Payız axşamına baş qoyub uyuyur şəhər - Valeh Bahaduroğlunun şeirləri

Payız axşamına baş qoyub uyuyur şəhər - Valeh Bahaduroğlunun şeirləri
24 iyul 2020
# 15:02

Kulis.az şair Valeh Bahaduroğlunun şeirlərini təqdim edir.

Gəlmisən

Qonub pəncərəmi dimdikləyən quş,
Zərif qanadını külək döyən quş.
Mənə öz dilində nəsə deyən quş
Nə sözdü sinənə sıxıb gəlmisən?

Lələklər şüşəyə nəğməmi yazdı?
Nədən rəngin-ruhun belə ayazdı?
Vallah ağlım gedib, huşum dayazdı
Hansı daş qəfəsdən çıxıb gəlmisən?

Həsrəti köksümə taxıb getmişdin,
Könlümü yandırıb-yaxıb getmişdin.
Sən mənim üzümdən çıxıb getmişdin
Bəs kimin üzünə baxıb gəlmisən?

Gedəsən

Səni qınayan olmaya
O başdan durub gedəsən.
Rastına çıxan sədləri
Aşırıb, yarıb gedəsən.

Dönməyəsən bir də geri,
Unudasan dərdi-səri.
Səni sevən könülləri
Sındırıb, qırıb gedəsən.

Guya gedirəm desən ki,
Qarşını kimdi kəsən ki.
O qədər yol gedəsən ki
Yolları yorub gedəsən.

Gedəsən yollar uzunu,
Gedəsən illər uzunu.
Tanrı yazdığı yazını
Üzünə vurub gedəsən.

O qədər yol gedəsən ki...


Gedək

Gələn, səni xoş gəlmisən,
Tut əlimdən durum, gedək.
Uşaqlar nigaran qalar
Bir yalan uydurum, gedək.

Sıralanıb köç sırası,
Ruhum bir qəfəs arası.
Bu iki nəfəs arası
Ömrü başa vurum, gedək.

Bir ağ mələyə döndərib,
Göylərdən yerə endirib.
Səni GÖNDƏRƏN göndərib,
Ahum gedək, yavrum, gedək.

Bağlayıbdı saç üzünü,
Nə olar ki, aç üzünü.
Bir sənin də iç üzünü
Son nəfəsdə görüm, gedək.

Qırmızı

Sıyrılıb qınından bahar,
çıxıb, dörd yanı qırmızı.
Köz kimi yanır lalələr
Tutub dünyanı qırmızı.

Çəmən-çiçəkdi hər üzü,
Şərbət üzü, zəhər üzü.
Doğub günəşi yer üzü
Üfüqü, danı qırmızı.

Arılar gül buxağında,
Şəhdi-şəkər damağında.
Oturub şah otağında
Pətəyi, şanı qırmızı.

Bu oğlan çağında yazın,
Dadı var ədanın, nazın.
Sevda bağında bir qızın
əkdiyi qanı qırmızı.


Söyüd ağacı

Qapımızın yaraşığı,
Kasıb evimizin işığı.
Oğlumun beşik, atamın əl ağacı.
Hər gün salam verdiyim,
Hər gün əlvida dediyim
söyüd ağacı.
Mənə belə küskün baxma.
Elə bil üstünə duman çöküb.
Biz qardaşıq axı,
ikimizi də bir kişi əkib.

***

Bahar gülümsədi tumurcuqlara
küsüb getdi qışın oğlan çağı.
Ağaclar soyundu gəlinliyini.
Budaqlar hamilə qaldı
qırmızı gilənara
sapsarı əriyə
gülöyşə nara.

Düşürsən

“Ruhum bədəndən oynar”
Yadıma sən düşürsən.
Ürəyimdə yerin çat,
Saçımda dən, düşürsən.

Hər gün yuxuma girib,
Baxırsan qərib-qərib.
Yarı yerdən göyərib,
Yarı göydən düşürsən.

Xatirələr selində,
Tutub ömrün əlindən.
Oxuyub quş dilində
əldən-dildən düşürsən.

“Ruhum bədəndən oynar”
Yadıma sən düşürsən.
Mən səni unutmuşam
Bilməm nədən düşürsən?

Ən yaxşı hədiyyə

Bütün doğmalarıma ən yaxşı hədiyyəmdir,
ən yaxşı şeirim.
Onu da “almağa” imkanım olmur.
Hərdən qabağa düşür,
oğlumun velosiped təkəri.
Hərdən qabağa düşür qızımın təhsil haqqı.
Hərdən qabağa düşür, kənddəki inəyimizin
gündəlik ot payı.
Hələ ki yolumu gözləyir ən yaxşı şeirim.
Gözləyir yolumu.
Balaca qardaşımın ümidinə
qoyub gəldiyim anam kimi.

