Məzarıma kimi gedən bir yolçuyam - Fikrət Qocadan seçmə şeirlər

Məzarıma kimi gedən bir yolçuyam - Fikrət Qocadan seçmə şeirlər
5 may 2021
# 17:32

Kulis.az bu gün dünyasını dəyişmiş Xalq şairi Fikrət Qocanın şeirlərini təqdim edir.

Vətən müharibəsi

Vətən müharibəsidi...
Səksən beş yaşım var,
İşləyən əlim var,
Yeriyən ayağım var,
Düşünən başım var.
Balalarım, nəvələrim əsgərdi.
Pandemiya da bir yandan...
Başımın üstündə həyat yoldaşım var!
Sanki canım xəstəlikdən qorunmalı
Vacib sirdi.
Yazıq canım çöldə dövlətin,
Evdə övrətin,
Əlində "əsir"di.
Ömrümün ən gözəl vaxtıdı.
Qisas almağa,
Qəhrəman olmağa,
Ölməyə,
Yenidən doğulmağa.
Elə bil kimsə mənə qarğış eləyib:
"Vətən müharibəsi dövründə,
Koronavirusdan öləsən evində".
Bundan alçaq ölüm olmaz.
Bundan ağır zülm olmaz.
Qoca bir çinar kimi,
Ayaqlarımla yerə əkilmişəm.
Elə bil yerlə göy arasında,
Çarmıxa çəkilmişəm.
Bu zaman zəfər fişəngləri,
Səmanı bəzədi.
Canım uşaq əlindən qaçmış
Şara bənzədi.
Uçdu asimana
Ulduz kimi yana-yana...
Şəhidlərimin ruhları idi,
Səmada sayrışan ulduzlar.
Qışqırırdılar: Ana! Ana! Ana!
Biz intiqam aldıq!
Zəfər çaldıq!
Qəhrəman olduq!
Alqış qazilərin, ordumuzun,
Dağ titrədən gur səsinə.
Alqış xalqımızın, yurdumun,
Alov saçan nəğməsinə, nəfəsinə,
Bu xalqın sərkərdəsinə!
İlham sənə, alqış sənə!
Böyük Azərbaycan,
Qalxıb ilk pilləsinə.
Azərbaycan, alqış sənə!


İnfarkt

Ürək doğuldu,
böyüdü, yaşa doldu,
İnfarkt oldu.
Yüz yana yozdular səbəbini,
Axtardılar çarəsini də.
Əsl səbəbi
ani intizar idi
“hə” ilə “yox” arasında.


İnsanam

Ömrümün sonuna doğrudur
atdığım hər addım.
Hələ üstəlik,
Atom bombası, böhtan, nüvə silahı, tənə
Bunları da
özümü öldürmək üçün yaratdım.


Sevgi

Sevgi ən şirin nemət,
Həm də ən ağır işdi.
Leyli-Məcnuna qalsa,
Kökümüz kəsilmişdi.


Həkim və xəstə

Dedilər: ağır xəstədir.
Xəstə lap can üstədir.
Həkim işə girişdi.
Dedi: çox ağır işdir.
Vaxt əridi, gün keçdi,
Həkim lap əldən düşdü.
Xəstə də durub baxır,
Nə ağlamır, nə gülmür.
Həkim yazıq neyləsin?
Xəstə dirənib durub,
Xəstə ölmür ki… ölmür!

Gecə yaman uzundur

Gecə yaman uzundur
Gözümün işığına
hər kirpik bir yük olur.

Gecə yaman uzundur.
Bəzən bir ömürdən də
bir gecə böyük olur.

Gecə yaman uzundur.
Qəlb vüsalın möhtacı,
Göz yuxunun möhtacı,

Gecə yaman uzundur.
İndi yəqin yuxuda
Xumar-xumar gülürsən,

Eh... sən hardan bilirsən
Gecə yaman uzundur.

Qaçqın gəlinə

Yayda yaylağa gedərlər,
Səni sürdülər arana.
Yayın cırcırama çağı
Mən də duz basdım yarana.
Xəyalın dağlar qoynunda,
Yarpızlı dovğa bulayır.
Dağda sənsiz qalan yurdun
Axşam qurd olub ulayır.
Evi viran qalan bacım,
Gözü-könlü talan bacım.
Ala gözə bulud qonur,
Göz yaşın qəlbinə axır.
Sinəni yandırır, yaxır,
Yuxarıdan Tanrı baxır,
“Yaxan düymələ, düymələ”.

Yollar uzun, dağlar uzaq,
Bu dərd varaqlara sığmaz,
Bu dərdi yollara yazaq.
Eyvanda qalan kitabı
İndi külək varaqlayır.
Siz dərəyə qaçan yerdə,
Hələ də bulaq ağlayır.
Məhlədə qalan yüyrüyü
Hansı xəyal yırğalayır?
Ağzı açıq qalan evlər
Axşam qurd olub ulayır.
Xəyal zəncir qırar qaçar,
O səsdən ürək çapalar,
Ürəyin sinəndən uçar,
“Yaxan düymələ, düymələ”.

Bir gün köçün dönər geri,
Gözündə inam işığı,
Ürəyində yanıq yeri...
Yurd üçün susuz dodağın,
“Oxqay “ - deyib öpər yeri.
Darvazasız məhlələrin,
Divarı, daşı kövrələr.
Ürəyimdə daşa dönmüş,
Gözümün yaşı kövrələr,
Susub qəlbimdə inlərəm:
“Bəndləri uçuq ellərim,
Yaxası açıq evlərim,
Yaxan düymələ, düymələ”.


Babalarım

Babalarım kasıb olub, mərd olub!
Qoçaq olub, mərd olub,
Bəy olub, mərd olub
Qaçaq olub, mərd olub
Bəs bu namərdlər hardandı?
Bax bu mənə dərd olub.


Mən kiməm

I

Mən ayaq açıb anamın yanından
məzarıma kimi gedən bir yolçuyam.
Atamın məsləkinə, anamın laylalarına
qarovulçuyam.

II

Məni yandırıb-yaxan
ən böyük hicranımın səbəbi
görüşlərimdir.
Böyük, kiçik, yaxşı, pis
bütün əməllərim
yolüstü gördüyüm işlərimdir.

lll

Evim-avtobuslar, vaqonlar, təyyarələr.
Kəndlər, şəhərlər, səyyarələr-
dayanacağım.
Milyon kilometrlərlə ömür yaşamışam.
Kim bilir,
harada dayanacağam

# 1970 dəfə oxunub

Müəllifin son yazıları

# # #