Pəncərə tərində bir şeir yazdım... - Furqanın yeni şeirləri

Pəncərə tərində bir şeir yazdım... - Furqanın yeni şeirləri
19 dekabr 2020
# 15:19

Kulis.az gənc şair Furqanın yeni şeirlərini təqdim edir.

Yoxa çıxmalar

pəncərə tərində bir şeir yazdım
və izlədim qafiyələrin
aşağı sürüşməyini -
yoxa çıxdı şeir!

pəncərə tərində
məktub yazdım dostlarıma
və izlədim sözlərimin
aşağı sürüşməyini -
yoxa çıxdı dostlarım bir-bir!

pəncərə tərində
tərcümeyi-halımı yazdım
və izlədim illərin
aşağı sürüşməyini -
yoxa çıxdı tarix!

indi bir pəncərə qalıb, bir mən -
mən də bir azdan
yoxa çıxacam!


Hüzur

indi əsən küləklərdən daha çox
əsməyən küləklərin
ağacı olmaq istəyirəm -
yarpaqsız,
çiçəksiz,
meyvəsiz...

indi yağan yağışlardan daha çox
yağmayan yağışların
buludu olmaq istəyirəm -
kölgəsiz...

indi çaxan şimşəklərdən daha çox
çaxmayan şimşəklərin
göy üzü olmaq istəyirəm -
tərtəmiz,
heçnəsiz...

# 2660 dəfə oxunub

Müəllifin son yazıları

# # #