Nazirliyin mükafatını alan pandemiya hekayəsi - Mətn

Nazirliyin mükafatını alan pandemiya hekayəsi - Mətn
30 sentyabr 2020
# 18:03

Kulis.az Koronavirus pandemiyası ilə mübarizə mövzusunda təşkil edilən hekayə müsabiqəsində xüsusi mükafata layiq görülən Reyhan Yusifqızının "Həkimin gündəliyi" hekayəsini təqdim edir.

Proloq

Çində yeni il şənlikləri Ay-Günəş təqvimi üzrə yeni ayın doğması ilə başlayır və on beş gün davam edir.

Qədim çin mifologiyasına görə yeni ilin ilk günündə Çində Nian adlı bədheybət peyda olur və ev heyvanlarını, taxılı, ərzağı, hətta uşaqları oğurlayıb aparır. Özlərini və ailələrini qorumaq üçün çinlilər həmin gün qapının arxasına yemək qoyur, yırtıcının ürəyini yumşaltmağa çalışırlar. İnanca görə yırtıcı qırmızı rəngdən qorxur. Odur ki, insanlar qapı və pəncərələrdən qırmızı fənərlər asır, fişəng yandırırlar.

2020-ci ilin bayram edilməsi Qriqori təqvimi ilə Çində yanvarın 24-dən başlamalı idi. Bayram şənliklərinə, bir-birinə qonaq getməyə hazırlaşan çinlilər Nianı unutmamışdılar. Amma bu dəfə bədbəxtlik başqa tərəfdən gəldi...

2019-cu il, dekabrın əvvəllərində 11 milyonluq əhalisi olan Uxan şəhərində ağır pnevmoniyaya gətirib çıxaran təhlükəli xəstəlik yayılmağa başladı. Sürətlə artan xəstəlik cürbəcür şayiələrə səbəb oldu.

Dekabrın 31-də Çin rəsmiləri Xubey əyalətinin Uxan şəhərində naməlum infeksiyanın yayılması ilə bağlı bəyanat verdilər. Yeni növ koronavirusun – taclı virusun törətdiyi xəstəlik sonradan Covid-19 adlandırıldı.

Yanvarın 23-də virusun yayılmasının qarşısını almaq üçün Uxan şəhərinə gediş-gəliş dayandırıldı və bütün yeni il şənlikləri ləğv edildi. Lakin Çin rəsmiləri tədbirləri almaqda gecikmişdilər, virus artıq nəzarətdən çıxmışdı.

29 yanvarda karantin tədbirləri Çinin bütün ərazisinə tətbiq edildi. Bu, 150 milyon adamı əhatə edən, tarixdə görünməmiş tədbirlər sistemi idi. İnsanlar arasında 2 metrdən az olmayaraq sosial məsafə qorunması, təhsil müəssisələri və iş yerlərinin bağlanması, ictimai nəqliyyatın işləməməsi, evdən çıxmağa qadağa qoyulması və başqa tədbirlərə çinlilər ciddi riayət edirdilər. Buna baxmayaraq, mühitə tez uyğunlaşıb asan mutasiya olunan virusun qarşısını almaq mümkün olmadı. O, Çin sərhədlərini aşıb bütün dünyaya yayılmağa başladı...

Ümumdünya səhiyyə təşkilatı yanvarın 30-da koronavirus epidemiyasını bütün dünya üçün təhlükəli elan etdi.

***

2 mart.

Bakını çox sevirəm. Günəşini də, küləyini də. Səsli-küykü küçələrini, gözəl parklarını da. Ən çox isə insanlarını sevirəm. Səmimi, gülərüz, qayğıkeş insanlarını.

İşdən evə həmişə piyada gedirəm. İşlədiyim xəstəxananın yaxınlığında, parkın o üzündəki həyət evlərinin birində yaşayıram. Adətən, parkın içindən tələsmədən keçər, təmiz havanı ciyərlərimə çəkməkdən keyf alardım. Günəşli günlərdə uşaqların səsinə, skamyalarda oturmuş qocaların söhbətlərinə, yağışlı günlərdə ağacları döyəcləyən damcıların şıppıltısına həvəslə qulaq asardım.

Bu gün park bir ayrı cür idi: boş, qüssəli, səssiz. Sanki yad şəhərdə idim. Mən özüm də başqa cür görünürdüm: ağzımda maska, əlimdə rezin əlçək vardı...

Bu gün bütün Azərbaycan ərazisində əhaliyə evdə qalmaq tövsiyə edildi. Məktəblər, idarələr bağlandı. İstehsalat dayandırıldı. Heç kəsin gözləmədiyi bir səbəb vardı: - koronavirus epidemiyası dünyanı başına götürürdü.

Tələsirdim. Evə tez çatmaq, düşünmək, beynimdəki qarışıq fikirləri səliqəyə salmaq istəyirdim...

6 mart.

Bu gün mən qocaların xətrinə dəydim. Yaşlı insanlara qarşı qəddar davrandım...

...Parkda oturmuşdular. Ortaya tökdükləri domino daşlarını qarışdırırdılar. Yaxınlaşıb salam verdim. Heyrətlə mənə, daha doğrusu, maskama, əlcəyimə baxdılar.

- Siz burda nə eləyirsiz?! Bilmirsiz ki, xəstəlik yayılıb, özü də hava ilə keçir?

Baxışdılar.

- Qızım da belə deyir! Evdən buraxmırdı məni, dalaşıb çıxmışam! – Qocalardan biri domino daşlarını yığmağa başladı.

- Əşi, o bizə aid deyil. Virus Çində yayılıb. Burda onun nə işi var?

- Səhv eləyirsiz! – Əsəbləşdim. - Virus bütün dünyaya yaylıb. Bizə də gəlib çıxıb. Hökumət məktəbləri bağlayıb. Hamıya, ən çox da siz yaşlılara evdə oturmaq tövsiyə olunub. Eşitməmisiz?!

- Hə, neçə gündür nəvələr məktəbə getmir... A doxtur, yəni bizdə xəstələnib eləyən var ki?

- Var! Bizdə də var! Vəziyyət ciddidir, ixtiyar! Bu virus çox sürətlə yayılır.

- Əşi, islanmışın yağışdan nə qorxusu? Onsuz da bir ayağımız burda, biri gorda! – Gülüşdülər.

Azacıq düşündüm. Onları qorxutmasam, evə göndərə bilməyəcəyimi anladım.

- COVİD-19 öldürücüdür! Ağ ciyərləri dağıdır! İnsanı nəfəssiz qoyur, boğur! Heç kim bu aqibəti istəməz... – Dedim. - Əllərinizi qabağa uzadın!

Sözəbaxan uşaqlar kimi hamısı əllərini qabağa uzatdı. Çantamdan çıxardığım məhlulu bir-bir hər kəsin əlinə fısqırdıb dezinfeksiya etdim. Sonra bir dəstə maska çıxarıb qocalara payladım.

- İndi təmiz əllərinizlə maskaları taxın!

Sakitcə taxdılar.

- Qalxıb düz evinizə gedin! Sizə küçəyə çıxmaq olmaz! Xəbərləri izləyin!

İtələşə-itələşə yola düzəldilər. Qabaqda gedən yavaşca çönüb soruşdu:

- Bəs sabah bura gəlməyəcəyik?

- Xeyr, gəlməyəcəksiz! – Az qala qışqırıb hamının yerinə cavab verdim. - Sabah da, birisi gün də! Hökumət nə vaxt icazə versə, onda gələrsiniz!

Uşaq kimi başlarını sallayıb getdilər. Hərdən dönüb acıqlı-acıqlı mənə baxırdılar.

Ürəyim sıxıldı. Qəddarlıq eləmişdim, amma ayrı əlacım yox idi.

Bütün axşamı qocaları düşündüm. Onların küskün baxışları, irəli uzatdıqları qırış-qırış olmuş titrək əlləri gözlərim qarşısından getmədi...

11 mart.

Bu gün pandemiya elan olundu! Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19 koronavirus infeksiyasını pandemiya elan etdi.

Həyat yoldaşım köks ötürüb bircə söz dedi: “Həyatımız dəyişdi...”

12 mart.

Evdəyəm. Taksi çağırıb öz mənzilində tək yaşayan 70 yaşlı anamın yanına getdim. Bizə köçməsini israr etdim. Heç cür razı olmadı. Ona bazarlıq eləyib, sonra kor-peşman geri qayıtdım.

Axşam Ankara universitetinin tibb fakültəsində oxuyan oğlumuzla danışdıq. Orada da vəziyyət yaxşı deyildi, yoluxanların sayı günü-gündən artırdı. Oğlum: “Hər gün skaypda görüşəcəyik”, - deyə anasını sakitləşdirdi.

14 mart.

COVİD-19-a yoluxmuş xəstələrin bir hissəsi işlədiyim xəstəxananın İnfeksion xəstəliklər şöbəsində yerləşdirilib. Rayonlardan da gətirilənlər var. Yaxşı ki, xəstələrin sayı çox deyil. Üç nəfər reanimasiya bölməsində, 20 nəfərə yaxın isə palatalarda yatır.

Biz – onlara xidmət edən tibbi personal: həkimlər və tibb bacıları, texnik və sanitarar, baxıcılar və xadimələr xüsusi rejimdə işləyirik – karantin rejimində. Hər kəs gündə 8 saat növbə tutur. Növbəyə başlayanda skafandr kimi xüsusi paltarın içinə girir, maska və gözlük taxırsan. Bu andan sonra 8 saat sən öz bədəninə, öz şəxsi əşyalarına qətiyyən toxuna bilməzsən. Su içə bilməzsən. Yemək yeyə bilməzsən. Təbii ehtiyaclarını ödəyə bilməzsən. Növbə bitdikdən sonra xüsusi maşında səni evə deyil, otelə aparırlar. Oradan çıxa bilməzsən. Ətrafdakıları və ailə üzvlərini qorumaq məcburiyyətindəsən. İş günlərin bitdikdən sonra yenə də iki həftə oteldə keçirib virus daşıyıcısı olmadığına əmin olandan sonra evinə gedə bilərsən.

Mən özüm üçün başqa rejim qurmuşam. 12 saatlıq növbə çəkir və gecəni xəstəxanada qalıram. Üç gündən bir evə gedirəm. Həyat yoldaşımı təcrid etmişəm. Oğlum isə uzaqdadır.

15 mart.

Köməkçim Esmira evə heç getməməyi tərciyə edir. Hər gün 8 saatlıq növbəsi bitəndən sonra həkimlər üçün ayrılmış oteldə dincəlir. Beş yaşlı qızına baxan yaşlı valideynlərini bu şəkildə qorumaq qərarına gəlib. Evdəkilərlə hər gün görüntülü danışır.

Bu gün qızı ilə danışandan sonra göz yaşlarını sildiyini gördüm. Ağladığını məndən gizlədir, amma nahaq yerə. Hamımız insanıq. Onu başa düşürəm.

16 mart.

Bu gün üç günlük növbəmi bitirib evə gəlmişəm.

Evə gəlməyim ayrıca bir mərasimdir. Ayaqqabılarımı həyətdə çıxarıb karton qutuya, paltarlarımı yüksək temperaturda yuyulmağa atır, özüm isə birbaşa duşun altına girirəm. Hətta həyət itimiz də nəsə olduğunu başa düşüb mənə yaxınlaşmır. Aralıda dayanıb baxır. Demək olar, iki metr aralıqda...

Həyat yoldaşımı evin ikinci mərtəbəsinə göndərmişəm. Mən evdə olduğum müddətdə aşağı düşməsinə icazə vermirəm. Axı mən risk qrupundayam. Həyat yoldaşımla telefonla görüşürük. Əvvəldən yemək hazırlayıb mənim üçün mətbəxdə qoyur. Evdə maska ilə gəzir. Uzaqdan nəyi haradan götürmək lazım olduğunu başa salır.

18 mart.

