Toya gedərkən erməni gülləsinə tuş gələn Fəqan - Sara İbrahimin hekayəsi

Toya gedərkən erməni gülləsinə tuş gələn Fəqan - Sara İbrahimin hekayəsi
20 iyul 2020
# 17:52

Kulis.az Sara İbrahimin “Toy paltarı” adlı hekayəsini təqdim edir. Qeyd edək ki, hekayə real hadisələr əsasında yazılıb.

Bu hekayəni müharibə şəraitində, çox çətin şərtlər altında yaşayan həmyerlilərimə, düşmənlə sərhədin iki yüz metrliyində yerləşən kəndimizin bütün şəhidlərinə ithaf edirəm.

Tələsik yerindən sıçradı, yatıb qalmışdı, gecikirdi. Paltarını geyinib evdən çıxdı. Anasının: “yeməyini ye, sonra get” deməyini eşitmədi. Məktəbə hamıdan tez çatmağa tələsirdi. Bu gün məktəb onun üçün zəngini son dəfə çalacaqdı.

Fəqan ailələrinin böyük uşağıydı. Özündən üç yaş kiçik qardaşı və anası ilə, indicə uçulub töküləcək kimi görünən birmərtəbəli, iki balaca otaqdan ibarət evdə yaşayırdı. Atası çoxdan, onun üç yaşı, qardaşı isə qırx günlük olanda ağır xəstəlikdən dünyasını dəyişmişdi. Anaları Sənəm arvad onları əziyyətlə saxladığı mal-qaranın ağartısını, toyuq- cücəsini satmaqla böyütmüşdü.

Ailənin yükü Fəqanın balaca çiyinlərinə də düşmüşdü. Dərsdən gələn kimi anasına kömək etməyə çalışar, gücü çatan bir işin qulpundan yapışardı. Mal-qaralarını kəndin üzüm bağlarının yaxınlığındakı otlaqlara aparar, bir də şər qarışanda onun kimi mal-qara otaran kənd uşaqları ilə evə qayıdardı.

Dərslərini pis oxumurdu, amma ali təhsil haqqında düşünmürdü. Nə əlavə hazırlıq dərslərinə, nə də təhsil,k irayə haqlarını verməyə gücləri çatmayacağını bilirdi. Fikirləşirdi ki, anasını əziyyət çəkməyə qoymayacaq, kənddə özünə uyğun bir işlə məşğul olub, qardaşını oxudacaq. Qardaşının dərslərini yaxşı oxumasına nəzarət edirdi.

Fəqangilin kəndi cəbhə bölgəsində, düşmənlə sərhədin iki yüz metrliyində yerləşirdi. Kənd camaatı müharibə başlayandan, bir gün də olsun evlərindən çıxmamışdılar. Düşmən güllələri dolu kimi başlarından yağsa da “qaçqın, köçkün kimi yaşamaqdansa, öz evimizdə ölmək daha yaxşıdır”, deyib kənddən çıxmamışdılar. Düşmən gülləsinə tuş gəlməmək üçün əkin sahələrində gecələr ay işığında işləyirdilər. Neçə dinc adam öz evində kasıbçılığyla məşğul olduğu vaxt düşmən gülləsinə qurban getmişdi.

Fəqan məktəb həyatının bu son gününü doya-doya yaşamaq istəyirdi. Sinif yoldaşlarıyla bəlkə də, bir də heç vaxt bütün sinif bir yerə yığışa bilməyəcəkdilər. Bir sinifdə oxuduğu Zərrindən xoşu gəlirdi, heç vaxt hiss etmədiyi ilıq sevgi duyğuları ürəyini isitməyə başlamışdı. Məktəbin təşkil etdiyi son zəng ziyafətində Fəqandan çox rəqs edən olmadı. Zərrinin özündən başqasıyla rəqs etməsinə imkan vermədi. Evə də bir yerdə qayıtdılar. Yol boyu gələcək arzularından danışmaqdan doymadılar.

Fəqan heç vaxt kəndlərindən qırağa çıxmamışdı. Ona görə dünya, rayon mərkəzindən çox uzaq, cəmi yüz-yüz əlli evdən ibarət bu balaca kənddən ibarət idi. Balaca televizorlarında Bakını, onun göz qamaşdıran işıqlarını, dənizi görəndə ürəyindən bircə dəfə də olsa, bu sehirli şəhəri görmək arzusu keçərdi. Bir dəfə anasıyla televizora baxırdılar. Ekranda Bakını görəndə anasına:

- Kaş bircə dəfə mən də Bakını görə biləydim, - deyib köksünü ötürdü.

Sənəm arvadın ürəyinin başına od düşdü:

- Ahın dağlara, ay bala, təki istədiyin elə Bakıya getmək olsun, - deyib Fəqanın çiyinlərini, kürəyini nəvazişlə sığalladı.

Fəqan anasının vaxtsız ağarmış saçlarına, üzündəki dərin qırışlara baxıb:

- Zarafat edirəm, ay ana, nə var ey Bakıda, - deyə tez söhbətin mövzusunu dəyişdi.

Bakıya getməyə pulları nə gəzirdi, belə deyib anasının ürəyinə bir dərd də bunu qoymaq istəmədi.

İki gün sonra anası ona:

- Hazırlaş, axşam qatarıyla Bakıya gedirsən. Ceyhun da səninlə gedəcək. Dayıngildə iki-üç gün qalıb gələrsiniz, - deyəndə mat qaldı.

Dayısı Bakıda yaşayırdı, kəndə ildə bir dəfə gəlməyə güclə vaxt tapırdı. Anası şəhərə gedən olanda, ona gücü çatandan kənd payı göndərərdi. Anası dayısı ilə nə vaxt danışmışdı, pulu hardan tapmışdı - Fəqanın bunlardan xəbəri olmamışdı.

Gözləri yaşardı. Anası kasıb canıyla onun arzusunu yerinə yetirmək istəmişdi. Anasını qucaqlayıb öpdü:

- Qurban olum anama, kimin belə anası var!

Qanadı olsaydı sevincdən uçardı, ilk dəfə kəndlərindən çıxıb Bakı kimi gözəl bir şəhəri görəcəkdi.

Ceyhun əmisi oğluydu, uşaqlıqdan bir yerdə böyümüşdülər. Bir-birlərinə sirlərini, sözlərini etibar edirdilər.

Axşam bir-iki yüngül paltar, bir də anasının dayısıgilə qoyduğu pay- puşu da götürüb qonşuları Eldarın maşınıyla dəmiryol vağzalına yollandılar.

Fəqan heç vaxt vağzal, qatar görməmişdi. Gördüyü hər şey ona maraqlı gəlirdi. Arada Ceyhunu dürtmələyir, “qaqa, kef elə, cənnətdəyik” deyə zarafat edirdi.

Səhər tezdən Bakıya çatdılar. Dayısı vağzala onları qarşılamağa gəlmişdi. Uzaqdan onları görən kimi irəli yeriyib gülə-gülə onu qucaqladı:

- Bacıoğlu, yekə kişi olmusan, səni güclə tanıdım, - dedi.

Dayısı istiqanlı, gülərüz adamıydı, yol boyu ondan kəndlərindəki adamların hamısını bir-bir soruşurdu.

Metronun qapısından içəri girən anda Fəqana elə gəldi ki, yeraltı saraya düşüb. Heyrətlə içini çəkdi:” Yerin altındakı şəhərə bax!”

Dayısı əlini onun kürəyinə şappıldadıb güldü:

- Bacıoğlu, hələ bunlar nədir ki, çox şeylər görəcəksən, - dedi.

Hündür göydələnləri görəndə matı-qutu qurudu:

- Vay dədəm, vay, gör dünyada nələr varmış, - deyə qeyri-ixtiyari yanında dayanmış Ceyhunun qolunu sıxdı.

Ceyhunla üç gün Bakıda qalıb, gəzib-dolaşdılar. Dayısı özünün maraqlı, gəzməli hesab elədiyi yerləri bir-bir gəzdirib onlara göstərdi.

Üç gündən sonra Fəqanla Ceyhunu gəldikləri qatarla da kəndə yola saldı. Biletləri kupeyə idi.Yerlərinin biri aşağıda, o biri yuxarıdaydı. Fəqanın dayısı onları qatara mindirib, yerlərini tapmaqda kömək elədi. Çantalarını yataqlarının kənarına qoyub oturdular. Hələ saat səkkiz idi, qatarın tərpənməyinə yarım saat qalırdı. Fəqanın dayısı onları qatara mindirib getmişdi. Gedəndə onlara:

- Bax, qatardan düşməyin ha, qatar tərpənər, çatmazsınız.

Vaqonun içi çox isti olsa da, yerə düşməyə ürək eləmirdilər. Qatarın yola düşməyinə az qalırdı, kupedəki qalan iki yerin sahibi hələ gəlib çıxmamışdı.

İsti olsa da, veclərinə deyildi. Fəqanın dayısının aldığı pirojnalardan, meyvədən yeyir, vaqona yeni gələn adamlara maraqla baxırdılar.

Qatar tərpənməyə hazırlaşanda qulaq batıran fit səsiylə kupe yoldaşlarının içəri girməsi bir oldu. Yol yoldaşları qucağında iki-üç yaşlı oğlan uşağı olan cavan qadınıydı. O, uzun, az qala yerlə sürünən qırçınlı ətək, qolları dirsəyə qədər olan güllü köynək geyinmişdi. Qara saçlı, iri, qara gözləri olan dolu bədənli, qarabuğdayı gəlin idi. Hiss olunurdu ki, təngnəfəsdi, qaçaraq güclə qatara çatıb. Əlindəki çantasını yerə qoyub:

- On üçüncü yer burdadı? – deyə onlardan soruşdu.

Fəqan çiynini çəkib Ceyhuna baxdı. Öz biletlərinin də nömrəsini bilmirdilər. Dayısı onları qatara mindirəndə, yerlərini göstərib getmişdi.

Qadın uşağı aşağıdakı yerlərdən birinin üstündə oturtdu. Əlindəki yelpiklə üzünü yelləyə-yelləyə ikisini də başdan ayağa qədər süzdü.

- Ay uşaqlar, bəlkə içməyə suyunuz ola, qatara gecikirdim deyə, ala bilmədim, uşaq indi su istəyəcək.

Fəqan çantasındakı su şüşəsinin birini çıxardıb ona uzatdı. Qadın su şüşəsini ondan alıb, qapağını açdı, çantasından çıxardığı balaca, qalın stəkana töküb uşağa içirtdi.

Qatar getdikcə sürətini artırırdı. Təkərlərin tıqqıltısı, beşik kimi yırğalanan vaqon uşağı yuxuladırdı. Çox keçmədi ki, uşağın mışıltısı eşidildi. Qadın uşağı yatağa qoyub, özü də çarpayının aşağı ucunda oturdu. Fəqanla Ceyhun kupenin aşağı qatındakı yerdə qadınla üzbəüz oturmuşdular.

Hələ axşamdan idi, heç kim indidən yatmaq istəmirdi. Qadın çantasını eşələyib bir dəstə kart çıxartdı.

- Gəlin,vaxtımızı bunula öldürək.

İkisi də birdən dilləndi:

- Mən oynaya bilmirəm.

Qadın kartları kupenin pəncərəsinin qarşısındakı balaca mizin üstünə qoydu.

- Neyləmək olar, onda söhbət eləyin, hardansınız, nə işlə məşğul olursunuz?

Onun geyimindən, danışığından qaraçı olduğu hiss olunurdu, amma həmişə gördükləri, küçədə dilənən tipik qaraçılara oxşamırdı. Qaraçı qadının dediyinə görə o dilənmirdi, rayonların birində yaxşı ev-eşiyi, torpağı, kiçik mağazası vardı.

Ceyhun “qaraçıların çoxu fala baxmağı bacarır, dedikləri də çox vaxt düz çıxır” deyəndə, qaraçı gülümsəyib dedi:

- Mən də baxa bilirəm. Sonra əlini Ceyhuna uzadıb “ver əlini” deyəndə Ceyhun Fəqana göz vurub əlini qaraçıya uzatdı:

- Amma sənə verməyə pulumuz yoxdu, - dedi. Qaraçı qadın:

- Sizdən kim pul istəyir ki, ver əlini bura! - deyib fal açmağa başladı.

