Van Dammın azərbaycanlı gəlini kimdir? – Dosye - Fotolar

Van Dammın azərbaycanlı gəlini kimdir? – Dosye - Fotolar
17 iyun 2021
# 13:08

Məşhur aktyor Jan Klod Van Damın oğlu aktyor Kristofer Van Damm azərbaycanlı qızla ailə qurub.Məşhur ailənin üzvünə çevriləcək Suada Hacızadə kimdir? Kulis.az azərbaycanlı gənc pianoçu qızın bioqrafiyasını təqdim edir.

Hacızadə Suada Elxan qızı 24 oktyabr 1999-cu il Bakı şəhərində dünyaya gəlib. Uşaqlıqdan böyük həvəslə musiqi sahəsinə maraq göstərib.

Hətta anası onun üçün sevdiyi musiqilərin kliplərini xüsusi kasetlərə yazmaqla məşğul olub. Bundan əlavə mahnılar oxuyub, televiziyada yayımlanan uşaq verilişləri, konsertləri və hətta reklam kliplərini həvəslə izləyib. Uşaq oyunlarını və xüsusi ilə rəqs etməyi çox sevib.

Təxminən 4 yaşından bədii gimnastika ilə məşğul olub. İlk dəfə mütaliəyə anası ilə birgə nağıl oxumaqla başlayıb, sonradan isə Bakı Avropa Liseyinin hazırlıq kurslarına gedərkən yazmağı və oxumağı daha da təkmilləşdirib.

Musiqiyə marağını nəzərə alan valideynləri Suadanı 3 yaşından Uşaq Filarmoniyasına, Oqtay Zulfüqarovun rəhbərlik etdiyi ansambla gətirirlər. Oqtay müəllimlə məşğul olmağı Suadanın gələcəyinə böyük təsir göstərir.

Suadanın anası və nənəsi şeirlər, poemalar yazırlar.

Azərbaycanın məşhur tarzənlərdən biri Şirin Axundovun qohumudur. Oqtay Zulfüqarovun rəhbərliyi altında atılan ilk addımlar Suadanı Yasamal rayonundakı 16 saylı Uşaq Musiqi Məktəbinə gətirir.

Burada isə Qara Qarayevin tələbələrindən biri olan Afa Fiqarova ilə fortepiano dünyasına baş vurur. İlk məktəb təhsilinə Bakı Avropa Liseyində başlayır. Namiq Axundov adına 1 saylı orta məktəbdə təhsilini davam etdirir.

7 sentyabr 2012-ci ildə Estoniyanın Tallin şəhərində “Narva ulduzları yandırır” adlı beynəlxalq fortepiano müsabiqəsində II yeri tutur. Azərbaycan bəstəkarlarının əsərlərinin parlaq ifasına görə diploma və xüsusi improvizasiyalarına görə diploma layiq görülüb.

Həmin il Hollandiyanın Hilversum şəhərində “Perpetuum Mobile” fortepiano üzrə Beynəlxalq Müsabiqəsində II yeri, Polşanın Varşava şəhərində “Juliyus Zarebski” adına fortepiano üzrə XIV Beynəlxalq Müsabiqəsində II yeri tutub.

2014-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Muğam mərkəzində keçirilmiş “İstedadlı Uşaqlar Festivalı”nda musiqi sahəsində qazandığı uğurlara və nailiyyətlərinə görə “Azərbaycanın Gələcəyi” mükafatına layiq görülüb və diplomla təltif olunub.

Suada dəfələrlə Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri və Kamera Orkestrləri ilə konsertlər verib. Rusiya Mədəniyyət Mərkəzinin keçirdiyi çoxsaylı tədbirlərdə iştirak edib.
Bu Suadanın arzusudur:

“Hər insanın bir arzusu var, mənim də arzum dünyanın ən tanınmış ifaçıları sırasında olmaqdır və ən məşhur dünya səhnələrində Azərbaycan mədəniyyəti və musiqisini bütün dünyaya tanıtmaq və bizim tariximizi, Qarabağ haqqında bütün həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır”.

Dövlət Filarmoniyasının səhnəsində ilk uğurlu çıxışından sonra gələcəkdə karyerasını pianoçu kimi davam etdirmək fikrinə gəlir.
Suada ümumtəhsil və musiqi məktəbini bitirdikdən sonra, Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasına daxil olub.

Prezident təqaüdçüsüdür.

# 22339 dəfə oxunub

Müəllifin son yazıları

# # #