Qəbələ Musiqi Festivalı başa çatdı

Qəbələ Musiqi Festivalı başa çatdı
5 avqust 2021
# 18:14

Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin və Bakı Musiqi Akademiyasının dəstəyi ilə iyulun 31-də başlayan XII Qəbələ Musiqi Festivalı avqustun 4-dək davam edib.

Kulis.az xəbər verir ki, builki festival əlamətdar hadisəyə - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuşdu. Yubileyin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il mayın 26-da Sərəncam imzalayıb. Bununla bağlı respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. XII Qəbələ Musiqi Festivalı da yubileyə həsr olunmuş tədbirlərdən biri idi.

Musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının proqramı bu il də çox zəngin olub. Musiqisevərlər festival günlərində bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alıblar. Festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunub. Bu ilki Qəbələ Musiqi Festivalının ən başlıca məziyyətlərindən biri o oldu ki, ölkəmizin aparıcı musiqi təhsil ocaqlarının müəllim və tələbələri, eləcə də müxtəlif ifaçı kollektivləri geniş səpkidə iştirak etdilər.

İyulun 31-də XII Qəbələ Musiqi Festivalının təntənəli açılış mərasimi olub. Əvvəlcə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub. Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın, mədəniyyət naziri Anar Kərimovun iştirak etdikləri açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Bakı Musiqi Akademiyasının rektoru, Qəbələ Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxış ediblər. Açılış mərasimindən sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrin ifasında geniş konsert proqramı təqdim olunub.

Avqustun 1-də Konqres Mərkəzində BMA-nın müəllim və tələbələrinin iştirakilə kamera-instrumental musiqi gecəsi keçirilib. Respublika və beynəlxalq müsabiqələr laureatları olan tələbələr – pianoçular Fəqan Həsənli, Vüsalə Babayeva, Ləman Seyidova, Elxan Niftiyev, Leyla Zeynalova, Cəmalə Abdinzadə, Jalə İslamova, qoboy ifaçısı Əziz Pənah, vokalçılar Lalə İbrahimova, Mahir Tağızadə, Rza Xosrovzadə, violonçelist Ərol Rzayev və digər gənc ifaçılar konsertin məxsusi təravətli ab-havasını yaradıblar.

Həmin gün baş tutan kamera musiqi axşamında Respublikanın xalq və əməkdar artistləri, BMA-nın müəllimləri olan Zəhra Quliyeva, Yeganə Axundova, Murad Hüseynov, İlham Nəzərov, “Bakı Kamera Orkestri” və onun dirijoru Fuad İbrahimov, Cavad Tağızadə, gənc qoboy ifaçısı Əziz Pənah konsertin əsas iştirakçıları olublar. Gənc bəstəkar, II Qarabağ Müharibəsi qazisi Vüqar Məmmədzadənin “Şəhidlərə ithaf” adlı əsəri konsertin məxsusi qəhrəmani və zəfər ovqatını ifadə edə bilib.

Avqustun 2-də BMA-nın müəllim və tələbələri digər bir maraqlı kamera konsertini təqdim ediblər. Gənc bəstəkar Vüqar Məmmədzadənin (prof.A.Əzimovun sinfi) “Ay üzlü Nigarım” əsərinin ilk ifası, respublikanın Xalq artisti Ülviyyə Hacıbəyovanın ifasında Azərbaycan klassik musqi inciləri, Əməkdar müəllim Nəzakət Rimazi ilə Elnarə Kəbirlinskayanın duet ifasında səslənən Ravel, BMA-nın “Lumineux” vokal ansamblı və onun bədii rəhbəri, BMA-nın Əməkdar müəllimi Naala Barateliya, gənc pianoçular –Züleyxa Abdulla, Fəqan Həsənli, Səidə Tağızadə, Nərgiz Kəngərli, Leyla Əhmədxanova, “Clarte” klarnet kvartetinin parlaq ifaları alqışlanıb.

Eyni gündə açıq səhnədə keçirilən “Zəfər muğam kompozisiyası” adlı konsert – festivalın əlamətdar musiqi gecələrindən biri olub. Respublikanın Xalq artistləri Mənsum İbrahimov, Elçin Həşimov, Əməkdar artistlər Təyyar Bayramov, Elnur Əhmədovun ifalarında muğamlar və Nazim Əliverdibəyovun “Muğam” xoreoqrafik miniatürü (R.Axundova və M.Məmmədovun quruluşunda) səslənib.

Avqustun 3-də Konqres Mərkəzində respublikanın tanınmış ifaçıları, xalq və əməkdar artistlər Murad Adıgözəlzadə ilə Əvəz Abdullanın, vokalçı Gülnaz İsmayılova ilə bəstəkar Ceyhun Allahverdiyevin, messo-soprano müğənni Fəridə Məmmədova ilə bəstəkar Elnarə Dadaşovanın duet ifaları, respublika və beynəlxalq müsabiqələr laureatı Nərmin Nəcəflinin iştirakı ilə baş tutan kamera-vokal musiqi axşamı XII Qəbələ Musiqi Festivalını uğurla başa vurub.

# 1955 dəfə oxunub

Müəllifin son yazıları

# # #