Martın 2-dən bütün ölkə ərazisində əhaliyə evdə qalmaq tövsiyə edilmişdi. Bu gün bu tövsiyə qərarla əvəz olundu. Xəstəxanaya gedib-gələ bilməyim üçün iş yerindən mənə icazə sənədi verildi. Nazirlər Kabineti yanında Operativ Qərargah şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa çağırdı.

19 mart.

Xəstəxanada “dezertir” işçilər də var. Evlərində oturub işə çıxmırlar. Amma belələri azdır. Əksinə, növbəsini bitirəndən sonra infeksion xəstəliklər şöbəsinə köməyini təklif edənlər daha çox olur.

21 mart

Nahardan sonra Zeynalovun otağında iclas oldu. Baş həkimimiz gərgin idi. Əsəbi halda əlini stola çırpdı:

- İşə gəlməyənlər var! Düz üç nəfər! Onların məvacibi kəsiləcək! Belə bir vaxtda bu, vicdansızlıqdır! – Deyə uzun-uzadı acıqlı-acıqlı danışdı.

- Amma biz gəlmişik..., - astadan dedim.

- Necə?! – Zeynalov tərs-tərs baxdı.

- Biz işimizin başındayıq. Onların hirsini bizə tökməyiniz ədalətsizlikdır. – sakitcə söylədim. Otaqdan çıxanda Zeynalov məni səslədi.

- İki dəqiqə ləngiyin, Murad həkim!

Zeynalovla tələbə yoldaşı olmuşduq. Məsuliyyətinin nə qədər böyük olduğunu anlayırdım, narahat idi. Təklikdə rəsmiliyi bir kənara qoyub özünü doğrultmağa çalışdı:

- Əgər ciddi nizam-intizam olmasa, sabah heç kim işə gəlməyəcək.

- Narahat olma! Bu kollektivə güvən, - dedim. - O gəlməyənlərin isə məvacibini kəsmə, məncə. Ailə dolandırırlar. Səbəbləri var yəqin... Vicdanlarına buraxaq.

Bir az dərdləşdik.

- Bu arada, bayramın mübarək! – dedim.

Gülümsədi. Novruz bayramı olduğunu tamam unutmuşdu.

22 mart

Səhər gənc əməkdaşlarımızı doktor Zahid İmanovun ətrafında gördüm:

- 65 yaşdan yuxarı olanlara evdən çıxmaq olmaz, Zahid doktor! Axı siz niyə işə gəlmisiz!

- Məni nahaq qocaldırsız. 65 hələ olmayıb, 64-ün içindəyəm mən.

- Nə fərqi var? Evə getməlisiniz!

- Köhnə qurdam. Mənə bir şey olmaz!

Zahid İmanov ölkəmizin ən yaxşı infeksionistlərindən biri idi. Belə bir zamanda ona ehtiyac olduğunu bildiyindən geri durmurdu.

- Dünyada 35-dən çox laboratoriya vaksin axtarır! – Zahid doktor söhbəti dəyişdi. – Bəziləri tezliklə klinik təcrübələrə başlayacaq.

- Eh, onsuz da vaksin bir il yarımdan tez hazır olan deyil, - cavanlardan biri köksünü ötürdü. – Baxın, mən yeni testləşdirmə üsullarına daha çox ümid eləyirəm. Hamiləlik testi kimi, istifadəsi sadədir. Hər kəs özünü yoxlaya bilər...

- Xəstələnib sağalanların qan plazması... – Esmiranın gözü birdən mənə sataşanda sözünü kəsdi. Əllərimi qoynuma qoyub onlara baxdığımı görən qız özünü itirdi. – Bağışlayın, doktor... Haqlısınız, xəstələr gözləyir, bizsə burada boş-boş danışırıq...

Onları çox sevdiyimi gərək dilə gətirəydim!

25 mart

Tezdən işə gedirdim. Karantin müddətində park bağlı olduğundan işə yan küçədən keçib getməli oluram. Polis postu qoyulmuş şosse yolla tək-tük maşın keçirdi.

Döngədə görünən süpürgəçi qadın tərtəmiz səkini səylə süpürməyə başladı. O, boz paltoya bürünmüş, ağzına maska taxmışdı. Salamlaşdıq.

