Heyrət sənətin elitarlığını korlayırmı? – Filosof Aqşin Yeniseyə cavab verdi

Heyrət sənətin elitarlığını korlayırmı? – Filosof Aqşin Yeniseyə cavab verdi
5 iyun 2020
# 16:51

Kulis.az filosof Müşfiq Ötgünün “Elitar Heyrət haqqında” essesini təqdim edir.

Aqşin Yenisey “Sənətin elitarlığını korlayanlar” adlı gözəl bir esse yazıb. Essenin əksər nəticələri ilə razılaşmasam da ləzzətlə oxudum razılaşmadığım fikirləri. Həqiqətən, mifik “səninlə razılaşmıram, amma hörmət edirəm” ifadəsi Aqşinə münasibətdə hərfinə qədər doğrulmuş oldu. İnsan düşünür və dərin düşünür, necə hörmət etməyə bilərsən? (Eləcə yəqin çox həqiqətlər var dünyada adamını axtarır doğrulmaq üçün.)

Sonraya saxlasam, zaman tapmaya bilərəm deyə, elə isti-isti yazıram təəssüratlarımı. Çünki həyatda “sonra” “heç zaman” kimi bir şeydir, adətən. Ona görə də yazıdakı mümkün rabitəsizliyi adlamaq üçün Aqşinin essesini də oxumaq lazım gələcək yəqin ki.

Tarkovski sənətin ali missiyasını ifadə edib (deyəndə ki, sənətin missiyası insanı ölümə hazırlamaqdır). Amma insanın əlindən çıxan hər şey müstəqil həyatını yaşamağa və yeni mənalar, funksiyalar cəlb etməyə başladığı üçün, sənət də çoxdan müstəqil həyatını yaşamaqdadır. Sənət məgər Bir Şeydir ki, onu ümumiləşdirmək mümkün olsun? Sənət indi Çox Şeydir və təyin çətinliyi də bundan qaynaqlanır, düşünürəm. Tarkovski nəyi əsil sənət sayırsa, onun funksiyasını və təyinatını göstərib. Amma, məsələn, Servantes, Mopassan, Kafka, Saramaqo, Stefen Kinq və ya E.L. Ceyms üçün sənət anlayışları fərqli ola bilər. Və hər kəsin sənəti də onun sənət anlayışından doğur desək, bir yanlış yapmış olmarıq, məncə. Postmodern plüralizm yaranıb indi hər şeydə.

Fəlsəfədə də vəziyyət eynidir. Hər kəsin öz fəlsəfə anlayışı var az qala. Ona görə də fəlsəfələr çoxdur. Mübahisələrin çoxu da bundan qaynaqlanır. Vahid akademik platforma yoxdur ki, nə fəlsəfədir, nə yox. Rassel bir cür fəlsəfə yapır, Berdyayev başqa. Çox vaxt qarşına elə opponentlər çıxır ki, bu və ya digər fikirlə mühbahisə yox, sənin fəlsəfə anlayışının özünü rədd edirlər. Tamamilə yəni.

Bıçaq heyvan öldürmək və onu doğramaq üçün yaranıb, humanistlərin düşündüyü kimi çörək kəsmək üçün deyil. Sonrakı funskiyalar ikincilidir. Cərrah bir cür istifadə edir onu, tində qabağını kəsən qaqaş başqa cür. Bəziləri əzəli funksionallığa yaxın, bəziləri daha uzaqdır.

Amma insanın əsas problemi ölümdür, ekzistensialistlərlə razıyam. Və ölümlə məşğul olanda sənət özünə yaxınlaşmış olur. Ölüm və əbədiyyət isə iki mövzu deyil, tək mövzudur.

Sənət əyləndirə də bilir indi, xəfif düşündürə, duyğulandıra da. Hansısa psevdohumanistik ideyanı oxucusunun/tamaşaçısının/dinləyicisinin ağlına soxmaqla da məşğul ola bilər indi sənət, siyasi sümsüklük sərgiləməklə də. Kim ona bir sərhəd qoya bilər ki? Və belə isə, bu ximeranın (yəni uyumsuz parçalarından oluşmuş nəsnənin) vahid platformadan çıxış edərək əzəli mənasını aşkarlamaq olarmı? Yox, məncə. Əzəli mənanı aşkarlamaq üçün ximeradan bir epizodu ələ almaq lazım gələcək ki, Tarkovskinin elədiyi də budur.

Gələk heyrət və ya təəccüb məsələsinə. Təkcə sənətin boynuna qoymurlar bu yükü. Arstotel fəlsəfənin də təəccübdən yarandığını söyləyirdi. Hərçənd etiraf edim ki, onun nəyə təəccübləndiyini sonra anlaya bilmədim. Təccüblənə bilmədim, onun təəccübləndiyi şeylərə. Əslində, məhz onun fəlsəfə yapmaq üsülunu “heyrətöldürən” adlandırmaq olar. Sonradan Qərb fəlsəfəsi əsasən demistifikasiya yolunu tutdu. Rasionalistik fəlsəfə insanın heyrətini /təəccübünü dağıtmağa xidmət edir. Məsələn, bir Qərb filosofu Füzulinin heyrətini onun basılmış seksual arzuları ilə izah edər və bitirər Füzulini. Füzuli isə məhz o heyrətdədir.

Sevmədim “heyrətöldürən” fəlsəfə yapma üsulunu. Şərq fəlsəfəsini sevdim , “heyrətartıran” fəlsəfəni.

Başö yadıma düşdü:

Diqqətlə baxarkən
Çiçəklənən nazunanı gördüm
Çəpərin dibində!

Suzuki yazır, hokkunun sonunda bir “kana” ifadəsi var. Sevinc, heyrət , kədər kimi hissləri ifadə etmək üçün istifadə edilir yaponcada. Bir ədatdır. İngilis və rus tərcümələrində itir o. Məndə də o, yalnız nida işarəsi ilə verilib. Bir qərbli və ya ön asiyalıya uzun preambula danışmaq lazımdır bu hokkunun şeir, sənət olduğuna inandırmaq üçün. Zəruri kontekst yaratmasan, qavramayacaq, rədd edəcək bu “ibtidai” heyrəti. Çəpərin dibində zərif kiçik mavi gülləri olan yabanı nazunaya yaxınlaşıb baxan Başö kosmik heyrət yaşayıb. Dzen buddizmi o “ibtidai heyrəti” anlayandan sonra başa düşməyə başladım. O əzəli heyrəti ifadə edər və üstünü bağlayıb gedərlər dzen müdrikləri, onu dəyərləndirə bilən biriləri üçün. Heç bir izah yoxdur. Heç bir gərəksiz aydınlaşdırma. Heyrət sənət dağının ətəyi və zirvəsidir dzendə. Ondan sonrakı yol sözsüz gedilir. Füzuli ilə dil tapmazdı Başö. “Çox danışır”-, deyərdi yəqin.

Bir maarifçi mövqeyində duran düşüncə adamı kimi Aqşin də “demistifikatordur” (şair kimi, fikrimcə, bunun tam tərsi olsa da). Ona görə də heyrətin sənətin elitarlığını korladığını düşünür.

Başönün və ya Füzulinin heyrətini duymaq belə asandırmı? Düşünmürəm.

Bir də ki, heyrət və təəccüb də çoxdan öz həyatlarını yaşayırlar. Və hər “alıcıya” uyğun heyrət və təəccüb vardır sənət dükanında.

# 3456 dəfə oxunub

Müəllifin son yazıları

# # #