Tərbiyəli adam əxlaqsız olur - Aqşin Yenisey yazır...

Tərbiyəli adam əxlaqsız olur - Aqşin Yenisey yazır...
12 mart 2021
# 17:35

2014-cü ildə Türkiyədə belə bir söz dueli olmuşdu; prezident bir futbolçuya qollarındakı döymələri irad tutaraq, bunun nə mənaya gəldiyini soruşub bu “cızma-qaraların” dəri xərçənginə səbəb olduğu xəbərdarlığını etmişdi. Müxalifətçi jurnalistlərdən biri bu irada (yəqin ki, Mişel Fukonun "bioiktidar" anlayışını yada salaraq) öz twitter hesabından belə bir münasibət bildirmişdi: “Totalitar rejimlərdə (Türkiyə prezidenti demokratik yolla seçilib - A. Y) sənin bədənin liderə məxsusdur, necə geyinəcəyinə, neçə uşaq doğacağına o qərar verir...”

Bunu xatırlmaqda məqsədim siyasi taftologiyalara baş vurmaq deyil, sadəcə, yazımın nüvəsini ifadə edəcək sözlər bu siyasi deyişmədə öz çılpaqlığı ilə gözə girdiyi üçün “prezident və jurnalist” yolayrıcından dabanıma tüpürürəm; doğrudan da, bizim bədənimiz və onu məhrəmləşdirən geyimimiz, əslində, kimə məxsusdur, biz kim(lər)ə görə geyinir və kim(lər)ə görə soyunuruq? Bizim əynimizin və onun altında gizlədiklərimizin əsl sahibi kim(lər)dir?

Siyasətin və dinin (oxu; maddi və mənəvi kratiyanın) insanı öz qazanclarına uyğun geyindirməsi və soyundurması tarixi gerçəklikdir. Bəri başdan deyim ki, bizdən fərqli olaraq, siyasət və din insanla sevişəndə onu geyindirir, nifrət edəndə soyundurur.
Mani peyğəmbərin, daha sonra sufilərin geyiminə çevriləcək xirqəsi, Məhəmmədin “çadrası”, yunanlardan və misirlilərdən gələn ingilis və fransız aristokratiyasının pariki, Atatürkün “şapkası”, Stalinin bizim aşıqlara geyindirdiyi “hərbi forma” və s. hamının bildiyi “paltarbiçdi” faktlarıdır. Dinin və siyasətin dərziliyinin, yaxud modelyerliyinin məqsədi eynidir; özünə oxşayanı özünə oxşamayandan ayırmaq, dostları və düşmənləri sorğu-sualsız bir-birindən seçmək. Dində və siyasətdə “Sənə” oxşamamaq düşmənçilik üçün kifayətdir. Düşmənsiz din və siyasət hakimiyyət əldə edə bilməz.

Ümumiyyətlə, düşmənin yoxdursa, din ola bilməzsən, siyasətçisənsə, öz düşmənini yaratmalısan. Bəs bəşəriyyətin lüt dövrlərində bu ayrıseçkilik necə aparılırdı? Yenə qədim dünya tarixinə qayıdırıq; lüt dünyada icma üzvlərinin bədənlərində cərrahi izlər qoyulur, döymələr işlənir, yaxud xüsusi aksessuarlar taxılırdı. Məsələn, qədim Moraviyada qaraçıları yerli kütlədən fərqləndirmək üçün sol qulaqlarını, Bohemiyada isə sağ qulaqlarını kəsirdilər.

Bədən üzvündəki xəsarətə görə fərqləndirmənin ən yayğın forması sünnətdir. Bu qədim adəti yəhudilər Misirdən gətirmişdilər. Türk professor Muazzez İlmiye Çığa görə, Şumerlərdən fərqli olaraq, Misirdə dişi deyil, erkək cinsi orqanı bərəkət simvolu sayılırdı və onun ucunu kəsib tanrılara hədiyyə edirdilər. Çox güman yəhudilər bu Misir adətini yeni topraqlarda başqalarından seçilmək üçün istifadə edirdilər. Qəbilə gözəlləri yad qəbilələrin kişilərini son anda tanıyıb, onlarla cinsi əlaqəyə girərək qan qarışıqlığına səbəb olmasınlar deyə öz oğlan uşaqlarını sünnət edirdilər. Sünnət olmayan bizdən deyil. Bizdən deyilsə, düşməndir. Sünnətə haqq qazandıran digər səbəblər uydurma və məqsədlidir.