- Məncə evinizə get, - dedim. – Virusdan qorxmursan?

- Qorxuram! Amma nə eləyim? İşimi görməliyəm.

- Onsuz da polis görən kimi səni evə göndərəcək.

- Sonra maaşımı kəsərlər e, müəllim! Yetimləri nə ilə saxlayaram?!

- Kəsməzlər, qorxma! Kəssələr, mən verərəm məvacibini!

Tərəddüdlə mənə baxdı. Gözlərində bir narahatlıq, təşviş gördüm...

27 mart

Vəziyyət nəzarət altındadır. Azərbaycanda koronavirus xəstəsi nisbətən azdır. Səhiyyə sistemimiz indilik vəziyyəti nəzarət altında saxlaya bilir. Xəstəxanalarda yer olmaması halları, küçələrə yığılmış xəstələr yoxdur. Çox şükür!

30 mart

Oğlumla yenə skaypda görüşdük. ”Ata, xəstəxanada müvəqqəti işləmək üçün okul müdirliyinə müraciət eləmişəm”. Ürəyim sızıldadı. Səsim əsə-əsə: “Gərək mənimlə məsləhətləşəydin. Dərslərini çalışsan daha yaxşı olardı”,- dedim. “Ata!” – tənə ilə baxdı. “Yaxşı-yaxşı! İcazə versələr, gedərsən...” Ürəyimdə belə olmasın deyə, Allaha yalvardım.

1 aprel

Evdəyəm. Xəbərlərə baxdım: “COVİD-19. Dünya üzrə virusa yoluxanların sayı bir milyona çatdı...” Bu, 1 aprel zarafatı deyildi...

5 aprel

Bu gün istirahət günümdür. Amma artıq çoxdandır ki, səhər 6-da oyanmağa vərdiş eləmişəm. Gözlərimi açan kimi xəstəxanada deyil, evdə olduğumu anlayıb sakitləşdim. Tələsmək lazım deyil. Başımı balışa atıb gözlərimi yumdum.

İnsanın yalqız, ünsiyyətsiz yaşaması çox çətindir. Yaxşı ki, indi virtual ünsiyyət var. İnternetin yaratdığı mühit vəziyyəti nisbətən yüngülləşdirir. Radio, televiziya ilə bərabər sosial şəbəkələr də həyatımızda ciddi rol oynayır.

Əlimi uzadıb dolabdan telefonumu götürdüm. Baxmağa başladım.

8 aprel

Növbədən çıxmışam. Yorğunam. Xəstəxanada üç gün dalabadal işləmişdim. Hər gün 12 saat olmaqla. Giriş otağından palataya, oradan da sanitar qovşağına keçdim. Duş alıb çıxanda gözüm güzgüyə sataşdı. Özümü tanımadım: yorğun, əzgin, gözləri qızarmış birisi oradan mənə baxırdı...

Tibb bacılarından biri mənə şam yeməyi gətirdi. Gedəndə dedi ki, bizə refrijerator gətiriblər, cəsədləri yerləşdirmək üçün... Bu xəbərdən tüklərim ürpəşdi.

9 aprel

Evdəyəm. Poçtuma baxdım. “Gələnlər” qutusunda 68 məktub vardı. Hamı İnternet üzərindən, telefondan məsləhət almaq istəyir. Mümkün qədər cavablandırdım. Bəzilərini müayinə etmək üçün xəstəxanaya dəvət etdim. İnsanlar nevroz olublar… Bəzən də nadanlıqdan lazımsız suallar verib vaxtı alırlar. Səbirli olmağa çalışıram. Sosial izolyasiyanın insanın psixikasına mənfi təsir göstərdiyini anlayıram.

12 aprel.

Biz həkimlər... Uzun illər işləyəndən sonra öyrəşmişik ki, insanlar xəstələnir, müalicə olunur, sağalır ya da ölür. Bu, bizim üçün adi bir şeydir. Biz sadəcə öz işimizi görürük. Yaxınlarımız daha çox əziyyət çəkirlər.

Anamın görüşünə getməkdən söhbət belə gedə bilməz. Yaşı yetmişi ötdüyü üçün risk altındadır, onu qorumalıyam. Necə deyərlər, bu arada “Görüşməyək” demək, “Səni sevirəm” deməkdir. Ehtiyacı olduqca 137 xidmətindən anama ərzaq və dərmanlar sifariş edirəm. Hər gün zəng vururam. O özü bir dəfə də olsun mənə zəng eləməyib: narahat etmək və ya məni işdən ayırmaq istəmir – sağ olsun. Həmişə də yüksək səslə danışır, “yaxşıyam”, “narahat olma” deyir. Axı necə narahat olmayım?

14 aprel

Bu gün Zeynalov məni çağırdı:

- Daha 12 nəfəri qəbul etməliyik! Rayonlardan gətiriliblər...

- Hara yerləşdirəcəyik? Yerimiz yoxdur axı!

- Nə təklif edirsən? Küçəyə ataq onları? Yerləşdirməliyik!

Tibb işçilərinin istirahəti üçün ayrılmış palatalardan bir neçəsini xəstələrə verdik.

16 aprel

Səhər ailəliklə görüntülü danışdıq: mən xəstəxanadan, həyat yoldaşım evdən, oğlum isə Ankaradan. Ona xəstələrlə işləməyə icazə verilməmişdi deyə çox sevindim. Qaldığı yataqxana xəstəxanaya çevrildiyi üçün oradan köçməyə məcbur olub. Bir azərbaycanlı ailə onu himayəsinə götürüb. Yenə özümüzünkülər! İnsanların bir-birinə kömək etdiyini görəndə ürəyim dağa dönür!

17 aprel

Evdəyəm. Gecə ayılıb qapının arasından zəif işıq düşdüyünü gördüm. Həyat yoldaşım mətbəxdə, yığışdırıb səliqəyə saldığı stolun arxasında oturmuşdu. Dərin düşüncələrə dalaraq harasa uzaqlara baxırdı. “Get yat”, - dedim. -“Hər şey yaxşı olacaq, görərsən”. Uzaqdan öpüş göndərib gülümsədim. O da güldü. Mənalı və kədərli gülüşlə güldü. Yanağındakı göz yaşı parıldayıb qaranlıqda yox oldu...

18 aprel

Bu gün Esmiranın ad günüdür. Növbəyə başlamazdan əvvəl həkim otağına iri bir tort gətirdilər – kolleqalardan biri sifariş vermişdi. Əyinlərində qoruyucu kombinezon olan işçilər “Happy birth day, Esmira!” oxudular. Sonra tort yedilər. Çoxunun üzündə göyümtül-qara ləkələr var - qoruyucu eynəyin və maskanın izləridir... Bayram əhval-ruhiyyəsi qətiyyən yox idi. Kolleqalarımızdan biri daha kreativ tərpəndi. Telefonda musiqi qoyub Esmiranı rəqsə dəvət etdi. Kombinezon və əlçəkdə rəqs etdilər. İlginc mənzərə idi. Amma bizi şənləndirdi. Rəqsi videoya çəkənlər də tapıldı.

Baş həkim qapını açıb heyrətlə bizə baxdı. Əvvəl acıqlanıb üstümüzə qışqırdı. Sonra Esmiranın ad günü olduğunu biləndə yumşaldı. Köksünü ötürüb qızı təbrik etdi. “Neçə belə ad günləri...”, dedi. “Belə yox, beləsini istəmirəm daha!” – Esmira güldü. Əl çaldıq. Bu zaman həyəcan zəngi eşidildi. Tort boğazımızda qaldı. Palataların birində xəstənin vəziyyəti ağırlaşmışdı...

19 aprel

Ağır gün oldu. Bütün gecəni hipoksiyada, ağır tənəffüs çatışmazlığında olan xəstənin başı üstündə olduq. Altmış doqquz yaşında qadın idi. Son on ildə şəkərli diabetdən də əziyyət çəkirmiş. Xəstə intubasiya edilmiş və tam olaraq süni tənəffüs aparatına keçirilmişdi. Ağciyərlər hər ikisi pnevmoniya olduğuna görə hətta süni tənəffüs aparatı da qanda oksigeni qaldıra bilmirdi...

Bir insanın ölümlə mücadiləsini izləmək qədər ağır iş yoxdur. Arxasını isə mən heç kimə nə danışır, nə də göstərirəm. Bu mənzərələri görmüş insan artıq heç vaxt əvvəlki kimi olmayacaq…

21 aprel

Evdəyəm, amma fikirlərdən qurtula bilmirəm. Bizim xəstəxanada COVİD-19 diaqnozu ilə ilk xəstə ölümünün qeydiyyata alınmaşı çoxumuzu sarsıtmışdı.

Bizdə bəzi ölkələrdə olduğu kimi dəhşətli mənzərələr, havada balıq kimi çətin nəfəs alan, gözləri tavana zillənmiş xəstələr tək-tükdür. Səbəbi çox sadədir: vaxtında tədbirlər alındı, virusu sürətlə yaya biləcək kütləvi tədbirlər vaxtında qadağan edildi. Nəticədə Azərbaycana girən virus yükü az oldu. Nəfəs aparatı çatışır.

Amma arxayın olmamalıyıq. Tədbirləri ciddiyə almayan, yalandan sms yazıb küçəyə çıxanların hesabına vəziyyət ağırlaşa bilər. İran, İtaliya, İspaniya, Amerikada və bəzi başqa ölkələrdə olduğu kimi. Bunu hamı başa düşmür. Bəlkə də insanlara acımamaq, bəzi şeyləri göstərmək lazımdır. Qoy bilsinlər! Onlara: “Oturun oturduğunuz yerdə!” - qışqırmaq istəyirəm. Əgər bilsəydilər…

23 aprel

Gecə telefonuma zəng gəldi. Hövnlak qalxıb xəstəxana çarpayısında oturdum. Esmira idi, ağlayırdı: “Zahid doktor koronavirusa yoluxub!” Qulaqlarıma inanmadım...

Zahid İmanovu qaldığı oteldən gecə ilə xəstəxanaya gətirmişdilər. Testi pozitiv çıxmışdı. Mənfi təzyiqli kamera otaqda yerləşdirilmiş, tənəffüs çatışmazlığı olduğu üçün dərhal sabit təzyiqlə oksigen verilmişdi. Onu görmək üçün səhəri – növbəmin başlanmasını gözləməli oldum.

“Nəfəsim... Nəfəsim çatmır...” – məni görəndə uşaq kimi şikayət elədi.

Baş həkimin otağında təcili konsilium keçirdik. Zahid İmanov adi xəstə deyildi, infeksionist-həkim idi. Onun koronavirusa yoluxmağı bütün tibbi personal üçün ağır zərbə olmuş, hər kəsdə qorxu və vahimə yaratmışdı. Onun taleyi bütün xəstəxananın taleyinə təsir göstərə bilərdi.

Tamamilə süni tənəffüsə keçiriləcəyini özüm ona bildirdim.

Aramızdan mənim üçün çox ağır olan dialoq keçdi:

- Yaxınlarımla vidalaşmaq istəyirəm...

- Vidalaşmaq?!

- Görüşmək...

- Siz ki bilirsiz... Onları sevirsizsə, görüşməməlisiz...

- Hələ ki ağırlaşmamışam, danışa bilirəm, skaypla görüşdür bizi.

- Oldu!

Həmin axşam onun xahişini yerinə yetirdik.

26 aprel

Zahid doktorun vəziyyəti ağırdır. İllərlə çiyin-çiyinə işlədiyimiz həmkarımızın həyatda qalması üçün hamılıqla səfərbər olmuşuq. Təəssüf ki, aparılan tədbirlər səmərə vermir.

Başqa xəstəxanalarda da neçə həkim müalicə etdiyi insanlardan yoluxduğu virus üzündən canı ilə əlləşir.

Qorxunc mənzərədir. Hamı qorxur. Mən də qorxuram... Amma biz həkimik. Bu sənəti seçəndə hər şeyi gözə almışdıq...

27 aprel

Bu gün karantin rejimi yumşaldıldı. Bəzi iş və xidmət sahələrində, xırda müəssisələrdə fəaliyyət bərpa edildi. SMS göndərilməklə yaşayış yerini tərk etmək müddəti 2 saatdan 3 saata uzadıldı.

COVID-19 virusu ilə mübarizənin uzunmüddətli proses olduğu aydın idi. Xəstəliyə qarşı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzi kimi tövsiyə edilirdi.

Hələ heç nə bitməmişdi, hər gün xəstəxanamıza koronavirusa yaxalanmış yeni xəstələr daxil olurdu.

28 aprel

Bu gün koronavirusdan sağalan üç xəstəni yola saldıq. Ürəyimiz dağa dönmüşdü. Bütün mövcud dəyərlər içərisində ən ali dəyər insan həyatıdır. Onların həyatını biz xilas etmişdik – özümüzlə qürur duyurduq.

Dəhliz boyu düzüldük. Bu xoş mənzərəyə baxmaq fürsətini heç kim qaçırmaq istəmədi. Əl çaldıq. Onlarsa bizə əl eləyib öpüş göndərdilər. Qapının ağzında geri çevrilib, bir də alqışladılar. Gözü yaşaranlar oldu...

9 may

Zahid həkimin vəziyyəti yaxşılaşır! Nəhayət, intensiv müalicə öz müsbət effektini verməyə başladı. Sevincimizin həddi-hüdudu yoxdur!

Alman faşizmi üzərində qələbəmizin 75 illiyini himnimizi oxumaqla qeyd elədik.

12 may

Bu gün Zahid həkimi süni tənəffüs aparatından ayırdıq. Palataya keçirdik. Əhvalı yaxşıdır, “Kəfəni yırtdım” – deyir. Müalicəsinin gedişinə artıq özü də nəzarət etməyə başlayıb.

Bu, bizi nə qədər sevindirirsə, yeni xəstələrin daxil olmağı o qədər kədərləndirir. Xəstələrin sayının artmağı isə təşvişimizi artırıb. Hər xəstənin gəlişi yeni həyat mücadiləsi, ölüm-dirim mübarizəsi deməkdir.

İnsanlar niyə arxayınlaşıblar? - başa düşmürəm. Hələ yolumuz çox uzundur. Hələ təhlükə azalmayıb. Qadağalara, qaydalara riayət etmək lazımdır!

16 may

Bu günkü məlumatlara görə dünyada COVİD-19-a yoluxanların sayı 4.5 milyonu, ölənlərin sayı 300 mini keçdi. Xəstəlik 188 ölkəni əhatə eləyib.

Yaşadığımız dünyada həyatımız bir-birinə bağlıdır – bunu öyrənmiş olduq. Xəstəliyə yalnız birlikdə qalib gələ bilərik. Biz – bütün ölkələr, bütün insanlar bir tamın hissələriyik.

20 may

Vaxt sürətlə keçir, heç hiss olunmadan. Ya bəlkə biz həkimlər üçün belədir...

Bu yaz bir başqa yazdır...

Bu yay da bir başqa yay olacaq – belə görünür.

Təəssüf ki, tarixi təzədən yazmaq olmaz...

XX.XX.2020

Bu gün bu dəftəri qapayıram. Bitdi. Biz qalib gəldik. Düzdür, bunu hamı görmədi...

“Hər şey arxada qaldı!” - Demək, bərkdən demək, çığırmaq istəyirəm.

Xəstəxanada gördüklərim bəlkə həyatımın bir neçə ilini aldı, ömrümü qısaltdı... Dəyərdimi?

Dəyərdi!

Mən öz borcumu yerinə yeirdim. İnsanlıq borcumu. Həkimlik borcumu. Oğlum mənimlə qürur duyacaq. Alnıaçıq, üzüağ yaşayacam.

Deyə biləcəm: “Mən həkiməm!”

Mən həkiməm!

28 may, 2020.

# 2880 dəfə oxunub

Müəllifin son yazıları

# # #