Sabah bu yataqda çılpaq qolların... - Yeni şeirlər

Sabah bu yataqda çılpaq qolların... - Yeni şeirlər
19 may 2021
# 17:46

Bu gün şair, publisist, saytımızın əməkdaşı Qorxmaz Şıxalıoğlunun 66 yaşı tamam olur. Kulis.az bu münasibətlə şairi təbrik edir, onun yeni şeirlərini oxucuların diqqətinə çatdırır.

Qulaq as, gülüm,
ərz eləyim biləsən ki,
ovqatım necədir:
...Qaş qaralan vaxtı
bir kənddə
bir günahsız qaraçını təkləyib
döydü beş-altı nəfər.
Partlasa da üzü-gözü,
amma qaraçının bir dəfə də
çıxmadı səsi.
Qara saçlarının arasından
qan axa-axa
qaraçı üz tutdu məchulluğa,
qarışdı qaranlığa...
...İndi bildinmi,gülüm,
bu payız axşamı necədir halım?!

***

Bir azdan qaranlıq düşəcək, tələs,
Daha vaxt uzatma “gedirəm” deyə.
Niyə üzülürsən, onsuz da sabah,
Yenə gələcəksən məni görməyə.

Qorxma, bu həftə də hələ bizimdi,
Pəncərəsi böyük bu hündür otaq,
Sabah bu yataqda çılpaq qolların,
Yenə də boynumu qucaqlayacaq.

Od vurub yenə də yüz xatirəyə,
Yesenindən şeir deyəcəyik biz.
Daha ayrılırıq ömürlük deyə,
Dünyanı, taleyi söyəcəyik biz.

Əbədi ayrılıq, hicran qorxusu,
Qəmli iz salacaq büllur səsinə.
Bilirəm ki, daha böyüyüb qızın,
Mənimlə görüşmək ağırdır sənə.

Neyləyək, bu dünya bizlik deyil, yox.
Adətlər, qanunlar kəsib yolları...
Bir vaxt gömsələr də, məni torpağa.
Səni gözləyəcək çöldə qollarım...

Yeddi günümüz var hələ qabaqda,
Kədər gözlərinə kölgə salmasın.
Bir də ki, lap gəlsin fələkdən, haqqdan,
O hansı sevgidir sonu olmasın? !

Bir azdan qaranlıq düşəcək, tələs,
Daha vaxt uzatma “gedirəm” deyə.
Niyə üzülürsən, onsuz da sabah,
Yenə gələcəksən məni görməyə.

***

Dostum, gecə qatarla
Yol gedəndə bilirəm,
Fikir tutub yaxandan,
Çəkir səni min yerə.

Dəmir çarxların səsi,
Qüssə, soyuq gətirir.
Ən şirin xatirə də
Qəlbində qəm bitirir.

Kədərli düşüncələr
Səndən əl çəksin deyə,
Arabir pəncərədən
Boylanırsan gecəyə.

Bir gün ölüm, bilirsən,
Son qoyacaq ömrünə.
Səndən sonra qatarlar
Gəlib-gedəcək yenə.

Bu fikir ürəyinə,
Qoy qara xal salmasın.
Şaxta vuran çiçəktək,
Ümidlərin solmasın.

Dostum, qoy ürəyini,
Bürüməsin duman, çən.
Elə bil, bu dünyaya
Yüz yol gəlib-getmisən.


Elə bil, başlamısan
Təzəcə bir ömür sən;
İlk dəfədir qatarla
Sən gecə yol gedirsən.

***


Vallah, belə adam olmaz.
Vallah, belə adam olmur.
Bu gözəl baharı,
çiçəkləyən ağacları,
yamyaşıl yamacdan
dağlara uzanan torpaq yolu,
elə bil, görmür bu adam.
Heç nəyə sevinmir,
heç nəyə qəmlənmir...
Yəqin bu adam
dünyaya göz açanda,
Allahın işi çox olub-
xəbəri olmayıb
onun dünyaya gəlməyindən.

***

Hər Bakıdan gələndə,
xəstə anasına söz verər:
“Gələn dəfə səni mütləq
özümlə aparacam,
yaxşı bir həkimə göstərəcəm”.
Anası da gözlərində gizli kədər,
baxar onun nimdaş paltarına,
rəngi getmiş ayaqqabısına,
ürəyi sıxılar.
Hər dəfə də şəhərə,
anasını yox, onun verdiyi
dolu zənbili aparar.

***


Bəlkə də, qırx ildi yola getmirik,
Mənəm, bu şəhərdi, bir də bu külək.
Bizə çatan olmaz, tərslikdə birik,
Mənəm, bu şəhərdir, bir də bu külək.

Çox vaxt bir-birində qüsur axtaran,
Ayağında nöqsan, kəsir axtaran,
Elə dostunu da gəzib-axtaran,
Mənəm, bu şəhərdir, bir də bu külək.

Bircə gün olmadım, darıxar şəhər,
Küləyi dalımca kəndə göndərər.
Bir-birini qıran, yenə də səhər,
Mənəm, bu şəhərdir, bir də bu külək.

Ahıllıq başımın üstünü alıb,
İndi də oğlumla şəhər dost olub.
Evimdə bir köhnə şəkil asılıb-
Mənəm, bu şəhərdir, bir də bu külək.

***

Bizim kəndin köhnə məzarlığında,
Elə bilirəm ki, mənim qəbrim var.
Dostlarım tənbəllik etməsə orda,
Axtarıb qəbrimi rahat taparlar...

...Heç yadımdan çıxmaz o şaxtalı gün,
Artıq son nəfəsim gedib-gəlirdi.
Kimsə gözlərimin çökəyindəki,
Titrək göz yaşını ehmal silirdi.

Evimizin köhnə, taxta qapısı,
Açılıb-örtülür tez-tez-bilirdim.
Dolurdu içəri çölün şaxtası,
Mənə fərq etmirdi-daha ölürdüm.

Qalmışdı ağlaşma səsi uzaqda,
Bir fikir çəkirdi dara səbrimi:
“Görən səhər tezdən qarda-sazaqda,
Necə qazacaqlar mənim qəbrimi?”

Yaxşı yadımdadır, necə öldürdüm,
İlk gecə qəbrimə girən ilanı.
...Sonra nələr oldu-deyə bilmərəm
O gündən yadımda budur qalanı.

Yenə yolum düşür kəndə-kəsəyə,
Qohumu-qonşunu görürəm yenə.
Bir vaxtlar üstümdə ağlayanların,
Hamısı sakitcə baxırlar mənə.

Bilmirəm-mən ölən o şaxtalı gün,
Yüz il, bəlkə min il qabaqlar olub.
Qismətimə düşən neçə ölümün,
Nədənsə bircəsi yadımda qalıb.

***

Vəli Səyyadiyə

Mən elə həmin yerdəyəm, Vəli!
İllər əvvəl gördüyün-
xəyanətin, yalanın olmadığı yerdə.
Dostlarım da həmənkidir-
mərd, həqiqətin vurğunları.
Yolum da dəyişməyib,
üzü Günəşə, işığa tərəfədir.
Bir sözlə,
məndən arxayın ol, Vəli!

***

Həmişə narahatam,
sanki içim qəmbər döşənmiş
küçədir.
Bu küçədən ən təzə,
ən bahalı maşınlar
keçib getmək istəyiblər-
olmayıb.
Ona görə də
bu qəmbər daşların üstündən,
bəlkə də, yüz dəfə
asfalt çəkmək istəyiblər.
Ancaq nə illah eləyiblər,
bu daşlar asfalt götürməyib,
asfaltla barışmayıb.
...Həmişə narahatam,
sanki içim qəmbər döşənmiş
küçədir.

***

Yol qırağındakı bu daş
çox doğma gəlir mənə.
Elə bil, üzümə gülür,
hər yanından keçəndə-
yüz ilin tanışı kimi.
Bu daş, yəqin
insan olub bir zaman.
Sonra bezib Göydən, Torpaqdan,
insan olmaqdan.
Hər şey darıxdırıb onu.
Darıxmaqdan daşa dönüb.
Yəqin bu daş məni,
dişinə vurur hələ.
Ancaq bir gün, bilirəm,
o, dil açıb mənimlə danışacaq.

# 2404 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #