Qardaş, bir siqaret ver! - Dəlilərin yazdığı şeirlər

Qardaş, bir siqaret ver! - Dəlilərin yazdığı şeirlər
14 iyul 2021
# 21:00

1960-cı illərdə Türkiyənin Bakırköy ruh və sinir xəstəlikləri xəstəxanası personalında çalışan Bedia Tuncer dəlilərlə maraqlanıb və onların yazdığı şeirləri kitab halında nəşr etdirib. Kulis.az “İnilti” adlanan kitabından seçmə şeirləri təqdim edir.

Xəbərin olsun

Sevgilimin adı Ayseldir.
Odur mənə könül verən,
İndi məni vərəm elədin,
Gözlərin qızarmış
Niyə ağladın?
Yoxsa bir başqasınamı
könül bağladın?
Mən yamacdan gedim
Yol sənin olsun
Mən zəhər içim
Su sənin olsun.
Bir sevgili tapmısan,
Xeyirli olsun
Birini də mən tapdım
Xəbərin olsun.

N... A... 1957-ci il.

Şizofreniya

Eşqimin şiddətindən qopdu könlün əyləci!...
Həkim hələ də məni şizofreniyalı sanır!...
Üsküdar darıxır həsrətlə dərindən
Qəlbimi titrədir Bakırköyün qatarı!...
Uzaqdan eşqlə çəkir məni Mərmərə
Heyrətlə qarşılaram məni dəli görəni
Qaçmaq üçün istifadə etməli fırıldağı
Eşqimin şiddətindən qopdu könlün əyləci!...
Həkim hələ də məni şizofreniya sanır!...

R...G...Ö...

Gündə 16 qutu siqaret çəkən xəstənin şeirlərindən biri. Bu xəstənin siqaret çəkməsi qədər, paltar dəyişməsi də bir o qədər qəribə imiş.

Dəlixana və mən

Qəribə bir tanışlıq nədir dəlixanaya,
Çıxıb, çıxıb geri qayıdıram,
Hər səfərində “bu son” deyirəm dostlara,
Yenə qayıtdım bağçalı, yaşıl ağaclara,
Anlaşılan eşqim yaşıl gözəlliklərə
Nə qədər desəm, gəldim bu son dəfə,
Elə sanıram ki, bir həsrət duyacam,
Az zaman sonra təkrar burda olacağam,
Cəmiyyətdən daha xoş və yaxşıdı bura,
Silinmir ruhumdan illərdir xatirəsi,
Bəlkə bir çöl olsaydı dəlixana
Gedənlərin gəlməzdi təkrar geri qayıtmağı...

M...T...Ö...
1963-cü il

Adsız şeir

Bir cüt göz axtarıram
Baxıb da görən,
Görüb də gördüyünün
Nə olduğunu bilən
Nə olduğunu bildiyi
Şeydən nifrət etməyən
Sevən, sevən, sevən.

İ...N...G...

Muxtar Dursun

“Dursun” deyiblər durub,
Durarkən muxtar olub
Oxuyub yazmağı yox amma
Möhürü qüvvətli
Oğlu oldu keçənlərdə

“Yaşar” dedi adına - Yaşadı,
Dursun yaşasın
Oğlu da dursun Dursun da dursun
Nəyimə lazım
İstərlərsə kələk gəlsinlər.

N...C...

Sarı saçlı yarıma

Gözlərinin rəngi cənnət, saçlarının sarısı
Amma səni gözlərin üçün də sevmirəm.
Qızıl sarısı saçların baxışların kimi
Kölgəli amma səni saçların üçün də sevmirəm.
Dəniz qoxulu dodağın dodaqlarıma dəyərsə
Məni dəlil edəcək amma
Səni dodaqların üçün də sevmirəm
Çünki sən mənim vücudum,
Mən də sənin ruhunam.

B...D... 1961-ci il

Platonik və melanxolik bir eşq

Gözlərim kor olsa yalnız sənin sevgin qalar.
Yalnız sənin saçların gözümün qarşısında dalğalanar.
Hey, ulu Tanrım, sən gətirdin başıma bu işi.
Ürəyimə yerləşdirdin eşq deyilən şişi.
İstəyirsən ver sevgilimi mənə
İstəyirsən qıy, vermiş olduğun bu şirin cana.
Qəlbim dayanmadan qanayar
Ciyərlərim atəşlər içində yanar
Ömrüm bənzəsin payızdakı yarpağa.
Ulu Tanrım, tez yatırt məni bu qara torpağa

T...A...D...H...H...

Bu şeir 5 xəstəyə aiddir.


Dəlilər

Nə ana, nə ata, nə yar, nə pul
Dəlilərin ən çox sevdiyi siqaret
Ağlı çalışmaz heç bir tərəfə
Gördüklərinə deyər:
Qardaş, bir siqaret ver!
Bu xəstəlik ölümdən də qaradır
Qara
Ey insanlar ətrafınıza baxın,
Milyonlarla dəlinin iztirabıyla
daha çox maraqlanın!
Bu qədər sönmüş ocaqları yandırın!
Bu cür nemətləri aranıza alın!

S...A...

# 4369 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #