Oyuncaq avtomatlar böyüdü - Hərbi xidmətdə olan şairdən şeirlər

Oyuncaq avtomatlar böyüdü - Hərbi xidmətdə olan şairdən şeirlər
26 aprel 2021
# 12:24

Kulis.az hazırda hərbi xidmətdə olan gən yazar Rəvan Cavidin şeirlərini təqdim edir.

***

Qorxma! Boğulmayacaq şəhərə qarışanlar
- bircə Bakı özünü Xəzərə ata bilməz.
Söndürün bir gecəlik küçə lampalarını!
- içi qaranlıq şəhər işıqda yata bilməz.

Qorxma! Getməyəcəklər sənə geri dönənlər
- sən dünyanın ən soyuq, ən isti son ucusan.
Dedim axı, söndürün küçə lampalarını!
- hamı yatıb, oyaqdı yazıq sonuncu insan.

Qorxma! Allahın əli çiynimizdən bərk tutub
- uça bilməz bir daha bir cüt qanadı olan.
Söndürməmisinizmi küçə lampalarını?!
- yuxuda xoşbəxt olur “bir cür” həyatı olan...

Qorxma! Ölməyəcəksən! İtirənlər ölüdür;
ölülər bir də ölmür,
şəhəri, adamları,
qanadları itənlər şəhər işıqlarında
yata bilmir. Söndürün!


Qıvırcıq

Hələ üzülmək tezdi,
hələ tezdi, qıvırcıq,
hələ külək əsəcək,
açacaq saçlarının
taleyinə hörülmüş
düyünlərini bir-bir.

Hələ üzülmək tezdi,
hələ tezdi, qıvırcıq,
qayıdıb gələcəklər
binadan atılanlar,
göz yaşına islanıb
bir ipdən asılanlar.

Hələ üzülmək tezdi,
unutmamısansa sən,
ayrılıq gözləməkdi,
gözlə bir azca da sən.

Hələ üzülmək tezdi,
hələ tezdi, qıvırcıq,
Günəş bu şəhər üçün
doğmayıb öz ölümsüz,
allahabənzər oğlun,
hələki bu şəhər də
doymayıb faniliyə.

Hələ üzülmək tezdi
bu şəhərin halına,
qaladan atılan qız
dənizdə tapılmadı,
bir şairi tapdılar
elə o ötən payız.

Mənim də yazdıqlarım
o mavi evdə qalıb,
qaralanmış, yarımçıq...
öncə bu şeir bitsin,
sonra...sonra baxarıq...

hələ üzülmək tezdi,
hələ tezdi, qıvırcıq...


Ümid

Küçələrdə əllər qalxır havaya,
ayrılığa təslim olur sevgilər.
Bu şəhərdən çıxa bilmir ayaqlar,
ayaqlara tilsim olur sevgilər.

bir də heç vaxt ağlamayan qadınlar,
bir də heç vaxt darıxmayan kişilər,
bir də heç vaxt ölməyəcək adamlar
doğulacaq Bakıda,

onda nə fərqi var ki
Allah var, Allah yoxdu?!
dəniz özü balıqları ovlayar...
səma udar quşlarını birbəbir...
hər kəs sevdiyini içinə gömər...

Ey hər şeyə qadir olan tək Allah,
sən də...sən də təzədən
gir qadının bətninə,
bir qadının bətninə.

Sənin kimi bir adam
Allahsız bir dünyaya
qədəm bassın yenidən.

***

Mən ölümsüzlüyə inanıram, saatsaz dayı,
ölümsüzlüyə
- qoca Şərq nağıllarının padşahlarına,
qərbli əmilərin allahlarına.

Səhər,
mən bütün var-gücümlə
çırpıram inancları
şəhərin asfaltına.

Süpürsün yeri,
məni də bağışlasın hicablı,
süpürgə tutan anam.

Gecə,
dikdaban ayaqqabı,
qırmızı dodaq boyası,
“Hara gedirsiniz, xanım?”
qızına baxıb utanan anam.

Çətindi, saatsaz dayı,
bu ölümlü şəhərdə utanıb ölməmək,
Stul daha böyükdü,
yoxsa dəri kreslo?

Saatlarını qur, saatsaz dayı,
bir ana öz qızından
görək nə qədər inciyəcək?
nə qədər baha qalacaq
dəri taxtadan?!

Havuş

Uşaq vaxtı aldığım oyuncaq avtomatlar
Böyüyüb dəmir oldu, indi adam öldürür.
Öldürür içimdəki o məsum uşağı
Dayayanda çiynimə o sərt qundağı.
Ay ana, axtarma o uşağı,
Qarışıb palçığa, qara qarışıb.
düymə tikdiyin bəyaz parçaya
Yara yapışıb.
İndi isə, ay sevgilim,
Masmavi buludların ən alisinə and içirəm,
Səndən yadigar qalıb ikinəfərlik təklik.
Azan səsinə qarışıb quzğunların aclıq ah-vayı,
Ölənlərə yox, dözənlərə salavat çəkdik.
Sən də,
Ay məni axtaran günahım,
Məni bir də axtarma,
İtirmişəm Allahı.

# 2994 dəfə oxunub

Müəllifin son yazıları

# # #