Daha sonralar bu seçdirmələrə geyim də əlavə olundu. Bütün mənəvi-əxlaqi dəyərlər kimi geyim də başlanğıcda fiziki ehtiyac olsa da, sonradan nəinki əxlaqi, dini, siyasi status qazandı. Bədənimizi gizləsə də, bizim milli, sinfi, şəxsi tariximizi, genefondumuzu, instinktlərimizi nümayiş etdirdi.
Geyim bir növ, şüurdur, bədən onu yönləndirən alt şüurdur. Cəmiyyətdə daha çox müzakirə olunan da geyimin bu özəlliyidir; bədən haqqında göstərgə olması.

Geyimdə bizi qıcıqlandıran, ehtiraslandıran, kədərləndirən onun altındakı bədəndə, “alt şüurda” gizlənmiş gözləntilərdir; yarıçılpaq geyimli qadın – evlənmək olmaz, amma gün keçirmək üçün ən yaxşısıdır, onunla məqsədə görə davranmalı, çünki yarıçılpaq geyimin altındakı “alt şüur” bizdə şübhə yaradır.

Şortik geyinən kişi – şalvar hesabına cəmiyyətdə əldə edilmiş kütləvi cinsi üstünlüyə təhlükədir, şortik şalvarın müxalifətidir; cəzalandırılmalı və susdurulmalıdır.

Çadra bağlayan qadın – mən sizin tayınız deyiləm, allaha inanıram və sizdən bir pillə üstünəm və s. Bunlar hamısı geyimin altındakı bədəndən, “alt şüurdan” ətrafa ötürülən impulslardır. Biz bu intuitiv impulsları cəmiyyətə ötürənə göstərdiyimiz reaksiyalarda özümüzü onun geyiminin deyil, bədəninin sahibi, nəzatərçisi kimi aparırıq. O, bizə demədən soyuna, şortik geyinə, çadra bağlaya bilməz. Onun bədəni bizim ona verdiyimiz qədər azaddır. Çünki o bədənin sahibi bizik, ya da biz olacağıq.

Nümunə: 629-cu ildə keşişlər ilk xristian qadınlarının parik qoymasını qadağan etdi. Niyə? Çünki bazarda satılan ən bahalı saçlar sarı german saçları idi və kilsə Romanı dağıdan german tayfalarından xoşlanmırdı, ona görə də parikləri “şeytanın əməllərinin gizləndikləri yer” adlandırdı. Ona görə ki, xristianların vücudu, jurnalistin dediyi kimi, kilsəyə məxsus idi, özlərinin deyildi. Biz də başqasının geyiminə qarışdıqda özümüzü Roma kilsəsi kimi aparırıq, başqasının bədəninin sahibi kimi.
Şüurda alt şüurda olmayan bir şey var – oyun.

Geyim həm də oyundur.

Müasir dünya zahiri qatda geyimin daha çox oyun funksiyasından yararlanır. Məsələn, varlıların ailə psixologiyasına görə zahiri zənginlik aclardan özünümüdafiə funksiyası daşıyır; bahalı avtomobil, bahalı geyim şəhərin mərkəzində meymunluq edən istənilən “gül balanı” kütlənin yumruqlarından qoruyur. Çünki onun bahalı ayaqqabısı insanların dilini onun özündən daha yaxşı bilir; bu ayaqqabı ətrafdakı qəzəbli kütləyə deyir: “Mənim sahibim toxunulmazdır, onun arxası, adamı var”.

Bayaq o özü üçün geyinmişdi, amma bədəni bizim idi, bu dəfə isə o, bizim üçün, başqaları üçün geyinib, indi biz onun bədəninə yox, onun əynindəki bahalı paltarlar bizə (kütləyə) nəzarət edir. Bizim azadlığımızı və qərarlarımızı müəyyən edir. Bizim bədənlərimiz onun geyimindən qorxur.

Nümunə: 1558-ci ildə taxta çıxan I Yelizaveta yenidən İngiltərədə parik qoyulmasına icazə verdi. Səbəb, deyilənə görə, kraliçanın keçəl olmasıydı. Və kraliçanın parikinin Avropaya təsiri o qədər güclü oldu ki, hətta fransız zadəganları xidmətçilərin saçını kəsdirib pişiklərinə belə parik qoydurmağa başladılar. Parik (geyim) uzun illər bütöv bir qitəyə nəzarət etdi.

Kiçik haşiyə: Qadınların peyğəmbər və filosof ola bilməməsinin də səbəbi geyimdir. Geyimə olan maraq qadının düşüncə vektorunu daima çölə, zahirə yönəldir, geyim və digər zahiri cazibədarlıqlar qadınları batinə, içə dalmağa qoymur. Başları cıncıq-muncuğa, əski-üsküyə qarışdığı üçün içlərindəki peyğəmbərdən və filosofdan xəbərsiz ölüb gedirlər.

Və sonda; məndən soruşurlar, şair, başqasının geyiminə qarışmaq nə dərəcədə doğrudur? Biz şortik geyinəkmi, geyinməyəkmi? Modern cəmiyyətlərdə belə bir problem yoxdur. Modern və mühafizəkar cəmiyyətin başlıca fərqi nədir? Niyə orda olar, burda yox? Cəmiyyətin modern və mühafizəkar olmasının başlıca fərqi tanrıya münasibətdə üzə çıxır, yerdə qalan digər fərqlər və səbəblər törəmədir.

Bu gün dünyanın inandığı tanrı Orta əsrlərdə “doğulub” və bir neçə kitab “yazıb”. Bizim zamanımız dəyişsə də tanrı həp Orta əsrlərdədir və kitabları vasitəsilə bizi də öz zamanına səsləyir. Hədələyir, qorxudur, mükafat vəd edir ki, onun zamanından uzaqlaşmayaq. O insanlar ki, tale, ruzi, xoşbəxtlik və s. məsələlərdə tanrı ilə razılaşdırılmış həyat yaşayırlar, onlar tanrının zamanındadırlar, yəni Orta əsrlərdə.

Onların beyni tanrı ilə doludur, o beyinlərdə özlərinə belə yer yoxdur. “Beyni tanrı ilə doludur” nə deməkdir? Bir diktator düşünün; diktator, əslində, cəmiyyətin azadlığını buxovlayan şəxs deyil, cəmiyyəti öz zamanında, öz düşüncəsində yaşamağa məcbur edən şəxsdir. Bundan ötrü o, öz təbəələrinin beynini özü ilə doldurmalıdır, orada ikinci şəxsə, hətta o beyni gəzdirən insana belə yer olmamalıdır. Tanrı da belədir; o, özünü ona tapınanların beyninə doldurmaqla onları öz zamanına qandallayır. Çünki tanrıların gücü zamandadır. Bax bu cür yaşamadıqları zamana qandallanan insanlardan ibarət cəmiyyət mühafizəkardır. Oradakı beyinlərdə hər şey tanrını ifadə edir. Tanrını ifadə edən məfhum isə müqəddəs olmalıdır.

Sənin geyimin mənim beynimdəki müqəddəsi ifadə etmirsə, hətta onu ələ salırsa, sən bizdən deyilsən, incimə. Çünki mənim beynimi dolduran tanrı bütün kitablarında deyir: “Örtünün!” (Oxu; şortik geyinməyin!) Və mən də, mənim atam da, atamın atası da, onun atası da bu düşüncənin içində doğulmuşuq.

(Mənim inandığım tanrının, aşağı-yuxarı, 3000 il yaşı var, o, lüt-üryan və vəhşi həyat yaşayan insanları görmədiyi, tanımadığı üçün, kitablarından da göründüyü kimi, onların instinktlərinin yaşından da xəbəri yoxdur, o, mənim milyon illik instinktlərimi, təbii azadlığımı özünün 3000 illik şəxsi qadağalarının içinə sığdırmağa çalışır, amma o, öz qadağaları ilə bu günəcən bir oğruya, bir fahişəyə, qalib gələ bilibmi? Yox. Niyə? Çünki insanı oğruya, fahişəyə çevirən instinktlər daha qədimdir, daha mükəmməldir. Çünki o, bilmir ki, əxlaq bizim könülsüz, hətta zor gücünə imtina etdiyimiz özümüzük.)

Ona görə, əziz qardaş, sən şortik geyinməməlisən, ya da bunun bədəlini bir müqəddəsi təhqir edənin cəzası ilə ödəməyə hazır olmalısan. Modern cəmiyyətlər isə öz beyinlərini tanrıdan təmizləmiş, onun yerini insanlarla doldurmuş cəmiyyətlərdir. Modern beyinlərdə müqəddəs heç nə yoxdur, ona görə də modern insanın geyimi heç bir müqəddəsi təhqir etmir, sahibinə də heç bir müqəddəslik gətirmir. Bu üzdən də heç kim heç kimin geyiminə qarışmır, çünki sənin şou-biznes ulduzların kimi Həccə gedib çadra bağlamaq kimi geyimdən müqəddəslik gözləntisi yoxdur. Sən isə burda beyni tanrı ilə dolu bir müqəddəsin əyninə şortik geyindirmək istəyirsən, canına yazığın gəlmirmi? Nə qədər ki, sənin beynin tanrı ilə doludur və sən tanrının zamanında, yəni 3000 il geridə yaşayırsan, sən müqəddəssən. Milə-mil şalvarını geyin, saqqalına yapışan düyünü arıtla və öz müqəddəsliyinin kefinə bax.

P.S. Yəqin ki, yaxın günlərdə bu yazının modernizə olunmuş versiyasını hazırlayacağam.

# 2843 dəfə oxunub

Müəllifin son yazıları

# # #