Rokinin döyülməsi – Nahiddən yeni hekayə

Rokinin döyülməsi – <span style="color:red;">Nahiddən yeni hekayə
18 dekabr 2019
# 18:17

Kulis.az gənc yazar Nahid Hacızadənin “Rokinin döyülməsi” heklayəsini təqdim edir.

İlk dəfə idi oğlumun gözü önündə dalaşırdım. Sınmış burnumun beynimi deşən ağrısı fikirlərimi daha səliqəli yazmağa imkan versəydi, hadisəni ətraflı şəkildə izah edərdim. Üzrlü sayın. Həkim gəlməlidir. Burnumdakı pambıqların yenisi ilə əvəzlənməsi lazımdır.

Oğlum beş yaşında, “Atanın adı nədir?” sualını eşidən kimi, “Roki!” – deyib yumruq atan balaca oğlandı. Yataq otağımızdakı çarpayı mənim üçün kredit yükü, onun üçün döyüş meydanıdır. Hər gün yarışı olur – Roki ilə. Saatın neçə olması, Rokinin yorğun olub-olmaması vecinə deyil. Təyin etdiyim qaydaların heç birini qəbul etməz. Öz qaydaları var.

1-ci qayda. O, hər şey ola bilər: Yenilməz Kaplan, Demir Robot, Ben10, Tobot.

P.S. Azərbaycan dilində cizgi film göstərən uşaq kanallarının olmamağının acı nəticəsi – Türkiyə türcəsi ana dilimizə dönür. Dəfələrlə telefonda “Tıq-tıq xanım” cizgi filmini göstərsəm də, “İngiliscə başa düşmürəm”i əsas gətirərək baxmayıb. Uşaq öz dilində illüstrasiya, qəhrəman görməyib, neyləsin.

2-ci qayda. Təkcə onunun vurduğu zərbələr sayılır. Atdığı yumuruqlara yanağımı şişirtməli, zərbələrin partlayışlı, gözəl alınmasına şərait yaratmalıyam.

3-cü qayda. Döyüşdən kimin qalib ayrıldığına yalnız özü qərar verə bilər.

Qəbul etdiyim bir həqiqət var: Çox zaman həyat insana kim olduğunu, kim olacağını xırda məqamlarda göstərir. Bu xırda məqamları görən var, görməyən var. Nədənsə komik hekayələr danışmağı bacaran stendapçı Eldarın önünə hər zaman komik hadisələr çıxır. Mən isə… Başıma gələn ən gülməli əhvalatı tapıb danımaq üçün saatlarla fikirləşməliyəm.

Başıma gələn tradikomit hadisələrdən biri.

İlk dəfə oğlumun gözü önündə dalaşmağım gərəksiz səbəbdən baş verdi.

Yatmamışdan qabaq oxuduğum motivasiya kitabı işə yaramamışdı deyəsən. Günə uğursuz başlamışdım. Cib telefonumun ekranı sınmış, wi-fi ruteri sıradan çıxmış, ən dəhşətlisi isə tualet kağızının bitdiyini son anda gördüyümə əsəbləşmişdim. “Əgər günə bir problemli məsələ ilə başlamısınızsa, əmin olun, günün sonunda sizin artıq ən azı dört probleminiz olacaqdır.” Motivasiya kitabından yadımda qalıb.

Baxça çıxışında Yenilməz Kaplan gec gəldiyimə küsüb maşının arxa oturacağında deyil, öndə oturacağını bildirəndə önümüzdə dördüncü problem peyda oldu. Dar küçədə maşını bu cür park etmək bir pazl lövhəsində düz gəlməyən fiqurun zorla başqa cizgiyə pərçimlənməsi kimi idi. Siqnalı bir neçə dəfə sıxıb yol verməsi üçün işarə etsəm də, nəticəsi olmadı. Zaman hər şeyin səbəbkarı, insanlar isə səbəbin formalaşmasına dəqiqliklə əməl edən varlıqlardır. Baxçaya vaxtında çatsaydım, Yenilməz Aslan küsməsəydi, cizgisinə düz gələməyən Pazl gəlməmişdən yola düşəcəkdim. Olmadı. Səbəb çəkdiyi “Dördüncü problem” filminin baş rolunu mənə vermişdi.

“Dördüncü problem” filmi.

Dubl 1: Yaxa-paça.

Əllərimiz bir-birimizin yaxasında, itələşirik. Əsəbiyəm. Siqnalı neçə dəfə sıxdığımı, Pazlın neçə dəfə “bir dəqiqə!” göstərdiyini xatırlamıram.

Dubl 2: Dialoq.

“Problem axtarırsan özünə?” – mən deyirəm. “Problem həll edənsən?”- o, deyir. Səbəb məni maşından düşürdüb nəzakətlə, “Üzr istəyirəm, maşını bir balaca qabağa verin, mən çıxım” üslubunda danışdıra bilərdi. Sadəcə süniliyə ehtiyac duymayıb. Günümün uğursuz, əsəbi keçməyi danışığıma təsir etməli imiş, filmdə hər şey təbii olmalı imiş.

Dubl 3: Zərbə.

Sol gözümdə ildırım çaxdı, ya da hardansa gözümə ağ işıq tutdular. Son günlər oftalmoloq qəbulunda müayinə zamanı ağ işığa dəfələrlə baxmalı olmuşam. Bəlkə də həkim qəbulunda idim. Bəlkə də həkim özü gəlmişdi. Çətin səhnələr üçün dublyordan da istifadə edə bilərdi. Bunda da süniliyə ehtiyac duymayıbmış.

Dubl 4: Keçmişi xatırlamaq.

Yataq otağındakı çarpayıda üzü üstə uzanmışdım. Ətraf dumanlıydı. Yenilməz Kaplan Roki 5, Roki 6, Roki 7… sayırdı. Çarpayımda olsam da, dört yanım izləyicilərlə dolmuşdu. Rinqin işıqları mənə fokuslanmış, tamaşaçılar “You are the best!”, “You can do it!” sədaları ilə hayqırırdılar. Kimsə “Tıq-tıq xanım” cizgi filminə baxırdı deyəsən. Nəfəs aldıqca burnuma asfaltın tozlu qoxusu gəlir, öskürək tutur, baş verənləri dərk edə bilmirdim.

Dubl 5: Gülmsəməklə qələbə qazanmaq.

Ayağa qalxıram. Pazlı nakauta salacaq duruşdayam. Sifətimin yaxınlığında sıxdığım yumruqlarım havada xəfifcə yellənir. Belə duruşla Yenilməz Kaplana az zərbələr endirməmişəm. Yüzdə doxsanı hədəfə dəyir. Pazl yenidən üstümə cumur. Sağ zərbə sol zərbəni əvəz edir, ya da əksinə. Maşına çırpılıram. Dörd tərəfdən kameralar bizə tuşlanıb. Yutubun trendinə düşəcək döyüşdü. Bədənimə dəyən saysız yumruğun, təpiyin arasından imkan tapıb Yenilməz Kaplana gülümsəyirəm.

P.S. Uşaqlar atalarının gülümsəməsini bir cür başa düşər – Hər şey əladı, qorxma.

Dubl 6: Son

Tamaşaçılar işə qarışır. Pazlı qucaqlayıb bizi ayırırlar. Sinəm ciyərlərimi zəbt edə bilmir. Maşına söykənib dizlərimə dirsəklənirəm. Ayağımın önünə qırmızı damcılar düşür. Qırmızı yağış haqqında internetdə çoxlu məqalə oxumuşdum. Havanın çirklənməsidir, ya da ürəyin. Burnumun ağrısı başımı deşir, nə oxuduğumu dəqiq xatırlamıram.

Zərbələrə dözən, onuncu saya çatmamış yıxıldığı yerdən duran Roki yenilməz Kaplan üçün qəhrəmandı. Maşının ön oturacağından “Roki, Roki!” sədaları eşidirəm. Hədəfə dəyməyən zərbələrim suda boğulan insan çırpınışına oxşasa da, Yenilməz Kaplan üçün heyrətamiz fəndlər kimi görsəndiyinə əmin idim.

Sınmış burnumun beynimi deşən ağrısı fikirlərimi daha səliqəli yazmağa imkan versəydi, Pazlın yol verdikdən sonra Yenilməz Kaplanın qələbəmə sevinməyindən, anasına Rokinin havada süzən zərbələrindən ağız dolusu danışmağından ətraflı yazardım. Burnumdakı pambıqların yenisi ilə əvəzlənməsi lazımdır. Həkim gəlib. Burda bitirmək istəyirəm. Bəziləri problemli olsa da, xatirələrdən öyrəndiyim çox şey var. Demişdim axı, həyat insana nə olacağını, kim olacağını xırda məqamlarda göstərir. Həkim getsin yeni hekayəyə başlayacam…

# 2090 dəfə oxunub

Müəllifin son yazıları

# # #