- Oğlan, sənin çox gözəl taleyin olacaq. Sevdiyin qızla evlənəcəksən, çoxlu uşaqların olacaq. Uzun ömür yolu görürəm.

Ceyhun eşitdiklərindən məmnun halda: “indi də Fəqana bax”,- dedi.

Fəqan gülə-gülə əlini qaraçıya uzatdı. Qaraçı Fəqanın əlini öz əlinin içinə alıb diqqətlə baxdı. Fəqana elə gəldi ki, qaraçı diksindi. Qadının qaşları düyünlənmişdi, gözünü onun əlinin içindəki xəttlərdən çəkmirdi.

- Həə, nə görürsən de gəlsin, - deyən Fəqanı sanki eşitmirdi. Handan- hana: “nə isə, yaxşı görünmür”, deyə mızıldandı.

Fəqan: “əşi, nə görürsən, döşə gəlsin, onsuz da inanmıram” deyib qaraçını ürəkləndirmək istədi.

Qaraçı qadın dərindən nəfəs alıb “nə görürəm deyəcəm, amma çox inanmayın” deyib Fəqanın üzünə baxmadan:

- Sənin ömür xəttin çox qısadır, yarıda qırılır. Sən, on səkkiz yaşın tamam olan gün, toy paltarın qucağında evdən toya getməyə çıxacaqsan, amma toya yox, ölümə gedəcəksən!

Qaraçı bu sözləri birnəfəsə, sanki əvvəlcədən əzbərləmiş kimi, tez- tələsik deyib susdu.

Araya uzun bir sükut çökdü, heç biri danışmırdı. Qaraçı özü də sanki dediyi sözlərin təsiri altına düşmüşdü. Ceyhun yuxudan ayılan kimi oldu.

- Əşi, boş şeylərdi, fala inanma, faldan da qalma, - deyib, araya çökmüş cansıxıcı sükutu pozdu.

Qaraçının sözləri Fəqanı yaman tutmuşdu, ürəyinə bir kədər, sıxıntı dolmuşdu, amma özünü o yerə qoymayıb Ceyhunun dediklərini təkrar etdi:

- Boş şeydi, gələcəyi heç kim görə bilməz.

Ürəyində nə isə qırılıb dağılmışdı, nə qədər çalışırdısa, o qırılanları bir yerə yığa bilmirdi.

Hərə öz yerinə yatmağa uzandı, hamı yatsa da, o gecə Fəqanın gözünə yuxu getmədi. Qaraçının sözlərini yadından çıxarda bilmirdi. “Görəsən, fal mənə niyə elə çıxdı? Ceyhuna nə yaxşı sözlər dedi”. Səhərə qədər yatağında bu fikirlərlə çevrikdi.

Səhər obaşdan qaraçı qadın stansiyaların birində onlarla sağollaşıb qatardan düşdü, amma Fəqanın rahatlığını da özüylə apardı.

Bakıya gedib qayıtmağından aylar keçmişdi. Qatardakı qaraçı qadının ona dediyi sözləri unuda bimirdi. Ürəyində bir səksəkə, narahatlıq qalsa da, çəkdiyi sıxıntıları heç kimə demirdi.

Bir neçə dəfə Zərrinlə görüşlərində, qız bunu hiss edib ondan səbəbini soruşmuşdu. Fəqan ürəyindəkiləri ondan da gizlətmişdi. İstəmirdi ki, Zərrinin də ürəyinə onunku kimi səksəkə düşsün.

Payızın gəlişilə işləri çoxalmışdı. Qış üçün odun tədarükü görəcək, mal- qaraya ot ehtiyatı yığacaqdı. Buludlu, çiskinli payız səhəriydi. Heyvanlarını örüşə ötürüb, kəndin arasındakı torpaq yolla evə qayıdırdı. Bu gün nədənsə qüssəliydi, səbəbini bilmədiyi bir kədər ürəyini sıxırdı. Həmişə kədərli olanda, sevdiyi bir mahnını astadan oxuyurdu:

Uca dağ başında ceyran yol eylər,

Ürəyim başında tikan kol eylər.

Yaralıyam, dəymə, dəymə,

Könlümün budağın əymə, əymə…

Kəndin ortasındakı camaatın içməli su götürdüyü bulağa çatanda, hər əlində dolu bir vedrə ilə su aparan bibisi qızı Sonanı gördü. Sona şən, zarafatcıl, deyib-gülməyi xoşlayan qızıydı. Özündən iki yaş böyük olan bibisi qızını çox istəyirdi, bacısı olmadığından, onu özünə bacı bilirdi.

Sona uzaqdan şən, cingiltili səslə onu hayladı:

- Ay Fəqiş, yenə bayram şəkərburasına dönmüsən, haralardasan?

İrəli yüyürdü, vedrələri Sonadan alıb, özü götürdü. Sonayla, uşaqlıqda etdikləri dəcəlliklərdən, kənddəki son xəbərlərdən danışa- danışa, bibisigilin doqqazına çatdılar. Sona Zərrindən söz salıb, onu təriflədi:

- Elə bilirəm ki, doğma bacımdı, çox yaxşı qızdı, bir-birinizə də yaraşırsınız. İnşallah, əsgərliyiə get, sağ-salamat qayıt, bacın toyunda ayaqyalın oynayacaq,- deyib toyda oynayırmış kimi yırğalandı. Fəqan qızın axırıncı sözlərini eşidəndə, qüssəli gözləriylə ona baxıb: “nə bilim,qismət!” deyib, ondan ayrılmaq istədi. Onun gözlərindəki kədər Sonanın nəzərindən yayınmadı. Diqqətlə Fəqana baxıb:

- Sən Allah, niyə belə fikirlisən, sənə nolub?- deyə ondan soruşdu.

Sonanın mehriban səsi, qayğıkeşliyi onu ürəkləndirdi, nə vaxtdı ürəyini sıxan, özünə dərd elədiyi, qatardakı qaraçının falına baxıb dediklərini qıza danışdı. Sona mehribanlıqla Fəqanın çiyninə toxunub:

- Gör, nəyi ürəyinə salıb dərd edirsən ey, mən də dedim görəsən nə olub? Sən bilmirsən ki, qaraçılar oğru, fırıldaq şeydilər? Allah bilir ki, nəyi isə gözaltı edib oğurlamaq istəyirmiş, elə deyib ki, fikirləşəsən, başın qarışsın, o da əlinə keçəni çırpışdırsın, - dedi.

Onun sözləri Fəqanın ağlına batdı,bürəyində özünü danladı: “bu qız qədər də ağlım yoxdu, neçə aydı, bir qaraçının sözü məni girinc edib”. O, Sonayla bu söhbətdən sonra qatardakı qaraçını da, onun falını da unutdu.

Kənddə vəziyyət yenə gərginləşmişdi. Düşmən demək olar ki, hər gün atəşkəsi pozurdu. Kənddəki hərbi hissəyə hər gün canlı qüvvə, texnika gəlirdi. Gecələr atılan mərmilərin səsindən yer-göy lərzəyə gəlirdi. Düşmən tərəfdən atılan güllələr evlərin qapı-pəncərəsini dəlik-deşik edirdi. Kənd sakinləri elə gün olurdu ki, evlərindən həyətlərinə çıxa bilmirdilər. Düşmən tərəf bir neçə dəfə hücuma keçsə də, qarşısı alınmışdı. Kənddəki hərbçilərə əks-hücuma keçib, kəndi atəş altında saxlayan düşməni geri oturtmaq əmri verilmişdi. Erməni hərbçilərinin nəzarətində olan kəndi azad etsəydilər, əhali üçün təhlükə aradan qalxacaqdı.

Üç gün davam edən qanlı döyüşlərdən sonra, düşmən geri çəkilməyə məcbur oldu, neçə vaxtdı düşmənin əlində olan qonşu kənd ermənilərdən azad edildi. Həmin kəndə indi bizim hərbçilər nəzarət edirdilər.

Kənddə daha atəş səsləri eşidilmirdi, kənd camaatı yenidən dinc həyatına qayıtmışdı, öz gündəlik qayğıları, həyət-baca işlərilə məşğul ola bilirdilər.

İki gün sonra Fəqanın qonşu kənddə yaşayan xalası oğlunun toyu olacaqdı. Anası Fəqana da, qardaşına da toya geyinmək üçün təzə paltar almışdı. Hər ikisinin paltarını ütüləyib səliqə ilə dolaba asmışdı. Anasıyla qardaşı toya səhər tezdən, o isə bir üz gec - həyət-bacanı, mal- qaranı rahatlayandan sonra gedəcəkdi. Xalası oğluyla onun ad günü təsadüfən eyni günə düşmüşdü. Bu gün onun on səkkiz yaşı tamam olurdu.

Səhər tezdən oyanmışdı. Bu gün işlərini hər günkündən daha tez qurtarmalıydı. İşlərini tez qurtara bilsə, toya da tez gedəcəkdi. Anası səhər tezdən qardaşını da götürüb toy evinə getmişdi. Toy elə xalasıgilin həyətlərində - özləri qurduqları çadırda olacaqdı.

“Bəlkə Zərrin də toya gedəcək, görəsən, onları toya çağırıblar? Çoxdandı onu görmürəm, gəlsəydi yaxşı olardı”. Bu fikirlərlə işlərini qurtarmağa çalışırdı. Günortadan bir az keçmişdi. Toyuq-cücəni hinə, mal-qaranı yerlərinə salıb qabaqlarına ot tökdü. İndi tez yaxalanıb geyinmək olardı.

İri qazanda su qızdırıb yuyundu, tələsik qurulanıb həyətdən evə keçdi. Toy paltarını dolabdan çıxarıb çarpayısının üstünə qoydu. Əliylə köynəyini, şalvarını sığalladı. Məktəbi bitirəndən sonra təzə paltar almamışdı. Köynəyini əzməsin deyə ehtiyatla götürüb bir qolunu geyinmişdi ki, Ceyhun hay-küylə içəri girdi:

- Xəbərin var, kəndin uşaqları gizlincə ermənidən aldığımız kəndə keçirlər. Ermənilər tanklarını, toplarını, döyüş maşınlarını atıb qaçıblar. Gedək, biz də baxaq.

Fəqan başqa vaxt olsaydı, düşünmədən razılaşardı, döyüş maşınları, silah-sursat onu həmişə maraqlandırırdı, amma indi toya getməliydi deyə:

- Yox, qaqa, mən toya gedirəm, həm də bizi ora buraxmazlar, - dedi.

Ceyhun:

- Mən üzüm bağlarının arasıyla gizli yol bilirəm, heç kim bizi görməyəcək. Paltarını bir torbaya yığ, gedək baxaq, əynini dəyişib elə ordan da toya gedərsən, - dedi.

Fəqan bir az tərəddüd etsə də, maraq güc gəldi. Həm də Ceyhunun təklifi ağlabatan idi. Paltarını orda dəyişsə, toya vaxtında çata bilərdi. Həmin kənddən xalasıgilin kəndinə kəsə yolla on beş dəqiqəyə getmək olardı.

Bir qolunu geyindiyi köynəyini çiynin üstündə saxlayıb Ceyhuna qulaq asırdı. Köynəyi soyunub səliqə ilə qatladı, şalvarı ilə birlikdə sellofan torbaya qoydu.

Üzümlüklərin arası ilə hərbçilərdən gizlənə-gizlənə, düşməndən azad olunmuş kəndə çatdılar. Kənd xarabalığa oxşayırdı. Yandırılmış evlərin qalıqları hələ də tüstülənirdi. Dağılmış, yandırılmış evlər, ətrafa səpələnmiş avtomat patronları, lüləsi gövdəsindən aralanmış toplar, yerdəki hələ qurumamış qan ləkələri vahimə yaradırdı. Səssizlik, gördüyü qorxunc mənzərə Fəqanı üşərgələndirdi. Gəlməyinə peşiman olmuşdu.

- Gəl gedək, daha gecdi, hava bir azdan qaralacaq,- dedi. Ceyhun bir az aralıdakı təpəni göstərib:

- Sən burda gözlə, mən o təpənin arxasına baxıb qayıdıram, deyəsən orda tank vurublar.

O, təpənin arxasında gözdən itdi. Fəqan topun qopmuş lüləsini içinə baxır, onu yerindən tərpətməyə çalışırdı, arada Ceyhun gedən tərəfə boylanırdı.

Yüz yüz əlli metr aralıda yeganə salamat qalmış ev görünürdü. Ona elə gəldi ki, evin yan tərəfində kimsə görünüb yox oldu. Qulağına tanış olmayan dildə danışıq səsləri gəldi. “Ola bilməz, axı kənd bizimkilərdədi, yoxsa...” ağlına gələn fikir onu qorxutdu. Əmisi oğlu gedən tərəfə boylandı, Ceyhun görünmürdü. “Tez burdan getmək lazımdı”, artıq təhlükədə olduqlarını hiss edirdi.

Evin arxasından üç nəfər çıxıb, ona tərəf istiqamət götürmüşdü. Hərbi geyimdəydilər, çiyinlərində avtomatları görünürdü. Yerə qoyduğu torbanı götürüb qaçmağa başladı. Rus dilində “ dayan!” deyən saqqallı avtomatını ona tuşlamışdı. Torbanı sinəsinə sıxıb üzüm bağlarına tərəf qaçırdı. On-on beş addım aralanmışdı ki, avtomatın şaqqıltısını eşitdi. Ürəyi az qalırdı ki, sinəsini yarıb çıxsın. Ayağı yerdəki daş parçasına ilişib səndirlədi, az qala üzü üstə yıxılacaqdı. Özünü toparlayıb yenidən qaçmaq istədi. Qəfil açılan atəşdən qulaqları uğuldadı, ona elə gəldi ki, kürəyində ocaq çatdılar. Yandırıcı ağrı bədəninin hər tərəfinə yayıldı. Ləngərləyib, üzü üstə yıxıldı. İsti bir şeyin çiyinlərindən aşağı qollarına, sinəsinə axdığını hiss edirdi. Gözləri yavaş-yavaş yumulur, şüuru itirdi. Son gücünü toplayıb tərpəndi: durmağa çalışdı, qucağında sıxıb saxladığı sellofan torba xışıldadı. Paltarı olan torbanı yıxılanda da əlindən buraxmamışdı.

Zəifləyib sönməkdə olan şüuru birdən-birə aydınlandı, qaraçının qatarda ona dediyi sözlər zehnindən ildırım kimi keçdi: “toy paltarın qucağında ölümə gedəcəksən!”

Gözləri işığını itirib öləziyirdi, hər yer tor içində görünürdü. Avtomatlılar başının üstündə dayanmışdılar. Biri ona tərəf əyilib nə isə dedi, əlində tutduğu bıçağın parıltısı sönük gözlərində əks olundu. Bu, onun eşitdiyi axırıncı səs, gördüyü son parıltı oldu.

P.S. Fəqanın meyitini düşməndən bir həftədən sonra, çox çətinliklə ala bildilər. Neçə şəhid vermiş kənd adamları hələ belə vəhşilik görməmişdilər. Quduzlaşmış cəlladlar yaralı Fəqanı amansızlıqla qətlə yetirmişdilər. Onun meyiti görənləri dəhşətə gətirirdi. Meyitin başı bədənindən ayrılmış, dərisi soyulmuşdu.

Fəqan Ceyhunla kəndə girməmişdən bir saat əvvəl, bizim hərbçilər müvəqqəti kəndi tərk edib geri çəkilmişdilər. Ceyhunun bundan xəbəri olmamışdı, özü isə çətinliklə xilas ola bilmişdi.

Fəqanı kənd qəbristanlığında hündür bir təpənin üstündə dəfn etdilər. Bura ziyarətə gələnləri Fəqanın qara mərmərə həkk olunmuş, qollarını sinəsində çarpazlayıb kədərli gözlərilə baxan şəkili qarşılayır. Sanki toy paltarını qucaqlayıb, çatdıra bilmədiyi toya getməyə hazırlaşır.

# 3391 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #