Eşşək obrazına görə ərini tərk edən qadın – Əyyub Qiyasdan yeni hekayə

Eşşək obrazına görə ərini tərk edən qadın – Əyyub Qiyasdan yeni hekayə
2 iyul 2020
# 18:04

Kulis.az Əyyub Qiyasın "Axır ki..." adlı yeni hekayəsini təqdim edir.

Haqqında əfsanə dolaşırdı, amma bir vaxtlar hamı ona görə oğlunu, ailəsini ələ salırmış...

Rüstəm İncəsənt institutunun aktrorluq fakültəsinə 13 il sənəd verdikdən sonra qəbul olunmuşdu: arada 2 il əsgərliyi saymasaq, orta məktəbdən sonra hər il. Sevirdi bu sənəti, səhnədə böyük rollar yaratmaq istəyirdi, amma arzuları ürəyində qaldı, təyinat alıb gəldiyi əyalət teatrında ona böyük rollar vermədilər və bunun öz səbəbi vardı.

Rüstəm təyinat alıb Bakıdan əyalət teatrına bir-neçə ay gec getdi, o teatra gələndə artıq kollektiv yeni il şənliyinə hazırlaşır, qızğın məşqlər gedirdi. Baş rejissor Məhərrəmin ssenarisini özü yazıb özü quruluş verdiyi nağıl-tamaşada Uzunqulaqdan başqa bütün rollar bölünmüşdü. Əslində, Rüstəmin tetara gəlməsi baş rejissor üçün göydəndüşmə idi – yoxsa tamaşa Uzunqulaqsız qalacaqdı. Rüstəm Uzunqulaq oynmağa razı oldu və bununla da aktyorluq karyerasının edamına fərman verdi...

O, teatra gələndə 37 yaşı vardı, böyük oğlu İlqar ikinci sinfə gedirdi və Rüstəm yeni il tamaşalarının birinə ailəsini də dəvət etmişdi. Balaca İlqar atasının Uzuzqulaq roluna maraqlı baxır, qəhqəhə çəkib gülür, Rüstəmin həyat yoldaşı Dilbər isə hər dəfə səhnədən anqırtı səsi eşidəndə ət tökür, utanırdı. Yazıq gəlin elə bilirdi zaldakı bütün gözlər ona dikilib, elə bilirdi hamı onu barmaqla göstərir: “Bax, səhnədəki Uzunqulağın arvadı odur!”

O gecə evdə mərəkə qopdu. O gecə İlqar valideynləri arasında olan söz-söhbətin mənasını başa düşmədi, amma illər sonra atasının Uzunqulağı ona da utanc yeri oldu.

– Məktəbdə uşaqlar deyir sənin atan eşşəkdir, – İlqar ilk dəfə beşinci sinifdə oxuyarkən açdı söhbəti. Əslində, düz 3 il idi sinif yoldaşlarının tənəsi, məhəllə uşaqlarının gülüşü İlqarın balaca ürəyinə yük olmuşdu və bu, ona rahatlıq vermirdi. Hətta bir neçə dəfə bu sözə görə davaya düşmüş, ağzı-burnu əzilmişdi.

– Əvvəla eşşək yox, uzunqulaq, rolun adı Uzunqulaqdır, – Rüstəm səbirlə izah etməyə başlayanda, mətbəxdə qab yuyan Dilbər özündən çıxdı:

– Guya eşşəyə uzunqulaq deyəndə adam olur, – çığırdı. – Üç ildir hər dəfə yeni il gələndə az qalır ürəyim yerindən çıxsın. Bəsdir də! Uşaq bir yandan utanıb yerə girir, mən bir yandan qonum-qonşu üzünə çıxa bilmirəm, – deyib, əlindəki boşqabı yerə çırpdı.

Bir həftə küsülü qaldılar, Rüstəm maaş alıb evə gəldiyi gün, Dilbərin üzü güldü, çünki əri Yeni ildə oynadığı möhtəşəm Uzunqulaq roluna görə bir aylıq maaşı qədər mükafat almışdı. Dilbər düşünürdü ki, uzunqulaq söhbəti gələn qışa qədər səngiyəcək, həm də baş rejissorun Bakı teatrlarından birinə göndəriləcəyi ilə bağlı söz-söhbət gəzirdi, əgər Məhərrəm tetardan getsəydi, demək Rüstəm bir daha Uzunqulaq olmaya bilərdi.

Dərslər başlayanda valideyn iclası oldu və adəti üzrə məktəbə bu dəfə də Dilbər getdi. Sinif rəhbəri uşaqlarla bağlı fikirlərini, tərif və narazılıqlarını bir-bir söylədi və növbə İlqara çatanda üzü güldü:

– İlqar yaxşı uşaqdır, – müəllim fəxrlə dedi, – həm dərslərini yaxşı oxuyur, həm də məktəb tədbirlərində fəal iştirak edir. Yeni il üçün hazırladğımız tədbirdə o da atası kimi yaxşı eşşək rolu oynadı. Rüstəm müəllim özü də tamaşamızın hazırlanmasında yaxından iştirak etdi. Sağ olsun!

Dilbərin qulaqları uğuldayırdı, müəllimin dediklərini eşitmirdi, sadəcə yaşı 60-ı haqlamış ağsaçlı qadının ağzının açılıb-yumulduğunu görürdü. Bir də duman, tüstü içərisində ata uzunqulaqla bala uzunqulaq vardı onun dünyasında. Müəllimə nəsə dedi, sonra valideynlər əl çaldı, İlqar lövhə qarşısına çıxdı, müəllimə ona məktəb rəhbərliyi adından “Yeni il şənliyində fəal iştirakına və Eşşək rolunun ifasına gərə” fəxri fərman verdi. O axşam Dilbər İlqarı da götürüb atası evinə qayıtdı və düz iki həftə Rüstəmin yalvarşlarına, atası Kazım kişinin təkidlərinə məhəl qoymadı, axırda bir gün İlqarın dərsdən çıxıb birbaşa teatra, atasının yanına getdiyini eşitdi və çarəsiz qalıb, evə qayıtdı.

Həmin yay Məhərrəmi doğrudan da Bakıya göndərdilər və bununla da uzun illərdən bəri hər yeni il teatrda oynanılan və uşaqların maraqla izlədiyi “Uzunqulağın qış macərası” adlı nağıl-tamaşa repertuardan çıxarıldı. Əslinə qalsa, illər əvvəl bu tamaşa “Meşədə qış macərası” adı ilə hazırlanmışdı, amma Rüstəmin gözəl ifası, Uzunqulaq obrazına gətirdiyi yeniliklər, canlı oyun forması keçmiş baş rejissoru həvəsə gətirmiş, Rüstəmin rolunu böyüdüb, baş rol etmişdi və tamaşa bütünlüklə Rüstəmin üzərində qurulmuşdu. Rüstəm uzun illər Uzunqulaq oynadı, amma onun Unzuqulağı bəzən Hamlet olurdu, bəzən Otello. Bəzən Kefli İsgındər kimi meşə sakinlərinin nadanlığına kədərlə anqırır, bəzən də İblis kimi hər kəsi sınağa çəkirdi. Rüstəmin Uzunqulağı şedevr idi, teatr hadisəsi idi, ən məşhur tənqidçilər bir neçə dəfə onun bu rolu haqqında yaxşı sözlər yazmışdı, amma o, öz Uzunqulağının içində əriyib itirdi...

Teatra gələn cavan baş rejissor yeni tamaşa hazırlığına başlamış, rol bölgüsü aparmışdı. Rejissor rolları əsasən gənclər arasında böldüyündən Rüstəmə kiçik rol vermişdi. Doğrudur, Rüstəm tamaşanın əvvəlindən sonuna qədər kralın yanında olurdu, ancaq bircə ikinci hissənin ortalarında kralın: “Alfonso, bu gün ayın neçəsidir?” – sualına, Rüstəm (yəni Alfonso) “altısı”, – cavab verirdi, vəssalam.

Axşamkı tamaşaya xeyli bilet satılmış, mötəbər adamlara dəvətnamə paylanmışdı. Nazir və icra başçsı müavinləri ilə bir yerdə, rayondan seçilmiş millət vəkilləri, vəzifəli adamlar, bir sözlə, ölkənin rayona qonaq gəlmiş qaymaqları axşamkı tamaşaya baxmağa hazırlaşırdı.

Truppa müdiri Vidadi başılovlu otağa girəndə baş rejissor axşamkı tamaşanın uğurunu düşünür, xəyallar qurur, fəxri adın bir addımlığında olduğunu fikirləşirdi.

– Siyavuşu maşın vurub, – truppa müdiri bəd xəbəri birnəfəsə dedi.

Siyavuş Kralın – baş rol oyanayan aktyor – adı idi. Hadisə Siyavuş səhər oğlunu bağçaya aparıb evə qayıdanda baş vermişdi. Düzdür, həyatı üçün təhlükəli bir şey olmasa da, bir ayağı və bir qolu gipsdə idi.

Otaq gənc rejisorun başına fırlandı, divarlar üstünə yeridi, bir anlıq özünü səhnədə, axşamkı tamaşadan sonra hiss etdi, amma tamaşaçılar onun başına gül-çiçək səpmir, üstünə lax yumurta, zir-zibil atırdı. Nazir acıqla başını bulayır, icra başçısı rejissorun fəxri ad alması üçün imzaladığı təqdimatı qəzəblə xırda tikələrə bölürdü.

– Yooooooooox! – gənc rejissor obrazlı şəkildə çığırıb, başını tutdu. – Bu, mənimçün hazırlanmış təxribatdır!

***

Tamaşanın başlamasına 4 saat qalır, rejissor vəziyyətdən çıxış yolu axtarırdı. Rüstəmdən başqa hamı səhnədə idi. Rüstəm epizodik rollardan birini oynadığına görə, səhnəyə enməyə tələsmir, otağındakı güzgü qarşısında oturub pıçıldayrdı:

– Xəyanət göstərir ulduzlar yenə,

Üsyan hazırlanır səltəntinə.

– Sən nə danışırsan qoca münəccim?!

Buna cürət edən söylə kimdir, kim?

– Ey böyük kralım, ey əlahəzrət,

Bunu söyləməyə etmirəm cürət!

– Danış, yoxsa boynun vurular indi,

Mənə qəsd etməyə qalxan de, kimdir?!..

Rüstəm güzgüdə rejissorun əksini görəndə səksənib yerindən dik atıldı. Gənc rejissor gözlərini döyə-döyə ona baxırdı.

– Sən bütün tamaşanı əzbərləmisən?

Dünyadan xəbərsiz Rüstəmin canına üşütmə düşdü. Bağışlanmaz günah üstə yaxalanmış adam kimi, çarəsiz baxışlarla rejissora baxdı:

– Elə-belə, özümçün, – səsi titrədi, – qulaq asa-asa mizanları da, sözləri də əzbərləmişəm. – Sonra səsini azaldıb, pıçıltı ilə əlavə etdi: – Heç kəs bilmir, mənim heç kəsin rolunda gözüm yoxdur, – qorxa-qorxa dedi. – Yeni ilə az qalıb, mənimki Uzunqulaqıdr...

Rejosor onun səsini eşitsə də xəyalında plan cızırdı. Sonra nə fikirləşdisə, qoltuğuna vurduğu pyesi açıb birbaşa final səhnəsini tapdı, çünki nə qədər məşq etsə də Kralı oynayan Siyavuş finalda onun istədiyini verə bilmirdi.

– Bilirəm, əzizim, üzmüşəm səni,

Ülvi eşqimizə bağışla məni!

Rüstəm bu hissəni çox gözəl bilirdi. Kraliça atası ilə əlbir olub krala qarşı sui-qəsddə günahlandırılırdı və tamaşanın sonunda kral yenə qəzəbini boğur, böyük eşqinə hörmət edib, qayınatasının edamını dayandırır, onu uzaq qalalardan birinə sürgünə göndərir, kraliçanı əfv edirdi.

Rejissorun replikasından sonra Rüstəm özündən asılı olmayaraq Kralın sözlərini dedi:

- Sən mənim sevgimə layiq olmadın,

Təmiz hisslərimlə elə oynadın!

Sevgidən danışma, o yaddır sənə,

Daha inanmıram məhəbbətinə!

- Əzizim, sözlərinin ölümdən betər,

Daha tabım yoxdur, bu qədər yetər.

– Bu yerdə Kraliça səhnədəki Alfonsonun qılıncını sıyırıb intihar etmək istəyir, Kral cəld atılıb qılınıcı Kraliçanın əlindən alır, – deyən, rejissor üzünü Rüstəmə tutdu: – Qılınıcı kraliçanın əlindən alırsan, davam elə, davam elə!..

– Ey mənim yaşamaq səbəbim, qadın,

Düzdür hisslərimdə sən də oynadın,

Bircə sənin eşqin güc verib mənə

Səni əfv edirəm eşqim naminə!

...Alqış sədları səngimirdi. Doğrudur, Rüstəm həyatının ən möhtəşm ifasını etmişdi, amma mizanların əksəriyyəti, vurğular uzun illər bu səhnədə yaratdığı Uzunqulağın təsirindən çıxmırdı. Onun yaratdığı Kral elə Uzunqulaq idi, meşənin tülküsündən, çaqqalından tutmuş, şirinə, filinə qədər bütün heyvanların gülüb ələ saldığı Uzunqulaq – sadəlövh Uzunqulaq.

Nazir Rüstəmin ifasını yüksək qiymələndirdi, belə bir aktyorun bu vaxta qədər fəxri ad almamasını teatr rəhbərliyinə irad tutdu.

O axşam Dilbər Rüstəmin Alfososuna baxmağa gəlməmişdi, o axşam İlqar dostlarıyla kafedə oturub, futbola baxmağa hazırlaşırdı, amma İlqar atasını, Dilbərsə ərini ekranda böyük-böyük adamların əhatəsində, özü də Kral paltarıda görəndə, qadın ürəyində:

– Eh, gör neçə ildir bu yazıq eşşək səhnəyə gah dilənçi görkəmində, gah dərviş, gah da tacir sifətində çıxır, bu gün də böyük adamlar zalda olduğu üçün eşşəyə kral paltarı geyindiriblər, – fikirləşdi.

İlqarsa pıçıltı ilə:

– Axır ki, meşə əhli özünə ağıllı kral seçdi! – dedi.

# 4448 dəfə oxunub

Müəllifin son yazıları

# # #