həm də çətindi. Çox adamın qohumu-qardaşı qalıb o tərəfdə. Amma sizinkini qaytarmaq istəyirlər. Mən çox sevindim, eyni anda da kədərləndim. Sevindim ona görə ki, oğluma qovuşacaqdım. Kədərləndim ona görə ki, onun cənazəsini görməyənə qədər elə bilirdim ki, o sağdı. Hələ də döyüşür. İçimi qəribə hisslər bürümüşdü. Kişi də donub qalmışdı. Qardaşım bizə dedi: - Hey, hey, fikirləşmək vaxtı deyil. Razısız qaytarılmağına, ya yox? Danışıqlar çox çətin və ağır şəraitdə keçir. Bizimkilər növbəti görüşdə cavab verməlidir. Qar yağıb səngərlərə dolub, danışmaq çətindi. Bir qərara gəlin.

Ölüm xəbərini almağımızdan bir ay keçmişdi. Görəsən, indi balam nə vəziyyətdədir? Amma onu bir öpüb bağrıma bassaydım ürəyim soyuyardı. Qardaşıma dedim, razıyam. Elə bir ağızdan dedik ki, razıyıq. Yoldaşım da razılaşdı. Qardaşımın da ürəyincə oldu. Yoldaşım soruşdu: - Əvəzində nə istəyirlər? Əsir ya meyit? Ya nəsə başqa bir şey? Qardaşım dedi: - Başqa bir şeydir istədikləri. Elə bir şeydir ki, tapıb verərik. Tez əlimi atdım boynuma - boğazıma, qulağıma, barmağımakı nə var qır-qızılımı verim, təki oğlumun cəsədini alım. Heç olmasa bir qəbri olsun. Qardaşım mənə bildirdi ki, tələsməyim. Qır-qızıllıq deyil. Bəlkə haçansa onlara da növbə çatacaq. Yoldaşım dedi ki, nə istəyirlər bəs? Qardaşım dedi: - Salyarka, yəni dizel. Bir ton salyarka istəyirlər. Şərəfsizlər. Mən təxmin eləmişdim ki, razılaşacaqsız. Uşaqlara, dostlara, tanışa-bilişə demişəm tədarük görsünlər. 70 litrə yaxın tapıblar. Yoldaşımın şərtləri öyrənəndən sonra sifəti dəyişdi. Dedim, ilahi, nə matağ şeydi ki, bu salyarkadı, nədi ki, kişini bu vəziyyətə saldı? Qardaşım dedi, narahat olmayın, hamı çalışır ki, tapaq. Siz də yaxın adamlardan soruşun, görün neynirsiz. Amma gizlin haa. Bizi bərk-bərk tənbeh edib getdi.

Aradan bir neçə gün, bəlkə də həftə yarım keçmişdi. Hamı salyarka axtarırdı. Məsələ Bakıya qədər gedib çatmışdı. Yaxın-uzaq qohumlar, hamı bizə salyarka axtarırdılar. Tapmışdılar da. Deyirdilər yarım ton var. Qalanını da inşallah taparıq. Qardaşlarım da axtarırdılar. Bacılarımın ərləri də. Bir sözlə hamı.

Elə bir vaxt idi ki, ermənilər Xocalıda böyüyə-kiçiyə baxmamışdılar. Yaşlı-qoca deməmişdilər. Biz yaşda insanlar yaman vahimə içində idik. Bərk qorxmuşduq və qorxurduq. Bizimlə ermənilər bu oturduğumuz həyətin arasında 3 km məsafə olar ya olmazdı. Vəziyyət çox gərgin idi. Hamı qorxurdu ki, bir Xocalı da burada olar. Adam düşündükcə dəli olurdu. Bu təpənin üstünə çıxanda erməni tankları görünürdü. Bir xeyli müddət orada dayandılar. Hamı təəccüb edirdi ki, nə əcəb hücum etmirlər. Sonra belə bir söz çıxdı ki, guya yanacaqları qurtarıb. Ya başqa nəsə bir şey. Bizimkilər kənddən növbətçi təyin eləmişdilər ki, həmin təpədə dayansın. Bir şey olsa xəbər versin. Neçəsini elə snayper vurmuşdu. Hamı həyəcan içində idi ki, yanacağı bu gün taparlar sabah taparlar. Özü də ancaq gecə hücum edərdilər. Siz demə onlarda da dərəbəylik imiş. Düz 1 ay orada qaldılar. Biz də onda nələr çəkdik bir Allah bilir, birdə biz.