O dağların o üzündə
O dağların o üzündə, bir daş ağlar.
Olub qəmə yoldaş, ağlar.
Ağlar, nə ağlar.
Alışmayan ocağına,
Unsuz, dənsiz bucağına.
Baxıb soluna, sağına
töküb qan-yaş, ağlar.
Əli çatmaz, ünü yetməz,
Nə amanı, ahı bitməz.
Gedən gəlməz, gələn getməz
gəzib sirdaş, ağlar.
Gözlədi haqqın səsini,
Qurammadı binəsini.
Ayrılığın badəsini
içib, sərxoş ağlar.
O dağların o üzündə bir daş ağlar.
Ağlar, nə ağlar.

Vətən

Desəm ki sevirəm, bu yaxşı düşməz,
Sevməkdən o yana nə varsa odu.
Qara daşının da göyərməyinə
Vətən, bəs eləyər könlümün odu.

Yolunda ölmək də azıymış demə,
SƏNƏ olan eşqim yerin, göyündü.
Udduğum hava da, içdiyim su da
Vətən, azadlığın, bütövlüyündü.

Bir ovuc torpağın düşsə uzağa,
Dünya gözlərimdə kiçilər mənim.
Sənin sərhəddinə ayaq bassalar
Gərək ürəyimdən keçələr mənim.


Payız nəğməsi

Yenə payız küləyi
qovur səki boyunca
saralmış yarpaqları.
Küçənin kənarında
dəcəl qardaşlar kimi
döyür bir-birini
tənha palma budaqları.
Yenə bir payız axşamına
başını söykəyib uyuyur şəhər.


Olmadı

Yenə qovuşdum bahara
Qışın xəbəri olmadı.
Sevdim gizlincə-gizlincə
Yaşın xəbəri olmadı.

Şum elədim ürəyimi
“SÖZ”dən aldım çörəyimi.
Qayış kəsdi kürəyimi
Xışın xəbəri olmadı.

Dərd əlindən gülə-gülə
Çəkdiklərim gəlməz dilə.
Qar ələndi qara telə
Başın xəbəri olmadı.

Sona çatdı yır-yığışım
Qurtarmadı haqq savaşım.
Dəydi, nələr çəkdi başım
Daşın xəbəri olmadı.


Gəleydim

Nolardı arada bir az vaxt tapıb
Yenə də anama dəyib gəleydim.
Öpəydim əlindən, telindən yenə
Sənə qurban olum,-deyib gəleydim.

Yenə asılaydı arzu-diləkdən
Yenə doymayaydı can-can deməkdən.
əlinin dadıyla bişən yeməkdən
yenə də doyunca yeyib gəleydim.

Mənalı gözləri dərindən-dərin
Qəlbinin istəyi şirindən şirin.
Allahın altında məbədim, pirim
Önündə başımı əyib gəleydim.


Sarı-sarı

Soğuldu suyu arxların
Xaliq ümidinə qaldı balıqlar
sarı-sarı.
Bir büküm xatirəyə sığındı
Neçə-neçə ayrılıqlar, sarı-sarı.

Boğazına bıçaq çəkdilər
bir qumral quzunun.
Ot payı mələdi, sarı-sarı.
Budağından ayrı düşən yarpaq
Özünə ölüm dilədi, sarı-sarı.

Bahara yazdığı məktublarıdı payızın,
Göy üzünə sıralanan durnalar, sarı-sarı.
Bir qürub çağından düşüb qalıb
Oktyabr ayında çiçəkləyən gilənar ağacı,
sarı-sarı.


Eynilik

Çöldə külək əsir
Köksümdə ürəyim.
Tökülür tut ağacının
Sarı yarpağı -
oğlumun yanağı boyda.
Çırpılır pəncərə şüşəsinə
Dəli payız küləyi -
arvadımın hər axşam
üzümə çırpılan danlağı boyda.
Üstümə yeriyir divarın ağlığı.
Üzünü qoyur üzümə
Bu ağlıqdan cücərən
yarımçıq sevda işığı.
Sonra yıxılıram ağrıyan ürəyimin üstünə.
Əllərimin əksi düşür
Yarımşıq qalan şeirimin üstünə.
Çöldə külək əsir.
Dartınır nar budağı
Sonuncu yarpağının dalınca—
Atamın tabutuna
bacımın uzanan qolları boyda.
Çöldə külək əsir,
Tökülür tut ağacının sarı yarpağı...


Necəsiniz?

Salam qarlı dağlar, xoş gördük sizi,
Ay dərin dərələr, siz necəsiniz?
Uçub könlüm quşu cövlan eləyən
Çöllər necəsiniz, düz, necəsiniz?

Salam a yurd yeri, dörd yanı göyçək,
Mənə həmdəm olan a gül, a çiçək.
Yaşıl yamaclardan boyunbağı tək,
Asılan a cığır, iz, necəsiniz?

Hərdən dumanına düşüb azdığım,
Mənim “Qara dağ”ım, mənim “Boz dağ”ım.
Bir qızın eşqilə daşa yazdığım
Misra necəsiniz, söz, necəsiniz?

Üstündə bıçağı daşa çəkdiyim,
Dostu, tanışları başa çəkdiyim.
Mən öz ürəyimi şişə çəkdiyim
Ocaq necəsiniz, köz, necəsiniz?

# 4310 dəfə oxunub

Müəllifin son yazıları

# # #