Salyarka yavaş-yavaş tapılırdı. Qardaşım xəbər gödərmişdi ki, tapdığımı tapmışam, aldığımı almışam. 850 litr hazırdı. Qalıb 150-si. Yoldaşım yenə də pul göndərdi ki, tapılsın hamısı. Bizim bu həyətdə butulka əlindən yer yox idi. Hər cür içki şüşəsi var idi. Guya demişdi ki, sizin həyətdə qablaşdırarıq. Sonra 50 litr də tapıldı. Yoldaşım və yaxın qonşumun uşaqları bütün gün butulka, banka, yığırdılar ordan-burdan. Yadımda deyil kimsə 200 litrlik bir bak vermişdi bizə. Demişdi lazım olsa işlədin. Yəqin haradansa xəbər tutmuşdu. Elə mən özüm də harda nə görsəm götürürdüm.

Bir gün qardaşım gəldi ki, 85 litrim qalıb tapa bilmirəm ki, bilmirəm. Vədə vaxtına da az qalıb. Yenə bütün el-oba düşdü əl-ayağa amma heç kim bir qramda tapmadı. Qanımız qaraldı. Yenə də sıxışıb çarəsiz qalmışdıq. Sonra qardaşımın dostu dedi ki, gəlin o 200 litirliyə su qataq. Hər butulkaya da su qataq. Verək zəhərlənsinlər. Cəhənnəm olsunlar. Çarəsiz hamı razılaşdı. Qardaşım kimdən nə qədər almışdısa həmin o aldığı adamlarda saxlamışdı salyarkanı. Demişdi ki, vaxtı çatanda gəlib götürəcəm. Onlar da tanış adamlar idilər. Nəysə axşam bizə yığışdılar ki, salyarkanı qablaşdırsınlar ki hazır qalsın. Deyilənə görə səngərdə qar ərimişdi. Axı onlar bir-birlərilə səngərdən-səngərə danışırdılar. Bir-birilərini görməyə-görməyə. Bizə demişdilər hazırlaşın.

***

Gecə Qurandan Yasin oxuyurdum oğlumun ruhuna. Düşünürdüm ki, iahi yəni mən sabah ona qovuşacam... onun üstündə ağlayacam... Gedib onun üstünə örtmək üçün ipək parça da almışdım. Evdə hər şey hazır idi. Camaat üçün çay, qənd, halva üçün un yağ və sairə. Axşam kişilər dağılanda evimizin arxasına bir xərək də dürtmüşdülər. Onu da görmüşdüm. Bilirdim də nə üçündür. Bununla onu bu dünyada ikinci və sonuncu dəfə belə səbirsizliklə gözləyirdim. Biri doğulmamışdan bir gün qabaq, biri də indi – yəni sabah. Heç ağlamaq keçmirdi ürəyimdən. Bilirdim ki, sabahacan yatmayıb onu fikirləşəcəm. Amma nədənsə içimdə narahatçılıq mehi əsirdi. Sabahkı görüşü düşünürdüm. Öz-özümə salyarka-salyarka deyib fikirləşirdim. Deyirdim bu köpək uşağı nə edir bu salyarkanı? İndi yer şumlamaq vaxtıdır ? Bilirdim ki, traktor, kombayn, ağır texnika salyarka ilə işləyir. İlk ağlıma o gəlmişdi. Yəni sobaya falanada lazımdır? Salyarka? Birdən ağlıma gəldi ki... öz-özümə dedim. Dayan-dayan. Birdən o tank BTR-də salyarka ilə işləyər haaa... bu düşüncə 10 dəqiqə içində məni yedi bitirdi. Gecə olduğundan, kişinin sabahkı əməliyyatda iştirak edənlərlə aynabənddə yatdığına görə heç kimə bu sualı verə bilmədim. Amma içimdəki narahatlığın səbəbini deyəsən tapmışdım. Deyəsən doğurdanda o tank da BTR-də elə salyarka ilə işləyir. Sonra lap dəqiq yadıma düşdü ki, oğlum əsgərlikdən mənə bir məktub yazmışdı. Yazmışdı ki, paliqonda tanklarla məşq edirdik. Bir toz-torpaqdan bir də salyarka tüstüsündən göz-gözü görmür. Dözə bilməyib yavaşca xoruldayan kişilərin üstündən adlaya-adlaya şkafa çatdım. Məktubu tapıb o yerini dəfələrlə oxudum. Gəlib yerimə girdim. Hönkürə-hönkürə ağladım. Dedim ilahi, bu nə şərəfsizlikdir bunlar edirlər. İndi mənə çatır ki, bunlar nəyə görə məhz salyarka istəyiblər bizdən. Niyə meyit yox? Niyə əsr yox? Məhz salyarka. Məhz salyarka. Deməli o təpədən görünən susmuş tanklar hərəkətə gəlsin deyə. Deməli doğurdanda onların yanacağı - salyarkası qurtarıbmış. Yoxsa çoxdan bizi qırmışdılar. Bir Xocalı da burada eləmişdilər o saqqallılar. Bunları fikirləşə-fikirləşə ağlayır, özümə yer tapa bilmirdim. Deməli bu 300-350 qaçqın ailəsinin yenicə yarı məskunlaşmış yarı məskunlaşmamış olduğu bu kəndin taleyi özü də faciəli taleyi mənim əlimdədir. Yəni bizim qapıdakı 1 ton salyarkadan asılıdır. Yəni mən oğlumun meyitini alsam həmin axşam onu dəfn etməyə adam tapılmayacaq? Hə tapılmayacaq! Çünki həmin salyarka töküləcək həmin tanklara, onlar da hücum edəcək bu kəndə. Dinc, sivil, uşaq, qoca, cavan demədən qıracaqlar. Nəhayət içimdə əsən narahatlıq küləyi kəsilmişdi. Amma qərarımı da vermişdim.

***

Səhər açılmışdı. Mən həyətdə stolun ətrafında oturmuşdum. Fikirdən donmuş gözlərim xərəyə sataşdı. Onun üstündə qan ləkələri var idi. Görəsən neçə cavanı öz qucağına alıb bu xərək? Bəlkə də elə erməni xərəyidir keçib əlimizə. Üstündəki ləkələr də şərəfsiz ləkəsidir? Yox, mən onu tanıyıram. Qonşunun oğlunu da onda gətirmişdilər. Mən xərəyə xərək mənə baxanda yavaş-yavaş həm səhər açılırdı, həm də kişilər hazırlıq üçün çölə çıxırdılar. Mən tamamilə sərtləşmişdim. Özümün apardığım araşdırmalar nəticəsində oğlumu istəmirdim. Qardaşım və bir sıra yoldaşlar evdən çıxırdılar elə bu andaca qapıda maşın siqnalı səsi gəldi. İçindən bir nəfər düşüb darvazanı döyməyə başladı. Qardaşım içəridən ona səsləndi: - hə, hə gəlirik... gəlirik... Sonra mənə dedi ki: - belə şeyə görə gözaydınlığı verməzlər. Amma gözün aydın! İnşallah, axşama oğlunu gətirərik - deyib getmək istəyəndə çönüb mənə baxdı. Bacı, bir söz de! İndi nə olub sənə? Hər şey hazırdır. İnşallah, sağ gedib, salamat gələcəyik. Mən donmuş halda ona çönüb dedim: - Siz heç yana getməyəcəksiniz. Mən oğlumu istəmirəm. Qardaşım: - Necə yəni istəmirsən? İki aydır döymədiyim qapı qalmayıb. Yalvarmadığım insan qalmayıb. Şükür Allaha, bu çətin vəziyyətdə bir ton salyarkanı tapmışıq. Allahın köməyilə axşama cənazəni də gətirəcəyik. Mən ona dedim ki, istəmirəm. Bu səs-küyə kişi də həyətə çıxdı. - Nə olub? - soruşdu. Qardaşım dedi ki, bu meyiti istəmir. Yoldaşım hirsli halda mənə çevrilib dedi: - Nə olub, ay arvad? Başın xarabdır nədir? Necə yəni istəmirsən? Dedim ki, istəmirəm. Bunlar özlərindən çıxdılar. Kişi məni saymayıb dedi gedək. Dedim istəmirəm və sizi də qoymuram. Əgər getsəz, qayıdıb məni tapmayacaqsız. Özümü öldürəcəm. Erməni öldürməyindənsə özüm-özümü öldürərəm. Qardaşım dedi: - Ay bacı, nə erməni, nə öldürmək, sən nə danışırsan? Biz olan yerdə kim sənə güldən ağır söz deyə bilər? Soruşuram sizdən, erməni niyə bizdən salyarka istəyir? Niyə meyit yox, əsir yox, heç nə istəmir? Ancaq və ancaq salyarka? Əə tank nə ilə işləyir? BTR nə ilə işləyir? Həə? O təpədən görsənən tanklar niyə susur? Hərəkətə gələ bilmir? Siz istəyirsiz bir cansız bədənə görə bu boyda kəndi qırdırasız? İstəmirəm. Onsuz onun ruhu Allahın yanındadır. Yerdə qalan cismidir. Siz salyarkanı verən kimi gecə ilə hücum olunacaq kəndə. Hamımızı qıracaqlar. Oğlumu dəfn etməyə vaxtımız belə olmayacaq. Yenə də qalacaq yerdə. Daha doğrusu qalacağıq yerdə. Ona görə istəmirəm. Qoyun qalsın orda. Qardaşım və yoldaşım yuxudan ayılmış kimi mənə baxdılar. Kişi özünü necə itirdisə təsbehi əlindən yerə düşdü. Qardaşım əli ilə saçını qarışdırıb yerə çökdü. Başını dizimə qoyub ağladı. Ağlaya-ağlaya deyirdi: - Gör bunlar nələri fikirləşiblər... gör nələrə çəkiblər bizi. Gör nələrə məcbur edirlər bizi? Öz yanacağımızla özümüzü qırmaq istəyirlər. Əlimlə onun başını sığallayıb dedim: - Qoymaram! Qoymaram, bundan sonra bu kənddə hansısa ananın gözü yaşlı qalsın. Hansısa ana mənim çəkdiyimi çəksin. Hansısa ana mən yaşayanı yaşasın. Anam öləndə sən gənc idin. Səni mənə tapşırmışdı. Demişdi ki, səndən muğayat olum. Qoymaram gedəsən. Qoymaram gedəsən. Yoldaşım hönkürə-hönkürə qalmışdı. Həyətdə bütün kişilər çaşıb qalmışdılar. Onlara dedim: - Çox sağ olun. Əziyyət çəkmisiz. Amma məni düzgün başa düşün. Siz salyarkanı versəz, iki saat sonra burada daş-daş üstündə qalmayacaq. Qadınları zorlayıb öldürəcəklər. Kişiləri diri-diri yandıracaqlar. Uşaqların dərisini soyacaqlar. Hamını bədbəxt edəcəklər. Mən yaşayanı qoymaram daha hansısa ana yaşasın. Axı mən anayam! Axı mən anayam!

Yoldaşım gözünün yaşını silib dedi: - Razıyam səninlə. Qardaşım da razılaşdı. Hamı razılaşdı. Qardaşım dedi: - Yaxşı, indi bu bir ton salyarkanı nə edək? Dedim ki, bizim də zirehli texnikamız yanacaqsızlıqdan susur. Ona görədi bu yalançı atəşkəs. Aparın milli orduya verin. Yaxşı ki, su qatmamışıq, halal mal imiş. Elə bilərəm ki, oğlumu onlarla göndərmişəm. Hər alınan torpaqda mənim də oğlumun payı var. Aparın verin! Qardaşım, yoldaşım və həmin yoldaşlar aparıb yanacağı orduya verdilər. Nəticədə silahlı qüvvələrimiz 45 km düşmənlərin geriyə çəkilməsinə səbəb oldu. Özü də qırılmalarının bahasına. Bir həftə şiddətli döyüşlər getdi. Amma nəticə etibarilə onları müəyyən qədər geriyə çəkmişdilər. İndi bu oturduğumuz kənddən-evdən 45-50 km uzaq məsafədədirlər. Ordumuz da səngərlərdə daima növbə çəkir. Heç bu yana quş da uça bilməz, nəinki erməni...

Rejissor və yanındakı çəkiliş qrupu çox təsirli halda donub qalmışdılar. Rejissor: - Anacan, çox ağrılı bir dərddir. Siz çox böyük bir qəhrəmansınız. (yanındakı müxbirə) Sensasiya müğənni deyilee, bax, bu anadır. Azərbaycanda gör nə qədər qəhrəmanlıqlar olub və var. Əsil bir filmin mövzusudur. Amma biz nə çəkməyə gəlmişik? Müxbir qız: - Faciədir.

Rejissor: - Xeyr, faciə deyil. Qəhrəmanlıqdır. Faciə bizik... verdiyimiz suallar, göstərdiyimiz materiallardır.

***

Rejissor ananın əlini öpüb çəkiliş maşınına mindi və gəlib ən arxa oturacaqda əyləşdi. Oradan anaya diqqətlə baxırdı. Maşın tərpəndi, o gözdən itənə kimi rejissor anadan gözünü ayırmadı.

Ana həyətə girdi, yoldaşı da onun arxasınca. O, həyətdən güllər qırmağa başladı. Yoldaşı başa düşüb dedi: - Bu gün day gecdir. Gün batır. Sabah gedərik. Mən də səninlə gedərəm.

Epiloq əvəzi

Elə paxıllığını çəkirəm qəbiristanlığa gedənlərin. Elə paxıllığını çəkirəm öz şəhidinin üstündə Yasin oxutdurub gül qoyanların. Hər bayramda, hər ad günündə qərənfil alıb gedirəm şəhidlər xiyabanına. Qəbir sıralarının arasında gəzirəm. Onlara gül qoyuram. Hərdən elə olur ki, yanvar, fevral, mart aylarında adam çox olur. Özgə qəbrinə gül qoymağa utanıram. Birdən kiminsə xoşuna gəlməz. Amma onların hamısı mənim balamdı. Mən onların hamısının anasıyam.

# 4871 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #